Məhkəmə qərarları › İş №2(103)-9991/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9991/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9991/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2279/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə İddiaçı İB vurulmuş 5.763,60 manat məbləğində dəymiş zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6.093,60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 21.12.2015-ci il tarixdə 10444 saylı “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları“nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları“nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi aşkar olunmuş və aktlaşdırılaraq, rəsmiləşdirilmiş və bu halı təsdiqəyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 24.11.2016-cı il tarixli ******* saylı akt əsasında 254,40 manat; 15.12.2016-cı il tarixli ******* saylı akt əsasında 90,80 manat; 20.02.2017-ci il tarixli ******* saylı akt əsasında 434 manat; 03.03.2017-ci il tarixli ******* saylı akt əsasında 47,40 manat; 18.04.2017-ci il tarixli ******* saylı akt əsasında 198,60 manat; 17.05.2017-ci il tarixli ******* saylı akt əsasında 68,20 manat; 15.01.2018-ci il tarixli ******* saylı akt əsasında 713,60 manat; 19.02.2018-ci il tarixli ******* saylı akt əsasında 155,40 manat; 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 159,80 manat; 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 128,80 manat; 25.07.2018-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 25.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 21.04.2020-ci il tarixli ******* saylı akt əsasında 206,60 manat; cəmi 5.258,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 171,40 manat, əvvəlki illərdən isə 333,80 manat borcu qalmışdır. Cavabdeh 2015-2020-ci illər ərzində təbii qaza 71,60 manat pul ödəmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Buda onu göstərir ki cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümum 5.763,60 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2279/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı İB-yə vurulmuş 254,40 manat məbləğində zərərin, faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 171,40 manat borcun, 30 manat dövlət rüsumunun, cəmi 455,80 manat məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı İB-nin nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsi baş versə də, bu fakt məhkəmə tərəfindən tam araşdırmamışdır. Bu faktı sübut edən aktlar məhkəməyə təqdim edilsə də məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. Tərtib edilmiş aktlardan da göründüyü kimi qanunsuz müdaxilə aşkar edilən kimi dərhal Birliyin əməkdaşları tərəfindən kənar xət ləğv edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən yenidən qanunsuz qoşulmaya yol verilmişdir. Göründüyü kimi məhkəmə tərəfimizdən təqdim edilmiş sübutları kifayət qədər araşdırmadan qətnamə qəbul etmiş və bununla da gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2279/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi Qulam İsmayılzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin edilməyən hissəsindən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissəsi iddiaçı tərəfindən mübahisələndirilmir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apelyasiya şikayətində mübahisələndirilən hissədə yохlanılmasını düzgün hesab edir. Məhkəmə kоllegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 10444 saylı, 21 dekabr 2015-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. İş materiallarında olan, abonentin saldosundan və “gasrep” məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********00001 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) cəmi 5.763,60 manat borc hesablanmışdır. İş materiallarında olan, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktların (2016-cı ilin noyabr ayından - 2020-ci ilin may ayınadək) təsdiq edilmiş surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən və cavabdeh tərəfindən qəbul edilmiş ******* saylı, 24.11.2016-cı il tarixli aktı birinci instansiya məhkəməsi sübut kimi qəbul etməkdə və həmin akta əsasən cavabdeh tərəfindən İddiaçı İB-nə 254,40 manat ziyan vurulması, həmçinin cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 171,40 manat borcunun mövcud olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini tərəflər arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 21 dekabr 2015-ci il tarixli müqavilənin şərtlərini əsas tutaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, Cavabdeh cəmi 425,80 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı İstehsal Birliyinə ödənilməsi barədə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları araşdırmış, tərəflərin təqdim etdiyi sübutları tədqiq etmiş və iş üçün əhəmiyyətli olan halları araşdıraraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, Cavabdeh tələb olunan qalan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası bu qənaitini onunla əsaslandırır ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasına baxmayaraq iddiaçı təşkilatın əməkdaşları 2016-cı ilin noyabr ayından başlayaraq davamlı olaraq 2020-ci ilin may ayına kimi aktlar tərtib etmişdir. Həmin aktlar cavabdeh və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda ilk dəfə qanunsuz qoşulma faktı aşkar olunduğu halda iddiaçı bu faktlar barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırmadan davamlı olaraq yeni aktlar tərtib etməsi sözügedən aktların mötəbərliyi barədə şübhə doğurur və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstərici olduğu nəzərə alınsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına olan ehtimal ortaya çıxır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə, iddia tələbinin təmin edilməyən hissəsini iddiaçı tərəfin sübuta yetirə bilməməsi barədə nəticəsi qanuni və əsaslı hesab edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, iddia tələbinin həmin hissədə də rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı İB-nin nümayəndəsi Qulam İsmayılzadənin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2279/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı İB-nin nümayəndəsi Qulam İsmayılzadənin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2279/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar