Məhkəmə qərarları › İş №2(103)-993/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-993/2025

03.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-993/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4834/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1, mənzil 42 dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə 4/5 hissədə Cavabdeh, xx.xx.2023-cü il tarixdə 1/5 hissədə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır.

2. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı və X1 yaşayış sahəsindən çıxarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060) 4950/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun 1/5 hissə pay nisbətində mülkiyyətində olan ünvan 1, mənzil 42 mənzilinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır. Mübahisəli mənzil vərəsəlik hüququ əsasında anasından 4/5 hissə pay nisbətində qardaşının mülkiyyətinə, 1/5 hissə pay nisbətində onun mülkiyyətinə keçmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-ci il tarixli ********** saylı çıxarışı da bunu təsdiq edir. Mənzil onun mülkiyyətindədir. O, öz mülkiyyətindən sərbəst şəkildə istifadə etmək istəyir. Cavabdeh buna şərait yaratmır. Məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4834/2024 nömrəli qətnaməsi ilə (hakim E.F.Vəliyeva) iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının başqa yaşayış yeri olmamaqla hazırda paylı mülkiyyətində olan mənzildə yaşamaq üçün ehtiyacı olmasına baxmayaraq mülkiyyət hüquqlarından istifadə edilməsi hüququ pozulmuşdur. Hətta iddiaçının başqa yaşayış yerinin olması belə onun paylı mülkiyyətində olan mənzildəki mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hal kimi əsas götürülə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 215.1, 215.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil analarından miras qalmış, digər bacı və qardaşları onun xeyrinə öz paylarından imtina etmişdir. İddiaçı ilə bir evdə yaşamaq mümkün deyil. Bu səbəbdən də mənzildə olan iddiaçının payının əvəzinə ona pul təklif etsə də, o həmin mənzilin tam dəyərini tələb etdiyindən münasibətləri pozulmuşdur. Hazırda həmin evdə oğlu yaşayır, idmançıdır. İddiaçının uşaqları balaca olduğundan bir evdə yaşamaq mümkün deyil. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Həmçinin, məhkəmə iddiaçının evin tam dəyərini ondan tələb etməsinin qanunsuz olduğunu və onun iddiaçıya 40000 manat təklif etdiyini də nəzərə almamışdır. Məhkəmə iddiaçının boş-boş ifadələrinə əsaslanaraq cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin 1/5 hissəsinə dair mülkiyyət hüququ dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

21. Cavabdeh apellyasiya şikayətində mənzilə olan payının əvəzinə iddiaçıya pul təklif etsə də, onun qəbul etmədiyini, iddiaçının uşaqları balaca olduğundan bir evdə yaşamağın mümkün olmadığını bildirsə də, işdən görünür ki, iddiaçı öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmuş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.

22. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

23. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 215.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı birgə mülkiyyətdə olan evə köçürüldükdən sonra evə sahiblik və ondan istifadə ilə bağlı tərəflər arasında razılaşma əldə edilmədiyi təqdirdə, evə sahiblik və ondan istifadə qaydasının müəyyənləşdirməsi üçün məhkəməyə müraciət edilə bilər.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4834/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar