Məhkəmə qərarları › İş №2(103)-98/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-98/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-98/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair, həmçinin birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı "müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə ilkin, Cavabdeh2 və qeyrisinin cavabdeh İddiaçı qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “mənzilin təhvil verilməsi, müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, müqavilələrin etibarsız hesab edilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X5, Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2, onun və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti və Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:

1. İddiaçı (bundan sonra iddiaçı) - Cavabdeh1 MMC-yə (bundan sonra cavabdeh MMC) qarşı «mənzilin təhvil verilməsi» barədə iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 91 nömrəli mənzilin və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 92 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində 92 nömrəli 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin mənzilin dəyəri ödənilmişdir. Müəssisənin təsdiq etdiyi maliyyə arayışına əsasən mənzilin ödənişləri tam olaraq ödənilmişdir. Bina tikilib hazır olduqdan sonra iddiaçı aldığı mənzildən istifadə etmək üçün "xxxx" MMC-nin direktoruna ərizə ilə müraciət etsə də, ərizənin qəbulundan imtina edilmişdir Bundan sonra iddiaçıya məlum olmuşdur ki, "xxxx" MMC fəaliyyətinə bir müddət əvvəl xitam verərək, Cavabdeh1 MMC-yə qoşulmuş və sonuncu yenidən təşkil edildiyini elan etmişdir. Göründüyü kimi mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur.

3. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 92 nömrəli mənzili tələb edir və buna dair alqı-satqı müqaviləsi əlavə edir, iddianın dəyişdirilməsi barədə ərizədə əlavə olaraq 91 saylı mənzili də tələb edir, lakin təsdiqedici heç bir müqavilə əlavə etmir. İddiaçı tələb etdiyi 92 nömrəli mənzilin dəyəri olaraq pul məbləğinin müəssisəyə ödənilməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Mənzil alqı-satqısına dair heç bir ödəniş olmadığı üçün mənzilin alınmasına görə müəssisənin bank hesabına iddiaçı tərəfindən hər hansı bir pul məbləğinin ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində müəssisənin təsdiq etdiyi maliyyə arayışına istinad edir. Lakin maliyyə arayışı iş materiallarında yoxdur. İddiaçı tərəfindən satış təmsilçisi Abdulkadir Toprak imzası ilə məhkəməyə təqdim edilən xx.xx.2017-ci il tarixi qeyd olunan kserosurət sənədə baxmaqla müəyyən etmək olur ki, həmin sənəd maliyyə arayışı deyildir və xx.xx.2017-ci il tarixli müqavilə ilə uyğunluq təşkil etmir.

4. Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 91 nömrəli mənzilin və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 92 nömrəli mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmuşdur.

5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermişdir.

6. Həmin işə apellyasiya qaydasında baxılarkən Cavabdeh2, Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri.

7. Cavabdeh “MMC” apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı cavabdehin möhürü və imzası ilə təsdiq olunmayan, mənbəyi məlum olmayan, kserosurət kağız parçası məhkəməyə təqdim edərək həmin kserosurət kağız parçasını maliyyə arayışı kimi qeyd etməyə çalışmışdır. Məhkəmə isə qətnamədə həmin kağız parçasını arayış hesab edərək mənzillərin dəyərinin ödənilməsini təsdiq edən sənəd kimi qeyd etmişdir. İddiaçı müqavilələr üzrə pul vəsaitinin ödənilməsi qaydası və şərtləri barədə üzərinə götürdüyü öhdəliyinin icra edilməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən pulun müəssisəyə ödənilməsini təsdiq edən sənəd təqdim edə bilmədiyi üçün məhkəmə şahid ifadəsinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən (Sübutların mümkünlüyü) qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Bununla bağlı olaraq bildirilir ki, iddiaçı ilə cavabdeh arasında mənzillərə dair notarial kontorunda bağlanmış müqavilə olmadığı üçün əmlaka sahiblik istifadə hüququ əmələ gəlməmişdir. Uzun müddətdir ki, mənzillərin digər şəxsin mülkiyyətində olduğu barədə məhkəməyə məlumat verilsə də, məhkəmə bunu nəzərə almamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat:

8. Həmin işə apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı “müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və s.” tələbinə dair Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-954/2023 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. İkinci iş üzrə:

9. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdeh "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh2 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 6, mənzil 1, Yeni qaydada: ünvan 2 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsini, cavabdeh “PMD" MMC ("Gumush Plaza” MMC) ilə Cavabdeh3 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 6, mənzil 2, Yeni qaydada: ünvan 3 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsini AR ƏMDK Yanında DƏDRX-nə həvalə edərək, həmin mənzillərdə yaşayan şəxslərin oradan çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında ünvan 1 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr və həmin mərtəbənin (sağ tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr mənzillərin alqı-saqtısına dair xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Mənzilin dəyəri 1.500.000 manat olmaqla hər iki mənzilə görə 3.000.000 manat məbləğində pul ödənilmişdir. Müəssisənin təsdiq etdiyi maliyyə arayışına əsasən mənzillərin ödənişləri tam olaraq ödənilmişdir. Mənzillərin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyinə və müqavilələr üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, bu günə kimi mənzillər ona təhvil vermədiyinə, MMC tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin mənzillərin ona təhvil verilməsi öhdəliyinin icra edilməsini Cavabdeh1 MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1289/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia ərizəsi təmin edilmişdir. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermiş və işin araşdırılması zamanı MMC-nin nümayəndəsi Məhkəmə Kollegiyasına üçüncü şəxs AR ƏMDK yanında DƏDRX tərəfindən mübahisəli mənzillərin qeydiyyata alınaraq hazırkı cavabdehlər Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli və Cavabdeh3 adına xx.xx.2020-ci il tarixli çıxarışlar verildiyi bildirilmişdir. Eyni zamanda, Q.Şükürov tərəfindən məktubla müraciət olunaraq şahid qismində izahat verməyi xahiş edərək bildirmişdir ki, İddiaçı tələb etdiyi mənzillər tanışı Şahid ilə aralarında yaranmış razılaşmaya görə mənzillərin alqı-satqısını ilk olaraq İddiaçı adına rəsmiləşdirilməsini "xxxx" rəhbərliyindən şəxsən özü xahiş etmiş və sonradan fikrini dəyişərək mənzilləri oğlunun və həyat yoldaşının adına sənədləşdirmişdir. Göründüyü kimi mənzillər ilkin olaraq onun adına rəsmiləşdirilməsini cavabdehlərin atası və həyat yoldaşı Qüdrət Şükürov etiraf etmişdir. Belə olan halda, MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir.

11. İddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə "xxxx" MMC (hazırda üçüncü şəxs Cavabdeh1 MMC) arasında ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

12. Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC (hazırda Cavabdeh1 MMC) arasında ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, mənzilin dəyəri 1.500.000 manat olmaqla hər iki mənzilə görə 3.000.000 (üç milyon) manat məbləğində pulu MMC-nin direktorunun təklifi ilə onların yerləşdiyi ofisində öz işçiləri kimi təqdim etdikləri satış meneceri Abdulkadir Toprak adlı şəxsə ödənilmişdir. Bu barədə sonuncu öz imzası ilə sənəd təqdim etmişdir. Müqavilələrin notariat qaydada təsdiq edilmiş surətləri iş materiallarında vardır. Əsilləri isə iddiaçıdadır. Məhkəmə iclasında məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixli hər iki mənzilə dair alqı-satqı müqavilələri bağlayan zaman, mənzillərin yerləşdiyi yaşayış binası xx.xx.2016-cı il tarixli ******* nömrəli çıxarışla satıcı "xxxx" MMC-nin mülkiyyətində olmuş, lakin sonuncu binanın mülkiyyətdə olmasını qəsdən gizlədərək alıcıya bu barədə məlumat verməyərək onu aldatmışlar. Rayon məhkəməsi qətnamədə göstərmişdir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri əqdlərin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, qanunvericilikdə isə həmin tələblə məhkəməyə müraciət etmənin müddəti 1 il müəyyən edildiyindən (Mülki Məcəllənin 354 mad.), tərəflər isə mübahisələndirdikləri müqavilələrdən 1 ildən az müddətdə məlumatlı olduqlarından (2022-ci ilin sonlarında məhkəmə mübahisəsi ilə bağlı), məhkəmə hesab edir ki, hər iki tərəf qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmədən məhkəməyə müraciət etmişlər. Halbuki qarşılıqlı iddia ərizəsində S.Cavabdeh2 və Cavabdeh3 bildirmişlər ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri imzalanarkən onların, həmin əqdlər üzrə hüquqi nəticələr yaratmaq niyyətləri olmamış, həmin əqdlər yalnız görünüş üçün bağlanmışdır. Tərəflər, yəni "xxxx" MMC ilə İddiaçı əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqavilələri pərdələmişlər. Mübahisəli mənzillər İddiaçı tərəfindən yox, əslində Qüdrət Şükürov tərəfindən əldə edilmiş və sonuncu "xxxx" MMC ilə gizli bağlanan (pərdələyən) alqı-satqı müqaviləsi bağlamışdır. Göründüyü kimi, cavabdehlərin qarşılıqlı iddia ərizəsində qeyd etdikləri bir daha təsdiq edir ki, İddiaçıla bağlanan müqavilələrdən həmin vaxt Şükürovların məlumatları olmuşdur, məhkəmə qanunsuz və əsassız olaraq Şükürovların, mübahisələndirdikləri müqavilələrdən 1 ildən az müddətdə məlumatlı olduqlarını göstərməkdə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, rayon məhkəməsi müqavilə üzrə tərəf olmayan şəxslərin tələbinə əsasən satıcı ilə alıcının arasında bağlanan müqavilələri etibarsız hesab etmiş, lakin satıcının MMC-nin həmin müqavilələrin etibarlı olduğunu təkzib etməməsinə baxmayaraq ödənilən vəsaitin qaytarılmasına dair MM-in 337.5-ci maddəsinə əməl etməmişdir. Qeyd edilənlərə əsasən, qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin, qarşılıqlı idda ərizəsinin rədd edilməsinə dair yeni qətnamə çıxarmaqla yanaşı, xüsusi qərardadın çıxarılmasına dair vəsatətdə göstərilən şəxlərin cinayət əməlləri barəsində prokurora məlumat verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat:

14. Bakı Apellyasiya Məhkəməsinin (hakim G.Axundova) 2(103)-5253/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı "müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə ilkin, Cavabdeh2 və qeyrisinin cavabdeh İddiaçı qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki işin İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün ona birləşdirilməsi qərara alınmış, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

15. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi E.Əliyev ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, ikinci iş üzrə ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında hər iki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ikinci işdən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci iş üzrə cavabdeh MMC-nin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında ikinci iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh2, onun və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 ayrılıqda cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilərək, birinci iş üzrə qətnamənin ləğv, iddianın təmin edilməməsini, ikinci iş üzrə apellyasiya şikayəti ilə razılamayaraq təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, İddiaçı onun tanışı Şahid sürücüsü olub, o özü Bakı Lift təmiri İstehsalat Birliyinin direktoru olmuş, tanışı Vidadi də başqa təşkilatda, Bakı şəhər MKT departamentində şöbə müdiri olub, aralarında yaxın işgüzar münasibətlər olmuş, iddiaçı tərəf deyir ki, guya ev alıb, halbuki o evə pul verməyib, Rəşid Vidadinin sürücüsü olub, evə görə ödənişi özü etmişdir, qonşuluqda tələbə yoldaşı qalırdı, ona bu bina barədə məlumat verdi, o, da həmin binadan mənzil almaq qərarına gəlmiş, birgə gedib, Abdulkadir Toprakla görüşdülər, pulu ona ödəmiş və iki mənzil almışdır. İş birliyində olduğu Şahid onu aldatmış, ona fırıldaq gəlmiş, hazırda onunla heç bir münasibəti yoxdur, aralarında başqa-başqa mübahisələr də var. Abdulkadir Toprak "xxxx"da satış-maliyyə işlərini edirdi. O, ödənişi şirkətin kassasına ödəmiş, maliyyə arayışı da verilib. Müqavilənin tarixini dəqiq bilmir.

19. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, İddiaçı sürücü yox, köməkçi olub, onun belə ev almağa da maddi imkanı olub, qardaşı Vaqif ona dedi ki, sənədləşmə işində Rəşidə kömək etsin, o da razılaşdı, Qüdrət Şükürovla yaxın münasibətləri olmuş, indi münasibətləri pozulub, Qüdrətin ona çoxlu borcu var, hazırda da məhkəmə mübahisələri var, evlər üçün pulun ödənilməsində iştirak edib, Abdulkadir Toprak orda bütün maliyyə işlərinə baxırdı, onda alqı-satqını təsdiq edən sənəd yoxdur, sənədləri Rəşidə verib. Sübutların tədqiqi: Birinci iş üzrə:

20. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) yerləşən ümumi sahəsi 320 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər.

21. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) yerləşən ümumi sahəsi 320 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul edib onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdəsinə götürürlər.

22. "xxxx" Residencin satış təmsilçisi Abdulkadir Toprak tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, arayışda ünvan 5 ünvanında yerləşən “Gümüş Residens”in “B” blokunun 10-cu mərtəbəsindəki 91 və 92 nömrəli mənzillərin tam ödənişinin mənzilin sahibi İddiaçı tərəfindən tam ödənildiyi qeyd edilmişdir.

23. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, iddiaçıya həmin evi tapmasında o, vasitəçilik etmişdir. Rəşid ilə evi almağa birlikdə getmişdilər. Ofisin 1-ci mərtəbəsində Abdulkadir Toprak onları qarşıladı. Daha sonra onun ofisində ödənişi Abdulkadir Topraka verdilər. Abdulkadir Toprak pulu pul sayan maşında saydıqdan sonra onlara pulun ödənilməsini təsdiq edən müvəqqəti bir sənəd verdi. Şahid özü də Rəşiddən öncə öz qızına həmin binada mənzil almışdır. O da mənzili alarkən mənzilin pulunu nağd formada Abdulkadir Topraka ödəmiş və arayış almışdır. Daha sonra isə çıxarış əldə etmişlər. Dəfələrlə Rəşidlə bir yerdə mübahisəli mənzillərdə olmuşdur. Belə ki, Rəşid mənzillərin təmiri ilə bağlı hər dəfəsində ondan məsləhət almışdır. Həmin dövrdə həmin binadan mənzil alanların heç biri mənzilin dəyərini bank vasitəsilə ödəməmişdir. Belə ki, hər kəs aldığı mənzilin dəyərini Abdulkadir Topraka ödəmiş və ondan arayış almışdır. İkinci iş üzrə:

24. “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə ilə “Satıcı” özünə məxsus olan ünvan 6 ünvanında yerləşən yaşayış binasının 67 binanın, 10 mərtəbəsində (sol tərəfdə) yerləşən 4 otaqlı, ümumi burut sahəsi 320 kv.m. No 1 mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə həmin mənzili qəbul edərək onun məbləğini tam miqdarda “Satıcı”ya ödəməyi öhdələrini götürmüşlər (bənd 1.1). Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla razılaşma yolu ilə müəyyən edilir (bənd 2.1). Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində “Satıcı”nın bank hesabına manatla ödəniləcəkdir (bənd 2.2). “Satıcı” bu Müqavilə imzalandıqdan və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzili tamamlama-bəzək işlərinin görülməsi üçün “Alıcı”ya təhvil verir (bənd 3.1)

25. “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə ilə “Satıcı” özünə məxsus olan ünvan 6 ünvanında yerləşən yaşayış binasının 67 binanın, 10 mərtəbəsində (sağ tərəfdə) yerləşən 4 otaqlı, ümumi burut sahəsi 320 kv.m. No 2 mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə həmin mənzili qəbul edərək onun məbləğini tam miqdarda “Satıcı”ya ödəməyi öhdələrini götürmüşlər (bənd 1.1). Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla razılaşma yolu ilə müəyyən edilir (bənd 2.1). Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində “Satıcı”nın bank hesabına manatla ödəniləcəkdir (bənd 2.2). “Satıcı” bu Müqavilə imzalandıqdan və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzili tamamlama-bəzək işlərinin görülməsi üçün “Alıcı”ya təhvil verir (bənd 3.1).

26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin mülkiyyətindədir.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan çoxmərtəbəli yaşayış binası 14 ədəd 1 otaqlı, 28 ədəd 2 otaqlı, 20 ədəd 3 otaqlı, 61 ədəd 4 otaqlı mənzillərdən ibarətdir, binanın ümumi sahəsi 41600,6 kv.m., yaşayış sahəsi 14347,7 kv.m., zirzəmi sahəsi 6242,2 kv.m. təşkil etmişdir.

28. Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" MMC (adından X2 çıxış etmiş) ünvan 4 ünvanında yerləşən 67-ci binanın, 10-cu mərtəbə, ümumi sahəsi 256,0 kv.m., yaşayış sahəsi 137,0 kv.m., qeyri-yaşayış sahəsi 119,0 kv.m. olan 4 otaqlı, 1 saylı mənzilini Cavabdeh2 512.000 manata satmışdır.

29. Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən "xxxx" MMC (adından X2 çıxış etmiş) ünvan 4 ünvanında yerləşən 67-ci binanın, 10-cu mərtəbə, ümumi sahəsi 256,0 kv.m., yaşayış sahəsi 137,0 kv.m., qeyri-yaşayış sahəsi 119,0 kv.m. olan 4 otaqlı, 2 saylı mənzilini Cavabdeh3 512.000 manata satmışdır.

30. Gumush Residensinin satış meneceri Abdulkadir Toprak tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışın kserosurətindən görünür ki, ünvan 7 ünvanda yerləşən Gumush Rezidensin “B” blokunun 10-cu mərtəbəsindəki 91 və 92 nömrəli mənzillərin tam ödənişi mənzilin sahibi İddiaçı tərəfindən tam ödənilmişdir.

31. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10cu mərtəbəsində (sağ tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. mənzilin alqı-satqısına dair onunla xx.xx.2017-ci il tarixli, eyni zamanda həmin yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. mənzilin alqı-satqısında dair xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Müəssisənin təsdiq etdiyi maliyyə arayışına əsasən hər iki mənzillərin ödənişləri tam olaraq ödənilmişdir. Göstərilən mənzilləri Reyestr Xidmətində qeydiyyata alaraq çıxarış alınması üçün lazımi sənədlərin təsdiq olunmuş surətini ona təqdim edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63,65,67,69,71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 1 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 2) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63,65,67,69,71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 2 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir.

34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən ünvan 8 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Abdulkadir Toprakın adına "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir.

35. Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli müqavilələrin ləğv edilməsi barədə bildirişindən görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 4 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli və 67 saylı yaşayış binasının 10- cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzillərlə bağlı müqavilələr bağlamışdır. Hər iki müqavilənin 2-ci bəndinə əsasən tərəflər öhdəlik götürmüşlər ki, mənzillərin ümumi dəyəri razılaşma yolu ilə müəyyən edilir. Həmin məbləğ 100% olaraq “Alıcı” tərəfindən müqavilə imzalandıqdan sonra 10 gün ərzində Satıcının bank hesabına manatla ödəniləcəkdir. Hər iki müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” ilə müqavilə imzalandıqdan sonra və müqavilənin 2.2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra mənzillər tamamlama-bəzək işlərinin görülməsi üçün “Alıcı”ya təhvil verilir. Hər iki müqavilənin 6-cı bəndinə əsasən “Alıcı” heç bir səbəb və ya fors major halları olmadan, müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini tam erinə yetirməsə “Satıcı” birtərəfli qaydada müqaviləyə xitam verə bilər. Mənzillərin dəyərinin müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliklər İddiaçı tərəfindən icra edilməmişdir. Qeyd olunanları nəzərə alıb xx.xx.2017-ci il tarixdə "xxxx" MMc ilə İddiaçı arasında ünvan 4 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 91 nömrəli və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.m. olan 92 nömrəli mənzillərlə bağlı bağlanmış hər iki müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır.

36. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsininin xx.xx.2020-ci il tarixli çıxarışından məlum olur ki, "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qoşulması nəticəsində Cavabdeh1 MMC yenidən təşkil edilmişdir və "xxxx" MMC-nin hüquqi varisidir. Tətbiq edilən maddi hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

39. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

40. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini cavabdeh MMC-nin apellyasiya şikayətinə və ikinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, ikinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci iş üzrə:

42. Kollegiya ilk növbədə birinci iş üzrə cavabdeh MMC-nin apellyasiya şikayətinə münasibət bildirir. Birinci iş üzrə iddia tələbini təmin edən rayon məhkəməsi daşınmaz əmlakın alqısatqısına dair İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli müqaviləyə və həmin müqavilə üzrə ödənişin edilməsinə dair maliyyə arayışının kserosurətinə, eləcə də şahid ifadəsinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, həmin müqavilə ilə iddiaçıya satılan əmlak daşınmaz əmlakın dövlət reyestrində 2016-cı ildən qeydiyyata alınmasına baxmayaraq, rayon məhkəməsi həmin mənzillərə dair müqavilənin notarial qaydada bağlanmamasını araşdırmamış, pulun ödənilməsinə dair qeyri dəqiq məlumatları əks etdirən, başlıcası isə əsli olmayan, kserosurətə əsaslanmış, eləcə də həmin mənzillərin üçüncü şəxsi mülkiyyətində olduğunu qeyd etsələr də, bunu da araşdırmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMCnin mülkiyyətindədir. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İddiaçının təqdim etdiyi daşınmaz əmlakın alqı-satqısına dair onunla "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli müqavilə isə, müqavilə ilə iddiaçıya satılan mənillərin yerləşdiyi ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 41600,6 kv.m. olan çoxmərtəbəli yaşayış binasının tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin 2016-cı ildən mülkiyyətində olmasına baxmayaraq, MM-in 144.1-ci maddəsinə əsasən, notarial qaydada təsdiq edilməmiş, yəni həmin müqavilə qanunun tələblərinə uyğun bağlanmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının həmin müqavilələr üzrə ödəmə etməsinə dair də rayon məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur, çünki buna dair təqdim olunan sübut mübahisəli olmaqla, həm də onun əsli təqdim olunmamışdır.

43. Bu xüsusat araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı rayon məhkəməsinin istinad etdiyi iki müqavilənin notariat qaydasında təsdiq olunmuş surətlərini təqdim etsə də, “Gumush Residens”in satış meneceri kimi qeyd edilən Abdulkadir Toprak tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli “ünvan 7 ünvanda yerləşən Gumush Rezidensin “B” blokunun 10-cu mərtəbəsindəki 91 və 92 nömrəli mənzillərin tam ödənişi mənzilin sahibi İddiaçı tərəfindən tam ödənilmişdir” məzmunlu sənəd kserosurətdir. Apellyasiya icraatı zamanı qarşı tərəfin israrlı tələbinə və Məhkəmə Kollegiyasının təkliflərinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili həmin maliyyə sənədinin əslini təqdim etməmiş, sonuncu iclasda isə həmin sənədin əslini təqdim edə bilməyəcəyini bildirmişdir. Həmin yazılı vərəqin iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur (maddə 89.1.), həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (maddə 89.2.).

44. İddiaçının sübut kimi təqdim etdiyi həmin qeydlər vərəqi prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə qətiyyən cavab vermir.

45. Bundan başqa, cavabdeh MMC apellyasiya şikayətində qeyd edir ki, həmin mənzillərin üçüncü şəxslərin mülkiyyətində olmasını bildirsələr də, məhkəmə bunu araşdırmamışdır. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, hazırkı halda iddiaçının müqaviləsində göstərilən mənzillərlə Cavabdeh2 və Cavabdeh3 satılan mənzillərin eyni mənzil olması mübahisələndirilmir. Mülki iş materiallarında olan müvafiq çıxarışlardan məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63,65,67,69,71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 1 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 2) tam mülkiyyət hüququ üzrə Cavabdeh2, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 63,65,67,69,71 saylı evin ümumi sahəsi 256 kv.m. olan 2 saylı mənzili (Yeni qaydalarla: AZ1006, ünvan 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir. MPM-in 387.2.4-cü maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

46. Beləliklə, birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməli olması barədə qanunun tələbinə əməl edilmədən bağlanılmış müqaviləyə əsaslanaraq iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

47. Odur ki, qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, MMC-nin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci iş üzrə rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməməlidir. İkinci iş üzrə:

48. Məhkəmə Kollegiyası ikinci iş üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakılar qeyd edir.

49. Rayon məhkəməsi qeyd etmişdir ki, qanunun tələbləri baxımından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və şəxsə (fiziki və ya hüquqi) mülkiyyət hüququ üzrə məxsus olan əmlakın özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi mütləq mənada notariat orqanında həyata keçirilməlidir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçıla "xxxx" MMC arasında sonuncunun mülkiyyətində olan mənzillərin alqı-satqı müqavilələri qanunda müəyyən edilmiş formaya riayət edilmədən bağlanıldığı, yəni həmin müqavilələr notariat qaydada təsdiq olunmadığı üçün etibarsız əqd hesab edilməlidir.

50. İkinci iş üzrə iddiaçı apellyasiya şikayətində qeyd edir ki, bir halda ki, Q.Şükürov qeyd edilən mənzillərə dair müqavilənin onun razılığı ilə 2017-ci ildə İddiaçıla bağlanmasını, sonradan fikrini dəyişərək, müqavilələrin öz oğlu və arvadı ilə bağlandığını qeyd edir, bununla məlum olur ki, rayon məhkəməsi onunla MMC arasında bağlanmış müqavilədən qarşılıqlı iddiaçıların 2022-ci ildən xəbər tutması və bir illik müddəti ötürməməsi barədə mövqeyi əsaslı olmamışdır.

51. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.

52. MM-in 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

53. Bununla da məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 26 may 2017-ci il tarixli müqavilələr əslində fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq, əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlərlə bağlı iddia müddəti olmur, yalnız MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi halında müddət məsələsi ortaya çıxır ki, bu zaman həmin normaya əsasən müəyyən olunmuş bir illik müddətin axımı onun icraya başlandığı gündən başlayır. Hazırkı mülki iş üzrə də müəyyən olunur ki, İddiaçı iddiasından, başqa sözlə desək, əhəmiyyətsiz olan əqdin icrasının başlanmasından Cavabdeh3 və Cavabdeh2 yalnız xx.xx.2023-cü il tarixində, yəni birinci iş üzrə apellyasiya icraatı aparılarkən onların üçüncü şəxs qismində işə cəlb edildikləri zaman rəsmi olaraq məlumatlandırılmışlar, eyni zamanda da məlum olur ki, ikinci iş üzrə İddiaçıla bağlanmış müqavilələrin (əqdlərin) etibarsızlığına dair onlar qarşılıqlı iddia ilə xx.xx.2023-cü ildə rayon məhkəməsinə müraciət etmişlər. Belə olan halda bəlli olur ki, MM-in 354.1-ci maddəsində təsbit olunmuş bir illik müddət keçməmişdir, demək ki, ikinci iş üzrə İddiaçı apellyasiya şikayətinin həmin, yəni bir illik kəsici müddətin ötürülməsi barədə dəlili əsassızdır.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətininin işə baxmış rayon məhkəməsi tərəfindən MM-in 337.5-ci maddəsinin tətbiq edilməməsi barəsindəki dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

55. MM-in 337.5-ci maddəsində təsbit olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-in 337.1-ci maddəsinə əsasən etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Hazırkı mülki iş üzrə gəlinən qənaət ondan ibarət olmuşdur ki, İddiaçı istinad etdiyi əqdlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarıda əks olunmuş hüquqi mövqeyi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir.

57. Bundan başqa, araşdırmalar zamanı iddiaçı tərəfindən həmin müqavilələr üzrə (müqavilənin həqiqi tərəfi üçün olsa belə) hansısa məbləğin ödənilməsi müəyyən olunmamışdır.

58. Bu baxımdan, Kollegiya MM-in 337.5-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiq edilməsi əsaslarının olmadığı qənaətindədir.

59. Eyni zamanda, iddiaçıya izah olunmalıdır ki, o, həmin müqavilələr üzrə hər hansısa ödəniş etməsinə, eləcə də həmin müqavilələrin bağlanmasıyla bağlı ona hər hansı zərərin vurulduğuna dair sübutları təqdim etməklə, müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Nəticə:

60. Göstərilənlərə əsasən, birinci iş üzrə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, ikinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ikinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

62. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən birinci iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiçıdan alınaraq cavabdehə verilməli, ikinci iş üzrə iddiaçının apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Birinci iş üzrə: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat İddiaçı alınaraq Cavabdeh1 MMC-yə verilsin. İkinci iş üzrə: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar