Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-981/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçı nümayəndəsi-vəkili Əyyubzadə Fuad Azad oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2(008)- 3974/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında olan Bakı Şəhər 1-ci instansiya məhkəməsinin 1-20/1993 nömrəli xx.xx.1993-cü il tarixli hökmündən görünür ki, Cavabdeh öz yetkinlik yaşına çatmamış qızı xx.xx.1978-ci il təvəllüdlü, uşağlığdan əlil olan X3 köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqəyə girməsi səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 4-cü hissəsinə əsasən təqsirli bilinib və Cinayət Məcəlləsinin həmin maddəsi ilə ciddi rejimli islah-əmək koloniyasında saxlanılmaqla, 14 (on dörd) ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan 386/1M nömrəli xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, X8 "xxxx" MTK ilə müqavilə bağlayaraq ünvan 1 ünvanda yerləşən 49,6 kv.metr mansardı almışdır. İş materiallarında olan AC seriyalı 624411 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin suətindən görünür ki, **-GR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobili X4 mülkiyyətindədir. AZ-İİ 389218 nömrəli öüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023cü il tarixində vəfat etmişdir. İş materiallarında olan 02 noyabr 1978-ci il tarixdə verilmiş Vİ-ЖГ №315217 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 oktyabr 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İddiaçı hazırda bildirir ki, X12 vəfat etdiyindən hazırda onun miras əmlakının vərəsələr arasında bölüşdürülməsi həyata keçirilir. Öz övladına qarşı ağır cinayət törətmiş və onun həyatını məhv etmiş cavabdeh onun vərəsəsi ola bilməz və miras əmlakdan ona pay ayrıla bilməz. Bu səbəbdən həmin şəxs ləyaqətsiz vərəsə elan olunmalı və miras əmlakdan məhrum edilməlidir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o xx.xx.1952-ci il tarixdə Rusiya Federasiyasının Ryazan vilayətində anadan olmuşdur. xx.xx.1976-cı il tarixdə Cavabdeh ilə aralarında rəsmi nikah bağlanmışdır. Bu nikahdan 2 övladı olmuşdur. xx.xx.1994-cü il tarixdə nikaha xitam verilmişdir. Nikah münasibətlərində olduğu zaman qızı X8 atası Cavabdeh tərəfindən müxtəlif cinsi zorakılıq əməllərinə məruz qalmışdır. Daha sonra bu ona məlum olan zaman tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuş, Cavabdeh barəsində cinayət işi başlamışdır. Məlum olmuşdur ki, Cavabdeh qızı X2rşı şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə ağır cinayət törətmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1993-cü il tarixli İ-20/93 saylı hökmü ilə Cavabdeh 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. X12 bu hadisələrdən sonra ciddi mənəvi psixoloji sarsıntılar keçirmiş, bütün həyatı məhv olmuşdur. Keçirdiyi psixoloji sarsıntılar səbəbindən ömür boyu əzab-əziyyət çəkmiş, ömrünün sonuna qədər ailə həyatı qurmamışdır. Atası Cavabdeh adlı şəxs öz qızının həyatını məhv etmiş, onu ömür boyu əzab-əziyyətə düçar etmişdir. Sonralar qızı dəfələrlə beyin insultu keçirmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X12 vəfat etdiyindən hazırda onun miras əmlakının vərəsələr arasında bölüşdürülməsi həyata keçirilir. Belə ki, **-GR-*** qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobili və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak mərhum X12nın miras əmlakıdır. Öz övladına qarşı belə bir ağır cinayət törətmiş və onun həyatını məhv etmiş şəxs onun vərəsəsi ola bilməz və miras əmlakdan ona pay ayrıla bilməz. Bu səbəbdən həmin şəxs ləyaqətsiz vərəsə elan olunmalı və miras əmlakdan məhrum edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2(008)- 3974/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mülki işdə mirası qoyanın anası məhkəməyə müraciət edərək, miras qoyanın atasının miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olduğu mülki işin materialları ilə sübuta yetirilsə də, məhkəmə araşdırılması zamanı sözügedən hərəkətlərin məhz miras qoyanın son iradəsinə yönəlmədiyi və bununla da əxlaqsız hərəkət etmiş şəxsin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş olduğu müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, əxlaqsız hərəkət etmiş şəxs yəni cavabdeh bu hərəkətləri edən zaman miras qoyan azyaşlı olmuş və həmin dövrdə azyaşılının hər-hansı bir miras əmlakı olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmiş - Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva etmiş olduğu izah edilsə də, məhkəmə qeyd etmişdir ki, bu zaman miras qoyan özü sağikən hazırki iddia tələbi ilə özü məhkəməyə müraciət etməli olardı. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kontitusiya Məhkəməsinin şərhinə əsasən, şəxsin ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum edilməsinin əsaslarına Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş əsaslardan əlavə, ləyaqətsiz vərəsənin miras qoyana qarşı cinayət törətməsi halları da daxildir. Məhkəmə isə qeyd etmişdir ki, əxlaqsız hərəkətlər etmiş şəxs, yəni cavabdeh bu hərəkətləri icra edən zaman miras qoyan azyaşlı olmuş və həmin dövrdə azyaşlının hər-hansısa əmlakı olmamışdır. Miras qoyana qarşı edilmiş əxlaqsız hərəkətlər və törədilmiş ağır cinayət zamanı onun azyaşlı olmağının və ona məxsus əmlakın mövcud olmamasının heç bir əhəmiyyəti yoxdur. Bu cür əxlaqsız hərəkətlər və törədilmiş ağır cinayətin mövcudluğu və məhkəmə tərəfindən də təsdiq edilməsi Cavabdeh törətdiyi əməllərə görə vərəsəlik hüququndan məhrum edilməsinə əsas verir. İddiaçı, mərhum qızının vərəsəsi kimi çıxış edərək, Cavabdeh ləyaqətsiz vərəsə elan edilməsi barədə halların mövcudluğunun məhkəmə tərəfindən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, miras qoyan bu iddia tələbi ilə yalnız özü sağ ikən məhkəməyə müraciət etməli idi. Göründüyü kimi, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Aleksandrovnanın nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138-ci maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2011-ci il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Bakı Şəhər 1-ci instansiya Məhkəməsinin 1-20/1993 nömrəli xx.xx.1993-cü il tarixli hökmündən görünür ki, Cavabdeh öz yetkinlik yaşına çatmamış qızı xx.xx.1978-ci il təvəllüdlü, uşağlığdan əlil olan X3 köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqəyə girməsi səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 4-cü hissəsinə əsasən təqsirli bilinib və Cinayət Məcəlləsinin həmin maddəsi ilə ciddi rejimli islah-əmək koloniyasında saxlanılmaqla, 14 (on dörd) ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Zərərçəkən xx.xx.2023-cü il tarixdə Samuylova Aleksandra vəfat etdiyindən hazırda onun mülkiyyəti olmuş **-GR-*** qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı minik avtomobili və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak miras əmlakının vərəsələr arasında bölüşdürülməsi həyata keçirildiyindən iddiaçı, öz övladına qarşı belə bir ağır cinayət törətmiş və onun həyatını məhv etmiş şəxsin onun vərəsəsi ola bilməməsi və miras əmlakdan ona pay ayrıla bilməməsi əsası ilə həmin şəxsin ləyaqətsiz vərəsə elan olunmalı və miras əmlakdan məhrum edilməli olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2011-ci il tarixli qərarına istinadən rədd etməklə hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı sözügedən hərəkətlərin məhz miras qoyanın son iradəsinə yönəlmədiyi və bunlada əxlaqsız hərəkət etmiş şəxsin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş olduğu müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, əxlaqsız hərəkət etmiş şəxs yəni cavabdeh bu hərəkətləri edən zaman miras qoyan azyaşlı olmuş və həmin dövürdə azyaşılının hər-hansı bir miras əmlakı olmamışdır. Halbuki istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Miras qoyanın atasının miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işdə miras qoyanın atasının miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olduğu mülki işin materialları ilə sübuta yetirilmişdir və əxlaqsız hərəkət etmiş şəxsin, yəni cavabdehin bu hərəkətləri edən zaman miras qoyan azyaşlı olması və həmin dövrdə azyaşlının hərhansı bir miras əmlakı olmaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməsinə maneə yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da özündə ehtiva edir ki, bu baxımdan hesab edilməlidir ki, qeyd edilən maddələrdə göstərilən hallardan əlavə miras qoyana qarşı yönələn bütün qanunsuz, əxlaqsız,hətta kollegiya qeyd edir ki, mənəviyyəta zidd halların da mövcudluğu öz təsdiqini tapmışdır. Belə olan halda isə miras qoyana qarşı yönələn hallar baxımından Cavabdeh tərəfindən edilmiş hərəkətlər onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mülki Məcəlləsinin 1137, 1138 və 1203.1-ci maddələrini səhv təfsir etmiş, istinad etdiyi Plenum qərarının göstərişlərini nəzərə almamışdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edildiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il tarixli qərarı) “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməklə, Cavabdeh mərhum X1 miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2(008)- 3974/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixində vəfat etmiş X1 miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə