Məhkəmə qərarları › İş №2(103)-9976/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9976/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9976/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6934 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 6964 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 27.03.2020-ci il tarixli, 04-739 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evininin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 6934 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8025,10 manat məbləğində dəymiş ziyanın, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8055,10 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin 03/2021-ci il tarixinə kimi iddiaçıya ümumi borcu 8025,10 manat təşkil edir. Həmin borcun 805 manat hissəsi 02/2016-cı il tarixinə kimi mövcud olan qalıq borcu, 6945 manat hissəsi 04/2016-cı il tarixdən 03/2020-ci il tarixinə kimi və 03/2021-ci tarixində cavabdehin qaz xəttinə qanunsuz qoşulması faktına əsasən aktlar üzrə hesablanmış borc məbləği, 275,10 manat hissəsi 04/2020-ci il tarixdən 03/2021-ci il tarixinə kimi faktiki istelak olunmuş qaz sərfiyyatına görə (156,40 +118,70 manat illik sərfiyyət borcu) yaranmış debitor borc məbləğidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı İB-yə vurulmuş 349,20 manat məbləğində dəymiş ziyan, 275,10 manat debitor borc, 30 manat dövlət rüsumu, cəmi 624,30 manat məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddia apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunması hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir. birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.Qətnamədə cavabdehin izahatında qeyd edilmişdir ki, İddiaçı İB-nın əməkdaşları tərəfindən qaz sayğacı çıxarılıb aparıldıqdan sonra məcbur olub sayğacdan kənar qazdan istifadə etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh şəxs tərəfindən küçə qaz xəttinə qanunsuz qoşulduğu müddətlərdə qaz sayğacı yerində (qutusunda) olmuşdur. Məhkəmə buna diqqət etməmişdir. Cavabdeh tərəf qaz xəttinə qanunsuz qoşulduğunu da etiraf etmişdir. Lakin məhkəmə, cavabdeh tərəfindən təbii X3nın pozuntusuna görə İddiaçı İB-yə dəymiş ziyanı ilk akta münasibətdə təmin etməklə, iddia tələbini qanunsuz olaraq qismən təmin etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etmir, Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator qətnaməni iddianın rədd olunmuş hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 27.03.2020-ci il tarixli, 04-739 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə PQ 4 və QSSQ kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus evin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmış və həmin evin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və aktda göstərilən qaydada dəymiş ziyan hesablanaraq iddiaçı cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8025,10 manat məbləğində dəymiş ziyanın, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8055,10 manat məbləğində pulun ödənilməs istənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X3»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqısatqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia birinci 28.04.2016-cı il tarixli akt hissəində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Yəni, iddia aktlar üzrə 349,20 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Cavabdehdə bunu etiraf etmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, cavabdehin 275,10 manat debitor borcu mövcuddur. Odur ki, həmin məbləğ də tutulmalıdır. Beləliklə, iddia 624,30 manat (349,20+275,10) manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar