Məhkəmə qərarları › İş №2(103)-979/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-979/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-979/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı ilk, iddiaçı X4 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(011)- 5475/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 05 mart 2021-ci il tarixdə yazılı qaydada nəqliyyat vasitəsinin ilkin alğı-satqısı müqaviləsi bağlanmış, müqaviləyə əsasən X7 özünə məxsus olan **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobili İddiaçı satmış, tərəflər həmin müqavilə ilə sözügedən əmlaka dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağa dair öhdəlik götürmüşlər. Müqavilədə avtomobilin satış qiyməti 27.500 manat müəyyən edilmişdir. Müqavilədə göstərilmişdir ki, alıcı İddiaçı həmin pulun 500 manatını müqavilə bağlandığı anda notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 27.000 manatını isə 36 ay müddətinə 05 mart 2024-cü il tarixinədək hər ay 750 manat olmaqla notariusun depozit hesabı vasitəsilə hər ayın 05-07-si aralığında satıcı X6 ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı cinayət törətmiş və bu səbəbdən də cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdir. Bu vaxtdan sonra iddiaçının qardaşı müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödənişlər etməmişdir. Cavabdeh polisə müraciət edərək avtomobili geri almışdır.

3. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf avtomobilə görə 15.000 manat vəsait ödədiyini qeyd etsə də, təqdim etdiyi qəbzlərdən 11.316 manat ödədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı izahat verən Visoçanskiy bildirmişdir ki, Əlicanov ona hissə-hissə ödəməklə ümumilikdə 13.000 manat və 500 manat da notariusa pul ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 müqavilə üzrə ödənilmiş 15.000 manat məbləğində pul vəsaitinin, habelə 135 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15.135 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 iddiaçının arasında Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X9 vasitəsilə bağlanmış “nəqliyyat vasitəsinin ilkin alğı-satqısı” barədə 05 mart 2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh özünə məxsus olan **-OZ-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı “Toyota Prius” minik markalı nəqliyyat vasitəsini iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılığına əsasən, nəqliyyat vasitəsinin dəyəri 27.500 manat qiymətləndirilmişdir. Müqavilə şərtlərinə əsasən, iddiaçı müqavilə bağlandığı gün 500 manat, bundan sonra 36 ay ərzində hər ay 750 manat pulu cavabdehə ödəməli olmuşdur və ödəniş bitdikdən sonra cavabdeh həmin avtomobili ona satmalı idi. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında ödəməyə başlamış və cavabdehə ümumilikdə 15.000 manat pul ödəmişdir. Lakin 11 iyun 2023-cü il tarixində cavabdeh heç bir məlumat vermədən, polis əməkdaşları ilə birlikdə gecə saat 4 radələrində iddiaçının yaşadığı evin həyətinə gələrək, nəqliyyat vasitəsini iddiaçının iradəsindən kənar şəkildə götürərək, evakuator vasitəsilə aparmışdır. Ailə üzvləri nəqliyyat vasitəsinin aparılmasına mane olmağa çalışsalar da, heç bir nəticəsi olmamışdır. Ödənişləri vaxtlı-vaxtında həyata keçirməsinə, eləcə də bu günədək 15.000 manat pul ödəməyinə baxmayaraq, cavabdeh əvvəlcədən xəbərdarlıq etmədən və aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq, ilkin alğı-satqı müqaviləsi əsasında satdığı nəqliyyat vasitəsini gecə yarısı polis əməkdaşlarının iştirakı ilə götürərək getmişdir. Göründüyü kimi tərəflər arasında ilkin alğısatqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı X7 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı pul tələbi barədə iddiasının təmin edilməməsi və İddiaçı 6.750 manat məbləğində əsas borc, maşının texniki nasazlığına görə 1.700 manat, dövlət rüsumu kimi 101 manat məbləğində pul, cəmi 8.551 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilkin iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə onun arasında 05 mart 2021-ci ildə 36 saylı notariat kontorunda alğı-satqı müqaviləsi bağlanmışdır, İddiaçı ondan aldığı maşına görə 11 iyun 2023-cü il tarixədək 27 ay müddətində 20.250 manat məbləğində pul ödəməli idi. Lakin sonuncu öz öhdəliyini yerinə yetirməmiş, verdiyi sözə əməl etməmiş, cəmi 13.000 manat məbləğində pulu ona, 500 manat məbləğində pulu isə notoriat kontoruna ödəmişdir. İddiaçı ilə müqavilə üzrə razılaşmalarına görə 36 ay müddətinə cəmi 27.500 manat məbləğində pul ona ödənilməli idi. İddiaçı pulu ödəmədiyini, maşına cərimələr gəldiyi və maşını nasaz saxladığına görə polis vasitəsilə maşını qaytarmaq məcburiyyətində qalmışdır. İddiaçı maşını yararsız vəziyyətə salmış, iddiaçıya məxsus olan “Toyota Prius” minik markalı **-OZ-*** dövlət qeydiyyatlı maşının şüşələri çatlaq vəziyyətə salınmışdır, maşının motoru yağ yeyir, normal işləmir, ümumi 467 manat borcdan 113.40 manat iddiaçı tərəfindən ödənilmişdir, 350 manat borc qalmışdır, İddiaçı günahından bu borc yaranıb. Habelə, İddiaçı günahı ucbatından iddiaçı ciddi psixoloji sarsıntılar keçirtmişdir. Ona görə də, şəkərli diabet xəstəliyinə tutulmuşdur. Ümumiyyətlə, İddiaçı maddi və mənəvi zərərə görə 8.551 manat məbləğində onun xeyrinə pul ödəməlidir. 6.750 manat məbləğində əsas borc, maşının texniki nasazlığına görə 1700 manat, dövlət rüsumu kimi 101 manat məbləğində pul, cəmi 8.551 manat pul ona ödənilməlidir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(011)- 5475/2023 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) ilkin iddianın rədd edilməsi, İddiaçı ödədiyi 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun onun özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və 79.88 (yetmiş doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20.12 (iyirmi manat on iki qəpik) manatının X4 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 402.1, 600.1, 600.4, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddianın rədd edilməsi ilə bağlı mövqeyini heç bir maddi hüquq norması ilə əsaslandırmamışdır və əsaslandıra da bilməzdi. Çünki, mövcud qanunvericilikdə ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri tələb edilməsini istisna edən hər hansı maddi hüquq norması mövcud deyildir. Məhkəmə öz qətnaməsində AR Mülki Məcəlləsinin 402.1, 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir ki, həmin maddi hüquq normaları məhkəmənin gəldiyi qənaətlə uyğunluq təşkil etmir. Məhkəmənin də qeyd etdiyi maddi hüquq normalarının ümumi təhlilindən aydın görünür ki, satıcı, indiki halda cavabdeh məndən ya malın ödənilməmiş hissəsinin qaytarılmasını, ya da ödənilməmiş məbləği tələb edə bilər. Nəzərə alsaq ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin predmeti avtomobildir və onun ödənilməmiş hissəsinin müəyyənləşdirilməsi mümkün deyil, belə olan halda, satıcı – cavabdeh iddiaçıdan nəqliyyat vasitəsini bütöv şəkildə geri aldığı təqdirdə ona ödənilən məbləği geri qaytarmalıdır, ya da avtomobili almadan ödənilməmiş məbləği tələb etməlidir. Əgər alğı-satqı predmeti bölünməklə müstəqil şəkildə əşyalar təşkil edə bilərdilərsə, bu zaman satıcının – cavabdehin hüququ var idi ki, həmin əşyalardan ödənilməyən məbləğ həcmində ayrılaraq ona geri qaytarılmasını tələb etsin. Məhkəmə öz qətnaməsində qeyd edib: “Yuxarıda istinad olunanlardan əlavə məhkəmə qeyd edir ki, nisyə alğı-satqı zamanı əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bu, o deməkdir ki, əşyanı təhvil almış şəxs ödənişi həyata keçirmiş olmasın. Hazırkı iş üzrə işin halları ilə müəyyən edilir ki, İddiaçı avtomobilin dəyərinin yarısı miqdarında ödənişlər etmişdir. Visoçanskiy Vadim avtomobili iddiaçıdan almaqla haqlı olmamışdır”. Məhkəmə bu qənaətə gəlməkdə haqlı olsa da, nəzərə almamışdır ki, cavabdeh müqavilə predmeti olan nəqliyyat vasitəsini iddiaçıdan polis vasitəsilə zorla almışdır və avtomobil faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Belə olan halda müqavilə predmeti olan avtomobilin ödənilməmiş hissəsinin iddiaçıdan cavabdehin xeyrinə tutulması qənaətinə gəlinməsi nə başa düşülən deyil, nə qanuni deyil, nə məntiqli deyil, nə də anlaşılan deyil. Məhkəmə isə hansı əsaslara görə, cavabdeh tərəfindən iddiaçının sahibliyindən alındığı müəyyən olunan nəqliyyat vasitəsinin ödənilməyən hissəsinin iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olduğunu öz qətnaməsində əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 tərəfindən etiraz təqdim edilmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

15. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etsə də, qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(011)-5475/2023 saylı qətnaməsi “cavabdeh İddiaçı 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və 79.88 (yetmiş doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 ödənilməsi hissəsində” ləğv edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

32. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə qismən razılaşmaqla qətnaməni ilkin iddia tələbinin rədd edilməsi hissəsində qanuni və əsaslı hesab edir.

34. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilə bağlanaraq hər tərəf öz üzərinə öhdəlik götürmüşdür. Visoçanskiy Vadim üzərinə götürdüyü öhdəliyi icra edərək İddiaçı mülkiyyətində olan avtomobili təhvil vermiş, İddiaçı isə üzərinə götürdüyü hissə-hissə ödənişlə bağlı öhdəliyi icra etməmişdir. Tərəflərin bağladığı müqavilədən görünür ki, onlar ilkin müqavilə bağlasalar da, müqavilənin mahiyyəti nisyə alğı-satqı müqaviləsini ehtiva edir.

35. Kollegiya apellyasiya şikayətinin ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri tələb edilməsi dəlilinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanan notarial qaydada təsdiqlənmiş 05 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqısatqısı müqaviləsinin 2.6-cı maddəsinin tələblərinə əsasən, alıcı (ilkin iddia üzrə iddiaçı) avtomobili almaqdan imtina edərsə, avtomobil üçün satıcıya ödədiyi ilkin və aylıq ödənilmiş məbləğlərdən ona heç bir məbləğ qaytarılmayacaq.

36. Hazırkı halda iş materiallarından görünür ki, tərəflər arasında müqavilə şərtləri İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən artıq pozulmuşdur. Belə ki, həmin tarixə qədər İddiaçı tərəfindən 20.250 manat (xx.xx.2023-xx.xx.2021= 2 il 3 ay (27 ay), 27 ay X 750 manat= 20.250 manat) ödənilməli olduğu halda, iddiaçının iddiasına görə 15.000 manat, təqdim etdiyi qəbzlərdən isə 11.316 manat ödədiyi məlum olur. Cavabdehin iddiaçının ilkin 500 manat ödənişdən əlavə 13.000 manat ödədiyini qeyd etdiyi iş materiallarından məlum olur.

37. Göründüyü kimi, müqavilə şərtlərindən irəli gələn razılaşma alıcı (ilkin iddia üzrə iddiaçı) tərəfindən pozulmuşdur. Bu hal, alıcının avtomobili almaqdan imtina etməsi kimi başa düşülür. Belə olduqda, müqavilənin 2.6-cı maddəsi satıcının hüquqlarının pozulmamasının qarantı təminatçısı kimi çıxış edir.

38. Kollegiya qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi düzgün deyildir. Ona görə də qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməlidir.

39. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilkin alqı-satqı müqaviləsi olmuş, müqavilə şərti alıcı tərəfindən pozulduğu üçün ödənilmiş məbləğin geri qaytarılmaması nəzərdə tutulmuşdur. Tərəflər arasında mövcud olmuş münasibətlər əmlak kirayəsi müqaviləsindən yaranan öhdəliklərlə qarışdırılmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, müqavilə münasibətlərində qarşılıqlı iddia tələbində qeyd olunduğu kimi mübahisəli əmlak geri qaytarılanadək, əşyanın istifadəsinə görə aylar üzrə ödənişin edilməsi nəzərdə tutulmamışdır. Hazırkı işin hallarından və qarşılıqlı iddiaçının iddia tələbindən mübahisəsiz qaydada müəyyən olunur ki, “Toyota Prius” minik markalı **-OZ- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində qarşılqlı iddia üzrə iddiaçı tərəfindən geri alınmışdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda avtomobil qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən geri üçün alındığından həmin avtomobilə görə ödənilməmiş qalan məbləğ İddiaçı tələb edilməsi ədalətli hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, qeyd edilən mövqeyin əksinin düşünülməsı qarşılıqlı iddia üzrə iddiaçının əsassız varlanmasına gətirib çıxarış olardı.

41. Beləliklə, sadalanan maddi hüquq normalarına istinadən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının ödənilməyən məbləği tələb etməsinin hüquqi əsası yoxdur.

42. ləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(011)- 5475/2023 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti qismən təmin edildiyindən və qarşılıqlı iddia tələbi təmin edilmədiyindən iş üzrə qarşılıqlı iddia tələbinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsum qarşılıqlı iddia üzrə iddiaçının (ilkin iddia üzrə cavabdehin) özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(011)- 5475/2023 saylı qətnaməsi “cavabdeh İddiaçı 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və 79.88 (yetmiş doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı X6 ödənilməsi hissəsində” ləğv edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X6 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar