Məhkəmə qərarları › İş №2(103)-986/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-986/2021

29.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-986/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Elşad İsayevin iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və ayrıca şəxsi hesab vərəqəsinin ayrılması barədə” ilk iddiasına, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Xətai rayonu, G.Şıxlınski küçəsi, ev № 52-də yerləşən 31 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil dövlət mənzil fonduna aiddir, 5 otaqlıdır, ümumi sahəsi 97,69 kv.m, yaşayış sahəsi 75,99 kv.m təşkil edir. Mənzilin icarədarı Qədimulla Zəkiyev olub, o, 2000-ci ildə vəfat edib. İlk iddia üzrə İddiaçı1 icarədarın gəlini olub. O, icarədarın övladı Cavabdeh3 ilə ailə qurub, Cavabdeh3 1997-ci ildə vəfat edib. İlk iddia üzrə digər İddiaçı2 İddiaçı1 övladıdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Məryəm Zəkiyeva icarədarın övladlarıdır. Tələb və onun həlli: İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı1 və İddiaçı2 mənzilin hər birinin sahəsi 16,69 kv.m olan “5” və “6” literli iki otağına köçürülsünlər, həmin otaqlara dair şəxsi hesab vərəqəsi ayrılsın və İddiaçı1 bu otaqların icarədarı hesab olunsun. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun və Cavabdeh1 mənzilin icarədarı hesab olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, İddiaçı1 və İddiaçı2 mənzilin hər birinin sahəsi 16,69 kv.m olan “5” və “6” literli iki otağına köçürülsünlər, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin olunmasın. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Elşad İsayev apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə ilə iki iddia – ilk və qarşılıqlı iddia həll edildiyinə görə qətnamənin yoxlanılması həmin iddialara aid hissələr üzrə ardıcıllıqla həyata keçirilməlidir. İlk iddiaya aid hissə: Qətnamə ilə ilk iddia qismən təmin olunub, apelyasiya şikayətində isə qətnamənin ilk iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirilib. Ona görə də ilk iddianın rədd edilməsinə aid hissədə qətnamə yoxlanılmalı deyil. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı1 1987-ci ildən (ailə qurduğu tarixdən), İddiaçı2 isə 1988-ci ildən (doğulduğu tarixdən) mənzilə yaşayış yeri üzrə qeydiyyata alınıblar və müvafiq olaraq həmin tarixlərdən icarədarın ailə üzvü kimi mənzildə yaşamaqla əvvəlki Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin göstərişlərinə uyğun olaraq mənzildən istifadə hüququ əldə ediblər. Onlar 2019-cu ilin iyun ayında mənzildən müvvəqəti olaraq başqa yerə gediblər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, əvvəlki Mənzil Məcəlləsinin 87ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Lakin İddiaçı1 və İddiaçı2 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini təsdiq edən sübutlar yoxdur. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq mənzilin “5” və “6” literli iki otağına köçürülmsini qət edib. Mənzilin həmin iki otağı ayrıca yaşayış vahidi deyil, lakin iddia ərizəsində iki otağa köçürülmə tələb olunduğuna görə belə nəticənin qət edilməsi Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinin göstərişinə uyğundur. Qarşılıqlı iddiaya aid hissə: İlk iddiaya münasibətdə yuxarıda qeyd olunan əsaslandırma qarşılıqlı iddiada irəli sürülən “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” tələbin rədd edilməsi üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələbi rədd edib. Qarşılıqlı iddiada irəli sürülən, Cavabdeh1 mənzilin icarədarı hesab edilməsi barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, mənzilin icarədarı Qədimulla Zəkiyev 2000-ci ildə vəfat edib. Həmin zaman qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissəsində qeyd olunub: “İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır”. Lakin belə tələb dövlət mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisinə (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanına) qarşı irəli sürülməlidir. Belə ki, yalnız həmin orqan ailə üzvlərindən birini icarədar (kirayəçi) hesab etməklə onunla icarə (kirayə) müqavilə bağlamaq səlahiyyətinə malikdir. Qarşılıqlı iddiada cavabdeh kimi göstərilən İddiaçı1 və İddiaçı2 belə səlahiyyətə malki deyillər, ona görə də həmin şəxslərə qarşı yönəlmiş bu tələb təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar