Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-985/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş (Açar sözlər: «əmək haqqının, istifadə edilməmiş məzuniyyət günləri üçün və işdən çıxma müavinətlərinin düzgün hesablanmaması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2023 saylı, 06 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4149/2020 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin 2-ci hssəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(103)-8540/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(102)-2974/2021 saylı qərarına əsasən, "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iddiaçı Həsənov Rəfail Qiyas oğlunun kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(103)-8540/2020 saylı qətnaməsi iddianın müqavilənin müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə haqqının ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yeni baxışa göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4149/2020 saylı qətnaməsi iddianın təmin edilməyən əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilərək tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilmişdir. 5.Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1014/2022 saylı qərarı ilə cavabdeh - Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanıldı.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-262/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-262/2023 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iddia tələbi rədd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı əmək haqqının, istifadə edilməmiş məzuniyyət günləri üçün və işdən çıxma müavinətlərinin düzgün hesablanmaması tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müracət edərək son haqq hesab aparılarkən səhv hesablama apararaq vurmuş olduğu cəmi 77882,03 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixdən başlayaraq ödəniləcək tarixə kimi hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin, xx.xx.2022-ci il tarixdən başlayaraq ödəniləcək tarixə kimi hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və iddia qaldırmaq üçün mediasiya təşkilatına ödədiyi rüsumun əvəzi olaraq 50 (əlli) manat məbləğində vəsaitin cavabdeh - “Yelo Bank" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiada göstərilir ki, cavabdeh ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin (xx.xx.2019-cu il tarixədək "xxxx" ASC adlanan) “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli 1100 K saylı əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi və xx.xx.2017-ci il tarixli 61/11 saylı əmr ilə filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən yuxarıda qeyd edilən əmək müqaviləsinə qanuna zidd olaraq xitam verildi. Belə ki, 5 (beş) il fasiləsiz olaraq Cavabdeh ASC-də işləmişdi. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli Əmək Müqaviləsi təqdim etdi, o, da ailəni fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzaladı və xx.xx.2018-ci il tarixli 53/Q saylı əmr ilə yenidən “8 saylı” filialın müdiri vəzifəsinə təyin edildi. Baxmayaraq ki, xx.xx.2013-cü il tarixindən bankın əməkdaşı idi, amma cavabdeh tərəfindən əmək müqaviləsi yenə də qanuna zidd olaraq (belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən işəgötürənin görəcəyi işin və göstərəcəyi xidmətlərin mövsümi xarakter daşımadığından, yəni daimi olduğundan bağlanılan əmək müqaviləsi müddətsiz bağlanmalı idi) müddətli bağlandı və hər dəfə qısa müddətlərə (3-6 ay) artırılırdı. Xəstəliyi ilə bağlı işdə olmadığı vaxt Cavabdeh ASC rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 128/A saylı Əmr ilə xilam verilmişdir. xx.xx.2020-ci il tarixində qanuna zidd olaraq kobud şəkildə əmək müqaviləsinə xitam verilənə qədər 7 (yeddi) ildən artıq müddət həmin bankda fəaliyyət göstərmişdi. Konstitusion hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Hesab edirdi ki, cavadehin xx.xx.2020-ci il tarixli, 128/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizəsində qeyd edilən tələbləri tam təmin edilməlidir. Müraciətlə bağlı Nəsimi Rayon Məhkəməsi işin bütün hallarını araşdıraraq xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı Qətnaməsi ilə iddia qismən təmin etdi. İddia tam təmin olunmadığından apellyasiya şikayəti verdi. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-8540/2020 saylı Qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi olduğu kimi qüvvədə saxlanıldı. Bununla da razılaşmayaraq Ali Məhkəməyə iddianın tam təmin olunması məqsədilə kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021 - ci il tarixli 2(102)-2974/2021 saylı qərarı ilə iş Bakı Apellyasiya Məhkəməsinə yeni baxışa göndərildi. Yeni baxışla bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı qətnamə qəbul edildi. Qətnamədən cavabdeh bir daha kassasiya şikayəti verdi və bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 1014/2022 saylı Qərarı ilə cavabdeh - Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanıldı. Qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli icra vərəqi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərildi. İcra vərəqi qanunvericiliyin tələbinə uyğun olaraq dərhal icra olunmalı olduğu halda xx.xx.2022-ci il tarixində cavabdeh icra vərəqini qismən icra etdi, amma o, öz işinə - «8 saylı” Filiala buraxılmadı. xx.xx.2020-xx.xx.2022-ci və 05.05xx.xx.2022-ci il tarixləri arası dövr üzrə hesablanmış məcburi iş buraxmaya görə ödənc və 08 iyun 30 iyun 2022-ci il tarixləri arası dövr üzrə hesablanmış əmək haqqı məbləğlərindən, yəni cəmi 52440 manatdan tutulmalar çıxıldıqdan sonra 47035,47 manat məbləğində vəsait kart hesabına köçürüldü. Öz işinə bərpa ilə bağlı isə xx.xx.2022-ci il tarixli əmr tərtib edildi və işə bərpa olunduğum görüntüsü yaradıldı. xx.xx.2022-ci il tarixində cavabdeh 113/A saylı əmrlə (əlavə olunur) mövcud olmayan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əsasən xitam verdi. Həmin gün son haqq hesab edilərək istifadə edilməmiş əmək məzuniyyətinə görə cəmi 62,17 gün pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş orta əmək haqqının 3 misli məbləğində müavinət səhv hesablanmış və səhv hesablanmış məbləğlərdən tutulmalar çıxıldıqdan sonra cəmi 11055,06 manat məbləğində vəsait kart hesabına köçürüldü. Sonradan isə axşam qeydiyyat ünvanına kuryer vasitəsilə əvvəlcə qoşması yuxarıda qeyd etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr olan 26.07.20 tarixli 1-13/3417-22 saylı məktub, ondan 20 dəqiqə sonra isə xx.xx.2022-ci il tarixli 1-13/3418-22 saylı bildiriş təqdim edildi. Bildirişin qeydiyyat nömrəsi (1-13/3418-22) məktubun qeydiyyat nömrəsindən (1-13/3417- 22) sonradır. Nömrə ardıcıllığı belə, hadisələrin ardıcıllığına uyğun gəlmir. Əslində isə bildiriş əvvəl tərtib edilib göndərilməli idi, Bildirişi alandan sonra isə qoşması əmr olan məktub göndərilməli idi. Bununla da sübut olunur ki, bildirişin rəsmiləşdirilməsi formal xarakter daşımışdır. Eyni vaxtda o da sübut olunur ki, ümumiyyətlə bu əməllər açıq-aydın qanun pozuntusu ilə rəsmiləşdirilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq bu günə kimi cavabdehin vəzifəli şəxləri həmin məbləğin haradan formalaşdığı barədə məlumat verməkdən çəkinirlər. Yenə də qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2022ci il tarixində Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Hesab edir ki, cavadehin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri yenə də tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizəsində qeyd edilən tələbləri tam təmin edilməlidir. Ərizə 2(004)-262/2023 saylı iş üzrə icraata qəbul edildi və xx.xx.2023-cü il tarixində qətnamə çıxarıldı. Qərara etiraz olaraq xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-2588/2023 saylı qətnaməsilə Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinin ləğv edilməsi və onun apellyasiya şikayətinin təmin edilməsi qət edildi. Qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı qətnamə (başı bəlalı) bu günə kimi hələ də tam icra edilməyib və icra vərəqinə xitam verilməyib. Yuxarıda qeyd olunan normalara uyğun olaraq onun əsas və əlavə məzuniyyət günlərindən istifadə etmək hüququ var idi. Lakin cavabdeh onun məzuniyyət hüququndan istifadə etməyinə imkan verməmiş, nəticədə onun əsas və əlavə məzuniyyət günləri itirilmiş, həmçinin istifadə edə bilmədiyi əlavə məzuniyyət günlərinə görə ona heç bir haqq ödənilməmişdir. Həm xx.xx.2020-ci, həm də xx.xx.2022-ci il tarixlərində əmək müqavilələrinə xitam verilərkən cavabdeh tərəfindən onun istifadə edilməmiş məzuniyyət günlərindən istifadə hüquqları pozulmuşdur. Belə ki, o, 2020-ci ilin fevral ayında məzuniyyətə çıxmaq üçün yazdığı ərizədə 6 gün əlavə məzuniyyət və 6 gün əsas məzuniyyətdən istifadə elmək istədiyini aşkar şəkildə bildirmişdi. Məzuniyyət əmrində (əlavə olunur) də ağ-qara rənglə və dəqiq məzmunda eyni vaxtda həm 6 gün əlavə, həm də 6 gün əsas, cəmi 12 gün məzuniyyət verilməsi qeyd edilmişdi. Əmrdə qalıq əsas məzuniyyətindən istifadə olunmayan 6 günü ilin sonuna kimi istifadə etməyi tövsiyə olunmuşdu. Göründüyü kimi, xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ediləndə həmin 6 gün əsas məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Bu qeyd etdikləri ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********2 saylı məktubunda öz təsdiqini tapıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı qətnaməsinin qüvvəyə minməsilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 2020- 2022-ci illər (məcburi iş buraxma dövrü) üzrə xx.xx.2023-cü il (təkrarən əmək müqaviləsinə xitam verilmə) tarixinə 12 (on iki) gün əlavə məzuniyyət hüququ var idi. Göründüyü kimi, istifadə edilməmiş məzunuyyətə görə 62.17 gün pul əvəzinin hesablanması zamanı qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ödəncdən əvvəlki 12 ayın gəlirləri (məcburi işburaxma dövrünün ödənci daxil) 50715 manat təşkil etməsinə baxmayaraq, cavabdeh pul əvəzini özünə sərf edən variantı seçmiş və ona uyğun hesablamışdır. Yəni, səhv edərək məcburi işburaxma dövrünün ödəncini aylara bölərək nəzərə almışdır. Bu da Nazirlər Kabinetinin yuxanda göstərilən Qərarının və Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu qeyd etdikləri sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona ünvanlanmış 3-17/2-H-2208/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda da öz əksini tapmışdır. Odur ki, hesab edir istifadə edilməmiş məzunuyyətə görə 62.17 gün pul əvəzinin hesablanması qanunun tələbinə uyğun olaraq aşağıdakı kimi aparılmalıdır. Beləliklə, hesablanmış məbləğ 8642.87 manat olmalıdır. Amma cavabdehin hesablanması ilə alınan hesablanmış məbləğ 4703.65 manat olmuşdur. İstifadə edilməmiş məzunuyyətə görə 62,17 gün pul əvəzi 8642.87 - 4703.65 = 3939.22 manat kəsrlə (əskik) hesablanmışdır. Hesab edir ki, həmin məbləğ (3939.22 manat) cavabdehdən tutularaq ona ödənilməlidir. İstifadə edilməmiş məzunuyyətə görə gün sayı düz hesablanmamışdır, yuxarıda qeyd etdiyi istifadə edilməmiş əsas məzuniyyət günlərindən 6 (altı) gün nəzərə alınmamışdır və pul əvəzinin hesablanması zamanı qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ödəncdən əvvəlki 12 ayın gəlirləri (məcburi işburaxma dövrünün ödənci daxil) 50715 manat (gross) təşkil etməyinə baxmayaraq, cavabdeh özünə sərf edən variantı seçmiş və ona uyğun hesablamışdır. Yəni səhv edərək məcburi işburaxma dövrünün ödəncini aylara bölərək nəzərə almışdır. Bu da Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarının və Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Odur ki, hesab edir istifadə edilməmiş əsas məzunuyyətə görə 6 (altı) gün pul əvəzinin ona ödənilməlidir və hesablanması qanunun tələbinə uyğun olaraq aşağıdakı kimi aparılmalıdır. Beləliklə, hesablanmış və ödənilməli məbləğ 834,12 manat olmalıdır və hesab edir ki, cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. İstifadə edilməmiş məzunuyyətə görə gün sayı düz hesablanmamışdır, yuxarıda qeyd etdiyi istifadə edilməmiş əlavə məzuniyyətə görə 12 (on iki) gün (xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilərkən) nəzərə alınmamışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, 14-15 mart 2020-ci tarixlərində (şənbə və bazar günləri) işə cəlb olunmağına görə, 2019-2020-ci il iş üzrə 6 (altı) gün əsas məzuniyyətə görə və 2020-2022 (məcburi iş buraxma) dövrü üzrə 12 (on iki) gün əlavə məzuniyyətə görə ümumilikdə 2.954,56 manat məbləğindəki iddiaçının qeyd etdiyi məbləğdən artıq həcmdə məbləğlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən həmin məbləğlər xx.xx.2022-ci il tarixində 1.905,75 manat, 29 iyun 2022-ci il tarixdə 2.026,50 manat olmaqla cəmi 3.932,25 manat məbləğində iddiaçının hesabına ödənilmişdir. İddiaçı Cavabdeh ASC tərəfindən ona köçürülmüş məbləğləri dəfələrlə mübahisələndirmiş və bununla bağlı dövlət orqanların (DSMF və DVX) müraciətlər etmiş, lakin Bank tərəfindən hesablamalarda və ödənişlərdə hər hansı yanlışlığın olmaması müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi 2022-ci ilin iyul ayı üzrə iddiaçıya ödənilməli olan 1.815,75 manat məbləğində əmək haqqına münasibətdə isə həm iddiaçının özünün dəfərlərlə təsdiq etdiyi, həm Bank daxili işəçıxmamağa görə tərtib edilmiş aktlara əsasən, eyni zamanda Yasamal rayon İcra şöbəsinin də təsdiq etdiyi kimi İddiaçı 2022-ci ilin iyul ayı ərzində faktiki olaraq işdə olmamış və qanunvericiliklə müəyyən edilmiş üzrlü səbəbdən işdə olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı müvafiq iş vaxtı ərzində işdə olmadığından, əmək funksiyalarını icra etmədiyi üçün həmin müddət, yəni 2022-ci ilin iyul ayı üçün ona əmək haqqı hesablanmamışdır. İddia ərizəsində qeyd etdiyi əmək məzuniyyətinə görə 62,17 gün pul əvəzinin səhv hesablandığına görə 3.939,22 manat məbləğində fərq və orta əmək haqqının 3 misli məbləğində müavinətin səhv hesablandığına görə 69.172,50 manat məbləğində fərqə dair tələb hissəsində isə məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Müqaviləyə xitam verilən zaman xitamdan əvvəlki 12 təqvim ayı nəzərə alınaraq ödənilmişdir. Eyni zamanda, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilməsi göstərişi icra edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, hazırlıq və baxış iclaslarında məhkəməyə təqdim etdiyi sənədlər nəzərə alınmamışdır. Mühasibatlıq ekspertizasının təyin edilməsi barədə həm şifahi, həm də yazılı vəsatətlər versə də, məhkəmə əsassız olaraq heç bir vəsatətini təmin etməmişdir. İlk hazırlıq iclasında hakim cavabdehin etirazına iradını bildirdi. Bildirdi ki, etiraza heç bir qoşma sənədlər əlavə edilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsindən dəfərlərlə sənədlərin təqdim edilməsini tələb etsə də, məhkəməyə heç bir sənəd təqdim etmədi, amma hər iclasda təqdim edəcəyini bildirirdi. Hakim sənədlərin təqdim edilməyəcəyi təqdirdə mühasibatlıq ekspertizası təyin edəcəyini bildirmişdi. Eyni vaxtda onun da müstəqil auditlərə müraciət edərək audit rəyi almaq hüququnun olduğunu bildirirdi. Bunlar protokollarda da öz əksini tapır. Son iclasda cavabdehin nümayəndəsi məhkəməyə arayış təqdim etsə də, həmin arayışa da heç bir qoşma sənəd əlavə etməmişdir. Arayışa etiraz etmiş, lakin məhkəmə belə qənaətə gəlmişdir ki, guya o, iddiaçı kimi təsdiqedici sənədləri məhkəməyə təqdim etməyib. Hakim ona hansı sənədlərin təqdim edilməsini bildirməmişdir. Qətnamədən görünür ki, hadisələrin xronoloji ardıcıllığı pozulmuş və təhriflərə yol verilmiş, qətnamənin əsaslandırıcı hissəsinin həcminin artırılması (çox görünməsi) məqsədilə normalar əlavə edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində yazılanların əksər hissəsinin bu mülki işə heç bir aidiyyəti olmamışdır. Həmçinin, məhkəmə qətnamənin nəticə hissəsini məhkəmə baxışı qurtardıqda yox, sonradan elan etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq adətən xüsusilə mürəkkəb işlərdə belə hallara rast gəlinir və bu halda məhkəmə haqlıdır. Amma bu mülki iş xüsusilə mürəkkəb olmadığından məhkəmə bunu hansı səbəbdən belə etdiyinə izah verməmişdir. Hesab edir ki, düzgün hesablamanın aparılması üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olundu.
14. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 77(7-ci hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Maddə 135.(2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 139(1-ci hissə). Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Maddə 139(2-ci hissə). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 140(3-cü hissə). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddə 143(2-ci hissə). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144(2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə157(1-ci hissə).İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 157(3-cü hissə).Əmək haqqının tərkibinə aylıq tarif(vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 172(4-cü hissə).İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Maddə 172(5-ci hissə).Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 177(1-ci hissə). Orta əmək haqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Maddə 177(2-ci hissə). Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Maddə 177(3-cü hissə). 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. Maddə 177(4-cü hissə). Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Maddə 177(5-ci hissə). Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Maddə 177(6-cı hissə). Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə195(“d” bəndi).İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qaldığından iddia haqlı sayılmırdı.
27. Belə ki, iddiaçının iddia tələbi üç hissədən ibarət olmuşdur. Tələbin birinci hissəsində göstərilən məbləğin yaranma əsasını isə iddiaçı 6 hissəyə bölmüşdür. Tələbin ikinci və üçüncü hissələrinin əsaslı olması isə birinci hissədə göstərilən tələblərin əsaslı olmasından bilavasitə asılıdır. Ona görə də tələbin birinci hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmaqla apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsi zəruridir.
28. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə banka daxil olmuş və xx.xx.2022- ci il tarixdən etibarən icra olunmağa başlanılmışdır. xx.xx.2022-ci il tarixində işəgötürən tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək iddiaçıya 43.133.98 manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 gün hesablanmış məbləğlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 438 gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 gün üçün pul vəsaiti ödənilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövriinədək hər ayın sonu miivafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Eyni zamanda iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş müavinət də ödənilmişdir. Deməli, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv ilə bağlı məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlər, habelə xx.xx.2022-ci il tarixli əmrlə bağlı istifadə edilməmiş məzuniyyət günlərinə görə pul və qanunvericiliklə nəzərdə tutulmuş müavinət də daxil olmaqla son haqq hesab ona tam şəkildə ödənilmişdir. Həmin hesablamalar zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyi təsdiq olunmur.
29. Bundan əlavə, iddiaçının tələb etdiyi 77882,03 manata daxil olan tələblərdən 14-15 mart 2020-ci tarixlərində (şənbə və bazar günləri) işə cəlb olunmağına görə, 2019-2020-ci il iş üzrə 6 (altı) gün əsas məzuniyyətə görə və 2020-2022 (məcburi iş buraxma) dövrü üzrə 12 (on iki) gün əlavə məzuniyyətə görə ümumilikdə 2.954,56 manat Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən həmin məbləğlər xx.xx.2022-ci il tarixində 1.905,75 manat, 29 iyun 2022-ci il tarixdə 2.026,50 manat olmaqla cəmi 3.932,25 manat məbləğində iddiaçının hesabına ödənilmişdir. Demək ki, qeyd olunan məbləğlər cavabdeh tərəfindən 2022-ci ildə ödənildiyinə görə həmin hissələrdə də tələb əsassız olmuşdur. Eyni zamanda iddiaçı bu məsələləri dəfələrlə mübahisələndirmiş, lakin hər hansı yanlışlığa yol verilməsi müəyyən edilməmişdir.
30. Bundan başqa, 2022-ci ilin iyul ayı üzrə iddiaçıya ödənilməli olan 1.815,75 manat məbləğində əmək haqqı tələbi ilə bağlı qeyd olunur ki, iddiaçının özünün də təsdiq etdiyi, həm bank daxili işə çıxmamağa görə tərtib edilmiş aktlara əsasən, eyni zamanda Yasamal rayon İcra Şöbəsinin də təsdiq etdiyi kimi iddiaçı 2022-ci ilin iyul ayı ərzində faktiki olaraq işdə olmamış və qanunvericiliklə müəyyən edilmiş üzrlü səbəbdən işdə olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı müvafiq iş vaxtı ərzində işdə olmadığından, əmək funksiyalarını icra etmədiyi üçün həmin müddət, yəni 2022-ci ilin iyul ayı üçün ona əmək haqqı hesablanmamışdır. Buna görə də tələbin bu hissəsi də əsassız olmuşdur.
31. Bunlarla yanaşı, əmək məzuniyyətinə görə 62,17 gün pul əvəzinin səhv hesablandığına görə 3.939,22 manat məbləğində fərqin ödənilməsi, habelə orta əmək haqqının 3 misli məbləğində müavinətin səhv hesablandığına görə 69.172,50 manat məbləğində fərqin ödənilməsinə dair tələbi də əsassız olmuşdur. Belə ki, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günllik əmək haqqının məbləği miiəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətiııin təqvim günlərinin sayına vurulur. Əmək müqaviləsinə xitam verilən zaman xitamdan əvvəlki 12 təqvim ayı nəzərə alınaraq ödənilmişdir. Eyni zamanda, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilərək icra edilmişdir. Başqa sözlə, bank tərəfindən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılaraq ödənilmişdir.
32. Əmək Məcəlləsinn 177-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir(ƏM.m.177.6). Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin” Siyahasında məcburi iş buraxma dövrünün ödənilməsi nəzərə alınan ödənclərə aid edilmişdir. Lakin işin mübahisəsiz haldır ki, 2022-ci ilin may ayında iddiaçıya ödənilən 43.133.98 manat Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)- 9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ödənilmişdir. Bu məbləğ heç bir halda iddiaçının ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəminə aid edilə bilməz. Çünki, iddiaçınin ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqı bəllidir və qeyd olunan məbləğ onun həmin dövrdə qazandığı əmək haqqının tərkib hissəsi kimi qiymətləndirilə bilməz. Bu cür yanaşma Əmək Məcəlləsinn 177-ci maddəsinin 2-ci hissəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2022-ci ildə Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verilərkən ona orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilərkən bu müavinətin məbəği iddiaçının ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəminə uyğun düzgün hesablanmışdır.
33. Göründüyü kimi, iddia tələbləri özü-özlüyündə əsassız olduğundan iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, ekspertiza o zaman keçirilə bilərdi ki, iddia tələbinin hansısa hissəsi əsaslı olsun və əsaslı olan hissə üzrə hesablamaların düzgün aparılmadığı açıq-aşkar bəlli olsun. Lakin nə qədər ki, iddianın əsaslılığı təsdiq olunmur, ekspertizanın keçirilməsinə də zərurət yaranmır. Demək ki, xüsusi bilik tələb edən suallar olmadığından onun izah edilməsindən də söhbət gedə bilməz. Hüquqi məsələlərə dair məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi isə ümumiyyətlə yolverilməzdir.
34. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.