Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9960/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər» tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(009)-2076/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra, cavabdeh) qarşı «əmrin ləğv ediməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ilin sentyabr ayından etibarən AzTV-nin “Azərbaycan radiosunda” müxbir işçi kimi əmək fəaliyyətinə başlamış, 2013-cü ildən qurumun “Uşaq, gənclik və maarifçilik” baş redaksiyasının redaktoru vəzifəsində fəaliyyətini davam etdirmiş, 19 oktyabr 2020-ci il tarixdə isə 491 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Çalışdığı iş yeri onun və ailəsinin yeganə gəlir mənbəyidir. Cavabdeh dövlət şirkəti olaraq hər il dövlət büdcəsindən maliyyələşir, bundan başqa, gəlirləri həm də kommersiya fəaliyyətindən əldə edilən vəsaitlərdən, qrantlardan və digər fəaliyyət növlərindən əldə edilən vəsaitlər hesabına formalaşır. Belə olan halda, işçini ixtisaretmə vacibliyinə münasibətdə cavabdehin əmlak vəziyyətinin pisləşməsi haqqında düşünmək mümkünsüz olar ki, bu da ona dəlalət edir ki, ixtisar əsası ilə iddiaçının işdən azad edilməsi üçün heç bir real əsas olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(009)- 2076/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin maddi və prosessual hüquq normalarının pozulmasını, ədalətli məhkəmə araşdırmasının aparılmamasını, işdən azad olunma barədə əmrin zəruriliyinin əsaslandırılmamasını, ixtisar zərurətinin hansı səbəbdən yaranmasının müəyyən edilməməsini, sözügedən iş yerinin onun və ailəsinin yeganə qazanc mənbəyi olmasını və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmiş və suala cavab olaraq - 17.08.2020-ci il tarixli onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlığa məcburi şəkildə imza etdiyini, xəbərdarlıq müdətində işlədiyini, üzərində işlədiyi layihələrin olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçı 2006-ci ildən etibarən əmək müqaviləsi əsasında Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də müxtəlif vəzifələrdə və son olaraq Televiziyanın “Uşaq və Gənclik verilişləri” baş redaksiyasında redaktor vəzifəsində işləmişdir. Tərəflər əmək münasibətlərində olduğu dövrdə iddiaçının çalışdığı Uşaq və Gənclik verilişləri” baş redaksiyasının baş redaktoru 24.07.2020-ci il tarixli təqdimatla QSC-nin sədrinə müraciət edərək, işçi sayının çoxluğu ilə əlaqədar 1 ədəd ştat vahidinin (redaktor İddiaçı) ixtisar olunmasını xahiş etmişdir. QSC-nin sədri tərəfindən isə 30.07.2020-ci il tarixli təqdimatla qeyd olunan vəzifənin ləğv edilməsi məsələsinə baxılması üçün QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət olunmuş və Komitənin sədri tərəfindən 10.08.2020-ci il tarixli, 07 nömrəli məktubla təqdimatla göstərilən məsələyə 10.08.2020-ci il tarixdə Komitənin üzvlərinin iclasında baxıldığı və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinə etiraz olunmadığı bildirilmişdir. Bundan sonra, cavabdeh təşkilat tərəfindən 17.08.2020-ci il tarixdə ixtisara düşmüş işçi kimi İddiaçı 9 həftə əvvəl rəsmi xəbərdarlıq edilməklə ona Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilmiş və sonuncu həmin tarixdə xəbərdarlıqla tanış edilmişdir. Qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra QSC-nin sədrinin 19.10.2020-ci il tarixli, 491 k/d saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri isə formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilməklə qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. ƏM-in 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə kollegiyası, hazırkı mübahisənin hüquqi həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. ƏM-in 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Baxılan işdən görünür ki, cavabdeh təşkilatin sədri tərəfindən 30.07.2020-ci il tarixli təqdimatla Həmkarlar İttifaqı Komitəsinin sədrinə müracət edərək, Uşaq və Gənclik verilişləri” baş redaksiyasında redaktor vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv dilməsinə razılıq verilməsi xahiş olunmuş və Komitə tərəfindən 10.08.2020-ci il tarixli məktubla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinə etiraz olunmamışdır. Bundan əlavə, ƏM-in 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq işçinin on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən 17.08.2020ci il tarixdə iddiaçıya əmək müqaviləsinə xitamla bağlı qanunla müəyyən olunmuş müddət ərzində qabaqcadan rəsmi xəbərdarlıq edilərək, ona ƏM-in 77-ci maddəsində nəzərdə tutulmuş təminatlar izah edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlara əməl edilmişdir. Eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri ƏM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. İddiaçı isə apellyasiya baxışında verdiyi izahatında onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə 17.08.2020-ci il tarixli xəbərdarlığı məcburi şəkildə imzaladığını bildirsə də, nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində verdiyi izahatında bu hala istinad etməmiş, apellyasiya icraatında isə məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası, iddiaçının tələbinin əsası kimi göstərdiyi digər halların (yeganə qazanc yerinin bu iş olması və s.) mülki mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, həmin xüsusatlarla bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Qeyd edilənlərə əsasən Kollegiya, iddia tələbinin “işə bərpa” hissəsində əsassız olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkməsinin iddianı həmin hissədə və onunla bağlı məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi hissələrində rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə qətnamənin ləğvinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər» tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(009)-2076/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(009)- 2076/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9960/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9960/2021
19.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver