Məhkəmə qərarları › İş №2(103)-9805/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9805/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9805/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı X5, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə “X4” MMC arasında 22.10.2007-ci il tarixdə bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, ev 4, 43 (yeni qaydalarla: mənzil 45) saylı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, müqavilənin onunla bağlanmış hesab edilməsi və həmin mənzildən sərbəst istifadə etməyi ilə bağlı maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddianın nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi şəxsin iddianın predmetinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək məhkəmədən X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 2595-ci məhəllə, ev 4, blok 1,mənzil 45 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y. Əliyev küçəsi, 16, M6, m3 ) saylı mənzil üzərində 2/3 (üçdə iki) hissədə mülkiyyət payının müəyyən edilməsi və həmin mənzildən sərbəst istifadə etməyi ilə bağlı maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onula əsaslandırılmışdır ki, Cavabdeh ilə 1996-cı ildə nikah bağlamışlar. Birgə nikahlarından üç övladları doğulmuşdur. 2016-cı ildə nikahları məhkəmə qətnaməsi əsasında pozulmuş, bir əlil olan qız övladı onun, digər iki övladı isə cavabdehin himayəsində saxlanılmışdır. Birgə nikah dövründə olarkən 22.10.2007-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, bina 4, 45 saylı mənzili almışlar. Həmin mənzilin pulunu tamamilə o, ödəmişdir. Hüquqi savadı olmadığından cavabdeh onu aldadaraq müqavilənin öz adına bağlanmasına nail olmuşdur. Sonradan isə onların aralarında olan nikah pozulmuşdur. Cavabdeh ondan gizli şəkildə “X4” MMC-dən aldıqları həmin mənzili reystr xidmətinə sənədlərini təqdim edərək tam mülkiyyət hüququ üzrə öz adına 23.11.2020-ci il tarixdə qeydə aldırmışdır. Mənzil hazırda onun sahibliyindədir. Onun dəyərini özü ödəmiş, təmirini özü etmiş, Ağdam Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulduqdan sonra da orada əhəmiyyətli yaxşılaşdırma işləri aparmışdır. İndi agah olmuşdur ki, cavabdeh onu aldatmış və əmlakına tam sahiblənmək niyyətindədir. Müqavilənin öz adına dəyişdirilməsi barədə dəfələrlə şirkətə müraciət etsə də, müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hesab edir ki, sözügedən mənzil nikah dövründə əldə edilmiş gəlir hesabına alındığından və əldə edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və mənzil üzərində1-ci qrup xəstə uşağının mənafeyi nəzərə alınmaqla 2/3 hissədə payı müəyyən edilməlidir. Baxmayaraq ki, mənzil nikah pozulduqdan sonra özəlləşdirilmişdir, həmin əmlakın alınmasına və əldə edilməsinə xərclənmiş pul onun birgə nikah dövründə qazandığı pul olmuşdur. Qanun ər-arvad arasında əmlak paylarını 1/2 hissədə tanısa da, onun himayəsində 1-ci qrup əlil xəstə uşağının olması, iş yerinin olmaması halı məhkəmə tərəfindən nəzərə alınmalı və mənzil üzərində paylar qeyribərabər olmaqla bölünməlidir. Həmçinin, cavabdeh onu mənzilində rahat və sərbəst yaşamağa qoymur, oraya hücum çəkir, səs-küy salır. Hətta, bir-neçə dəfə polislə evə daxil olmuş və onu mənzildən çıxarmaq istəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə mülkiyyət paylarının müəyyən edilməsi, ünvan 7, ev 4, 45 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) İddiaçı qanuni istifadə etməyinə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi, məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qubul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırılmaması ilə qəbul edilmişdir. Mülki işə baxmış hakimin işə qanuni şəkildə baxıb, ədalətli, işin faktiki hallarına uyğun olan və qanunu qərar qəbul edəcəyinə inanmadığından, 13.04.2021-ci il tarixli hakimə etiraz ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin sədrinə müraciət etmiş, lakin etiraz ərizəsinə bu günə qədər heç bir münasibət bildirilməmişdir. Belə ki, sözügedən mülki iş üzrə hakim tərəfindən ona heç bir bildiriş və ya rəsmi məlumat verilmədiyindən, məhkəmə prosesi barədə isə şəxsi kabinetinə baxan zaman təsadüfən məlumatı olduğundan, ilkin məhkəmə prosesslərində iştirak etməmişəm, eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan olunması, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və “X4” MMC-yə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və Sabunçu rayon Məhkəməsinin 2(008)-1618/21 saylı, 19.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilmiş, mübahisəli mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və “X4” MMCyə həvalə edilməsi qət edilmişdir. Həmçinin sözügedən mübahisəli mənzildə “yaşayış yeri üzrə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” Cavabdeh və digər ailə üzvlərinin iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(103)-1526/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Yəni sözügedən mübahisəli mənzildə artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən o və digər ailə üzvləri də yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bundan başqa, İddiaçı ilə 02 avqust 1996-cı ildə nikaha daxil olmuş və Ağdam Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən adına verilmiş 23.11.2020-ci il tarixli, çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, ev 4, mənzil 45-ə yeni qaydalara əsasən isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi, 16, M6, m3 saylı, 98,40 kv.m olan mənzilə mülkiyyət hüquqları tanınmış və tam xüsusi mülkiyyətindədir. Həmçinin sözügedən mübahisəli mənzildə quraşdırılmış elektrik, su və qaz sayğacları mənim adına sənədləşdirilib, mənzilin komunal xərcləri onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilmişdir ki, Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göründüyü kimi, indiki halda İddiaçı mübahisəli mənzil üzərində 2/3 (üçdə iki) hissədə mülkiyyət payının müəyyən edilməsi və həmin mənzildən sərbəst istifadə etməsi ilə bağlı maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə iddia tələbi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür və buna görə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Lakin iddia müddətinin tətbiqi ilə bağlı məhkəmə prosessində ərizə təqdim etməyinə baxmayaraq hakim nədənsə ərizəyə heç bir münasibət bildirməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində “...İşdə olan Ağdam rayon məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə iddiaçı X9 ilə Cavabdeh arasında olan 1996-cı il tarixdə Ağdam rayon Qaradağlı Ərazi nümayəndəliyində 23 nömrə ilə qeyd edilən nikahın pozulması, həmin nikahdan doğulmuş 05 iyun 1998-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 13 avqust 1993-cü il təvəllüdlü X6 və 06 oktyabr 2003-cü il təvəllüdlü X3 ataları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir.” Qətnamədən də göründüyü kimi, nikahları pozulduqdan sonra qızı Gülmira Çərkəzli anası-İddiaçı yanında oğlanları isə onun yanında qalmışlar. Belə olan halda da məhkəmənin mübahisəli mənzil üzərində İddiaçı 2/3 hissədə, onun isə 1/3 hissədə mülkiyyət paylarının müəyyən edilməsi barədə qətnamə qəbul etməsi heç bir halda ədalətli sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək bildirdi ki, Bakı şəhəri, Sabuçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsinin ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, mənzil 3) üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə mülkiyyət paylarının müəyyən edilməsi hissəsində ləğv edərək, həmin mənzil payların ½ hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə dəqiqləşdirmə barədə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsini əsas götürməklə payları müəyyən edərkən tətbiq edilməli olan qanunu səhv təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin maddi hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət payları müəyyən edilməli, ünvan 7, ev 4, 45 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) İddiaçı qanuni istifadə etməyinə maneə törədilməsi Cavabdeh qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, işdə olan “X4” MMC ilə Cavabdeh arasında bağlanmış “mənzilin alqı-satqısı barədə” 22.10.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, “X4” MMC Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.m olan mənzili alıcı Cavabdeh satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə görə satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılşadırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci məndinə görə qeyd edilən mənzilin dəyəri tərəflərin razılığı ilə 46505,74 manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiyməti olan 46505,74 manatı ödəməyi öhdəsində götürmüşdür. İş materiallarında olan “X4” MMC tərəfindən verilmiş 25.01.2011-ci il tarixli maliyyət arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.m olan mənzilin dəyəri 46505,74 manat tam ödənilmişdir, onun heç bir borcu yoxdur. İş materiallarında olan Ağdam rayon məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə iddiaçı X9 ilə Cavabdeh arasında olan 1996-cı il tarixdə Ağdam rayon Qaradağlı Ərazi nümayəndəliyində 23 nömrə ilə qeyd edilən nikahın pozulması, həmin nikahdan doğulmuş 05 iyun 1998-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 13 avqust 1993-cü il təvəllüdlü X6 və 06 oktyabr 2003-cü il təvəllüdlü X3 ataları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan “X15” MMC tərəfindən verilmiş 03.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən “Uğur 2” yaşayış kompleksində bina, blok 1, 45 saylı mənzildə yaşayır. İş materiallarında olan AZ-İ № 336890 “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 iyul 2016-cı il tarixdə 117 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra ərə Abdunov, arvada Abdunova soyadları verilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 11.02.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı, 19.01.2021-ci il tarixli qərardadı icra olunaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə, 2595-ci məhəll, bina 4, 43 saylı mənzilin (Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi, b4, b 1, mənzil 45) üzərinə qadağa qoyulmuşdur. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) xüsusi mülkiyyət hüququ ilə 23.11.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hal-hazırda onun mülkiyyətindədir. İş materiallarında olan XXİ-ЖГ № 302670 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 iyun 1998-ci ildə Ağdam rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan “X15” MMC tərəfindən verilmiş 20.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin inşa etdiyi ünvan 4 ünvanında yerləşən “Uğur 2” yaşayış kompleksində bina, blok 1, 45 saylı mənzildə qızı X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ağdam rayon şöbəsinə ünvanlanmış DTSERX-nin bildirişinin surətindən görünür ki, X2 müddətsiz olmaqla ümumi xəstəlik səbəbindən İ (birinci) dərəcəli əllillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 20.06.2016-cı il tarixli məlumat vərəqəsinin surətindən görünür ki, X2 ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik verilmişdir. TSEK-in diaqnozu “ensefalomilitin qalığı, Spastik paraplegiya, aşağı dərin paraparez” olmaqla əlilliyin müəyyən olunması meyarı “2.1 Birinci dərəcəli əlillik, 2.2.8 ətrafların hərəkət funksiyasının və hərəkət kordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərə çarpan paraparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir” kimi müəyyən edilmiş, əmək zəmanəti barədə isə “daimi kənar şəxsin köməyinə ehtiyacın olması” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin 07.05.2018-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı şikayəti əsasında toplanmış materialların surətindən görünür ki, İddiaçı 13-cü bölməyə şikayət ərizəsi ünvanlayaraq ünvan 7, ev 4, 45 saylı mənzildə rahat yaşaya bilmədiyini, Cavabdeh tərəfindən ona maneçilik törədildiyini, üzərinə hücum çəkdiyini və digər qanunsuz hərəkətlərə yol verdiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmiş, bölmə tərəfindən qeyd edilən faktla bağlı araşdırma aparılmış, Cavabdeh və onun qardaşı Vidadi adlı şəxslə profilaktiki söhbətlərin aparılması təmin olunaraq onlara “xəbərdarlıq” edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir”. “M.Ağayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2019-cu il tarixli qərarındakı mövqeyi də bundan ibarət olmuşdur ki, əmlak üzərində mülkiyyət üzrə ilkin hüquqi qeydiyyatın nikah pozulduqdan sonra ər-arvaddan birinin adına aparılması birgə nikah dövründə qazanılmış gəlir hesabına əldə edilmiş həmin əmlakın ər-arvad arasında birgə mülkiyyət sayılmasını istisna etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş gəlir (qazanc) hesabına əldə edildiyindən həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab olunmalı və mübahisəyə ailə qanunverciliyinin ər-arvadın əmlakının qanuni rejimi ilə bağlı qaydaları (normaları) tətbiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən mənzilin tərəflərin birgə nikah dövründə əldə edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, həmin əmlaka münasibətdə tərəflərin paylarının bölgüsünü düzgün müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mənzil üzərində tərəflərin mülkiyyət payının müəyyən edilməsi hissəsində qənaətini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmış olsa da İddiaçı yanında saxlanılmış (himayəsində olan) və tərəflərin birgə nikahından doğulmuş övladları - X1 birinci dərəcəli əlil olması, onda olan ümumi xəstəliyin ağırlığı, müəyyən edilmiş diaqnozun kəskinliyi, daimi kənar şəxsin köməyinə ehtiyac duyması, İddiaçı bir valideyin olaraq ona kömək köstəmək barədə qanuni borcunun olması mübahisəsidir ki, İddiaçı sərbəst sürətdə hərəkət etmək, əmək fəaliyyyəti ilə məşğul olmaq, gəlir əldə etmək və maddi ehtiyaclarını qarşılamaq imkanından məhrum edilməsini istisna etmir. Bu diqqətəlyiq hal nəzərə alınmaqla ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payları müəyyən edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən əmlaklara dair yuxarıda qeyd olunan nəticəyə gələrkən İddiaçı yanında saxlanılmış tərəflərin birgə nikahından doğulmuş övladları - X1 mənafeyini əsas götürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər- arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Ağdam Rayon Məhkəməsinin qətnaməsinə istinad etməklə X1 anası İddiaçı yanında saxlanılması qət edildiyini göstərsə də, hazırki halda uşaqların mənafeyini nəzərə aldığını qeyd etsə belə cavabdehin himayəsində qalan uşaqların mənafeyini ümumiyyətlə nəzərə almamışdır. Belə ki, həmin qətnamədən həmçinin görünür ki, qarşılıqlı iddianın qismən təmin edilmiş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 13 avqust 1993-cü il təvəllüdlü X6 və 06 oktyabr 2003-cü il təvəllüdlü X3 ataları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində hərfi mənada təfsir etsə görərik ki, qanunvericilik yetkinlik yaşaına çatan uşaqların deyil, yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin nəzərə alınması göstəmiş, həmçinin qanunun həmin müddəası imperativ tələbi olmaqla mütləq şəkildə, yanında uşaq qalan valideynin payının artırılmasına əsas verən hal kimi qəbul edilə bilməz. Xüsusi ilə qeyd edilməlidir ki, işdə olan Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ağdam rayon şöbəsinə ünvanlanmış DTSERX-nin bildirişinin surətindən görünür ki, X2 müddətsiz olmaqla ümumi xəstəlik səbəbindən İ (birinci) dərəcəli əllillik təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi X1 digər uşaqlardan fərqli olaraq dövlət qayğısı ilə əhatələndiyini nəzər almamış və nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 2595-ci məhəllə, ev 4, blok 1,mənzil 45 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y. Əliyev küçəsi, 16, M6, m3 ) saylı mənzil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət payları müəyyən edilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ünvan 7, ev 4, 45 saylı mənzildə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) Cavabdeh qanunsuz müdaxilələri ucbatından övladı ilə rahat və sərbəst yaşaya bilmədiyini, buna görə tez-tez polis orqanlarına mürariət etdiyini qeyd etdmiş, məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, X5 bu məzmunda Sabunçu RPİ-nin 13-cü PB-nə ünvanladığı şikayəti əsasında polis bölməsində qeyd edilən faktla bağlı araşdırma aparılmış, Cavabdeh və onun qardaşı Vidadi adlı şəxslə profilaktiki söhbətlərin aparılması təmin olunaraq onlaraq “xəbərdarlıq” edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 7, ev 4, 45 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) paylı mülkiyyətçisi hesab olunduğundan onun həmin mülkiyyət üzərində səbsət və maeəsiz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının 2001-ci ildən Avropa Şurasına daxil olduğundan və «İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olmuş və onu ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərədə tutulan hüquqlarını təmin etməlidir. «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin, hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Əmlak hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Həmin prinsiplərə riayət edildikdə, əmlak hüququnun məhdudlaşdırılmasına yol verilir. Sahibin əmlaka sahiblik və istifadə ilə əlaqədar hüquqları əmlaka qeyri-qanuni sahiblənən digər şəxslərin hüquqlarından üstün tutulmalı, Konstitusiyada təsbit edilmiş hər hansı hüquququn, o cümlədən əmlak hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarnın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət payları müəyyən edilməli, ünvan 7, ev 4, 45 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) İddiaçı qanuni istifadə etməyinə maneə törədilməsi Cavabdeh qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 7, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət payları müəyyən edilsin. ünvan 7, ev 4, 45 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) İddiaçı qanuni istifadə etməyinə maneə törədilməsi Cavabdeh qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar