Məhkəmə qərarları › İş №2(103)-9821/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9821/2021

20.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9821/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı işə “bərpa tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1278/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Cavabdeh-nin 31.07.2020-ci il tarixli 18 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Cavabdeh-də əvvəlki vəzifəsində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Cavabdeh ilə bağlanan əmək müqaviləsi əsasında həmin müəssisədə işləməyə başlamışdır. Əmək müqaviləsinə əsasən 250 manat əmək haqqı təyin olunub. Bağlanan əmək müqaviləsinə əsasən lift köməkçisi kimi işə götürülsə də, həmin müəssisədə həm bağban, həm santexnik, həm də elektrik kimi işləmişdir. 2020-ci ilin avqust ayına qədər iddiaçı qeyd edilən müəssisədə işləmişdi. 2020-ci ilin avqust ayında şirkət iddiaçının adından işdən azad edilməsi ilə bağlı ərizə tərtib etmişdi və həmin ərizə əsasında iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdi. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 müraciət etsə də, iddiaçıya işəgötürənlə bağlanan əmək müqaviləsnə xitam verildiyi üçün işəgötürənin son haqq-hesabın aparılmaması nəticəsində inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verildi. Halbuki, iddiaçı əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün Cavabdeh-yə müraciət etməmişdi. Müraciətin məqsədi iddiaçının öz işinə bərpasıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1278/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh-də əvvəlki vəzifəsinə bərpa edilməsi, məhkəmə xərcinin cavabdehə aid edilməsi, Cavabdeh-dən aparılmış ekspertiza tədqiqatına görə 110 (bir yüz on) manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun tamamilə ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən ərizə ilə məhkəməyə müraciət olunaraq, İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü bildirilmiş və iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə ərizəyə ötəri yanaşmış, qətnamədə həqiqətə uyğun olmayan, səhv əsaslandırma aparmaqla ərizəni təmin etməmişdir. Halbuki məhkəmə qətnaməsində də qeyd edir ki, iddiaçı, Cavabdeh-də hüquqlarının pozulması barədə 27.07.2020-ci il və 10.08.2020-ci il tarixlərdə X5 müraciət etmişdir. Bu hal onu göstərir ki, iddiaçı 13 iyul 2020-ci il tarixdə işdən azad olunduğu barədə məlumatlı olmuşdur. İddiaçı 27.07.2020-ci il tarixdə X5 müraciət edərkən artıq hüququnun pozulduğunu bilmişdir. Deməli iddia müddəti 27.07.2020-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə 01.12.2020-ci il tarixdə, yəni 4 aydan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə bu xüsusatlara nəzər yetirməmiş, iddia müddətini X3 16.10.2020-ci il tarixli cavab məktubundan hesablayaraq səhv qənaətə gəlmişdir. Halbuki iddia müddətinin axımını 16.10.2020-ci il tarixdən götürdükdə belə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüş, 1 ay 14 gündən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə bu 14 günlük gecikməni də maraqlı şəkildə əsaslandırmışdır. Belə ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək arvadının “COVİD 19” virusuna yoluxduğunu, bir müddət evdə müalicə aldıqdan sonra 08.12.2020-ci il tarixdə xəstəxanaya yerləşdirildiyini, bu səbəbdən iddia müddətinin 2 həftə müddətinə ötürülməsinin üzrlü səbəbdən baş verdiyini bildirmiş və müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə öz növbəsində İddiaçı arqumentlərini əsaslı hesab etmiş, həmçinin “COVİD 19” virusuna görə qapanmalar olduğuna istinad edərək iddia müddətini bərpa etmişdir. Qeyd edilməlidir ki, qanunvericilik hüququ pozulmuş şəxs barəsində yaranmış səbəblərin üzrlü hesab edilməsini nəzərdə tutur. Yəni özünün xəstə olması, ezamiyyətdə olması və s. səbələrdən özünün hüquqlarının bərpası barədə müraciət etməyə imkanı olmadıqda məhkəmə bu səbəbləri üzrlü hesab edə bilər. Burada hüquq pozulmuş şəxsin yaxın qohumları nəzərdə tutulmur. İddiaçı arvadının xəstə olması onun məhkəməyə müraciət etməsinə heç cür təsir göstərmir. Məhkəmə bu halı üzrlü hesab edə bilməz. Digər tərəfdən məhkəmənin hesab etdiyi kimi, iddia müddətini axımını 16.10.2020-ci il tarixdən götürdükdə iddiaçı artıq 16.11.2020-ci il tarixə kimi məhkəməyə müraciət etməli idi. İddiaçı ərizəsində arvadının bir müddət evdə müalicə aldıqdan sonra 08.12.2020-ci il tarixdə, yəni artıq 01.12.2020-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra xəstəxanaya yerləşdirdiyini bildirmişdir. Yəni iddiaçı arvadı xəstə olan vaxtı 01.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli arvadının xəstə olması və evdə müalicə alması iddiaçıya məhkəməyə müraciət etməyə maneəçilik törətməmişdir. Belə olan halda iddiaçı 16.11.2020-ci il tarixədək də məhkəməyə müraciət imkanı var idi. Bundan başqa iddiaçı 14 günlük müddətin ötürülməsini xahiş edir. Yəni arvadının 14 günlük xəstə olduğunu bildirir. Lakin məhkəmə 14 gündən əvvəlki 1 ay əsas müddətdə məhkəməyə niyə müraciət olunmadığının səbəblərini araşdırmağa səy göstərməmişdir. Həmçinin məhkəmənin “COVİD 19” virusuna görə qapanmalara istinad etməsinə münasibətdə qeyd edilməlidir ki, 16.10.2020 - 01.12.2020-ci il tarixlər arasında ölkədə “COVİD 19” virusu ilə bağlı hər hansı qapanma olmamışdır. Həmin dövrdə qapanmalar ləğv olunmuşdur. Yalnız 15.12.2020-ci il tarixdən yenidən qapanmalar olmuşdur ki, İddiaçı artıq 01.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilənlərdən aydın olur ki, məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb, lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan ötürülmüş müddəti bərpa etməklə səhv nəticəyə gəlib. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, işdən çıxarılma barədə məlumatı 2020-ci ilin avqust ayının 5-ində olmuşdur. Lakin arvadı COVİD-19 virusuna yoluxmaqla xəstə olduğundan məhkəməyə müraciət etməsi gecikmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh-nin 02.09.2019-cu il tarixli, 008 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı 02.09.2019-cu il tarixdən Cavabdeh-yə bağban vəzifəsində təyin edilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında imzalanmış 01.09.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı əsas iş yeri olmaqla bağban vəzifəsinə işə qəbul edilir. İşçi 01.09.2019-cu il tarixdən işə başlayır. İş materiallarında olan Cavabdeh-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmrin sürətindən görünür ki, 02.09.2019-cu il tarixdən bağban işləyən İddiaçı ilə 01.09.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən 01.08.2020-ci il tarixdən xitam verilmişdir. 01.08.2020-ci il tarixi son iş günü hesab edilmiş, işçiyə istifadə etmədiyi 24 təqvim günü təşkil edən əmək məzuniyyətinin əvəzinə kompensasiya ödənilsin. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı Cavabdeh ilə əmək müqaviləsinə 01.08.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan 31.07.2020-ci il tarixli X6, X7, X8 və X2 tərəfindən imzalanmış aktın surətindən görünür ki, akt tərtib edilmişdir ondan ötəri ki, həqiqətən 31.07.2020-ci il tarixə saat 10:34-də müəssisənin bağbanı İddiaçı iki “Azercell” fakturalı ********** nömrəli telefonla zəng edilmiş, ona ofisə gəlmək təklif olunmuş, lakin o, saat 16:00-a qədər ofisə gəlməmişdir. Saat 15:52-də ona yenidən zəng edilmiş, o isə yenidən bəhanələr gətirərək, sonra gələcəyini bildirdi. İş materiallarında olan 14.10.2020-ci il tarixli, X6, X7, X8 və X2 tərəfindən imzalanmış aktın surətindən görünür ki, akt tərtib edilmişdir ondan ötəri ki, həqiqətən, 14.10.2020-ci il tarixdə müəssisənin bağban vəzifəsində işləyən İddiaçı ofisə gəlib öz əmək kitabçasını almışdır. Odur ki, aktı doğru bilib imzaları ilə təsdiq etmişdilər. İş materiallarında olan 02.10.2020-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, Cavabdeh-də bağban vəzifəsində çalışmış İddiaçı son haqq-hesabı Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq sonuncu iş günü ödənilməmişdir. Nəticədə Cavabdeh-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh-nin bağbanı İddiaçı adından verilmiş 26.07.2020ci il tarixli ərizədən görünür ki, sonuncu onu 01.08.2020-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 4/421 nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı tərəfindən Cavabdeh-yə ünvanlanmış 26.07.2020-ci tarixli işdən azad edilmə barədə ərizədə “imza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, işəgötürən Cavabdeh işçi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə tərəflərindən birinin, yəni işçi İddiaçı təşəbbüsü ilə xitam verildiyini göstərsə də, Cavabdeh-yə ünvanlanmış 26.07.2020-ci tarixli işdən azad edilmə barədə ərizədə “imza: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsini “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər Məhkəmə kollegiyası işin qeyd olunan hallarına münasibətdə qeyd edir ki, iddiaçının işdən çıxarılmasının qanunsuz olması işin araşdırılmış halları ilə müəyyən edilmişdir. Lakin iddiaçı öz hüquqların vaxtında istifadə edərək, müvafiq iddia tələbi ilə müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəf izahatında bildirir ki, işdən çıxma barədə məlumatı 05.08.2020ci il tarixdə bilmişdir. Bundan başqa iş materiallarında olan 16.10.2020-ci il tarixli X10 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubundan müəyyən edilir ki, iddiaçıya işəgötürənlə bağlanan əmək müqaviləsnə xitam verildiyi üçün işəgötürənin son haqq-hesabın aparılmaması nəticəsində inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. Həmçinin iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan ərizədən (i.v82) görünür ki, iddiaçının arvadı 2020-ci ilin noyabr ayının əvvələrində xəstələnmiş, “COVİD 19” virusunun əlamətləri aşkar edilmişdir, bir müddət evdə müalicə almışdır. Daha sonra özündə də xəstəliyin əlamətlərini hiss etmişdir. Həmin vaxtda xəstəliyin yayılmasından ehtiyat edərək evdən çıxmadığı üçün iddia ərizəsini məhkəməyə vaxtında verə bilməmiş, göstərilənlərə əsasən ötürülmüş müddətin üzrlü hesab edilib müddətin bərpa edilməsini məhəkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində müəyyən edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda sadalanan halları ilə iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 ay müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi isə ötürülmüş müddəti üzrlü hesab edərək iddia müddətini bərpa etmişdir. Halbuki iddiaçı müddətin bərpası barədə təqdim etdiyi ərizəyə hər hansı mötəbər sübut əlavə etməmişdir, belə ki, iddiaçı, arvadının “COVİD 19” virusuna yoluxmasını əsas gətirsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmiş, eləcə də apellyasiya baxışı zamanı bu barədə dəlilə istinad edə bilməmişdir. Göründüyü kimi iddiaçının işdən çıxarılması qanunsuz olsa da, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmiş, müddətin ötürülməsini qəbul etsə də, müddətin bərpa edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız olaraq qəbul etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1278/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh-nin 31.07.2020-ci il tarixli, 18 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh-də əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddiası təmin edilməsin. İddiaçı Cavabdeh-dən aparılmış ekspertiza tədqiqatına görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar