Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9900/2019 26.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Kənan Hüseyn oğlu Hüseynovun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxx”ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxx” ASC-dən 30000 manat məbləğində dividendin onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxx” Açıq Səhmdar Cəmiyyətinin 178/1- KŞ nömrəli, xx.xx.2008-ci il tarixli əmri ilə “xxxxxx” ASC-nin Elektrik verilişi xəttləri tikintisi və yenidən quruması idarəsinin EVX Tikintisi və yenidənqurulması sexinin 3 №-li tikinti sahəsinə 8-ci dərəcəli elektrik xətt quraşdırıcısı vəzifəsinə işə qəbul edilmişdir. “xxxxxx" ASC-də işlədiyi dövrdə “xxxxxx” ASC-nin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifariş və təqdim etdiyi 12 (on iki) ədəd özəlləşdirmə çekləri Özəlləşdirmə Komissiyası tərəfindən 2009-cu ilin yanvar qəbul edilmişdir. xx xxxxxx 2009-cu il tarixdə iddiaçının təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. O, “xxxxxx" ASC-nin 48/15 KŞ nömrəli xx.xx.2009-cu il tarixli əmrinə əsasən işdən azad edilmişdir. İşdən azad olunmasına səbəb sağ gözünün görmə qabiliyyətini itirməsi olmuşdur. "xxxxxx" ASC-də işdən azad olunduğuna baxmayaraq, iddiaçı “xxxxxx" ASC-nin səhmdarıdır. Səhmdar olaraq o, cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada keçirilən yığıncaqlarına dəvət olunmuş və iştirak etmişdir. Lakin cəmiyyətin xalis mənfəətindən iddiaçıya dividend verilmədiyinə görə "xxxxxx" ASC-yə ərizə ilə müraciət etmiş, müraciəti nəticəsiz qalmışdır. O, 2009-cu ilin yanvar ayından “xxxxxx" ASC-nin səhmdarıdır, lakin 2009-cu ildən bu günə kimi "xxxxxx" ASC tərəfindən iddiaçıya cəmiyyətin mənfəətindən dividend ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı “xxxxxx” ASC-dən 30000 manat məbləğində dividendin onun xeyrinə alınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxx”ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan X2 surətindən görünür ki, İddiaçı “xxxxxx” ASC-nin bir qiymətli kağızının nominal dəyəri 2 manat olan 73 ədəd adi adlı səhmin sahibidir. İş materiallarında olan “xxxxxx” ASC-nin xx xxxxxx 2011-ci il tarixində keçirilmiş X6 Protokolunun surətindən görünür ki, dividendlərin ödənilməsi ilə bağlı məsələ iclasın gündəliyinə daxil edilməmişdir. İş materiallarında olan “xxxxxx” ASC-nin xx xxxx 2015-ci il tarixində keçirilmiş X1 Protokolundan Çıxarışından görünür ki, həmin iclasda 440 səhmdar iştirak etmişdir. İclasın gündəliyinə Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və illik hesabatının (balansının) təsdiqi məsələsi salınmışdır. Bununla bağlı əldə olunmuş mənfəətin Cəmiyyətin iqtisadi fəaliyyətinə sərf olunmasına dair məsələ səsə qoyulmuşdur. Lehinə 438 səs, əleyhinə 2 səs olmaqla əldə olunmuş mənfəətin dividend bölgüsünə deyil, “xxxxxx” ASC-nin iqtisadi fəaliyyətinə sərf olunması haqqında qərar qəbul edilmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə, düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 106-3.1 -ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbui edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamanmədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə əsasən dividendlərin və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Qeyd edilən Məcəllənin 107.1 -ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. X1 müstəsna səlahiyyətinə cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, səhmdar cəmiyyəti əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan kommersiya təşkilatıdır. Həmin mənfəəti əldə etmək üçün cəmiyyət buraxmış olduğu səhmlərin nominal dəyərindən ibarət maddi baza əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır. Cəmiyyətin xalis mənfəəti yalnız qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş məqsədlərə yönəlməlidir. Buraya cəmiyyətin təsərrüfat fəaliyyətinin təmin edilməsinə yönəlmiş xərclərlə yanaşı qanunvericiliyin tələblərinə əsasən, cəmiyyətin xalis mənfəətindən səhmdarların dividend almaq hüququnun təmin edilməsi üçün vəsaitlər daxildir. Səhmdar cəmiyyətinin xalis mənfəətinin maliyyə ili üzrə belə bölüşdürülməsi X1 qərarı ilə həyata keçirilir. Dividend dedikdə səhmdarın səhmlərin nominal dəyəri həcmində qoyduqları maya müqabilində aldıqları gəlir anlaşılır. Səhmlərin növlərindən asılı olaraq onlar üzrə dividend ödənilməsinin müxtəlif qaydaları müəyyənləşdirilmişdir. Belə ki, adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Göründüyü kimi, adi səhm sahibinin dividend alması birbaşa cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsi ilə bağlıdır və əldə edilmiş xalis mənfəətdən hesablanır. Səhmdar cəmiyyətin xalis mənfəətinin cəmiyyətin maliyyə ili üzrə hesablanması və bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dividendlərin ödənilməsi ilə bağlı qərar səhmdar cəmiyyətinin ümumi yığıncağı tərəfindən qəbul edilməli olduğundan, lakin “xxxxxx” ASC-nin X3 tərəfindən əldə edilmiş mənfəətin iddiaçının iddia etdiyi kimi dividendlərin ödənilməsinə deyil, Cəmiyyətin iqtisadi fəaliyyətinə sərf edilməsi haqqında qərar qəbul edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla əsaslı və qanuni qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-9900/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9900/2019
26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver