Məhkəmə qərarları › İş №2(103)-989/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-989/2022

18.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-989/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun Cavabdeh MMC-də tutduğu müəssisənin restoran meneceri vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də 08 fevral 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır. Fəaliyyət müddətində işinə daim vicdanla yanaşmış və vəzifə səlahiyyətlərinin icrasında məsuliyyətli olmuşdur. 24 may 2021-ci il tarixdə Cavabdeh MMC-nin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinə əsasən o, müəssisənin restoran meneceri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilmişdir. Onun tutduğu vəzifədən azad edilməyinin əsası barədə məlumat alınması üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Müraciətinə cavab ala bilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Cavabdeh MMC tərəfindən onun tutduğu vəzifədən azad edilməyi üçün əsas olmuş hər hansı bir maliyyə yoxlanış aktı olmadığı təqdirdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsini əsaslandırmadan əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5841/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi əsassızdır. Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsini əsaslandırmadan əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Cavabdeh MMC-nin 24 may 2021-ci il tarixli 006 saylı protokolunda onun 01-30 sentyabr ayı üzrə 2.592,78 manat, 01-31 oktyabr ayı üzrə 2.804,14 manat, 01-30 noyabr ayı üzrə 2.027,56 manat, 01-31 dekabr ayı üzrə 1.645,90 manat, cəmi 9.070,38 manat müəssisəyə zərər vurması göstərilmişdir. Protokol əsassız olduğu üçün tərəfindən imzalanmamışdır. Belə ki, həmin çatışmayan məbləğlər barədə rəhbərliyə və məsul şəxslərə elektron məktublar yazılmış və bunun müəssisə tərəfindən istifadə edilən “ANDROMEDA” proqramının İşindəki nasazlığın nəticəsi olduğu bildirilmişdir. Pozuntular aşkar edilmişdirsə nə səbəbə dərhal audit yoxlaması keçirilməmiş, Cavabdeh MMC-nin 24 may 2021-ci il tarixli 006 saylı protokolunda göstərilən pozuntulara görə o, işdən beş ay sonra azad olunmuşdur. Əmr əsaslı maliyyə yoxlaması aparılmadan verildiyi üçün ləğv edilməlidir. Bundan başqa əmrdə onun hansı vəzifə təlimatını pozması dəqiq göstərilməli idi. Cavabdeh MMC işdən azad edilmə haqqında əmri verdikdən sonra sübutlar toplamaq niyyəti ilə audit yoxlaması keçirməyə başlayır. Məhkəmə ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. Audit yoxlamalarının bütün filiallar üzrə deyil yalnız seçilmiş filiallar üzrə aparılması aşkar qərəzli mövqenin göstəricisi idi. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi protokol və audit yoxlaması əsas götürülmüşdür. Halbuki işdən azad olunma haqqında əmr verilən zaman heç bir maliyyə yoxlaması aparılmamışdır. Audit yoxlaması sadəcə cavabdehin özünü sığortalamaq məqsədi daşıyır. Çünki işçinin işdən azad edilməsi üçün ciddi audit yoxlaması aparılmalı sonra əmr verilməli idi. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən çıxarılmasına əsas onunla bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq restoran meneceri vəzifəsində işlədiyi müddətdə 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə müştərilərdən POS-terminal vastəsilə qəbul etdiyi ödənişlə banka ödənilmiş pul vəsaiti arasında 11.935,27 manat məbləğində çatışmazlıq yaranması olmuş və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 72-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, 117/K sayll, 24 may 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, 24.05.2021-ci il tarixdən Cavabdeh müəssisəsinin restoran meneceri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.(İ.vər. 34) İş materiallarında olan, 006 saylı, 24 may 2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı çalışdığı restoranda 01-28 Fevral 2021-ci il dövrü ərzində Cavabdeh MMC-nin Əhmədli filialı üzrə satılan məhsulların hazırlanması üçün istifadə olunan malların normativ üzrə miqdarı ilə, faktiki istifadə olunan malların miqdarı arasında fərq aşkar olunmuşdur. Bu çatışmazlığın müəyyən olunması üçün satış üzrə hesabatlar, ayın əvvəlinə və sonuna mal qalığı, restorana qəbul olunan mallar, yerdəyişmələr və silinmələr nəzərə alınmışdır. Həmçinin, hesablamada fərqlərin 5%-ə qədər olan kəsirləri nəzərə alınmamışdır. Aparılan hesablama nəticəsində müəyyən olunmuş fərq məhsulların maya dəyəri ƏDV xaric 4092 manat təşkil etmişdir. Həmçinin 01 sentyabr 31 dekabr 2020-ci il dövrü ərzində Cavabdeh MMC-nin Əhmədli filialında satışın kredit kartlar ilə ödənilməsi üzrə fərq aşkar olunmuşdur. Bu fərqin müəyyən olunması üçün satış üzrə hesabatlar, müəssisənin bank hesabından çıxarışı, POS-terminallar üzrə günün sonu hesabatları nəzərə alınmışdır. Aparılan hesablama nəticəsində müəyyən olunmuşdur ki, kredit kartlar ilə ödənilən satışların aşağıda qeyd olunan məbləği müəssisənin bank hesabına daxil olmamışdır: 01-30 sentyabr ayı üzrə 2.592,78 manat, 01-31 oktyabr ayı üzrə 2.804,14 manat, 01-30 noyabr ayı üzrə 2.027,56 manat, 01-31 dekabr ayı üzrə 1.645,90 manat, cəmi 9.070,38 manat. Bununla bağlı İddiaçı aktlar təqdim olundu və həmin aktlara əsasən İddiaçı izahatların yazılmasından da imtina etdi. Qərara alındı: İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tutduğu vəzifədən azad edilsin.(İ.vər. 32 - 33) İş materiallarında olan, M-7897 saylı, 24 avqust 2021-ci il tarixli auditor aktından görünür ki, cəmiyyətdə 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə restoran menecerləri vəzifəsində işlədikləri dövrdə X5 hesabında 2.867,50 manat, X2 hesabında 5.785,54 manat və X1 hesabında isə 11.935,27 manat olmaqla, ümumilikdə 20.588,31 manat məbləğində müştərilərdən POS-terminal vasitəsilə qəbul etdilmiş ödənişdən, banka ödənilmiş pul arasında çatışmazlıq yaranmışdır.(İ.vər. 35 - 43) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəf olan Cavabdeh MMCnin İddiaçı ilə arasında olan əmək və hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmuş, yəni restoran meneceri vəzifəsində işlədiyi müddətdə 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə müştərilərdən POS-terminal vastəsilə qəbul etdiyi ödənişlə banka ödənilmiş pul vəsaiti arasında 11.935,27 manat məbləğində çatışmazlıq yaranmışdır. Bu isə işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində həmin çatışmayan 11.935,27 manat məbləğ barədə rəhbərliyə və məsul şəxslərə elektron məktublar yazdığını və bunun müəssisə tərəfindən istifadə edilən “ANDROMEDA” proqramının İşindəki nasazlığın nəticəsi olduğunu bildirməsini, audit yoxlamalarının bütün filiallar üzrə deyil yalnız seçilmiş filiallar üzrə aparılması aşkar qərəzli mövqenin göstəricisi olduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5841/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar