Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-99/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Hazırkı iş üzrə iddianı ilk olaraq İddiaçı1 qaldırmış, işə məhkəmədə baxılarkən o, mənzilin özünə məxsus ½ hissəsini anasına bağışladığından mənzilin mülkiyyətçisi dəyişmiş və məhkəmənin 03.03.2020-ci il tarixli protokol qərarı ilə əsl olmayan iddiaçı əsl iddiaçı olan yeni mülkiyyətçi İddiaçı2 Xaliq qızı ilə əvəz edilmişdir. İddiaçının ilkin tələbi «mənzilin hərrac yolu ilə satılması, naturada payların əldə olunması» barədə olsa da, sonradan o, tələbin həcmini genişləndirmiş və Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan mərhələlər üzrə mənzilin paylara uyğun şəkildə naturada bölünməsi, ½ hissədə payın dəyərinin digər mülkiyyətçi tərəfindən kompensasiya şəklində ödənilməsi, bunlar mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib surətdə tərəflər arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-2089/20) İddiaçı2 Xaliq qızının cavabdeh X3 qarşı «mənzilin naturada bölünməsi, hərrac yolu ilə satılması və s.» tələbinə dair iddiası təmin olunaraq tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanda 5 mərtəbəli fransız layihəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən 37,5 kvm ümumi, 24,3 kvm yaşayış, 13,2 kvm köməkçi sahəsi olan 2 otaqlı 54 nömrəli mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 48.000 (qırx səkkiz min) manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin tərəflər arasında bərabər şəkildə bölünməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)- 5637/20 saylı qərarı ilə mülki iş üzrə icraat X2 İddiaçı1 və qeyrisinə qarşı başqa bir icraatda qaldırdığı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İcraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(103)-449/21 saylı qərardadı ilə hazırkı işin icraatı təzələnmişdir. İşin halları: İddiaçı tələbini mübahisəli mənzildə cavabdehlə birgə yaşamağın mümkün olmaması, mənzilin real şəkildə naturada bölgüsünün və kompensasiya ödənilməsinin qeyri-mümkünlüyü, qarşı tərəfə mənzilin bazar qiymətinə satılıb əldə olunan məbləğin bölünməsi ilə bağlı bir neçə dəfə təklif edilsə də buna razılıq verilməməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, mübahisəli mənzil bankda ipoteka ilə yüklü olduğundan iddia təmin edilə və hərracda satıla bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən mübahisəli mənzilin bank qarşısında ipoteka ilə yüklü olduğunun nəzərə alınmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsindəki 2/51 saylı evin 54-cü mənzilidir. Həmin mənzil 5 mərtəbəli fransız layihəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşməklə 37,5 kvm ümumi, 24,3 kvm yaşayış, 13,2 kvm köməkçi sahəsi olan 2 otaqdan ibarətdir. Mənzilin ilkin mülkiyyətçisi İddiaçı1 olmuşdur. Onun mülkiyyət hüququ 18.09.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə X2 İddiaçı1 qarşı «birgə nikah dövründə əldə edilmiş mənzilə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası təmin olunaraq, mübahisəli mənzildə X2 və İddiaçı1 hər birinin 1/2 hissədə mülkiyyət hüquqları tanınmış və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 26.02.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı1 mənzilin ½ hissəsinə olan payını İddiaçı2 bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış 27.02.2020-ci il tarixli sonuncu qeydiyyata əsasən mənzilin ½ hissəsi üzərində İddiaçı2, 1/2 hissəsi üzərində isə X2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Hazırkı işdə iddiaçının tələbi Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan mərhələlər üzrə aşağıdakılardan ibarətdir: - mənzilin paylara uyğun şəkildə naturada bölünməsi; - ½ hissədə payın dəyərinin digər mülkiyyətçi tərəfindən kompensasiya şəklində ödənilməsi; - bunlar mümkün olmadıqda isə mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib surətdə tərəflər arasında bölüşdürülməsi. Birinci instansiya məhkəməsi ilkin olaraq payın naturada ayrılmasının mümkünlüyünü araşdırmış, bu məqsədlə ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2017-ci il tarixli 19972 saylı ekspert rəyi ilə mübahisəli mənzilin tərəflərin payına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bundan sonra məhkəmə iddia tələbinin ikinci hissəsi olan “½ hissədə payın dəyərinin digər mülkiyyətçi tərəfindən kompensasiya şəklində ödənilməsi” ilə bağlı araşdırma aparmış, mənzilin bazar dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etmiş və "xxxx" MMC-nin 22 noyabr 2017-ci il tarixli Ç-832/2017 saylı hesabatına əsasən mənzilin hazırkı bazar dəyərinin 48.000 manat təşkil etdiyini müəyyən etmişdir. İddiaçı tərəfindən həmin məbləğin onun ½ hissə payına düşən hissəsinin kompensasiya şəklində ödənilməsi barədə cavabdehə rəsmi müraciət olunmuş, lakin razılıq əldə edilməmişdir. Birinci instansiya məhkəməsi payın naturada ayrılmasının və paya uyğun kompensasiya ödənilməsinin mümkün olmadığını nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələrini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarını rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddia təmin edilməli, ilkin satış qiyməti 48.000 (qırx səkkiz min) manat müəyyən edilməklə tərəflərin paylı mülkiyyətində olan mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait tərəflərin paylarına uyğun çəkildə onların arasında bölünməlidir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işə apellyasiya qaydasında baxılarkən cavabdeh X5 başqa bir icraatda mübahisəli mənzilin bağışlanmasına dair İddiaçı1 ilə İddiaçı2 Xaliq qızı arasında bağlanmış müqaviləni mübahisələndirdiyindən icraat dayandırılmış və yalnız icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra işin icraatı təzələnmişdir. İcraat təzələndikdən sonra məhkəmə kollegiyası müəyyən etdi ki, X2 İddiaçı1 və İddiaçı2 Xaliq qızına qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq mübahisəli mənzilin ½ hissəsinin İddiaçı1 tərəfindən İddiaçı2 Xaliq qızına bağışlanmasına dair 26.02.2020-ci il tarixli müqavilə etibarsız sayılmış və həmin müqavilə əsasında İddiaçı2 Xaliq qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşdən göründüyü kimi, İddiaçı2 hazırkı iddianı mübahisəli mənzilin ½ hissəsinin mülkiyyət hüququ üzrə ona məxsus olmasına əsaslanaraq qaldırmışdır. Hazırda bu əsas aradan qaxdığından, yəni İddiaçı2 mübahisəli mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququ ləğv olunduğundan onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ da mövcud deyil. İddiaçı2 mübahisəli mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququ olmadığından onun Mülki Məcəllənin 152.1, 220-ci maddələrinə əsaslanaraq mülkiyyət hüququnun müdafiəsi, payın naturada ayrılması, payının dəyərinin ödənilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib surətdə tərəflər arasında bölüşdürülməsi barədə iddiası uğurlu və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır». Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ilk növbədə bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğunu sübut etməlidir. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi, onun hazırda belə bir subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X2 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı2 Xaliq qızının cavabdeh X3 qarşı “mənzilin paylara uyğun şəkildə naturada bölünməsi, ½ hissədə payın dəyərinin digər mülkiyyətçi tərəfindən kompensasiya şəklində ödənilməsi, bunlar mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib surətdə tərəflər arasında bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-99/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-99/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver