Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9885/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Xəqani Hüseynovun, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi tələb olunub. İddia ərizəsində əsas borc kimi 7.661,38 manat, faiz borcu kimi 4.899,24 manat, cərimə kimi 1.071,87 manat, 28.11.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 831,6 manat əldən çıxmış fayda tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 28.11.2014-cü il tarixli kredit müqaviləsi əsas borc kimi 7.660 manat tutulsun, tutma ipoteka predmeti olan, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev № 40-da yerləşən 38 №-li mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 45.000 manat müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdeh1 apellyasiya şikayətində tələb ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Xəqani Hüseynov iddiaçının apellyasiya şikayətinin, Cavabdeh1 vəkili Vəkil isə cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Digər cavabdeh Xalıqov Şirməmməd şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabadeh Cavabdeh1 arasında 28.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanıb. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş mühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas borcunun məbləği 7.660,60 manat təşkil edir. Birinci instnsiya məhkəməsi düzgün olaraq iddia tələbini yalnız əsas borca aid hissədə təmin edib, digər ödənişlərə aid hissədə isə rədd edib. Belə ki, kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür, lakin bank borcalanla yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün hər hansı tədbir görməmişdir. Ona görə də digər ödənişlərin tələb edilməsi hüquqdan sui-istifadə sayılır, Mülki Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir. Əsas borcu qaytarmaq isə Mülki Məcəlləsinin 739.1-ci maddəsində görə borcalanın öhdəliyidir. Birinsi instnsiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. O cümlədən ipotekaya aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Borcalan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9885/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9885/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver