Məhkəmə qərarları › İş №2(103)-9969/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9969/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9969/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(008)-3429/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya sıkayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ümumi əmlakları olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsi, 45 saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 30 avqust 2013-cü il tarixdə 1296 nömrəli aktla rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 05.04.2011-ci il təvəllüdlü Elnur adlı övladları anadan olmuşdur. Yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsi, 45 saylı evi 2014-cü ildə, yəni cavabdehlə birgə nikah dövründə Bələdiyyə sənədi əsasında tikilib. Lakin, sonradan cavabdehlə aralarında bağlanmış nikah Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1245/2021 nömrəli, 12.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Daha sonra Cavabdeh ona qeydiyyatda olduğu ünvanda yəni ünvan 1ə həmin əmlakın ona məxsus olduğunu bildirmişdir. Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsi, 45 saylı əmlakın onların birgə nikah dövründə olduqları dövrdə tərəfindən tikildiyini və həmin mənzilin tikintisini şəxsən özü təşkil etdiyini bildirsə də bunu inkar etmişdir. Belə ki, o, tikinti sahəsində çalışdığı üçün qeyd olunan əmlakın tikintisinə sərf olunan materiallarını özü almış hətta ustalığı azda olsa özü etmişdir. Başqa sözlə, onun həmin mənzilə olan hüquqlarının təkcə istifadə hüququnun, habelə yaşamaq hüququnun, yəni Mülki Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqların mövcudluğu ilə məhdudlaşdırılmır. O, Cavabdeh ilə həmin mənzilin birgə mülkiyyətçisidir və bu mənzilə münasibətdə o, mülkiyyət hüququnun Mülki Məcəllənin 152-ci maddəsində nəzərdə tutulmuş bütün elementlərinə malikdir. Eyni zamanda bildirmək istəyir ki, o, hal-hazırda ünvan 2 ünvanında 300 manata kirayədə yaşayır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(008)-3429/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsi, 45 saylı evə köçürəlməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(008)-3429/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli araşdırmamışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə qətnaməsində cavabdehin izahatı təhrif olunmuşdur. Qətnamədə cavabdeh tərəfindən tikilinin 2012-ci ildə iddiaçının köməyi ilə onunla birlikdə tikildiyi qeyd olunmuşdur. Lakin, cavabdeh məhkəmə iclasında belə məzmunda izahat verməmişdir. Cavabdeh sözügedən evi öz vəsaiti hesabına aldıqdan sonra tikmişdir. Bu faktı torpağı alan şəxs, qonşular, tikinti materialları aldığı şəxslər, evi inşa edən ustalar də təstiq edir. İddiaçı nəinki ev tikmək, cavabdehlə nikahları pozulduqdan sonra uşağın saxlanması üçün təyin olunmuş alimenti belə ödəmir. Bu səbəbdən də Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarışa verilmişdir. Bununla bağlı məhkəmə iclasında hakimə məlumat verilsə də, nəzərə alınmamışdır. İddiaçının ərizəsində göstərdiyi tikilidə işləmiş olması faktı da əsaslı deyildir. Çünki, o, 2005-2015-ci illərdə rəsmi olaraq “New Europa“ Firmasında reklam üzrə bölmə rəhbəri işləyib və 152 manat əmək haqqı alıb. Bundan əlavə iddianın təmin olunması sonrasında ciddi problemlərə gətirib çıxaracaqdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq qeyd etdi ki, həmin özbaşına tikilini 2015-ci ildə yarımçıq olsa da, tamamlayaraq, ora köçmüşlər. 2017-ci ildə evə qeydiyyata düşmüşlər. Evi iddiaçı yox, onun özü tikmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, onun birgə nikah dövründə tikilmiş, qeydiyyatda olduğu həmin yaşayış evindən başqa yaşamağa yeri yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Bu kontekstdə məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 iyun 2021ci il tarixli, 2(008)-3429/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 2(008)-1245/2021 nömrəli, 12 fevral 2021-cı il tarixli qətnaməsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 30 avqust 2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 1296 nömrəli akt qeydli nikahın pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 05.04.2011-ci il təvəllüdlü X4 anası Cavabdeh himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat aliment tutulmuşdur. İşin birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər 2010-cu ildə faktiki nikaha daxil olmuş, onların 2011-ci ildə Elmir adlı uşaqları anadan olmuş, 2013-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinə 2011-ci ildə Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyə sənədinə istinad edilməklə X1 tərəfindən Cavabdeh adına əlli il müddətinə etibarnamə verilmiş, cavabdehin apellyasiya məhkəməsində qeyd etdiyi kimi həmin özbaşına tikilini 2015-ci ildə yarımçıq olsa da, tamamlayaraq, ora köçmüşlər, 2017-ci ildə həmin evə pasport qeydiyyatına alınmışlar. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair cavabdehin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, tərəflərin birgə nikahları dövründə, yəni 2015-ci ildə yarımçıq olsa da tikilmiş, onlar həmin ildə evə köçmüş, onların yaşayış sahəsi kimi istifadə olunmuş, 2017-ci ildə pasport qeydiyyatına alınmışlar. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. Kollegiya apellyatorun evin ona məxsus olması, evi özü tikməsi ilə bağlı dəlilini yuxarıda tədqiq edilmiş sübutlara əsasən əsassız hesab edərək qeyd edir ki, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Kollegiya həmçinin apellyatorun iddiaçının axtarışda olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Sabunçu rayon İcra şöbəsi tərəfindən Sabunçu rayon Polis İdarəsinə müraciət olunaraq, İddiaçı barəsində axtarış işinə xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(008)-3429/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar