Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9989/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öz növbəsində İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşəm evin üzərinə həbs qoyulması, həmin evin satılmasının və özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5537/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili X1 «iddianın təmini tədbirinə dair» ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5375/2021 sayli, 29 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5537/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasına əsasən, məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Belə qadağa yalnız elə hərəkətlər barədə edilməlidir ki, onların görülməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirsin və ya qeyri-mümkün etsin. Eyni zamanda qeyd olunan tədbirlər tərəflərin və üçüncü şəxslərin qanunvericilikdən və ya müqavilədən, irəli gələn hüquqlarının qeyrimütənasib məhdudlaşdırılması ilə nəticələnməməli, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasını əsassız dayandırmamalıdır. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin iddianın təmin tədbiri ilə bağlı verdiyi ərizənin təmin edilməsinə dair əsaslar müəyyən olunmamışdır. Belə ki, işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 29 iyun 2021-ci il tarixli, 175 saylı sorğuya cavab məktubundan da görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 24 a, 3 saylı mənzil cavabdehin həmin evdə birgə yaşamasını təmin edəcək yeganə evdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmiş dəlillər qərardadın ləğvi üçün əsas hesab oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5375/2021 sayli, 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9989/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9989/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver