Məhkəmə qərarları › İş №2(103)-9966/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9966/2021

25.10.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9966/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/2021 saylı işi üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: ünvan 2ə əmri ilə 18 aprel 1979-cu il tarixdə Qusar rayonunda anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, 600 saylı H\Hissədə qeydiyyatda olan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən kreditor Bank "VTB” (Azərbaycan) ASC-nin xeyrinə 139721-CNS-14351/1 saylı Nağd pul kredit müqaviləsi üzrə 4965,33 ABŞ dolları əsas borc, 627,20 ABŞ dolları faiz borcu, 54,63 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 139721-1- 13293/1 saylı Kredit xətti müqaviləsi üzrə 1946,49 ABŞ dolları əsas borc, 326,15 ABŞ dolları faiz borcu, 20,57 ABŞ dolları cərimə borcu (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Cavabdeh 07 fevral 2020-ci il tarixdə məhkəmə əmrinə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq, ünvan 2ə əmrinin ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(009)-755/2020 saylı qərardadı ilə ünvan 2ə əmri ləğv edilərək, materiallara iddia icraatı qaydasında baxılması qərara alınmışdır.Bank "VTB” (Azərbaycan) ASC 16.03.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək əvvəllər qəbul olunmuş məhkəmə əmri üzrə cavabdehin əmək haqqından tutulmalar olduğundan, "Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 25.01.2016-cı il tarixli 139721-CNS-14351/1 Nağd pul krediti müqaviləsi üzrə 4671,57 ABŞ dolları məbləğində əsas borc olmaqla ümumilikdə 4671,57 ABŞ dolları və 04.02.2016-cı il tarixli 139721-1-13293/1 saylı "Kredit xətti müqaviləsi üzrə 1946,49 ABŞ dolları məbləğində əsas borc, 266,55 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 2213,04 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 AZN dövlət rüsumunun Cavabdeh tutularaq Bank (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iş səh.57,77). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/2021 saylı işi üzrə 07 iyul 2021ci il tarixli qətnaməsi ilə, İddia qismən təmin edilərək, Cavabdeh 139721-CNS-14351 saylı, 11.12.2014-cü il tarixli Nağd Pul Krediti Müqaviləsi üzrə 4671,57 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləği iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmas, icra zamanı Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-937/2021 saylı, 14.01.2021 -ci il tarixli qərarı ilə 139721- CNS-14351 saylı, 11.12.2014-cü il tarixli Nağd Pul Krediti Müqaviləsi üzrə müəyyən edilmiş 4633,45 manat kompensasiya məbləği borc məbləğindən çıxılması, Cavabdeh 139721-1-13293 saylı, 11.12.2014-cü il tarixli Kredit Xətt Müqaviləsi üzrə 1946.49 ABŞ dolları əsas, 266,55 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2213,04 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləği iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. İcra zamanı Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə 139721-1-13293 saylı, 11.12.2014-cü il tarixli Kredit Xətt Müqaviləsi üzrə müəyyən edilmiş 1193,00 manat kompensasiya məbləğinin borc məbləğindən çıxılması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(009)-15/2021 saylı qətnaməsinin-1)İcra zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə 11.12.2014-cü il tarixli 139721-CNS-14351 “Nağd pul krediti müqaviləsi” üzrə müəyyən edilmiş 4.633,45 (dörd min altı yüz otuz üç manat qırx beş qəpik) AZN manat kompensasiya məbləği borc məbləğindən çıxılması və 2)11.12.2014-cü il tarixli 139721-1-13293 “Kredit xətti müqaviləsi” üzrə müəyyən edilmiş 1193 AZN manat kompensasiya məbləği borc məbləğindən çıxılması hissələrində ləğv edilməsi, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, əvvəl verilmiş kompensasiya dair siyahıda cavabdehin adının olmadığını, sonradan Maliyyə Nazirliyi tərəfindən onlara verilmiş siyahıda cavabdehin adının qeyd olunduğunu, lakin pulun köçürülmədiyini, kompensasiya pulunun vətəndaşın hesabına köçürüldüyü halda əgər borc varsa bu zaman həmin borc məbləğindən silindiyini, lakin həmin məbləğ köçürülmədiyindən cavabdehin borcundan silinmənin mümkün olmadığını, işin düzgün həllinin isə birinci instansiya məhkəməsində icraat zamanı dayandırılmış icraatın təzələnməyərək kompensasiya məbləği üzrə digər məhkəmə qərarının icra ediləndən sonra təzələnməli oloduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə: 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsini; siyahı üzrə vaxtı keçmiş kredit (fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş) borcu olan fiziki şəxslərə yeni güzəştli (fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən) kredit müqaviləsi bağlanmasının təklif edilməsini; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsini; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsini şərtləndirən (Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, banklara və sair orqanlara) müvafiq vəzifələr və tövsiyyələr müəyyən edilmişdir. Məhkəmə kollegiyası, işin hallarını, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 937/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə müəyyən edilən xüsusatları nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanımalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 259.0.8 və 259.0.12-ci maddələrin tələblərinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; habelə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 76.1, 77.1, 78.1, 149.2.3, 149.4, 150.0.5 və 151.1-ci maddələrin tələblərinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməli, işin zəruri həlli üçün müvafiq vəsatətlər verilməli və ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutları hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara müvafiq təqdim etməlidir. Məhkəmə kollegiyası iddia tələbinə və işin hallarına hüquqi qiymət verərkən diqqətə çatdırır ki, fərman və ondan irəli gələn münasibətlər mübahisəni yeni hüquqi müstəvidə qarşılıqlı razılaşma və digər kredit müəssəsindən asılı formada həll edilməli olmalı halda mübahisənin məhkəmədən kənar həll edilməsi imkanları tükənməmiş, habelə mövcud vəziyyətdə işin prosessual müddətlər çərçivəsində vaxtında həll edilməsi imkanları tükənmişdir. Diqqətə çatdırılmalıdır ki, kollegiya məbləğlərə və işin gələcək həllinə (restrukturizasiya və s.) dair əsaslı şübhələrdən kənar sübutların mümkünlüyü, qiymətləndirilməsi və qəti qənaətin formalaşması baxımından qətnamə qəbul edilməsi mümkünsüzlüyünü müəyyən edir və tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi üzrə imkanlar aradan qaldırıldıqdan sonra iddiaçının yeni iddia ərizəsi ilə müraciət etmək hüquqlarının olduğunu qeyd edir. Qeyd edilməlidir ki, ödənilməli olan kompensasiya məbləği cavabdehə ödənildikdən sonra restrukturizasiya və mübahisənin məhkəmədən kənar həlinin digər imkanlarının tükənməsi müəyyən edildiyindən sonra iddiaçının qalığ məbləğ üzrə tələb hüququ qalmaqdadır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, dövlət rüsumu üzrə məhkəmə xərci tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-125, 149-152, 259, 260, 263, 264, 384, 385, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-15/2021 saylı işi üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar