Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-984/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə İş № 2(103)-984/2023 Açar sözlər:(evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, iki övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması tələbinə dair Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuşdur. 2.İddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində tikilmiş evdən istifadəyə cavabdeh tərəfindən maneələr yaradıldığı üçün, həmin evə köçürülməsini xahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, iki övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması tələbinə dair Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuşdur. Cavabdehlə birgə nikah dövründə 2016- 2017-ci illərdə Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsi almışdır. Bundan sonra öz maddi vəsaiti hesabına həmin torpaq sahəsində 1 mərtəbədən ibarət ümumi sahəsi 143 kv.m olan fərdi yaşayış evi tikdirmişdir. Evin tikintisinə ümumilikdə 40 min manata yaxın maddi vəsait xərcləmişdir. Bu məbləğ onda olmadığı üçün məcburiyyət qarşısında qalaraq 2018-ci ildə "xxxx" ASC-dən 3 il müddətinə 12 min manat pul götürmüşdür. Bu məbləğin hamısını evin təmir işlərinə xərcləmişdir. 2018-ci ilin iyun ayında evin təmir işləri tam yekunlaşdıqdan sonra ailə üzvləri ilə birlikdə evə köçmüşlər. 2021-ci ilin mart ayına kimi cavabdehlə birlikdə bu evdə yaşamışlar. Nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etdikdən sonra valideyinlərinin yanında yaşayır. Cavabdeh isə azyaşlı övladları ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlə ayrı yaşadığı üçün onunla birgə nikah dövründə bankdan götürdüyü 12 min manat məbləğində pulun və əmlakın təmirinə xərclənmiş pul vəsaitinin 1/2 hissəsinin cavabdehdən tutularaq onaödənilməsi üçün Xəzər rayon məhkəməsində iddia qaldırmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(003)-2296/2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Hazırda yaşamağa başqa yaşayış yeri yoxdur. Cavabdeh həmin evə köçüb yaşamağına maneə törədir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 5.Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Xəzər rayonu Qala qəsəbsi Xaşa Xuna bağ massivində yerləşən 3,6 ha torpaq sahəsində yerləşən ümumi sahsi 143 kv.metrdən ibarət, kürsülü, dörd otaqlı, hama, sanitar qovşağından ibarət bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbsi Xaşa Xuna bağ massivində olan 3.6 ha torpaq sahəsi, o, cavabdehlə birgə yaşadıqları dövrdə almışdır. Sonra isə öz vəsaiti hesabına 1 mərtəbəli ev tikmişdir. 2018-ci ildən 2021-ci ilin mart ayınadək cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə birlikdə həmin evdə yaşamışlar. Aralarında olan nikah pozulduqdan sonra 2021-ci ilin mart ayında həmin evdən çıxmışdır. Hazırda həmin evdə heç kim yaşamır. Cavabdehin atasının həmin evə heç bir aidiyyəti yoxdur. Evi, cavabdehin atası tikməmişdir. Evin kommunal xərcləri onun adındadır. Ona görə də hesab edir ki, cavabdehin atası X3 onun qaldırdığı iddiaya heç bir aidiyyəti yoxdur. 7.Məhkəmə iclasında cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı iddia tələbini etiraf etməyərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan ev atasına məxsusdur və yaşamaları üçün onlara vermişdir. İddiaçı ilə o, 2018-ci ildə köçüb yaşamağa başlamışlar 2 il 6 ay həmin evdə yaşamışlar. Hazırda o, uşaqları ilə birlikdə Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində, qeydiyyatda olduğu ünvanda yaşayır, uşaqları da orada məktəbə gedir. İddiaçının köçmək istədiyi ev isə atasına məxsusdur və atası tərəfindən tikilmişdir. Hazırda həmin evdə atası yaşayır. Birgə nikah dövründə cavabdeh tərəfindən götürülmüş kredit vəsaitinə isə cavabdeh “Opel” markalı qırmızı rəngli “313” nömrəli avtomobil almışdır. Boşanmadan əvvəl isə cavabdeh həmin avtomobili anasının adına keçirmiş və özü isə etibarnamə əsasında həmin avtomobili istifadə edir. 8.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini etiraf etməyərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan evin hüquqmüəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Evin yerləşdiyi torpaq sahəsi isə cavabdehin atasına məxsusdur. Həmin torpaq sahəsinə və evə dair vergi və bələdiyyə ödənişləri cavabdehin atası tərəfindən ödənilir. Cavabdehin həmin evə dair heç bir istifadə hüququ yoxdur. Belə ki, cavabdeh həmin evdə yaşamır. Həmin ev cavabdehin atasının sahibliyində və istifadəsindədir. Odur ki, hesab edir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızı hazırki iddiaya cavab verməli olan şəxs deyil. Həmçinin iddiaçı mübahisə predmeti olan evin cavadehlə birgə nikah dövründə və birgə vəsait hesabına tikilməsi ilə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. 9.Məhkəmə iclasında üçüncü şəxs X10 izahatında bildirmişdir ki, mübahisə predmeti olan ev ona məxsusdur və onun tərəfindən tikilmişdir. Evin yerləşdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə sənədi var. 2015-ci ildən həm torpaq sahəsi, həmdə evlə bağlı müvafiq vergi ödənişləri edir. Həmin ev hazırda onun sahibiliyindədir və orada o yaşayır, qızı Elnurə isə uşaqları ilə birlikdə Bakıxanov qəsəbəsində yaşayır. İddiaçının isə həmin evdə yaşamasına etiraz edir. 10.Məhkəmə tərəfindən iddiaçıya cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə əsl cavabdeh X10 ilə əvəz edilməsini təklif edilmiş, cavabdeh razı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxılması davam etdirilmişdir. 11.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 avqust 2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Sabit Bəhramzadə) iddia tələbi təmin edilməmişdir. 12.İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3165/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X11 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1709 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları X7 yanında saxlanılması qət edilmişdir 13.İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı cavabdeh X11 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 3, 37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı mənzildən çıxarılması barədə iddiası rədd edilmişdir. 14.Həmçinin həmin qətnamədən görünür ki, işin araşdırılması zamanı tərəflərin birgə nikahlarından olan X14 və X8 Bakı şəhəri Nizami rayonu Y.Kovalyov adına 229 nömrəli məktəbdə oxumaları, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2 37 saylı mənzildən çıxarılmalı olduğunu iddia etdiyi evdə yaşamadığı müəyyən edilmişdir. 15.İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış “Bərk məişət tullantılarının toplanılması, daşınması xidmətlərinin göstərilməsinə dair” 103214 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı sifarişçiyə sonuncunun fəaliyyəti nəticəsində yaranan məişət tullantılarının toplanılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsini öhdəliyə götürülməsi barədə bağlanılmışdır. 16.İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə bank tərəfindən İddiaçı 48 ay müddətinə 27,34 faiz dərəcəsi ilə 12000 manat məbləğində kreditin verilməsi haqqında bağlanılmışdır. 17.İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 6.12.2021- ci il tarixli 2146 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 68 saylı evdə qeydiyyatdadır. 18.İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə inzaibati ərazi dairəsi üzrə nümayəndəliui tərəfindən verilmiş 663 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X1 qəsəbəsi Xaşa-Xuna bağ masivində qeydiyyatsız olmaqla yaşayır. 19.İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, X10 tərəfindən həmin tarixlərdə Qala Bələdiyyəsinin hesabına əmlak vergisi qismində 50 manat ödəniş aparılmışdır. 20.Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan ev özbaşına tikinti hesab edilməklə həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilmir. Belə ki, iş üzrə mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edilməmişdir. 21.Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan evdə iş üzrə cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı yaşamır. Eyni zamanda onun tərəfindən həmin evdə (tikilidə) iddiaçının yaşamasına dair hər hansı bir maneə mövcüd deyil. Baxmayaraq ki, iddianın əsaslarına cavabdeh tərəfindən həmin evə köçüb yaşamasına manəə törədilməsi daxildir. Mübahisə predmeti olan evdə iddiaçının yaşamasına cavabdeh tərəfindən maneənin törədilməsi işin araşdırılması zamanı müəyyən edilməməklə iddiaçı tərəfindən də bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə müəyyən olunur ki, mübahisə predmeti olan evdə iş üzrə üçüncü şəxs X10 yaşayır və iddiaçının köçüb həmin evdə yaşamasına etiraz edir. Odur ki, məhkəmə hesab edir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızı hazırki iddiaya cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. 22.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3 və 14.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə üçüncü şəxs qismində cəlb edilmiş cavabdehin atası X17 oglu iddiaçının öz şəxsi maddi vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evində yaşamağına razı olmadıgı üçün məhkəmə iddianı rədd etmişdir. Bundan başqa ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmiin edilməsini xahiş etdilər. 28.Məhkəmə kollegiyasının iclasında cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, mübahisəli ev atasına məxsusdur, onlara yaşamaları üçün verilmişdir. İddiaçı özü də qeyd edir ki, 2021-ci ilin mart ayında evdən çıxıb. O, iddiaçını evdən çıxartmayıb, ona məhrumiyyətlər yaratmayıb. Həmin evdə atası yaşayır. Ona qarşı tələb də düzgün irəli sürülməyib. 29.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 apellyasiya şikayətini əsassız hesab edərək, qeyd etdi ki, mübahisə predmeti olan ev ona məxsusdur və özü tərəfindən tikilib. Həmin evdə onun özü yaşayır. İş üzrə cavabdeh olan Aslanova (Vəliyeva) Elnurə Aslan qızı onun qızı olmaqla, uşaqları ilə birlikdə şəhərdə yaşayırlar, uşaqlar şəhərdə məktəbə gedirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
30. 43-cü maddəsinin 1-ci hissəsi. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 32.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 33.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 34.Maddə 180.3.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası tərəflərin və 3-cü şəxsin izahatlarını, dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 40.Belə ki, mübahisə predmeti olan ev özbaşına tikinti hesab edilməklə həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilməmiş, mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı təsdiqedici sənədlər təqdim edilməmişdir. 41.Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan evdə iş üzrə cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı yaşamır. Eyni zamanda onun tərəfindən həmin evdə (tikilidə) iddiaçının yaşamasına dair hər hansı bir maneə mövcüd deyil. 42.Kollegiya qeyd edir ki, iddianın əsaslarına cavabdeh tərəfindən iddiaçının həmin evə köçüb yaşamasına manəə törədilməsi daxil olsa da, mübahisə predmeti olan evdə iddiaçının yaşamasına cavabdeh tərəfindən maneənin törədilməsi işin araşdırılması zamanı müəyyən edilməməklə iddiaçı tərəfindən də bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. 43.Əksinə iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, mübahisə predmeti olan evdə iş üzrə üçüncü şəxs X10 yaşayır, evin özünə məxsus olduğunu qeyd edərək, iddiaçının köçüb həmin evdə yaşamasına etiraz edir. 44.Birinci instansiya məhkəməsində məhkəmə tərəfindən iddiaçıya cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə əsl cavabdeh X10 ilə əvəz edilməsini təklif edilmiş, cavabdeh razı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxılması davam etdirilmişdir. 45.Əks yanaşma halında, yəni cavabdehə münasibətdə işə baxılması gələcəkdə icrası mümkün olmayan bir qətnamənin qəbul edilməsi ilə nəticələnmiş olardı. 46.Belə olan halda kollegiya hesab edir ki, məhkəmə tərəfindən düzgün olaraq iddia tələbi təmin edilməmişdir. 47.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov