Məhkəmə qərarları › İş №2(103)-9987/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9987/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9987/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(008)-2750/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə qanunsuz zəbt etdiyi ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, əmlakın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, anası və qardaşı Şükür Quliyev köməkləşərək, 2003-cü ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən X7 məxsus həyətyanı sahəsinin bir hissəsinin almış, həmin sahədə yerləşən köhnə tikilini əsaslı təmir edərək, həmin evdə anasının yanında yaşamışlar. Anasının səhhətində problemlər yarandığından 2017-ci ildə onu qeydiyyatda olduğu evə gətirmiş, qardaşı Şükür isə, həmin müddətdə ailəsi ilə birlikdə işinə yaxın olan ərazidə müvəqqəti yaşamış və bu səbəblərdən sözügedən ev boş qalmışdır. 2017-ci ilin mart ayında qohumları Cavabdeh və həyat yoldaşı Samirə Əliyeva kirayə qaldıqları mənzildən onları iki övladları ilə birgə təcili çıxardıqlarını bildirərək, xahiş etmişlər ki, müvəqqəti, digər kirayə ev tapana qədər həmin evdə yaşamağa onlara icazə versinlər. Kommunal xərclərin ödəmək şərtilə onlara bir neçə ay müddətinə təmənnasız həmin evdə yaşamağa icazə vermiş, bir neçə aydan sonra artıq yay aylarında evlərini boşaltmağı tələb etdikdə isə, Ruslan və Samirə müxtəlif bəhanələr ilə evi boşaltmaqdan yayınmışlar. Daha sonra isə, kobud şəkildə rəftar edərək, onları evə buraxmamış, evi tərk etməkdən imtina etmiş və faktiki olaraq onların etibardan sui-istifadə edərək evlərini, ev əşyaları birlikdə mənimsəmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(008)- 2750/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsində göstərilənlərlə eyni məzmunda əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, iddiaçı və qardaşı Şükür analarının yaşaması üçün 2003-cü ildə sözügedən evi almışlar. Bu müddət ərzində həm iddiaçı, həm də qardaşı tez-tez analarının yanına gedib-gəlmişlər. İddiaçı ərinə məxsus evdə yaşamış, 2014-cü ildə səhhəti ilə əlaqədar anasını ailəsi ilə birlikdə yaşadığı həmin evə aparmış, 2016-cı ilin ortalarında isə cavabdeh ev tapana kimi orada yaşamağa icazə vermələrini xahiş etmişdir. Qohumluq münasibətləri də olduğu üçün iddiaçı razılaşmış, cavabdeh ailəsi ilə birlikdə evdə yaşamış və kommunal haqları ödəmişdir. Sonradan iddiaçı oğlunu evləndirib həmin evə köçürmək istədiyindən cavabdehdən evdən çıxmasını xahiş etmiş, lakin qarşı tərəf bundan imtina etdiyindən aralarında mübahisə yaranmışdır. Bundan sonra, cavabdeh evi ona satmalarını xahiş etmiş və 2019-cu ilin əvvəllərində 13000 manata satılması barədə aralarında razılıq əldə olunmuş, lakin cavabdeh həmin məbləği ödəmədiyindən iddiaçının qardaşı polisə müraciət etmək məcburiyyətində qalmışdır. Hətta 2-3 ay əvvəl cavabdeh Şükürə müraciət edərək, 8000 manat verə biləcəyini bildirmiş, lakin Şükür bu məbləğə qane olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, iddiaçı mübahisəli evdə bir gün belə yaşamamış, ailəsi ilə birlikdə əvvəlcə Bakıxanov qəsəbəsində, hazırda isə Maştağa qəsəbəsində yaşayır. Cavabdeh isə 2015-ci ildən ailəsi ilə birlikdə həmin mənzildə yaşamaqla kommunal xərcləri ödəyir. Şükürlə aralarındakı razılığa əsəsən evin dəyəri kimi 13000 manatı 2017-ci ildə ona ödəmiş və orada əlavə otaqlar tikmişdir. Göründüyü kimi, evin alqı-satqısı ilə bağlı razılşama cavabdehlə Şükür arasında bağlanmış, iddiaçının isə evə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Suala cavab olaraq bildirir ki, evin açarlarını cavabdehə Şükür təqdim etmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən mübahisəsiz qaydada görünür ki, tərəflər arasında mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və cavabdeh hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hazırda iddiaçı iddia ərizəsində sözügedən evin həm də ona məxsus olmasına, evin cavabdeh və ailəsinin müvəqqəti istifadəsinə verilməsinə və dəfələrlə evi boşaltmalarını tələb etmələrinə baxmayaraq, bundan imtina etdiklərinə istinad edərək, məhkəmə qaydasında çıxarılmalarını tələb edir. Məhkəmə kollegiyası, iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəliyi nəticə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) cavabdehin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və yaşayış sahəsi ehtiyacını qarşılayan tikilidir. Ona görə də, mülki hüquq subyektlərinin onun üzərində qanunla qorunan və müdafiə olunan şəkildə sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranmasa da, bu, həmin daşınmaz əşya ilə bağlı onların mövcud haqlı mənafelərinin qorunmasını tələb etmələrinə mane təşkil etmir. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehin evdən çıxarılması barədə) o halda qorunmağa layiq manafe hesab olunar ki, evin ona məxsus olduğunu, yəni evə münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Buna baxmayaraq, işin müəyyən edilmiş faktiki hallarından iddiaçının sözügedən evə münasibətdə ixtiyar sahibi olması müəyyən olunmur. Həmçinin, işdə olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.12.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şükür Quliyevin (iddiaçının qardaşı) müraciəti üzrə aparılmış araşdırma zamanı Ş.Quliyev izahatında 1994-cü ildə Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən 1 otaqlı fərdi yaşayış evini aldığını, vəfat etmiş qardaşının qaynı Cavabdeh onun həmin evi satdığını bildiyi üçün dəfələrlə yaşadığı evə gələrək, evi ona satmasını istədiyini, 2015-ci ilin oktyabr ayının ortalarında aralarındakı razılığa əsasən evi 13000 manat müqabilində 1 ay müddətində ödəmək şərtilə satdığını, həmin gündən evin açarını ona verdiyini, lakin R.Quliyevin bugünə kimi müxtəlif bəhanələr gətirərək, nə evi, nə də 13000 manatı vermədiyini bildirmişdir. Cavabdeh isə izahat verərək, bildirmişdir ki, 2015-ci ildə bacısı Gülşənin qaynı Şükürün hazırda yaşadıqları evi satdığını öyrəndikdən sonra bacısı Gülşən və Zaurla birlikdə Şükürün yaşadıqları həmin evdə onunla görüşüb danışmış, Şükür evi 13000 manata satdığını, lakin vəziyyətini bildiyi üçün evi verəcəyini, evdə yaşaya biləcəyini və pulu hissə-hissə verə biləcəyini demiş, o da razılaşaraq 2015-ci ilin sentyabr ayında Şükürdən evin açarını alaraq, həmin evə gəlmişlər köçmüş, 2017-ci ilin fevral ayında bacısı Gülşən və Zaurla birlikdə Şükürə məxsus Razin qəsəbəsində olan evində, onun həyat yoldaşının və uşaqlarının yanında 13000 manat pulu onların stolunun üstünə qoyaraq çıxıb getmişdir. Şükür Quliyev birinci instansiya məhkəməsində şahid qismində verdiyi izahatında da, həmin evdə anasının yaşadığını, onun bacısının yanına köçməsində sonra isə evin alqı-satqısı ilə bağlı Cavabdehlə 13000 manata razılaşdıqlarını bildirmişdir (Ş.Quliyevin arvadı da eyni məzmunda izahat vermişdir). Bundan başqa, iddiaçının nümayəndəsi də hazırkı məhkəmə iclasında verdiyi izahatında iddiaçının ailəsi ilə birlikdə başqa ünvanda yaşadığını, anasına baş çəkmək üçün tez-tez mübahisəli evə gəlib-getdiyini bildirmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər də (bacısı, iddiaçının isə qardaşı arvadı və bacısı oğlu, iddiaçının isə qardaşı oğlu) sözügedən evdə əvvəllər iddiaçının anasının yaşadığını, onun iddiaçının yanına köçməsindən sonra isə cavabdehin Şükür Quliyevlə razılşaraq evi 13000 manata satın almaqla 2015-ci ildən ailəsi ilə birlikdə orada yaşadıqlarını bildirmişlər. Göründüyü kimi, həm tərəflər, həm də şahid qismində dindirilmiş şəxslər qohum olmaqla, oxşar məzmunda izahatlar verməklə mübahisəli evdə iddiaçının anasının yaşadığını, sonradan isə qardaşı Şükür Quliyev tərəfindən cavabdehə faktiki satıldığını bildirmişlər. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və buna dair hər hansı mötəbər sübut təqdim edə bilməmiş, həmçinin iddia ərizəsində göstərilən hallarla məhkəmə baxışı zamanı müəyyən olunmuş hallar bir-biri ilə ziddiyyət təşkil etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, iddianın müvafiq tələb (subyektiv) hüquqlarının mövcudluğu müəyyən edilmir. İddiaçının istinad etdiyi, anası Əzizə Quliyevanın "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən mübahisəli evə dair verilmiş hesab kodlarının onun adına keçirilməsinə etiraz etməməsi barədə notarial qayda təsdiq olunmuş ərizələri və həmin hesabların iddiaçının adına keçirilməsi barədə sənədlər isə, işin yuxarıda sadalanan faktiki halları birlikdə qiymətləndirildikdə bu halları təsdiq etmək üçün kifayət etmir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki iş üzrə mövqeyi maraqlı şəxslərin evin alınması ilə bağlı pul məsələlərini həll etmək (iddia qaldırmaq və s.) hüquqlarını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası, göstərilənlərə əsasən, bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(008)-2750/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(008)- 2750/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar