Məhkəmə qərarları › İş №2(103)-994/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-994/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-994/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mənzilin müqavilədə göstərilmiş ümumi sahəsinə görə hesablanmış məbləğin geri ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021ci il tarixli 2(005)-3290/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasındakı fərqdən yaranan 10533.80 manat məbləğin, həmçinin, bu məbləği öhdəliyinin bitməsindən bugünədək keçən 4 il ərzində 5% orta illik bank əmanətinə cəlb etməklə əldə edə biləcəyi 2106.76 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 12670.56 manatın cavabdeh ASC-dən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ASC-nin sələfi olmuş "X2" MMC ilə 08.06.2007-ci il tarixində 3619 saylı alqı-satqı müqaviləsi bağlamış və bu müqaviləyə əsasən cavabdeh ona Bakı Sumqavıt yolu 7-ci km-də yerləşən "Abşeron Gənclər Şəhərciyi"nin 36-cı blokunda ümumi sahəsi 69.5 kv.m olan 2 otaqdan ibarət 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzili satmış, müqavilədə mənzilin 1 kv.m üçün qiyməti 180 ay müddətinə hesablanmaqla, 1075 manat göstərilmişdir və ümumi qiymət 74712.50 manat təşkil etmişdir. Bu məbləğin 63660.81 manat hissəsini 08.06.2007-ci il tarixindən 14.03.2017-ci il tarixinədək olan müddətdə banka ödəyərək öhdəliyini yerinə yetirmiş və borcunun qalmaması haqqında müvafiq maliyyə arayışı da almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi 17.02.2021-ci il tarixli texniki pasportda və 23.02.2021-ci il tarixli ********** nömrəli çıxarışda sözügedən mənzilin ümumi sahəsi 58 kv.m olaraq göstərilmişdir. Belə aydın olur ki, MMC-nin hesabladığı və yuxarıda qeyd olunmuş müvafiq sənədlərində göstərdiyi 69.50 kv.m ümumi sahə ilə ƏMDK DƏDRX-nin hesabladığı və yuxarıda qeyd olunmuş müvafiq sənədlərində göstərdiyi 58 kv.m ümumi sahə arasındakı 11.50 kv.m sahə fərqi Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində göstərildiyi kimi, ümumi sahəyə daxil edilməyən bayır və ara divarlarının sahəsidir. O, yuxarıda qeyd olunmuş 63660.81 manat məbləği ödəməklə, elə müqavilədə göstərilmiş 69.50 kv.m ümumi sahəni deyil, əslində 58 kv.m ümumi sahəni əldə etmişdir. Yəni, 11.50 kv.m yaxud məbləğlə 10533.80 manat məbləğində aldadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(005)- 3290/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" ASC-dən 4.945 manat məbləğində maddi ziyan, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ASC tərəfindən mənzillər kv.m-lə deyil, vahid qiymətlə satılır, mənzil vahid qiymətlə satıldığı üçün bu günki qaydalarla hesablanaraq sahəsi daha az müəyyən edilsəydi də mənzilin qiyməti dəyişməyəcəkdi. İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən mənzilin vahid qiymətlə müəyyən edildiyini bilirdi. İddiaçı ilə müqavilə 2007-ci ildə imzalanmasına baxmayaraq iddiaçı 14 il sonra məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında ASC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya əvvəla qeyd edir ki, hazırda qətnamə qismən cavabdehin apelyasiya şikayəti həddində - iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır, belə ki, iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 08.06.2007-ci il tarixli, 3619 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Bakı-Sumqayıt yolu 7-ci km-də inşa ediləcək 1 saylı binanın, 36 blok, 8-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 69,50 kv.m olan 31 saylı mənzili İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 74712,5 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay hər kv.m üçün 1075 manat məbləğində ödəniş etməklə 180 ay müddətinə ödəməyi öhdəsinə götürmüş və 74712,50 manat pul cavabdehə tam ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanda yerləşən mənzil sahəsi 58 kv.m olmaqla İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 23.02.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı 27 aprel 2021-ci il tarixli ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmiş, lakin bir nəticə əldə edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 10/3599 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzilin ümumi sahəsinin 57,9 kv.m təşkil etdiyi, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda yerləşən 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzilin faktiki ümumi sahəsinin (balkona azalma əmsalı tətbiq olunmadıqda) 61,5 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunmuşdur ki, Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin 36-cı blokunda olan 2 otaqdan ibarət 31 saylı (təhvil veriləndə isə 38 saylı) mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi hesablandıqda həmin mənzilin sahəsinin 64.9 kv.m-dir. Mübahisəli mənzilin yerləşdiyi binanın işçi layihəsinin təqdim olunması barədə vəsatət təmin olunmadığından Bakı-Sumqayıt yolu 7-ci km-də yerləşən “Abşeron Gənclər Şəhərciyi"nin 36-cı blokunun mənzillərinin işçi layihəsinə uyğun olubolmaması barədə tədqiqat aparılmamışdır. Beləliklə, göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə mənzilin ümumi sahəsi 69,50 kv.m göstərilmiş, DƏDRX tərəfindən verilmiş çıxarışda 58 kv.m qeyd olunmuş, keçirilmiş ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi 64.9 kv.m müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, müqaviləyə əsasən cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 69,5 kv.m sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsinin məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə 64,9 kv.m olduğu müəyyən edilmişdir, bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (69,5 kv.m sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 74712,50 manat məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. İddiaçıya dəyən zərər mənzilin müqavilədə göstərilən sahəsi, yəni 69,5 kv.m sahədən ekspert rəyi ilə müəyyən edilmiş real sahəsi - 64,9 kv.m sahə çıxılmaqla, əskik qalan 4,6 kv.m, 1 kv.m üçün nəzərdə tutulmuş dəyəri ilə hasili hesablanmaqla müəyyən edilməlidir. (1075 x 4,6=4945 manat) Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi sahəsi 69,5 kv.m olan mənzil verilməli olduğu halda, sahəsi 64,9 kv.m olan mənzil verilmişdir. İddiaçıya verilmiş mənzilin sahəsi müqavilə üzrə verilməli olan mənzilin sahəsindən 4,6 kv.m (69,5 kv.m – 64,9 kv.m = 4,6 kv.m) əksik olduğundan, onun qarşılığının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı qeyd etdikləri də əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3290/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar