Məhkəmə qərarları › İş №2(103)-984/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-984/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-984/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair 2(001)-478/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 övladları X7 və X6 ilə birlikdə ona məxsus ünvan 4 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, m.23 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehlər və onların övladları qanunsuz istifadə edirlər. Həmin şəxslərlə iddiaçı arasında heç bir müqavilə bağlanmamış, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmalarına icazə vermişdir. Lakin hazırda həmin şəxslərin iddiaçıya məxsus mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdehlər iddiaçının ailə üzvləri deyil, qohumluq əlaqələri yoxdur, aralarında heç bir hüquq münasibəti yaranmamış və heç bir müqavilə bağlamamışlar. İddiaçı dəfələrlə cavabdehlərdən mənzili tərk etmələrini və mənzili təhvil vermələrini xahiş etsə də, onlar imtina etmiş və mənzili tərk etməyəcəklərini bildirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı caavbdehlərə ünvanladığı pretenziya məktubuna da həmçinin cavab ala bilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh2, Cavabdeh1 və onların övladları X2, X1 Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nxçıvani küçəsi,19, M7, mənzil 3) "xxxx" MTK tərəfindən 2002-ci ilin ortalarında koorperativə üzv qəbul edilməklə anası X4 verilmişdir. Cavabdehin anası, ümumi sahəsi 215.11 kv.m olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin vəsaitin 42,324 manatını ödədikdən sonra MTK-nın üzvlərinin ümumi iclasının protokolundan çıxarış və qəbz də ona təqdim edilmişdir. Sonradan tərəflərindən xeyli məbləğdə pul vəsaiti sərf etməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında Cavabdeh2, anası Mədinə Hüseynova, aravadı Cavabdeh1, övladları Mədinə Hüseynova və Mətanət Hüseynova ilə birlikdə həmin mənzilə köçmüşlər və orada yaşayırlar. 19 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşayırlar, bütün kommunal xərcləri ödəyirlər, nə iddiaçı, nə də MTK tərəfindən mənzillə bağlı onlara hər hansı irad bildirilməmişdir. Lakin 2020-ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə o, Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir, sənədlər tapılmadığına görə onların dublikatının alınması üçün "xxxx" MTK-nın müraciətinə mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığı bildirilmişdir. Bununla da MTK sənədlərin itirilməsindən xəbər tutduqdan sonra mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Belə ki, cavabdehlərə sonradan məlum olmuşdur ki, MTK tərəfindən onlara məxsus olan və qanuni əsasla yaşadıqları mənzil üzərində hüquqların qeydiyyatı üçün İddiaçı adlı şəxsə saxta sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, Forma 2 arayışı verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bu barədə ona çıxarış verilmişdir. MKT əvvəllər, yəni 2018-ci ildə mübahisəli mənzili satmışdırsa, onda İddiaçı onu nə alan zaman, nə də ki, 3 il ərzində mənzilə baxış keçirməmişdir. MTK ümumi iddia müddətini ötürdüyünə görə saxta sənədlər tərtib etmək yolu ilə mənzili başqasına satmışdır. Cavabdeh hesab edir ki, hazırki mübahisəyə Azərbaycan SSR-in 1982-ci il 8 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, X8 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin Mənzil Məcəlləsi hələ qüvvədə idi. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi və vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Apellyasiya baxışı zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" Mnzil Tikinti Kooperativi məhkəməyə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin təmsilçilərinin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdeh X10 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildən istifadələri həmin mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarını pozduğuna görə onlar mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 19.03.202021-ci il tarixli, 2-1(112)-2063/2021 saylı qərardadının surətindən görünür ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində işə cəlb olunmaqla ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkünsüz sayılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 31.01.2022-ci il tarixli, 3662 saylı məktubundan görünür ki, "xxxx" MTK tərəfindən ünvan 4 (yeni qaydalarla: ünvan 3 və ya həmin binada hər hansı başqa mənzil X4, Cavabdeh1 və Cavabdeh2 satılmamışdır, onlarla heç bir müqavilə bağlanmamışdır, maliyyə arayışı verilməmişdir, hər hansı mənzillə bağlı X8 və ya onun ailə üzvləri tərəfindən "xxxx" MTK-ya heç bir ödəniş olunmamışdır. ünvan 4 (yeni qaydalarla ünvan 3 "xxxx" MTK tərəfindən İddiaçı satılmışdır, həmin mənzil hazırda İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş kommunal ödənişlərə dair kserosurətdən ibarət olan qəbzlər mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmaması və ya əksinə M.Hüseynovaya məxsus olması anlamına gəlmir. Cavabdeh2 apellyasiya şikayətində anası X3 2002-ci ilin ortalarında "xxxx" MTK tərəfindən kooperativə üzv qəbul edilməsini, ümumi sahəsi 215,11 kv.m olan həmin mənzilə görə 47324 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin vəsaitin 42324 manatını ödədikdən sonra MTK-nın üzvlərinin ümumi iclasının protokolundan çıxarış və qəbzin ona təqdim edildiyini bildirsə də, həmin dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK məhkəməyə ünvanladığı 31.01.2022ci il tarixli, 3662 saylı məktubunda göstərmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 4 (yeni qaydalarla: ünvan 3 və ya həmin binada hər hansı başqa mənzil X4, Cavabdeh1 və Cavabdeh2 satılmamışdır, onlarla heç bir müqavilə bağlanmamışdır, maliyyə arayışı verilməmişdir, hər hansı mənzillə bağlı X8 və ya onun ailə üzvləri tərəfindən "xxxx" MTKya heç bir ödəniş olunmamışdır. ünvan 4 (yeni qaydalarla ünvan 3 "xxxx" MTK tərəfindən İddiaçı satılmışdır, həmin mənzil hazırda İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası apellyatorun hazırki mübahisəyə əvvəllər qüvvədə olmuş Mənzil Məcəllənin müddəalarının tətbiq edilməsi barədə mövqeyinə münasibətdə qeyd edir ki, 2009-cu ilin sentyabrın 1-dək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mülki Məcəllənin 109-3-cü maddəsinə görə kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göründüyü kimi cavabdehin mübahisəli mənzilin anası tərəfindən 2002-ci ildə əldə edilməsini göstərdiyi tarixdə qüvvədə olmuş hüquq normalarına əsasən mənzil tikinti kooperativində mənzil əldə edən şəxsin kooperativ üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarı, mənzilə görə pay haqqının ödənilməsi tələb olunurdu. Lakin cavabdeh tərəf həmin sənədləri təqdim edə bilməmiş, iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK isə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, cavabdehlərlə mübahisəli mənzilə dair hər hansı müqavilə bağlanmamış və onlar tərəfindən həmin mənzilə dair pay haqqı ödənilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası "xxxx" MTK tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı apellyatorun mövqeyini anlaşılmaz hesab edir və bildirir ki, iddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən edilmiş müddətdir, hazırda isə iddiaçı "xxxx" MTK deyil, İddiaçıdur və mülkiyyətçinin hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərinə (bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçıya verilmiş kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışın, maliyyə arayışının, “Forma 2 arayışı”nın saxta olduğunu bildirsə də, bu dəlilini təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)- 478/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar