Məhkəmə qərarları › İş №2(103)-9972/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9972/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9972/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6090/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6090/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra, ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi deyil, miras əmlakın qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 309.2-ci maddəsinə istinad edərək, ərizəni mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi kimi qiymətləndirmiş və yanlışlığa yol vermişdir. Bu səbəbdən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6090/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin olunmasını xahiş edir. Ərizəçinin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, 20 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, rayon məhkəməsinin işin faktiki hallarını nəzərə almadığını, ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi deyil, miras əmlakın qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etdiyini, hüquq normalarının tətbiqində yanlışlığa yol verdiyini bildirdi. Bu səbəbdən, şikayətin təmin olunmasını xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəf məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Çünki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6090/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadından görünür ki, rayon məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.2-ci maddəsinə (mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir) istinad edərək, ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyindən ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Rayon məhkəməsi prossesual hüquq normasının düzgün tətbiq etməmişdir ki, bu da düzgün olmayan qərardadın qəbul olunmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Həmin normaya əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə məhkəmə xüsusi icraat qaydasında baxır (maddə 305.1.1.). Məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların dairəsi isə MPM-nin 307-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən məhkəmələr fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1.). Normada sadalanan hüquqi əhəmiyyəti olan faktlar sırasında mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.) müəyyən olunması ilə yanaşı, həm də ayrıca olaraq (307.2.6.) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması da təsbit edilmişdir. MPM-in 309-cu maddəsi ərizənin verilməsini- onun ərazi aidiyyətini müəyyən edir. Həmin maddəyə əsasən ümumi qayda olaraq hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir (maddə 309.1). Bununla belə, həmin normada istisna hal kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməsinə dair göstəriş nəzərdə tutulmuşdur (maddə 309.2.). Nəzərə almaq lazımdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizənin verilməsində müəyyən olunmuş bu qayda heç də təsadüfi olmayıb, MPM-in ərazi üzrə işə baxan birinci inatansiya məhkəmələri arasında səlahiyyətlərin bölüşdürülməsini müəyyən edən və ərazi aidiyyətini tənzimləyən İV fəslin əsas prinsiplərindən qaynaqlanır. Həmin fəsildə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti də müəyyən olunmuşdur (maddə 37.). Həmin maddənin tələbinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikilinin, qurğunun və torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Qanunda daşınmaz əmlakla bağlı mübahisələrin də müstəsna aidiyyət kimi həmin əmlakın yerləşdiyi yerə görə verilməsini tənzimləyən xüsusi norma nəzərdə tutulmuşdur (maddə 39.). Yuxarıda istinad olunan prosessual hüquq normalarının təhlilindən də aydın olur ki, hüquqi əhəmiyyəti olan fakt kimi MPM-in 307.2.6-cı maddəsində təsbit olunmuş mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması ilə Məcəllənin 309.2.9-cu maddəsində təsbit olunmuş mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması tamamilə ayrı-ayrı münasibətlərdən doğan və həm də fərqli faktiki əsasları olan halları nəzərdə tutur. Mülki Məcəllənin 1151-ci maddəsinin miras əmlaka verdiyi anlayışdan da muəyyən olunur ki, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Başqa sözlə, miras əmlaka daşınar və daşınmaz əşyalarda, eləcə də sair əmlak hüquqları da daxildir. Qanun mirasın qəbul edilməsi qaydasını müəyyən etmişdir (maddə 1243). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul olunmuş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olunmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir (maddə 1243.3.). Nəzərdən qaçırmaq olmaz ki, daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi sübutların olduğu yerdə tədiqiqini aparmaq və bununla da işlərə səmərəli və ağılabatan müddətdə baxılmasını təmin etməkdir. Bu baxımdan da hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün, hətta miras kütləsinə yalnız daşınmaz əmlak daxil olmuş olsa belə, buna dair ərizəyə baxılması zamanı həmin daşınmaz əmlakın olduğu yerə getməyə, yaxud da onu yerində tədqiq etməyə lüzum yoxdur. Çünki, ərizəçi özünün yaşadığı yerdə olmayan daşınmaz əmlakla bağlı mirasın faktiki qəbulunun təsdiqinə dair sübutları- məsələn, miras əmlakın komunal xərclərinin, mühafizəçinin və ya bağbanın əmək haqqını elektron qaydada ödəməsi, həmin daşınmaz əmlaka dair bağladığı kirayə və ya icarə müqaviləsi, daşınmaz əmlakın təmir- bərpa edilməsi və ya onun yenidən qurulması, torpaq sahəsinin şumlanması, suvarılması, əkilməsi və ya becərilməsi barədə müqavilələri, habelə həmin daşınmaz əmlakın satışa çıxarılması barədə elanlar və s. sübutları elə yaşadığı yerin məhkəməsinə təqdim etməklə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktının müəyyən olunmasına nail ola, məhkəmə də öz növbəsində ərizəçinin təqdim etdiyi sübutlara əsasən həmin ərizənin təmin və ya rədd olunması barədə qətnamə qəbul edə bilər. Beləliklə də müəyyən olunur ki, rayon məhkəməsi Ərizəçi ərizəsini ərazi aidiyyətinə əsasən geri qaytararkən prosessual hüquq normasını düzgün müəyyən edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6090/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar