Məhkəmə qərarları › İş №2(103)-987/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-987/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-987/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Məmmədova (Zeynalova) Gülarə Fayaz qızının, onun həmçinin digər Cavabdeh3 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər X8, Məmmədova (Zeynalova) Gülarə Fayaz qızına, Cavabdeh3, X7, Cavabdeh4, Cavabdeh5, Zeynalova Aynurə Qafar qızına və X3 qarşı “istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma və mənzilin əməli istifadəyə verilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1267/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər X9 və qeyrilərinə qarşı Bakı şəhəri, Səbail rayonu, Ə.Qardaşları küçəsi, 30 saylı evə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılması və həmin evin onun əməli istifadəsinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə cavabdeh olan X9, Cavabdeh2 və X10 mülkiyyətində olan əmlakı qanunsuz yollarla öz adlarına keçirmişlər və pasport qeydiyyatına düşməklə həmin ünvanda yaşamışlar. Əmlakının qanunsuz olaraq adlarına keçirmələri barədə məlumat əldə edən kimi tərəfindən dərhal məhkəməyə müraciət olundu və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)- 7734/17 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, xx xxxxxxxx 1994-cü il tarixli, 3- M-762 reyestr nömrəli, xx xxxx 2013-cü il tarixli, 4ə/1-88 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilmiş və onun qeydiyyatı bərpa edilmişdir. Göründüyü kimi cavabdehlər X9, Cavabdeh2 və X5 hərəkətləri qanunsuz hesab edilmiş, onların adına verilmiş dövlət reyestrindən çıxarışlar ləğv edilmiş və onun adına yeni xx.xx.2018-ci il tarixli, seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Adıçəkilən cavabdehlərin adına verilmiş çıxarışların hüquqi əsası olan bağışlama müqavilələri etibarsız hesab edildiyindən və çıxarışlar ləğv edildiyindən həmin şəxslərin onun əmlakı ilə bağlı hərəkətlərinin də heç bir hüquqi qüvvəsi yoxdur. İşin mübahisəsiz halıdır ki, hazırki iş üzrə cavabdehlər onun mülkiyyətində olan mənzilə adlarına yuxarıda qeyd olunan çıxarışlar verildikdən sonra pasport qeydiyyatına düşmüşlər. Yəni pasport qeydiyyatına düşmələri üçün hüquqi əsas mülkiyyət hüququna dair çıxarış olmuşdur. Hal-hazırda həmin çıxarışlar etibarsız hesab edildiyi üçün həmin çıxarışdan sonra edilmiş bütün hərəkətlər etibarsızdır. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1267/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, valideynləri X9 və Məmmədova (Zeynalova) Gülarə Fayaz qızı ilə 1991-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli yaşamışlar. Hazıradək həmin mənzildə yaşadıqlarında onların mübahisəli mənzilə istifadə hüququ yaranmış və istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməklə xitam verilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vamiq Şükürov apellyasiya şiakyətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh3 köhnə mənzil məcəlləsinə əsasən mübahisəli mənzilə istifadə hüquqları yaranmış və onların istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Cavabdeh3 1999-cu ildən, yəni anadan olduğu vaxtdan mübahisəli yaşayış sahəsində yaşamış və hazırda da orada yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 (Zeynalova) izahatında bildirmişdir ki, hazırda mübahisəli mənzildə o övladları ilə birgə yaşayır. Kazım Məmmədov həmin evi 1991-ci ildə almış və sonradan 1994-cü il tarixdə onun adına keçirmişdir. O ailə həyatı qurandan hazırki vaxtadək övladları ilə birgə həmin mənzildə yaşayır. İddiaçı nümayəndəsi və vəkili Feyzulla Mehdiyev apellyasiya şikayətinə etiraz etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnbaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh3 Bakı şəhəri,Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 30 saylı evə istifadə hüququna xitam verilməsi və onun həmin fərdi yaşayış evdən çıxarılması” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü digər cavabdehlər qətnaməni mübahisələndirməmiş (Məmmədova (Zeynalova) Gülarə Fayaz qızı qətnamədən apellyasiya şikayəti versə də onun şikayəti qeyri mümkün hesab edilmişdir), Cavabdeh3 isə qətnaməni qeyd olunan hissədə mübahisələndirmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə ləğv olunaraq həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7734/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları (əvvəlki Timçenko) küçəsi 30 saylı fərdi yaşayış evinin İddiaçı adından X4 bağışlanmasına dair xx xxxxxxxx 1994-cü il tarixli və həmin yaşayış evinin (Məmmədova) X2 adından X7 bağışlanmasına dair xx xxxx 2013-cü il tarixli müqavilələr etibarsız hesab edilmiş, Bakı şəhəri Əlibəyov Qardaşları küçəsi, 30 saylı fərdi yaşayış evinə dair Məmmədova (Eyyubova) Solmaz Məmməd qızının qeydiyyata bərpa edilməsinə dair qərara alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat aparılmış və iddiaçıya bu barədə ********** nömrəli, xx xxxxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdehlər mənzildən çıxmayaraq faktiki olaraq orada yaşamağa davam etmiş və hazırda da mənzili onların sahibliyindədir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 1999-cu ildə dünyaya gəlmiş və həmin tarixdən mübahisəli mənzilə qeydiyyata düşməklə, halhazıradək həmin mənzildə yaşayır. Göründüyü kimi, Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququ yaranmış və birinci instansiya məhkəməsi ona münasibətdə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Buna görə də qətnamə Cavabdeh3 münasibətdə ləğv edilərək iddia tələbi ona aid hissədə təmin edilməməlidir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu Cavabdeh3 evə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1267/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 30 saylı evə istifadə hüququna xitam verilməsi və onun həmin fərdi yaşayış evdən çıxarılası hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh3 qarşı “istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma və mənzilin əməli istifadəyə verilməsi” barədə iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar