Məhkəmə qərarları › İş №2(103)-992/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-992/2021

23.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-992/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İspəndiyar oğlunun, cavabdehlərdən Cavabdeh1 və Bakı şəhəri X4nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(001)- 642/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri X4nə və Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma, özbaşına inşa edilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, plan eskizdə göstərilmiş, ona məxsus torpaq sahəsinə çəkilmiş hasarın Cavabdeh1 hesabına sökülməsi və çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 210 manat pulun ondan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(003)-642/20) iddia təmin olunmamışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 noyabr 2004-cü il tarixdə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması barədə Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, buna müvafiq olaraq həmin bələdiyyə ilə 03.12.2004-cü il tarixdə 6 sot torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlanmış, VÖEN ********* saylı hesabına 2.440.000 manat haqq ödəmiş və müvafiq qəbz verilmişdir. Bələdiyyənin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yeri müəyyən edilərək təhvil verilmiş və plan tərtib edilmişdir. Müəyyən müddətdən sonra orada tikinti işləri aparmaq istəyəndə ona ayrılmış torpaq sahəsinin təxminən 1 (bir) metr hündürlüyündə mişar (kubik) daşı ilə hasarlandığını aşkar etmişdir. Məlum olmuşdur ki, tikinti işləri Cavabdeh1 tərəfindən aparılıb. Həmin əraziyə ona müvafiq olaraq Biləcəri Bələdiyyəsinin 14 saylı 08.12.2006-cı il tarixli protokol əsasında 1006 saylı Qərar verilmiş və plan tərtib olunmuşdur. Sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ayrılmış torpaq sahəsi qonşu ərazidə yerləşir. Dəfələrlə qarşılıqlı razılığa gəlinməsi barədə aralarında söhbət olsa da cavabdeh buna razı olmamış və iddiaçıya ayrılmış torpaq sahəsinin məhz ona məxsus olmasını iddia etmişdir. Sonradan, çoxsaylı müraciətlər və şikayətlərdən sonra hər iki bələdiyyə sədrlərinin və memarlarının iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ona ayrılmış torpaq sahəsi təqdim olunan eskizsxemlə uyğunluq təşkil edir. Qarşı tərəfə, yəni Cavabdeh1 aid torpaq sahəsi qonşu sərhəd ərazisində yerləşir. Bunu, Binəqədi Bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə ünvanladığı 26 iyul 2019-cu il tarixli, 31- 13/Əİ-1055 saylı məktubu da təsdiq edir. Bu barədə iş üzrə cavabdehə bildirilsə də heç bir əhəmiyyəti olmamış, hasarı sökməkdən imtina etmişdir. Cavabdehin çəkdiyi hasarın əvəzinə cavabdehə ayrılmış sərhəd ərazidə torpaq sahəsində eyni ilə onun tərəfindən hasar çəkilməsi də təklif olunsa da imtina edilmişdir. İstinad olunan qanunun tələbindən görünür ki, torpaq sahəsi ona qanunla müəyyən edilmiş qaydada və normada satılmış və ayrılmışdır. Hal-hazırda da onun istifadəsində və sahibliyində olmaqla mülkiyyəti sayılır. Buna baxmayaraq cavabdeh tərəfindən qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirməyə imkan verilmir. İş üzrə cavabdeh olan Biləcəri Bələdiyyəsinin özünün inzibati ərazi vahidinə daxil olmayan torpaq sahəsi üzərində sərəncam verilməsi tam qanunsuzdur və buna görə də məsuliyyət daşıyır. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X4nin 1440/1 saylı, 03.12.2004-cü il tarixli Sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi Qəsəbə ərazisindən 600 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1006 saylı, 08 dekabr 2006-cı il trixli qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 1 ünvanda yaşayan Cavabdeh1 ayrılması qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2020-ci il tarixli, 31267 saylı rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X4nin 03 dekabr 2004-cü il tarixli 14HO/01 saylı sərəncamına əlavə edilmiş torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, mübahisəli torpaq sahəsinin İddiaçı Bakı şəhəri Binəqədi rayonu X4nin 03 dekabr 2004-cü il tarixli 14HO/01 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də, Cavabdeh1 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli, 1006 saylı qərarında və Torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, mübahisəli torpaq sahəsinin Cavabdeh1 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli, 1006 saylı qərarı ilə ayrılmış torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini Bakı şəhəri Biləcəri Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etmişdir. Onun həmin torpaq sahəsinə dair alqısatqı müqaviləsi, ödəniş barədə qəbzi və sərəncamı var, sadəcə çıxarışı yoxdur. İddiçının həmin torpaq sahəsinə eyni sənədləri olsa da faktiki olaraq həmin torpaq sahəsi 13-14 il olar ki, onun istifadəsindədir. Bu səbəbdən iddanın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinin etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının hüquqmüəyyənedici sənədləri yoxdur. Bu səbəbdən iddiaçının subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. Həmçinin, bələdiyyə sədri torpaq barədə sərəncam verə bilməz. Heç bir normada bu nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən Binəqədi Bələdiyyəsinin nümayəndəsi bildirmişdir ki, iddianı cavabdeh kimi yox, maraqlı şəxs kimi qəbul edir. Belə ki, əvvəllər 17 ha torpaq sahəsi olmuşdur ki, hər iki bələdiyyə, həm X4, həm də Biləcəri Bələdiyyəsi həmin torpaqlara sənəd vermişdir. Əgər həmin torpaq sahəsi hasarlanmış və ya nişanlanmış olardısa ona yeni sənəd verilmirdi. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin 26 iyul 2019-cu il tarixli, 31-13/Əİ-1055 saylı və 08.08.2019-cu il tarixli 09/K-1123 saylı məktublarını nəzərə almamışdır. Hansıki, həmin məktublarda açıq-aydın və başa düşülən formada izah edilir ki, mübahisəli torpaq sahəsinə hər iki bələdiyyənin nümayəndələri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq Binəqədi Bələdiyyəsinin ərazisində yerləşir və məhz İddiaçı məxsusdur. Məhkəmə, cavabdehin verdiyi izahatın hər hansı bir fakta əsaslanmamasını nəzərə almamışdır. Bundan başqa, torpaq sahəsinin qeydiyyata alınması iddiaçının hüququdur, vəzifəsi deyil. Belə olan halda bu hüquq gözlənilən hüquqdur. Məhkəmə həmçinin, ekspert qarşısında sual qoyarkən proses iştirakçılarının rəyini soruşmadan ekspertiza təyin etmiş və ekspert qarşısında mübahisəyə hüquqi qiymət verilməsi üçün düzgün sual qoymamışdır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. X4nin nümayəndəsi N.Kazımov mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Binəqədi rayonunun ərazisində yerləşən 0,06 ha torpaq sahəsidir. Tərəflər Binəqədi və Biləcəri bələdiyyələri tərəfindən verilmiş müvafiq aktlara əsaslanaraq həmin torpaq sahəsinə hüquqları olduğunu iddia edirlər. İddiaçı Binəqədi bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli sərəncamına, Cavabdeh1 isə Biləcəri bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli qərarına istinad etmişlər. Tərəflərdən heç birinin torpaq üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bələdiyyələrdən hər biri mübahisələndirilən torpaq sahəsinin onun ərazi hüdudlarında yerləşdiyini iddia edir. İddiaçı tələbi cavabdehlər Cavabdeh1, Bakı şəhəri X4nə və Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı yönəlməklə “hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma, özbaşına inşa edilmiş hasarın sökülməsi” barədədir. Əslində bələdiyyələr cavabdeh kimi göstərilsələr də onlara qarşı hər hansı konkret tələb irəli sürülməmişdir. İddia ərizəsində yalnız Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, plan eskizdə göstərilmiş, ona məxsus torpaq sahəsinə çəkilmiş hasarın Cavabdeh1 hesabına sökülməsi və çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 210 manat pulun ondan tutulması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 66, 67, 68-ci, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi ona Bakı şəhəri Binəqədi rayonu X4nin 03 dekabr 2004-cü il tarixli, 1440/1 saylı sərəncamı əsasında 600 m2 torpaq sahəsi ayrılmasını sübuta yetirsə də, mübahisəli torpaq sahəsinin məhz ona ayrılmış həmin 600 m2 torpaq sahəsi olduğunu təsdiq edən sübutları (torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməsi) təqdim edə bilmədiyindən onun cavabdehdən sahibliyinə qaytarılmasını tələb etmək hüququ yaranmamışdır. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarından aydın olur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X4nin 1440/1 saylı, 03.12.2004-cü il tarixli Sərəncamı əsasında 600 m2 torpaq sahəsi üzərində əldə etdiyi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məlum olduğu kimi mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı sözügedən sərəncam əsasında əldə etdiyi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və bu mənada o, müvafiq subyektiv hüquqa malik olmadığı üçün cavabdehdən mübahisəli torpaq sahəsindən çıxmasını tələb edə bilməz. Başqa sözlə, hazırkı mübahisə öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilinmədiyindən iddia tələbinin həmin hissəsi və ondan törəmə digər tələblər rədd olunmalıdır. Birinci instansiya məhkəməsi göstərilənlərə yekun qiymət verərək bu qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri X4nə və Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma, özbaşına inşa edilmiş hasarın sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Apelyatorun mövqeyinə görə, mübahisəli torpaq sahəsinin məhz ona ayrılmış 600 kv.m torpaq sahəsi olduğunu təsdiq edən sübutlar təqdim edilmişdir, mübahisəli torpaq sahəsinin kimə məxsus olmasını həm də cavabdeh sübut etməlidir, torpaq sahəsinin qeydiyyata alınması iddiaçının hüququdur, vəzifəsi deyil. Belə olan halda, bu hüquq gözlənilən hüquqdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsini və obyektiv qərar qəbul olunmasını təmin etmək məqsədilə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisələndirilən torpaq sahəsinin hüquqi statusu, kimin, hansı bələdiyyənin mülkiyyətində, yaxud sahibliyində olması və s. barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi tələb etmişdir. Müvafiq məhkəmə qərardadı əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23 aprel 2021ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, tərəflərin mübahisələndirildiyi torpaq sahəsi Əmlak Komitəsinin baza məlumatlarına əsasən X4nin hüdudları daxilində yerləşən Dövlət mülkiyyəti torpağıdır. Bakı şəhər, X4 tərəfindən tərtib edilmiş plan-cizgi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanma qaydaları” haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından sənəd üzrə vətəndaş İddiaçı Binəqədi qəsəbəsi ərazisində ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsinin yerini (sərhədləri) və ərazisinin müəyyən edilməsi mümkün deyil, həmçinin həmin səbəbdən mübahisələndirilən ərazidə yerləşən torpaq sahəsinin naturada yeri və vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə dair plandakı göstəriciləri ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün deyil. Cavabdeh1 ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planaalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından ona ayrılmış torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyil, mübahisələndirilən torpaq sahəsi X4nin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazidə İddiaçı və Cavabdeh1 adına torpaq sahəsinin ayrılması, eləcə də adlarına hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddianın və apellyasiya şikayətinin əsaslılığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Əksinə, mübahisələndirilən ərazinin dövlətin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən həmin torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ da müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı iddiaçının təqdim etdiyi “X2” MMC tərəfindən verilmiş 16.11.2020-ci il tarixli rəyin mötəbər sübut kimi qiymətləndirilməsinin qeyri mümkün olduğunu qeyd edir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərə, eləcə də bu sahədə ekspertlərin fəaliyyətini tənzim edən digər normativ aktların tələblərinə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməlidir. Hazırda bu sahədə hüquqi tənzimləmə məsələləri tam həllini tapmadığından özəl məhkəmə ekspertizası institutu tətbiq olunmur. Bu baxımdan “X2” MMC tərəfindən verilmiş 16.11.2020-ci il tarixli rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv araşdırılmasının aparılması təmin olunmuş, tərəflərə prosessual hüquqlarının həyata keçirilməsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müvafiq köməkiliklər göstərilmiş, mübahisəli torpaq sahəsinin tərəflərdən hansına məxsus olmasını müəyyən etmək üçün qanunla nəzrdə tutulmuş bütün tədbirlər görülmüş, lakin əldə olunmuş mütəxəssis və ekspert rəyləri ilə həmin torpaq sahəsinin tərəflərdən hansına məxsus olduğunu müəyyən etmək mükün olmamışdır. Nəticə etibarilə, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması nə onun özü tərəfindən təqdim olunmuş, nə də araşdırma zamanı məhkəmə tərəfindən əldə edilmiş sübutlarla birmənalı şəkildə təsdiq olunmadığından məhkəmə haqlı olaraq iddia tələbinin əsası kimi istinad edilən halların sübuta yetirilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 311 manatın 155,50 manat hissəsi İddiaçı, 155,50 manat hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin (Benefisiarın filialı: Kapital Bank ASC-in Xətai filialı. Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, benefisiarın adı:}KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, Benefisiarın hesabı: AZ23AİİB********************, VÖEN:**********). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar