Məhkəmə qərarları › İş №2(103)-9925/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9925/2021

28.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9925/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)- 2163/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 01.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsi üzrə işə bərpa edilməyini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şirkətdə 01.07.2020-ci il tarixdən işə başlamışdır. Şirkətdə vəzifəsi marketinq üzrə mütəxəssis olmuşdur. 2 ay işlədikdən sonra 01.09.2020-ci il tarixdə rəhbərlik tərəfindən ərizəsi ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Aylıq maaşlarını kart vasitəsi ilə deyil, nağd pul şəklində alırdı. 01.10.2020-ci il tarixdə rəhbərlik bir daha ona demişdir ki, öz hesabına ərizə yaz məzuniyyətə çıx. O da həmin ərizəni yazıb imzalayıb vermişdir. 01.11.2020-ci il tarixdə o, öz işinə qayıdarkən MMC-nin rəhbəri ona demişdir ki, o, işdən azad olunmuşdur. Səbəbini öyrənmək istədikdə mühasiblə əlaqə saxlamağını bildirmişdir. O, mühasiblə əlaqə saxlamışdır və ondan işdən azad olunma əmrini istəmişdir. Mühasib ona demişdir ki, şirkətin rəhbəri ilə əlaqə saxlasın, o, deyəcək. Bundan sonra dəfələrlə işdən azad olunma əmrinin ona verilməsini istəsə də, lakin bir nəticə əldə edə bilməmişdir. 06.11.2020-ci il tarixdə X5 Xidmətinə müraciət etmişdir. Onu çağırmış və son haqq-hesab ödənilib ödənilmədiyini soruşmuşlar. O, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona verilmədiyini, bu səbəbdən məhkəməyə müraciət edə bilmədiyini demişdir. Bir müddət sonra bir də əlaqə saxlamış və demişlər ki, özləri ona məlumat deyəcəklər. Sonradan bir neçə dəfə telefon əlaqəsi saxlayaraq məlumat almaq istəsə də, eyni cavabı bildirmişlər. Qəbula düşmək istəsə də, pandemiya şəraitini əsas götürərək qəbul etməmişlər. Onu X2 Bakı şəhər İdarəsinə yönəltmişlər. Onlarla əlaqə saxlasa da, nəticəsi olmamışdır. Məcbur olaraq 06.01.2021-ci il tarixdə X2 Bakı şəhər Ərazi İdarəsinə ərizə yazıb ona heç bir məlumat verilmədiyini bildirmişdir. Xahiş etmişdir ki, işdən azad olunma əmrinin surətini rəsmi qaydada ona verilməsi üçün köməklik göstərsinlər. Lakin hələ də onunla əlaqə saxlanılmayıb. Bütün bu olanlardan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X1 demişlər ki, onlar özləri ona kömək edəcəklər. İşdən azad olunma barədə əmrin surəti nə cavabdeh təşkilat, nə də DƏMX tərəfindən ona verilmədiyindən, həmin əmrin nə vaxt imzalanması və nömrəsi barədə məlumatı yoxdur. Həmçinin, işdən hansı əsasla çıxarılmağı barədə ona heç bir məlumat belə verilməyib. Məzuniyyətdə olduğu halda, əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunma barədə əmr verilərkən ondan ərizə alınmamışdır. Bu maddəyə əsasən işəgötürən həmin əmrdə onun işdən çıxarılmağını əsaslı sübutlarla təsdiq etməlidir. Əmək müqaviləsini ləğv edərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/202 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2020-ci il tarixli, 14 nömrəli əmrin ləğv edilməsi, İddiaçı 07.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona 03.11.2020-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə 03.11.2020-ci il tarixdə xilam verilmiş, iddiaçı isə sözügedən əmrin ləğv edilməsi barədə məhkəməyə bundan yalnız bir necə ay keçdikdən sonra müraciət etmişdir. Yəni, iddiaçı məhkəməyə müraciət edən zaman artıq Əmək Məcəlləsi ilə nəzərdə tutulan müddəti ötürmüş, məhkəmə isə işin sözügedən faktiki halını araşdırmamış və hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən işçi fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilməsi zəruridir ki, İddiaçı iş yerində əmək kitabçası olmasa da, onun əmrinin verildiyi gün son haqq-hesabı aparılmış və qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona ödənilən vəsaiti qəbul etmiş və həmin vəsaiti qəbul etməsinə dair zəruri sənədlər birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilmişdir. Göründüyü kimi, işci adı çəkilən sənədləri aldığı andan artıq məhkəməyə müraciət etməsi üçün iddia müddətinin axımı başlayır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş müddəti ötürməmişdir, belə ki, X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.01.2021-ci il tarixli məktubdan görünür ki, onun “Ecolos Azerbaijan" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətin araşdırılması ilə bağlı ona aid sənədlərin təqdim olunması barədə Cavabdeh MMC-nın rəhbərliyinə tərəflərindən 12.11.2020-ci il tarixli, **********1 nömrəli məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim olunmamışdır. "Ecolos Azerbaijan” MMC-nın vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, şikayət əsassızdır, ona görə də şikayətin təmin edilməməsini və Nəsimi rayon məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətiinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanmış 07.07.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 07.07.2020-ci il tarixdən Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə 3 aylıq sınaq müddəti ilə işə qəbul edilmişdir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbardarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Rəhim Rəhimovun işə qəbul haqqında 10/KQ nömrəli 07.07.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı 08.07.2020-ci il tarixdən MMC-yə marketinq vəzifəsinə işə qəbul edilmişdir. 08.07.2020-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru R.S.Rəhimova ünvanlanmış 30.08.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı onu 01.09.2020-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Rəhim Rəhimovun ödənişssiz məzuniyyət haqqında 10/ÖM nömrəli 01.09.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı - MMC-nin marketinq üzrə mütəxəssisi Əmək Məcəlləsinin 128, 129-cu maddələri və Əmək müqaviləsinin (kontraktın) 4.32-ci bəndinə əsasən 01.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək 30 təqvim gününədək öz hesabına ödənişsiz məzuniyyətə buraxılmasına dair əmr verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru R.S.Rəhimova ünvanlanmış 30.09.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı onu ailə vəziyyətinə görə 01.10.2020- 31.10.2020-ci il tarixində ödənişsiz məzuniyyətə buraxılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Rəhim Rəhimovun ödənişssiz məzuniyyət haqqında 10/ÖM-1 nömrəli 01.10.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı - MMC-nin marketinq üzrə mütəxəssisi Əmək məcəlləsinin 128. 120-cu maddələri və Əmək müqaviləsinin (kontraktın) 4.32 bəndinə əsasən 01.10.2020-ci il tarixindən 31 oktyabr 2020-ci il tarixinədək 31 təqvim gününədək öz hesabına ödənişsiz məzuniyyətə buraxılmasına dair əmr verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.01.2021-ci il tarixli məktubdan görünür ki, onun “Eco!os Azerbaijan" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin araşdırılması ilə bağlı ona aid sənədlərin təqdim olunması barədə Cavabdeh MMC-nın rəhbərliyinə tərəflərindən 12.11.2020-ci il tarixli, **********1 nömrəli məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstətilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Eyni zamanda bildirirlər ki, onun tərəfindən təqdim edilən sənədlərə baxış keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğundan tərəflərindən "Ecolos Azerbaijan” MMC-nın vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Bildirirlər ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılacaqdır. Qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Cavabdeh MMC-nin ofis meneceri E.Manafov tərəfindən cəmiyyətin direktoru R.S.Rəhimova ünvanlanmış istehsalat məlumatından görünür ki, 08.07.2020-ci il tarixdə müəssisəyə marketing üzrə mütəxəsis vəzifəsinə işə götürülmüş İddiaçı 01.09.2020-ci il tarixdən özünün yazılı ərizəsinə əsasən həmin günədək ödənişsiz məzuniyyətdədir. Onunla 07.07.2020-ci tarixdə əmək müqaviləsi bağlanması ilə bağlı dövlət portalında alınmış "bildirişə əsasən" 08.07.2020-ci il tarixdə öz vəzifə funksiyalarına başlamasına baxmayaraq, həmin günə kimi əmək kitabçasını, sosial sığorta şəhadətnaməsinin surətini və təhsili haqqında müvafiq sənədi müəssisəyə təqdim etməmişdir. Bununla o, Azərbaycan Respublikasının Əmək Məcələsinin 43-cü maddəsinin tələblərini pozmuşdur. Nəzərinizə çatdırıram ki, İddiaçı cəmiyyətdə işə başladığı gündən onunla bağlanmış əmək müqaviləsinə əsasən 3 ay sınaq müddəti verilməsinə baxmayaraq, ancaq iyul və avqust aylarında işdə olmuşdur. Əmək müqaviləsinin şərtlərinə əsasən işçi olaraq marketing strateqiyası və marketing siyasətinin həyata keçirməsi üzrə müvafiq planları, bazarın vəziyyətini öyrənərək müəsissəni maraqlandıran məhsul və xidmətlərə tələb və təkliflər barədə informasiyalar hazırlamalı idi, eyni zamanda cəmiyyətin fəaliyətıni həyata keçirilməsi ilə bağlı sahə üzrə, müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər və partnyorlər barədə informasiyaların toplanması və danışıqların aparılmasında iştrak etməli, bununla bağlı müxtəlif lahiyələrin iqtisadi təbliğatı məsələləri üzrə və digər media nümayəndələri iiə əlaqələr saxlamalı idi. Reklamların keçirilməsi müxtəlif plakatların hazırlanması, aksiyaların keçirilməsi və digər məsələlərlə məşğul olmalı idi. Əfsuslar olsun ki, müəsissə rəhbərliyinin düşüncələrinə uyğun yuxarıda qeyd olunan məsələlərin faktiki həllində passivlik göstərərək, öz əmək funksiyası üzrə faktiki olaraq məşğul olmamışdır. Bununla müəsissənin marketing sahəsində boşluqlar əmələ gəlmiş, bu da cəmiyyətə müvafiq ziyanın vurulmasına gətirib çıxarmışdır. Gələcəkdə adı çəkilən işçinin müəssisədə vəzifəni daşıyaraq və əmək haqqı alaraq işdə qalmasını məqsədə uyğun hesab etmir. Xahiş edir ki, müvafiq tədbirlər görülsün. İş materiallarında olan Cavabdeh MMC-nin ofis meneceri E.Manafov tərəfindən cəmiyyətin direktoru R.S.Rəhimova ünvanlanmış İstehsalat məlumatından görünür ki, faktiki olaraq 01.10.2020-ci il tarixli əmrə əsasən İddiaçı 02.11.2020-ci il tarixdə ödənişsiz məzuniyyətdən qayıtmalı və vəzifəsinə uyğun məsələlərlə məşğul olmalı idi. Ödənişsiz məzuniyyət müddətinin bitməsinə baxmayaraq qeyd edilən tarixdə işə çıxmamış və bununla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozmuşdur. Müvafiq tədbirlərin görülməsini xahiş edir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru R.S.Rəhimovun əmək müqaviləsinə xitam verilməsi haqqında 14 nömrəli 03.11.2020-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətdə marketinq üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 05.11.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilməsi, istifadə olunmamış məzuniyyət günlərinə görə son haqqhesabın hesablanıb ödənilməsinə dair əmr verilmişdir. 05.11.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin direktoru X4 03.11.2020-ci il tarixli, 14 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış 07.07.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM–nin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı 08.07.2020-ci il tarixdən Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsində işə başlamış və Cavabdeh MMC-nin direktorunun 03.11.2019-cu il tarixli əmri ilə (işə bağladığı tarixdən 3 ay 25 gün sonra) Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə işdən azad olunmuşdur. Bu barədə iddiaçıya hər hansı bildiriş göndərilməmişdir. İddiaçının müvafiq müraciətinə əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan "Ecolos Azerbaijan” MMC-nın vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh tərəfin iddianın rədd edilməsi barədə məhkəməyə təqdim etdiyi dəlillərdən isə görünür ki, iddiaçı «Ecolos Azerbaijan” MMC-nin direktoru X6 tərəfindən 07.07.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, lakin heç bir məlumat vermədən işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən 03.11.2020-ci il tarixli 14 nömrəli əmri ilə işdən çıxarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Bu Məcəllənin 70-ci maddəsinin «d» bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin müəyyən edilən hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilərkən qanunvericiliyin tələbləri pozulmuş, o, üç aylıq sınaq müddəti bitdikdən 25 gün sonra işdən azad edilmiş və bu barədə ona nə şəxsən, nə də yazılı şəkildə poçt vasitəsilə xəbərdarlıq edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə üç ay ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədiyindən, o, sınaq müddətindən çıxmış hesab edilməli, onunla bağlanmış əmək müqaviləsinin ləğvi isə qanunsuz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Məhkəmə kollegiyası İddiaçı ilə əmrinin verildiyi gün son haqq-hesabı aparılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona ödənilən vəsaiti qəbul etməsi və həmin vəsaiti qəbul etməsinə dair zəruri sənədlərin cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilməsi və məhkəməyə müraciət etməklə bağlı ƏM-də müəyyən edilmiş 1 aylıq müddəti ötürməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən qeyd edilən halları təsdiq edən sübutların birinci instansiya məhkəməsində təqdim edildiyi müəyyən edilmir. Bundan başqa, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin ona təqdim edilməsi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. ƏM-nin 296-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, qanunverici fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun hesablanığı müddətin başlanğıcı kimi işçinin öz hüququnun pozulmasını aşkar etdiyi günü müəyyən etmiş, həmin günün isə işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün olduğunu təsbit etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının tərəf olduğu əmək müqaviləsinin surətindən həmin müqavilənin işçi tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/2021 nömrəli qətnaməsi apellyasiya şükayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar