Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-99/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı şəhəri Binəqədi rayonu X7nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarına əsasən Binəqədi qəsəbə ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinin alğısatqı müqaviləsinin bağlanması yolu ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı sahibliyinə keçməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində ona ayrılmış 300 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 50 kv.metr hissəsinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X7nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alığı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. O, Cavabdeh 2015-ci ildə 50 kv.m torpaq sahəsini öz aralarında razılaşaraq satmışdır. Cavabdeh sonradan əlavə olaraq ona məxsus torpaq sahəsinin 50 kv.m torpaq sahəsini istəyib və öz aralarında satmağa razılaşıblar. Lakin cavabdeh pulu verməyib və torpaq sahəsindən istifadə etməyə başlayıb. O, cavabdehə ərazisini boşaltmasını bildirsə də cavabdeh buna heç bir reaksiya verməyib.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(001)- 5157/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu X7nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə İddiaçı alğı-satqı yolu ilə ayrılmış 300 kv.metr torpaq sahəsinin mübahisələndirilən 50 kv.metr hissəsinin Cavabdeh alınıb İddiaçı istifadəsinə verilməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsinin izahatından belə məlum olur ki, cavabdeh həqiqətən də iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və cavabdeh bu hərəkəti ilə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 09 oktyabr 2020-ci il tarixli arayışında göstərilmişdir ki, X2 adına Biləcəri bələdiyyəsi tərəfindən hər-hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Yenə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 04 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh Binəqədi rayon Biləcəri qəsəbəsi 1 X10 massivi ünvanında yerləşən 300 kv.metr torpaq sahəsinə xx.xx.2021-ci ilə qədər vergi borcu yoxdur. Göründüyü kimi, iddiaçıya ayrılmış və hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi Binəqədi qəsəbəsi ərazisində yerləşməsinə baxmayaraq, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Biləcəri qəsəbəsi ilə bağlı arayışlar təqdim edilmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi rayonu X7nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarından, 2005-ci il dekabr tarixli kassa mədaxil orderinin qəbzindən və torpaqların alğısatqısına dair aktdan görünür ki, X7 ərazisində 300 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı satılmışdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə həmin torpaq sahəsinin hansı bələdiyyənin ərazi hüdudları daxilində olduğunu, torpaq sahəsinin həqiqətən zəbt olununduğu, olunubsa kim tərəfindən və torpaq sahəsinin nə qədər hissəsinin zəbt olununduğu kimi məsələlər aydınlaşdırılmalı olduğu halda bunları etməmişdir. Bütün bu halların dəqiqləşdirilməsi üçün məhkəmə mütləq şəkildə ekspertiza təyin etməli və müvafiq rəy almalı idi, lakin bunu etməmişdir. Bu kateqoriya işlərdə göstərilən sualların dəqiq izah edilməsi üçün xüsusi bilik tələb olunur və buna məhkəmə tərəfindən əməl olunmalı idi. Tərəflərindən məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə vəsatət təqdim olunsa da məhkəmə heç bir əsas olmadan vəsatətlərini təmin etməmişdir. Məhkəmə ekspertiza təyin etmədiyindən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək dəlillərə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, ekspert rəyi mötəbər sübut hesab olunmalıdır. 2005-ci il tarixli Bələdiyyə qərarı qanunsuzdur. Ekspert rəyindən də göründüyü kimi həmin torpaq sahəsi heç bir bələdiyyə mülkiyyətində deyildir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmadığı halda belə bir sərəncam verilə bilməzdi.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2005-ci il tarixli Binəqədi bələdiyyəsinin müvafiq qərarından da bəlli olur ki, bu torpaq sahəsi X4 məxsusdur. 2007-ci il yanvar ayının 1-dən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bələdiyyələrin bu formada açıq hərrac keçirilmədən torpaq sahələrinin satışına müvafiq məhdudiyyətlər qoyulmuşdur. Burada əsas məqamlardan biri ondan ibarətdir ki, həmin torpaq sahəsindən keçən boru xətti 2008-2009-cu il tarixində çəkilib. Torpaq sahəsi İddiaçı verilən dövrdə həmin boru xətti orada olmayıbdır. 2015-ci ildə Prezidentin fərmanına əsasən, bu bələdiyyə sənədinə uyğun sənədlər təhlükə potensiallı ərazilərdəki müvafiq boru xəttinin çəkilməsindən əvvəlki dövrdə verildiyi təqdirdə həmin sənədlər mülkiyyət hüququnun tanınması üçün əsas hesab edilir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün əsaslar mövcuddur. 2015-ci il tarixli Prezidentinin fərmanını əsas götürməklə həmin Binəqədi bələdiyyəsinin qərarı əsasında həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasının əsası vardır. Hal-hazırda bu torpaq sahəsi İddiaçı qanuni sahibliyindədir.
12. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili X3 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
17. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
21. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu, X7nin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.
24. 2005-ci il dekabr tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən torpağın dəyəri olaraq 1.200.000 (bir milyon iki yüz min) manat (əvvəlki məzənnə) məbləğində pul vəsaiti X7nə ödənilmişdir.
25. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, X7 ərazisində 300 kv.metr torpaq sahəsi 1.200.000 (bir milyon iki yüz min) manat müqabilində İddiaçı satılmışdır.
26. X7 tərəfindən məhkəməyə ünvanlanmış 30 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh adına hər hansı şəkildə torpaq sahəsinin rəsmiləşdirilməsi barədə sənədləşmə aparılmamış, X2 adına isə 30 dekabr 2005-ci il tarixli, 1900 saylı qərar əsasında 300 kv.metr torpaq sahəsi ayrılmışdır.
27. Apellyasiya baxışı zamanı cavabdehin vəkili Nümayəndə2 vəsatəti əsasında mübahisəli torpaq sahəsinin hansı bələdiyyənin ərazi hüdudları daxilində olduğunu, torpaq sahəsinin həqiqətən zəbt olunduğu və s. bu kimi halların müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, təqdim edilmiş 05 dekabr 2022-ci il tarixli, 10/5841 saylı ekspert rəyinə əsasən, mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində olmaqla heç bir Bələdiyyə mülkiyyətində olmadığı, magistral qaz kəmərinin yaxın məsafəsində yerləşməklə mühafizə zonası (təhlükə potensiallı ərazi) olduğu, göstərilən torpaq sahəsinin sənəd üzrə 300,0 kv.m olsa da, faktiki olaraq 169,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
28. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi bələdiyyə ilə bağlanmış müvafiq alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlə ikinci razılaşmanın predmeti olan müəyyən hissəsi (ikinci dəfə satılmalı olan 50 kv.m) hazırda cavabdehin sahibliyindədir. Müvafiq torpaq sahəsinin müqabilində cavabdeh tərəfindən pul ödənilmədiyi də işin mübahisəsiz hallarına aiddir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmaması barədədir. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
29. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayaraq ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 166.3-cü maddəsinə görə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Göründüyü kimi, torpaq sahəsinin faktik sahibinin sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verməsi bilavasitə onun sahibliyinin dövlət qeydiyyatı ilə şərtləndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hazırki iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olduğu qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası 05 dekabr 2022-ci il tarixli, 10/5841 saylı ekspert rəyi ilə əlaqədar həmçinin qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində olması müəyyən edilsə də, bu hal hazırki mübahisə predmeti kontekstində bu icraat çərçivəsində işin nəticəsinə təsiri olan amil kimi məhkəmə tərəfindən nəzərə alına bilməz.
31. Belə ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin dövlət qeydiyyatına alınıb-alınmaması, alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması, həmin torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququna dair hüquqi gözləntisi olubolmaması və digər bu kimi məsələlər maraqlarına toxunan (fiziki və ya hüquqi) şəxsin iddiasına əsasən başqa məhkəmə icraatı qaydasında yoxlanılmalı olan məsələlərdir və cavabdehin həmin halların məhkəmə tərəfindən araşdırılmamasına istinadı yolverilməzdir. O, hazırki iddiaya etirazının əsası kimi mübahisəli əşyaya sahiblik hüququnun qanuni olmasını sübut etməyə çalışmalı idi.
32. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olması mübahisə doğurduğu halda belə, sonuncu Mülki Məcəllənin 157.2, 157.8, 165.1 və 166.3-cü maddələrinə istinad edərək torpaq sahəsinin faktik sahibi kimi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin həmin maddəsində mülkiyyət hüququnun (faktiki sahibliyin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi (faktiki sahib) özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Beləliklə işin bu halları yuxarıda qeyd edilən normanın (157.2) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə kollegiyası tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsdir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, onun isə öz növbəsində həmin əşyaya sahiblik hüququ yoxdur.
36. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil etmir.
37. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci isə cavabdehdən alınaraq müvafiq hesaba köçürülməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5157/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov