Məhkəmə qərarları › İş №2(103)-98/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-98/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-98/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh nümayəndələri X2, eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1554/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evindən sərbəst şəkildə istifadə etməsi ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X1 Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsinin özbaşına zəbt edilməsi, mənimsənilməsi və tikinti aparılması kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərin üzərinə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsində qanunsuz tikintilərin sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(008)- 1554/2019 saylı qərardadına əsasən Cavabdeh İddiaçı və X3 qarşı torpaq sahəsinin özbaşına zəbt edilməsi, mənimsənilməsi və tikinti aparılması kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərin üzərinə torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəldən tanıdığı X18 adlı şəxsin köməkliyi ilə 2006-cı ildə Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 0,23 ha boş torpaq sahəsini qəsəbədə Hənifə Xudaverdiyev adlı - Ataş ləqəbli şəxsdən 42.500 ABŞ dolları müqabilində razılaşıb almışdır. Gəldikləri razılığa əsasən həmin şəxs tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər toplanılaraq mülkiyyət hüququ onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalı və eyni zamanda, torpaq sahəsində dörd tərəfdən hasarlanma işləri görülməli idi. Həmin şəxs tərəfindən danışıqlarına əsasən torpaq sahəsində müvafiq təmizlik işləri aparılmış, lakin hasarlanma işləri onun tərəfindən həyata keçirilmişdir. Lakin razılaşmaya əsasən həmin şəxs sənədləşmə işini etməmiş və son nəticədə torpaq sahəsi ona sənədsiz şəkildə satılmış oldu. 2006-cı ildən sonra fasiləsiz, heç bir etiraz və şikayət olunmadan 2018-ci ilin son aylarınadək sözügedən torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarını tam səkildə həyata keçirmişdir. 2018-ci ildə Kənan ilə birgə aldıqları qərara əsasən torpaq sahəsində yerləşən və istifadə etdikləri yararsız tikilini sökdürərək, iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışdır. Tikinti işləri təxminən 6 ay müddət idi davam edirdi ki, tanımadıqları bir şəxs olan hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinə dair X14 Birliyi tərəfindən verilmiş 0,20 ha torpaq sahəsi ilə bağlı sənədi ona təqdim edərək ona məxsus tikilinin onun torpaq sahəsində tikildiyini və tikilinin sökülərək onun sözügedən mübahisənin predmetini təşkil edən ərazini boşaltmalarını əsassız olaraq tələb etmişdir. Həmin şəxs tərəfindən məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğuna şikayət edilmiş və onlar da ora çağırılmışlar. Bundan sonra Kənan məsələ ilə bağlı izahat verdikdən sonra sözügedən sənədin onların istifadəsində olan bağ sahəsinə deyil, həmin sənədin 443 saylı bağ sahəsinə aid olduğu müəyyənləşdirilmişdir. Beləliklə cavabdeh istifadəsində olan və heç bir hüquqa malik olmadığı torpaq sahəsinin tələbi ilə bağlı ona qarşı əsassız iddia irəli sürmüşdür. Qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Nardaran Bələdiyyəsində vergi ödəyicisi qismində qeydiyyata alınaraq ona müvafiq şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən istifadə etdikləri müddət ərzində bütün vergiləri vaxtlı-vaxtında ödəmişlər. Bundan əlavə, Dövlət Notariat Kontorunda şahidlərin iştirakı ilə ərizə tərtib olunaraq həmin torpaq sahəsinin uzun müddət ərzində onun istifadəsində olması faktı öz təsdiqini tapmışdır. Məsələni araşdırmaq üçün ilk növbədə X4 rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş dövlət kadastrında bağların yerləşmə planına baxış keçirilmiş və daha sonra dövlət reyestrindən torpaq sahəsinə baxış keçirilməsi təmin edilmişdir. Məlum olmuşdur ki, bağların yerləşmə planında ona məxsus torpaq sahəsi 445-446 saylı bağ sahəsinin planında göstərilmiş ərazisi ilə eynilik təşkil edir. 443 saylı bağ sahəsi isə ümumiyyətlə 2 bağ aralıda yerləşir. Bütün bunların dəqiq araşdırılması və rəsmi məlumat əldə edilməsi üçün 443 və 446 saylı bağ sahələrinin sxematik planı, mərzlənmə nişanları, koordinatları, dövlət reyestrində adına qeydiyyatdan keçməsi və ümumiyyətlə özəlləşib-özəlləşməməsi barədə müvafiq sorğular göndərilmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq onun istifadəsində olan torpaq sahəsinə dair edilən əsassız iddialar, yəni torpaq sahəsini boşaltmasını, təmirin dayandırılmasını tələb etməsi, torpaq sahəsinə girməsinə və sair bu kimi mülkiyyətdən istifadə hüquqularını məhdudlaşdıran hərəkətlərə yol verilməkdədir. Cavabdeh həmçinin sahibliyində olan torpaq sahəsini və evini zəbt etməyə də cəhd etmişdir. Onun bu hərəkətləri mülkiyyətdən dinc şəkildə istifadə etmək hüququnu, dinc yaşayış hüququnu pozmuşdur. Bütün bunlara əsasən də cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1554/2019 saylı, 28 dekabr 2019- cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1554/2019 saylı, 28 dekabr 2019-cu il tarixli əlavə qətnaməsi ilə, İddiaçı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına, mütəxəssis rəyi üzrə tədqiqatın dəyəri olaraq 188,10 (bir yüz səksən səkkiz manat on qəpik) manat tutularaq "xxxx" MMC-nin (Kapital Bank ASC Xətai filialının kodu200071, VÖEN **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, Hesab AZ23AİİB********************) hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki birinci instansiya məkhəməsi əsassız olaraq onun subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Apellyasiya baxışı zamanı X12 və X15 işə üçüncü şəxs qismində cəlb edilmişlər. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, 08 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddia tələbini rədd etsə də, iddiaçı 2006-cı ildən fasiləsiz, heç bir etiraz və şikayət olunmadan torpaq sahəsindən istifadə etmişdir. Cavabdeh isə 2018-ci ildə torpaq sahəsinə gələrək torpaq sahəsinin boşaldılmasını tələb etmişdir, lakin iş üzrə təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus torpaq sahəsi 444 və 444A saylı bağ sahələrinin yerində yerləşmişdir. Birinci instansiya məhkəməsi isə mübahisəli torpaq sahəsinin dəqiq yerini müəyyən etməmişdir. Hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iş üzrə dəfələrlə ekspertiza keçirilməsinə zərurət olmamışdır, belə ki, iddiaçının tələbində qeyd etdiyi kimi torpaq sahəsindən qeyri-qanuni istifadə etmişdir. Həmçinin qanuni qüvvəsini almış hökmə əsasən müəyyən edilmişdir ki, 443 saylı bağ sahəsi dələduzluq yolu ilə iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 yanvar, 20 noyabr və 12 dekabr 2019-cu il tarixli məktublarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2007-ci il tarixli 7832 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,23 hektar olan 446 saylı bağ sahəsi keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında 10 oktyabr 1986-cı il tarixli 6600 nömrəli müqavilə bağlanmışdır. İcarədarın 08 iyul 1989-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən sözügedən bağ sahəsinin 0,11 hektar hissəsi 15 iyul 1989-cu il tarixli 26129 nömrəli müqavilə ilə X8 adına keçirilmiş və onun adına ümumi sahəsi 0,095 hektar olan 446a nömrəli bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nardaran qəsəbəsi 446 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 hektar hissəsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında 15 iyul 1989-cu il tarixli 6600 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında 446 nömrəli bağ sahəsi 0,095 hektar olmaqla, X10 adına 11 iyun 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X10 adına olan 446 saylı bağ sahəsi 2V-91 reyestr nömrəli 20 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 adına keçirilmiş və onun adına ümumi sahəsi 0,191 hektar olan 446 saylı bağ sahəsi kimi 11 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və 11 dekabr 2018-ci il tarixdə özgəninkiləşdirilmişdir. 446 və 446a saylı bağ sahələri azalaraq faktiki 955 kv.m torpaq sahəsinin özəlləşməsinə dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcuddur. Sxematik xəritəyə əsasən 446 saylı bağ sahəsi ilə 443 saylı bağ sahəsi üstüstə düşmür, ayrı-ayrı sahələrdir, 443 saylı bağın sxematik xəritəyə əsasən ərazisi 444 və 444A bağ nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 444 saylı bağ sahəsi sxematik xəritəyə əsasən ərazisi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 444 saylı bağın ərazisi 446 nömrəsi ilə qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 0,191 hektar torpaq sahəsi olan 446 saylı bağ sahəsi 30 noyabr 2018-ci il tarixli 4Ə-1124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 11 dekabr 2018-ci il tarixdə Gəncəli-zadə Rəhiməxanım Elman qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən 443 saylı bağ sahəsinin yerləşməsi və qonşu bağ sahələri barədə məlumat verilməsi ilə bağlı X2 31 oktyabr 2019-cu il tarixli ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 noyabr 2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, digər fiziki şəxslər tərəfindən hasarlanmış 443 saylı bağ sahəsi göstərilən yerə uyğun gəlir. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritəsinə və elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsi şimal hissədən 446A saylı, cənub hissədən 444A saylı, qərb hissədən 461 saylı bağ sahələri ilə, şərq hissədən isə yol ilə əhatə olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və notaial təsdiq edilməyən MA seriyalı ******* №-li 31 mart 2012-ci il qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 444 saylı bağ evi X11 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 18 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, tərəflərin iddia etdiyi və naturada göstərilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0,2302 hektardır. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən tərəflərin iddia etdikləri və naturada göstərilən torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları qərardadda qeyd olunan sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir: bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 444 saylı bağın yerinə uyğundur. Aparılmış tədqiqatın dəyəri 188,10 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2019-cu il tarixli 9914 №-li rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 18 iyul 2019-cu il tarixli **********15 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 444 saylı bağın yerinə uyğun olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə tərəfələr mübahisəli torpaq sahəsinin 443 və ya 446 saylı bağın yerinə uyğun olduğunu mübahisələndirirlər. Birinci instansiya məhkəsinin baxışı zamanı isə iş üzrə verilmiş ekspert rəyi ilə isə mübahisəli torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 444 saylı bağın yerinə uyğun olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 10/1564 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 mart 2021-ci il tarixli müətəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0,23 ha torpaq sahəsi sxematik xəritədə 444 və 444a saylı bağların yerinə uyğundur; mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0,23 ha torpaq sahəsi ilə X7 və Birliyi ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında 7832 nömrəli müqaviləyə əsasən Cavabdeh isitifadəsinə verilmiş 0,20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən “443” saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. CavabdehTofiq qızının istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir; mütəxəssi rəyinə əsasən bağların bölgüsünə dair sxematik xəritəyə əsasən X7 və Birliyi ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 0.20 ha ərazisi olan “443” saylı bağ sahəsinin yerində keçmiş X24 Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında 444 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Bununla belə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2022-ci il tarixli 10/35 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi Aslan Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X7 və Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında 7832 nömrəli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan 443 saylı bağ sahəsinin yerində keçmiş X24 Xəritəçəkmə komitəsinin kadastr planı əsasında 444 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir; bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 444 və 444a saylı bağların yerinə uyğundur; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 haa torpaq sahəsi ilə X7 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında 7832 nömrəli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən “443” saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. Cavabdeh istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 443-446 saylı bağ sahələri müxtəlif şəxslərin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından, İddiaçı adına reystrdə hər hansı sənəd mövcud olmadığından, hazırki tələblə çıxış etməkdə subyektiv hüququ yoxdur. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi 0.20 ha olmaqla, 443 saylı bağ sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Həmçinin iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 haa torpaq sahəsi ilə X7 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında 7832 nömrəli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən “443” saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. Cavabdeh istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Qeyd olunan normaların tələblərindən də göründüyü kimi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Hazırda da iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evindən sərbəst şəkildə istifadə etməsi ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddiaçının hazırki tələblə çıxış etməkdə subyektiv hüququnun olmamasına istinad etməsi əsassız olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyindən, eləcə də iddiaçı mübahisəli torpaq sahəsinə faktiki sahiblik etdiyindən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evindən iddiaçının sərbəst şəkildə istifadə etməsi ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və bununla da iş üzrə düzgün olmayan nəticə gəldiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəi və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilməli, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri, ümumilikdə 100 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1554/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evindən sərbəst şəkildə istifadə etməsi ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia ərizəsi və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının məbləğləri İddiaçı aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri, ümumilikdə 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X6, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar