Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9948/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdehin Cavabdeh1, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(003)-422/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikiliyə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xəzər rayonu, Binə qəsəbəsi, X8 100 kv.m sahədə inşa edilmiş 3 otaqlı evə köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılır ki, onun tərəfindən 2009–cu ildə 50000 manat məbləğində pul xərclənərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 100 kv.m sahədə 3 otaqlı ev inşa edilmişdir. Cavabdeh1 20 iyul 2006-cı ildə onun oğlu İdris Xanverdiyevlə rəsmi nikaha daxil olmuş, 2009–cu ildən isə mübahisəli özbaşına tıkiliyə köçərək orda yaşamağa başlamışdır. 2016-cı ildən sonra iddiaçının oğlu Xanverdiyev İdris işləmək üçün Rusiyaya getmiş və geri qayıtmamışdır. 30 avqust 2018–ci il tarixdə isə Cavabdeh1 boşanma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 və onun qardaşı olan Cavabdeh2 oğlu iddiaçının Xəzər rayonu Binə qəsəbəsi, X8 100 kv.m sahədə inşa edilmiş 3 otaqlı evə buraxmamış və evi Cavabdeh3 satmışlar. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bununla bağlı onu da qeyd etmək zəruri hesab edilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həsənova Zeynəb Mirbağır qızından 50000 manat məbləğində pulun tutularaq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(003)-422/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(003)-422/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hazırki mübahisə baxımından isə nəzərə alınmalıdır ki, iddiaçıya məxsus tikilinin qanunsuz olaraq, yəni əvəzi ona ödənilmədən və onunla razılaşdırılmadan satıldığı mübahisə doğurmur. Cavabdehlər özləri də iddiaçı tərəfindən tikiliyə xərc çəkildiyini etiraf etmiş, tikilinin iddiaçının vəsaiti hesabına tikilməsi şahid ifadələri əsasında mötəbər şəkildə sübut olunmuşdur. İşdəki sübutların məcmusuna qiymət verməklə tikilinin satılması nəticəsində iddiaçıya maddi ziyan vurulduğu qəbul edilməlidir. Cavabdehlər tikilini özləri tikdiklərini bildirsələr də məhkəmədə bildirdikləri halları təsdiq edən sübutları təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt), yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəticəsində İddiaçı tərəfindən tikintisi həyata keçirilən ev cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində satılmışdır. Evin tikintisinə iddiaçı tərəfindən xərc çəkilməsi məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunmuşdur. Cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, sadəcə şifahi bildirdikləri ilə iddia tələbinə etiraz edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunan işin faktiki halları ilə İddiaçı tikilmiş tikiliyə xərc çəkdiyi sübuta yetiriləsə də düzgün olmayaraq məhkəmənin tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclədiyi, yəni həmin vəsaitin bağışlama müqaviləsi çərçivəsində iddiaçı və Cavabdeh2 tərəfindən ər-arvadın birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərcləndiyi nəticəsinə gəlməsi qanunsuz və əsassızdır. Heç bir halda tərəflər arasında bağışlama müqaviləsindən irəli gələn münasibət yaranmamış, buna dair iş materiallarında hər hansı mötəbər sübut olmadığı halda iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verilməsinə dair məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. İddiaçı tərəfindən həmin tikiliyə xərc çəkildiyi müəyyən edildiyi halda, cavabdehlərin həmin tikilini sataraq iddiaçıya ziyan vurduğu öz təsdiqini tapdığına görə məhkəmənin gəldiyi qənaət düzgün olmamışdır. Tərəflər arasında hər hansı bağışlama müqaviləsi olmadığına görə məhkəmə nəyə əsasən bağışlama müqaviləsindən irəli gələn normalara istinad etməklə iddia tələbini rədd etdiyini qətnamədə kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin söz getmədiyi, tələbin dəymiş maddi ziyanın ödənilməsi olduğu nəzərə alındığında məhkəmənin düzgün nəticəyə gəlmədiyi aşkardır. Məhkəmə tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, iş üzrə İddiaçı xərc çəkərək mübahisəli tikilini tikdirdiyi və həmin tikilinin cavabdehlər tərəfindən satılaraq ona maddi ziyan vurulduğu mötəbər sübutlarla təsdiq edildiyi halda bağışlama müqaviləsinə istinad edərək iddiaçının almış olduğu maddi ziyandan məhrum etmək onun hüquqlarının kobud pozulmasıdır. İddiaçı tərəfindən xərc çəkilib ev tikildiyi və ona məxsus həmin tikilinin satıldığı və əvəzində 15.000 manat pul əldə edildiyi nəzərə alındığında iddiaçının öz əmlakından məhrum olması və hakimin bunu bağışlama müqaviləsinə istinad etməsi tamamilə qanunsuz, əsassız və ədalətsiz nəticədir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.04.2021-ci il tarixli, 2(103)-424/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli, 2(003)-422/2020 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X8 yerləşən 3 otaqlı fərdi yaşayış evinin təmir-tikintisinə sərf olunmuş 12866,2 manat məbləğin 1/2 hissəsinin (6433,1 manat) cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatının İddiaçı, 25 manatının isə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-4472/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, həmin ev oğlu üçün tikilib. Həmin torpaq sahəsini 2009-cu ildə Zöhrabın dostundan almışdır. Orada 2009-2010-cu illərdə ev tikiləndən sonra oğlu və gəlini Kəmalə 5-6 il həmin evdə yaşadılar. O özü həmin evdə heç vaxt yaşamamışdır. O, həmin fərdi yaşayış evini oğlu İdris üçün tikmişdir ki, orada həyat yoldaşı ilə birlikdə yaşasın. O, evin tikintisi üçün daşı nisyə almışdır, həmçinin evin tikintisi zamanı bəzi təmir-tikinti işlərini onun qohumlarıda orada işləmişlər. Xahiş etdi ki, qətnamə ləğv edilsin, onun iddiası təmin edilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, Donuzkökəltmə sovxozunun əmri ilə onun qardaşı Zöhraba 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Onun yaşamaq üçün yeri olmadığına görən qardaşı Zöhrab özünə məxsus torpaq sahəsini ona vermişdir ki, orada ev tikib yaşasın. Onun qaynatası olan İddiaçı evin tikintisi üçün təxminən 200-300 daş almışdır. Həmin torpaq sahəsində evin tikilməsi üçün bütün xərci onun qardaşı Zöhrab özü çəkmişdir. Evin tikintisinə lazım olan bütün xərcləri çəkmək üçün qardaşı Zöhrab ona pul vermişdir. Həmin evdə o, əri İdris ilə birlikdə yaşamışdır. İddiaçı həmin evdə heç vaxt yaşamamışdır. 2016-cı ildən əri İdris Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. O, X4 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Xahiş etdi ki, iddia əsassız olduğundan rədd edilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etmədi, cavabdehin izahatına uyğun məzmunda izahat verdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(003)-422/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 17 avqust 2021-ci il tarixli, 2(102)- 4472/2021 saylı qərarında qeyd etmişdir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddianın qismən edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinin tikintisinə həm iddiaçı, həm də cavabdeh tərəfin vəsait xərcləməsi müəyyən edilsə də, onlardan hansının dəqiq nə qədər məbləğdə vəsait xərcləməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən yaşayış sahəsinin tikintisinə xərclənmiş vəsaitin yarısı, cavabdehlər X5 və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməlidir. Buradan göründüyü kimi, ilkin olaraq apelyasiya kollegiyası tərəflərdən hansının nə qədər məbləğdə vəsait xərcləməsinin müəyyən edilmədiyini qeyd etsə də, hansı əsasla yaşayış sahəsinin tikintisinə sərf olunmuş vəsaitin tərəflər arasında yarı-yarıya bölünməli olmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən apelyasiya kollegiyası iddiaçının yaşayış sahəsinə vəsait sərf etməsi qənaətini birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə istinadən əsaslandırsa da, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, istinad edilən şahid ifadələri tədqiq edilərkən dindirilmiş şahidlərdən Cavanşir Məmmədov iddiaçının onlara kömək etməsini bildirmiş, Hüseyn Məmmədov da iddiaçının onlara kömək etdiyini və onun təxminən 7-8 maşın daş və qum aldığını bildirmiş, Ayaz Quliyev iddiaçının qaynı olmasını, materialların kim tərəfindən alınmasını bilmədiyini, özünün köməklik etdiyi və ona heç kimin pul vermədiyini bildirmişdir. Belə olan halda apelyasiya kollegiyasının şahid ifadələri ilə iddiaçının yaşayış sahəsinin tikintisinə vəsait sərf etməsinin müəyyən edilməsini göstərməsi anlaşılan deyildir. Digər tərəfdən, iddiaçının və cavabdeh tərəfin iş materiallarında olan izahat və dəlillərindən aydın olur ki, mübahisəli ev iddiaçının oğlu ilə cavabdeh Kəmalənin birgə yaşaması üçün tikilmişdir. Tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının və cavabdehlər Cavabdeh2 gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənmişdir. İddiaçı oğlu ilə cavabdeh tərəf arasında nikah pozulduqdan sonra qeyd olunan tələblə çıxış etmişdir. Belə olan halda, apelyasiya kollegiyası həmçinin tərəflər arasında mövcud olmuş münasibətlərin bağışlama müqavilə münasibətlərindən əmələ gələn münasibətlər olmadığı barədə mövqeyini də əsaslandırmamış və tərəflər arasında qeyd edilən münasibətin (bağışlama) olmaması mövqeyini bildirməklə məhkəmə araşdırmasını yekunlaşdırmışdır. Kollegiya kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişləri nəzərə alaraq, aşağıdakıları qeyd edir: İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindın görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindın görünür ki, Cavabdeh3 Lerik rayonu, Siyov kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-708 saylı, 04.06.2019-cu il tarixli məktubun surətindən görünür ki, Donuzkökəltmə sovxozunun 27 saylı, 29 aprel 1998-ci il tarixli əmri ilə Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə kollektivi şurasının birgə ümumi iclasının 12 mart 1994–cü il tarixli 23 saylı qərarı ilə sovxoz fəhlələrinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan X9 tərəfindən Bakı şəhəri 31 saylı Notariat kontorunda yazılmış 19.07.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh2 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Abşeron rayon Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin satılmasna etiraz etmir, razıdır. Gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələb irəli sürməyəcək və heç bir məhkəmə mübahisəsi qaldırmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin İddiaçı ünvanlanmış 02.09.2019-cu il tarixli, 044-14631M-3219 saylı məktubunun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin gəlini X5 və onun qardaşı Cavabdeh2 tərəfindən satılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır. Məktubda deyilir : "Bildiririk ki, aparılan araşdırma zamanı sözügedən ünvanda yerləşən torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin Sizə məxsus olması ilə bağlı müvafiq sənədlərin surətlərinin təqdim edilmədiyi, lakin həmin ünvanda inşa edilmiş fərdi yaşayış evinin tikintisinə dair ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli, 521 nömrəli qərarına əsasən Sovxoz Həmkarları komitəsi ilə kollektiv şurasının birgə ümumi iclasının 12 mart 1994-cü il tarixli 23 nömrəli qərarı ilə Cavabdeh2 ayrıldığı müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, oğlunuzun təxminən üç il bundan əvvəl Rusiya Federasiyasına gedərək bir daha geri qayıtmaması səbəbindən gəlininiz K.Məmmədova sözügedən mənzili tərk edərək qardaşının evinə qayıtmış və bundan sonra Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş bacısına müvəqqəti istifadə və yaşaması üçün verdiyi fərdi yaşayış evini notarial qaydada satmışdır. Araşdırma nəticəsində müraciətinizdə göstərdiyiniz mülkiyyətinizdə olduğunu qeyd etdiyiniz, lakin yuxarıda qeyd olunan müvafiq sənədlərlə Cavabdeh2 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin əsassız olaraq sonuncu tərəfindən satılması barədə xüsusatlar təsdiq olunmamışdır." İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 bina 0010, mənzil 1590 ünvanında quraşdırılmış **********01590 saylı abonent kodu üzrə qaz sayğacı Cavabdeh3 adınadır. İş materiallarında olan ünvan 8 ünvanında quraşdırılmış **********03600 saylı abonent kodu üzrə qaz sayğacı Cavabdeh3 adınadır. İş materiallarında olan ünvan 9 ünvanında quraşdırılmış **********01190 saylı abunə kodu üzrə elektrik sayğacı Cavabdeh3 adınadır. İş materiallarında olan məhkəmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 X4 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavanşir Məmmədov iddiaçının onlara kömək etməsini bildirmiş, Hüseyn Məmmədov da iddiaçının onlara kömək etdiyini və onun təxminən 7-8 maşın daş və qum aldığını bildirmiş, Ayaz Quliyev iddiaçının qaynı olmasını, materialların kim tərəfindən alınmasını bilmədiyini, özünün köməklik etdiyi və ona heç kimin pul vermədiyini bildirmişdir. Əvvəkl apellyasiya mərhələsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 10/2607 saylı rəyinə əssasən baxış zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 yerləşən, tədqiqat obyekti olan fərdi yaşayış evi üzrə aparılan təmir-tikinti işləri olaraq təqdim edilən işlərə çəkilmiş xərclərin orta bazar qiyməti (2009-cu il) 12866,2 manat olduğu müəyyən edildi. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli ev iddiaçının oğlu ilə cavabdeh Kəmalənin birgə yaşaması üçün tikilmişdir. İddiaçı iddiasında qeyd edir ki, o, 50000 manat məbləğində xərc çəkmişdir. Tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün təqdim etdiyi şahid ifadələri və cavabdehin ehtirafı ilə onun həmin mənzilin tikintisiin bir qism xərclərini çəkdiyi müəyyən olunur. Cavabdehin qardaşı olan digər Cavabdeh2 da izahatında qeyd edir ki, torpaq sahəsi ona məxsusdur və həmin sahədə öz bacısı cavabdeh Kəmalə üçün fərdi yaşayış evini o, tikmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, iddiaçının özü üçün fərdi yaşayış evini cavabdehə məxsus torpaq sahəsində inşa etməsi ağlabatan deyil. İddiaçının özü üçün ev tikmək niyyəti olsa idi, cavabdehə məxsus deyil, başqa sahədə özü üçün fərdi yaşayış evi inşa edə bilərdi. Qeyd olunanlar onu göstərir ki, fərdi yaşayış evi iddiaçının özünün yaşaması üçün deyil, oğlu İdris və gəlini Kəmalənin birgə yaşaması üçün tikilmişdir. Lakin bununla yanaşı, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həmin fərdi yaşayış evinin tkintisi üçün müəyyən tikinti materiallarının alınmasına və müəyyən işçi qüvvəsinin əməyinin ödənilməsinə pul vəsaiti xərcləmişdir. Cavabdeh2 iddiaya etirazını onunla əsaslandırmışdır ki, həm o, həm də iddiaçı, həmin evi İdris və Kəmalənin yaşamaları üçün tikdiklərindən həmin evin tikintisinə müəyyən miqdarda vəsait xərcləmişlər. O, həm torpaq sahəsini təqdim edib, həm də tikinti üçün material alınmasına və tikinti işlərinin aparılmasına maddi köməklik göstərmişdir Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının və cavabdehlər Cavabdeh2 gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənib. Yəni həmin vəsait bağışlama müqaviləsi çərçivəsində iddiaçı və Cavabdeh2 tərəfindən ər-arvadın birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclənmişdir. Həmçinin, iddiaçı özü də məhkəmədə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini özü üçün deyil, oğlu və gəlinin birgə yaşaması üçün tikdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-nin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. MM-nin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. MM-nin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: -673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; -673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; -673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Kollegiya hesab edir ki, hazırki iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməlidir. İş üzrə tədqiq edilmiş sübutlara əsasən iddiaçının oğlunun gəlini ilə birgə yaşamaları üçün fərdi yaşayış evinin tikintisinə xərclədiyi vəsaitin, o cümlədən aldığı materialın gələcəkdə qaytarmaq şərti ilə tikintiyə sərf etməsi halı sübut edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının sonradan oğlu və gəlini arasındakı nikah münasibətlərinin pozulması, həmin pul vəsaitinin geri qaytarılmasına əsas ola bilməz. Göründüyü kimi, iddiaçının qeyd etdiyi faktiki hallar tapılan iddia tələbinin qanuni əsası olan MM-nin 673.1-ci maddəsinin şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsi iddianın təminindən imtina edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun tərəflər arasında yaranmış münasibətlərin delikdən irəli gələn münasibətlər olması ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, MM-nin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, deliktdən irəli gələn öhdəliklər üzrə məsuliyyətə cəlb etmə üçün 4 elementin (hüquqa zidd əməl, zərər, təqsir (təqsirsiz məsuliyyət halları istisnadır), səbəbli əlaqənin məcmu halda mövcudluğu tələb edilir. Göründüyü kimi, delikdən əmələ münasibətlərin yaranması üçün yuxarıda qeyd olunan 4 elementin heç biri mövcud deyildir. Kollegiya apellyatorun MM-nin 668.1.1-ci maddəsinə əsasən bağışlama müqaviləsinin notariat qaydada təsdiq edildiyi halda etibarlı olması, hazırda isə tərəflər arasında belə bir müqavilənin olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MM-nin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama müqaviləsi etibarlıdır. İddiaçı hazırki iş üzrə daşınmaz əmlak və ya həmin əmlaka olan hüquqları hədiyyə etməmiş, müəyyən tikinti materiallarının alınmasına və müəyyən işçi qüvvəsinin əməyinin ödənilməsinə pul vəsaiti xərcləməklə, oğlunun və gəlininin birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclədir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı dəyəri olan 50 manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(003)- 422/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirisin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9948/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9948/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver