Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9831/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(004)-5902/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3 qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin etmə tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxıb qurtaranadək iddianın təmin tədbiri kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi , M-909 saylı sahənin bir hissəsi - 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə qadağa qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(004)-5902/2019 saylı qərardadına əsasən, mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahənin bir hissəsi - 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq sonucu qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(004)-5902/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(004)-5902/2019 saylı qərardadının ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-909 saylı sahənin bir hissəsi - 0,06 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 2(004)-5902/2019 saylı, 19.08.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsasladırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(102)-2285/2021 saylı qərarından Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Bu səbəbdən də əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair cavabdehin ərizəsi təmin edilməməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(004)-5902/2019 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. İddiaçı hazırkı şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(102)-2285/2021 saylı qərarından Konstitusiya Məhkəməsinə şikayət verildiyini qeyd etsə də, həmin şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinin qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(004)- 5902/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9831/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9831/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver