Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-991/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı evə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, “hazırki qətnamə qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır olması”nın qətnamənin qət etdi hissəsində göstərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi uzun müddətdir ki, onun istifadəsindədir. Həmin yaşayış evində ondan başqa cavabdeh də qeydiyyatdadır. Cavabdehin onun mənzilində qeydiyyatda olması formaldır. O, həmin ünvanda ümumiyyətlə yaşamamışdır, cavabdehin onun mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Cavabehin mülkiyyətində ünvan 3 mənzil 63 ünvanında yerləşən yaşayış evi və başqa evi də vardır, faktiki olaraq orada yaşayır. Cavabdeh onun xəstəliyindən və ağır vəziyyətdə olmağından istifadə edib, ona məxsus evə qeydiyyata düşmüşdür. Cavabdehin məqsədi odur ki, o, öləndən sonra onun evini ələ keçirsin. Eləcə də cavabdehin anası X2 ağır xəstə olduğu vaxt, ona baxmışdır. Həmin vaxtlar cavabdehin anası ona demişdir ki, onu ömürlük saxlayıb, ona qulluq edəcəklər. Sonra Profira və qızı balışı onun ağzına basıb, onu öldürəcəkləri ilə ədələmişlər. Xeyli vaxtdır ki, onlar tərəfdən heç kim ona qulluq etmir və ona bacısı Lyuba qulluq edir. Onun göstərdiklərini təsdiq edən şahidləri də vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı öz iddia ərizəsi bununla əsaslandırmışdır ki, Yelenaya məxsus mənzilində Cavabdeh qeydiyyat formal xarakter daşıyır, o, həmin ünvanda ümumiyyətlə yaşamamışdır, Cavabdeh onun mənzilində qeydiyyatda olması iddiaçının hüquqlarını pozulur. Məhkəmə İddiaçı iddia ərizəsi qismən təmin edərək, qətnamə bununla əsaslandırmışdır ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin qeydiyyatda olduğu və iddiaçının faktiki yaşadığı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı ev öz başına tikintidir. Özbaşına tikintiyə isə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaranmadığından, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Qeyd edir ki, Cavabdeh iddiaçı Y.Babayevanın iddia ərizəsi qəbul etməyərək iddiadan yazılı etiraz vermişdir. Məhkəmə iclasında Cavabdeh qeyd etmişdir ki, İddiaçı və anası X3 40 ildir ki, bir-birlərini tanıyırlar və dostluq edirlər. İddiaçı ailəsizdir və tək yaşamışdır. 2001-ci ildən 2011-ci ilədək Azər Alıyev adlı bir şəxs iddiaçının evində qeydiyyata düşmüşdür və on il ərzində onun evində yaşamışdır. O, həyat yoldaşı ilə birlikdə Elena Bədəlovayə qulluq etmişdir. Lakin, 2011-ci ildə Azər Alıyevi evdən və qeydiyyatdan çıxarılmasına kömək etməyi xahişi ilə S.Bədəlova və anasına müraciət etmişdir. Onlar da vəkili taparaq, vəkilin köməyi ilə məhkəməyə iddia ərizəsi vermişlər. Məhkəmənin qətnaməsi ilə X5 Bədəlovaya məxsus olan evdən və qeydiyyatdan çıxarılmışdır. Bundan sonra iddiaçı 2011-2013-cü illərdə tək yaşamışdır. 2013-2015-ci illərdə Alik adlı qonşusu ona baxırdı. 2015-ci ilin son iki ayında iddiaçı Binəqədi qəsəbəsində yerləşən cavabdehin anası X1 evində yaşamışdır və onlar ona baxıb qayğı göstərmişlər. Həmin ildə İddiaçı cavabdehin anasına müraciət edərək, özünə baxa bilmədiyi üçün onunla birlikdə yaşamaq təklif etmişdir. Eyni zamanda İddiaçıya onun evində qeydiyyata alınması və onunla bir ailə kimi yaşayacağını təklif etmişdir. Elə həmin il Cavabdeh mübahisəli evə köçmüşdür, bütün əşyalarını buraya köçürmüşdür, iddiaçı ilə eyni evdə yaşamağa başlamışdır və ona tam qulluq etmişdir. İddiaçının mənzili bərbad vəziyyətdə olmuşdur. Buna görə, Cavabdeh lazımlı təmir işləri etdirmiş, qapıları, pəncərə çərçivələrini və divar kağızını dəyişdirmişdir. Həm də bu mənzildə digər ayrılmaz inkişaflar etmişdir, o cümlədən, bir divan gətirmişdir və evə kondisioner qoymuşdur. Beləliklə, 2015-ci ildən 2020-ci ilin avqust ayına qədər fasiləsiz olaraq iddiaçı ilə birlikdə yaşamışdır, ümumi təsərrüfat aparmışdır. Bütün bu müddət ərzində Cavabdeh iddiaçıya tam qulluq etmişdir. İddiaçı ağır xroniki xəstəliklərdən əziyyət çəkir, özünə xidmət edə bilmir. Bu səbəbdən tamamilə Cavabdeh və onun anasının himayəsində olmuşdur. Silviya İddiaçı tam qulluq etmişdir. xx xxxxx 2015-ci il tarixdə Bədəlova onkoloji əməliyyat keçirmişdir. xx xxxxxx 2018-ci il tarixdə iddiaçı mürəkkəb ayaq əməliyyatı keçirmiş, bütün bu əməliyyatlar cavabdeh və anası tərəfindən ödənilmişdir. Əməliyyatdan sonrakı dövr ərzində iddiaçıya onlar baxmışlar. İddiaçının yaşadığı evin heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Onun həmin evdə yalnız qeydiyyat vardır. Cavabdeh da 2015-ci ildə, yəni iddiaçı Yelenanın razılığı ilə, qanuni əsasla həmin evə qeydiyyata düşmüşdür. Yelena ilə beş il mübahisəli evdə yaşayaraq, onunla həmin dövr ərzində ümumi təsərrüfat apararaq, burada yaşamaq hüququ qazanmışdır. İddiaçı yaşadığı ev heç bir sənədi olmayan özbaşına tikilidir. İddiaçı evə və evin altındakı torpaq sahəsinə hüquqmüəyyənedici sənəd yoxdur. Həm iddiaçı, həm də cavabdehin mübahisəli evdə qeydiyyatı vardır. Evin hüquqmüəyyənedici sənəd olmadığına görə bu evdə həm iddiaçı, həm də cavabdeh bərabər hüquqlara malikdir. Bununla əlaqədar, Cavabdeh evdən qovmaq, eyni zamanda ona qarşı həmin evdə istifadə hüququ olmayan hesab edilməsi barədə iddia ərizəsi vermək və qeydiyyatdan çıxarmaq üçün iddiaçının heç bir hüququ da yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı evdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin qeydiyyatda olduğu və iddiaçının faktiki yaşadığı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı ev özbaşına tikintidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. İş materiallarından olan və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin qeydiyyatda olduğu və iddiaçının faktiki yaşadığı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı ev özbaşına tikintidir. Özbaşına tikintiyə isə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaranmadığından, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 33 saylı yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4529/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-991/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-991/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver