Məhkəmə qərarları › İş №2(103)-9963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9963/2021

03.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9963/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Balakişiyev Afiyəddin Sabir oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1899/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 09.06.2021-ci il tarixli K-584 saylı əmrinin ləğv olunaraq işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27.02.2019-cu il tarixdən cavabdeh "xxxx" MMC-nin İnzibati İşlər Departamenti, Təchizat və Təsərrüfat Şöbəsi, Nəqliyyat sektorunda minik avtomobili sürücüsü kimi fəaliyyət göstərmişdir. "xxxx" MMC-nin 09.06.2021-ci il tarixli K-584 saylı rəsmi əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə son verilməsinə dair rəsmi əmrin nə əsli, nə də ki, surəti ona təqdim olunmamışdır. 2021-ci ilin aprel ayında Bayıl qəsəbəsinin “GPON” texnologiyası ilə təmin olunması məqsədi ilə həmin ərazidə işləyən işçi qrupunun nəqliyyatını təmin etmək üçün "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru Nazim Əliyev tərəfindən vəzifələndirildi. Onun burada vəzifəsi əməkdaşları həmin ərazidə gəzdirməkdən ibarət idi. Ancaq iş yoldaşlığı xətrinə və işin sürətli getməsi məqsədi ilə rəhbərliyin də məlumatı daxilində həmin işçi qrupuna fiziki olaraq öz köməkliyini göstərmişdir. Bundan başqa, mənzillərə rabitə qurğularının quraşdırılması məqsədi ilə vətəndaşlarla əlaqə saxlayan zaman onun şəxsi nömrəsindən istifadə edilib. Bu və digər hallar vətəndaşlarda onun vəzifəsi haqda yanlış anlaşmalara gətirib çıxarıb. Həmin ərazidə işləyən zaman bir xanım ona yaxınlaşaraq mənzilinin rabitə ilə təmin olmasını xahiş etmişdir. Bu səbəblə xanımın ünvanında rabitə naqillərinin keçirilməsi üçün işçi qrupunun üzvü İlqar tərəfindən baxış keçirilmişdir və 130 metr naqilə ehtiyac olduğu müəyyən edilmişdir. İlqar tərəfindən vətəndaşa müəssisə tərəfindən hər bir vətəndaşa ödənişsiz 100 metrə qədər naqilin ayrıldığı, ancaq həmin ünvana 130 metr naqilin lazım olduğu və ehtiyac olan 30 metr naqilin hər bir metri üçün xanımdan 1 manat tələb etdi. Ancaq həmin naqilin vahid qiyməti 1 manat deyil və bu vəsait vətəndaş tərəfindən müəssisənin kassasına rəsmi qəbz ilə ödənilməlidir. Xanım ilə razılaşandan sonra həmin ünvana rabitə xətlərinin çəkilişi işçi qrupu tərəfindən aparıldı. İş yekunlaşandan sonra vətəndaş tərəfindən yaxınlığında o olduğu üçün 30 manat pul verilmək istənilmiş ancaq tərəfindən həmin məbləğin ona yox İlqara verilməli olduğu bildirilsə də, vətəndaşın israrı nəticəsində tərəfindən həmin pul götürülüb İlqara verilmişdir. Həmin ünvanda rabitə xətlərinin çəkilişi aparılan zaman bir başqa vətəndaş tərəfindən qonşunun şəhid ailəsi olduğu və xidmətin ona ödənişsiz olmalı olduğu bildirilmişdir. Buna cavab olaraq işçi qrupunun əməkdaşları İlqar və Zamin tərəfindən xanıma şəhidin hansı “Qarabağ döyüşlərinin” iştirakçısı olduğu soruşulmuş və 1-ci Qarabağ döyüşü cavabı alınandan sonra çəkilişdən imtina etmişlər. Bu sözü gedən hadisələrdə onun heç bir günahı olmadığına baxmayaraq, vətəndaşların bəzi şəxslər tərəfindən yanlış yönləndirilməsi nəticəsində o, cavabdehin rəhbərliyi tərəfindən qanunsuz şəkildə cəzalandırılaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Bundan əlavə, ona təqdim olunmalı işdən azad olunmağına dair əmr ona qanunsuz şəkildə təqdim olunmamışdır. Özü Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis İqtisadiyyatı və idarəetmə fakultəsini 2007-ci ildə bitirmiş, ailəlidir, ailəsi altı nəfərdən ibarətdir, iki övladı, atası (yataq xəstəsidir), anası (İİ qrup əlildir), yoldaşı və o, ailədə tək işləyən odur, maddi vəziyyətləri yaxşı deyil. 28 iyul 2021-ci il tarixdə iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, iddia ərizəsinin 1-ci vərəqinin 2-ci abzasında qeyd edilən “Ancaq həmin naqilin vahid qiyməti 1 manat deyil və bu vəsait vətəndaş tərəfindən müəssisənin kassasına rəsmi qəbz ilə ödənilməlidir” cümləsi “”Bakı Telefon Rabitəsi” MMC-də izahatı alınarkən verilən məlumat əsasında ona məlum olmuşdur ki, naqilin vahid qiyməti 1 manat deyil və bu vəsait vətəndaş tərəfindən müəssisənin kassasına rəsmi qəbz ilə ödənilməlidir» kimi oxunmasını xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1899/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı iddia tələbinə uyğun əsaslandırmaqla apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdiklərini bildirərək təmin edilməsini, cavabdehin nümayəndəsi Balakişiyev Afiyəddin Sabir oğlu isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izhataları, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1899/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 24.06.2021-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi altsisteminə əsasən İddiaçı ilə "xxxx" MMC arasında 27.02.2019-cu il tarixdən 27.02.2020-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış və 10.06.20201-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 27.10.2008-ci il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, "xxxx" MMC-nin 10.06.2021-ci il tarixli, k-584 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təqdim olunmuş "xxxx" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icra edən N.Mərdanov tərəfindən "xxxx" MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İ.Bəkirova ünvanlanmış 04.06.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin İnzibati işlər departamenti, Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 17.05.2021-ci il tarixində 1 saylı Rabitə Xidmətləri Mərkəzinin 581 indeksli ATS-nin xidməti ərazisində GPON layihəsi üzrə işlərin icrası zamanı xidmətin qoşulmasını həyata keçirən aidiyyəti əməkdaşları nəqliyyat vasitəsilə müvafiq ünvanlara nəql edərkən əmək funksiyasına aid olmayan (və ya vəzifə səlahiyyətlərinə aid edilməyən) işlərin icrası ilə məşğul olmuşdur. Belə ki, İddiaçı işçiləri ünvanlara nəql edərkən yaşayış binalarında (MTK-larda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etmişdir, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Təqdim olunmuş "xxxx" MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İ.Bəkirov tərəfindən "xxxx" MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edən N.Mərdanova ünvanlanmış 08.06.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş İRİED-060 saylı 04.06.2021-ci il tarixli məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 17.05.2021-ci il tarixində 1saylı Rabitə Xidmətləri Mərkəzinin 581 indeksli ATS-nin xidməti ərazisində GPON layihəsi üzrə işlərin icrası zamanı xidmətin qoşulmasını həyata keçirən aidiyyatı əməkdaşlar nəqliyyat vasitəsilə müvafiq ünvanlara apararkən əmək funksiyasına aid olmayan (və ya vəzifə səlahiyyətlərinə aid edilməyən) işlərin icrası ilə məşğul olduğu, yəni İddiaçı işçiləri ünvanlara apararkən yaşayış binalarında (MTK-larda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etdiyi bildirilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə "xxxx" MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi razılığını bildirmişdir. Təqdim olunmuş 04.06.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin İnsan resurslarının idarə edilməsi departamentinin işə qəbul və sənədləşmə şöbəsinin müdiri Nigar Əliyeva, baş mütəxəssislər Leyla Nağıyeva və Nigar Rəsulova bu aktı tərtib edirlər ondan ötrü ki, "xxxx" MMC-nin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı özünün əmək fanksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək və icra intizamını kobud şəkildə pozulması ilə əlaqədar olaraq insan resurslarının idarə edilməsi departamentinin işə qəbul və sənədləşdirmə şöbəsinin baş mütəxəssisi Leyla Nağıyeva, 1 saylı rabitə xidmətləri mərkəzinin direktoru Nazim Əliyev və İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun müdiri Ələddin Abbasov tərəfindən İnsan resurslarının idarə edilməsi departamentinin işə qəbul və sənədləşdirmə şöbəsinə dəvət olunmuşdur. Lakin İddiaçı dəvət olunmasına baxmayaraq gəlməmişdir Təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyun 2021-ci il tarixli, k 584 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamentinin Təchizat və təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü İddiaçı 10 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Məhkəmə iddia ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuş və yuxarıda göstərilənləri nəzərə alaraq iddia əmrin ləğv edilməsi hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı işçiləri ünvanlara apararkən yaşayış binalarında (MTK-larda) məskunlaşan və GPON xidmətinə qoşulmaq istəyən vətəndaşlardan əsassız olaraq pul tələb etmməsi işin halları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1899/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1899/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar