Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1000/2024 26.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “müqavilə bağlama öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e- 2(125)-250/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, X6 küçəsi ünvanında 446.4 kv m torpaq sahəsinə dair aylıq icarə haqqı 90 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh tərəfindən dövlət mülkiyyətində olan, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X6 küçəsi ünvanında yerləşən, 446.4 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə” xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubla müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışına əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X6 küçəsi ünvanındakı qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, həmin binanın yerləşdiyi 446.4 kv m torpaq sahəsi cavabdehin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Cavabdeh qanunvericiliyin tələblərinə riayət etməyərək, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, X6 küçəsi ünvanında 446.4 kv m torpaq icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2022-ci il tarixli, AZ S-197-541/222 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 54 036.0 (əlli dörd min otuz altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə və qiymətləndiricinin rəyinə əsasən, mübahisənin predmeti olan torpaq sahəsinin aylıq icarə haqqı 90 manat təşkil edir (54 036.0-nın 2 faizi = 1080.72/12 = 90). Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2(125)-250/2024 nömrəli (hakim X.Səfərli) qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “müqavilə bağlama öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə almamış, hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlımünasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Beləliklə, hazırkı mübahisə torpaq münasibətləri ilə bağlı olduğundan, mübahisənin həlli zamanı maddi hüquq normaları kimi Azərbaycan Respublikası Torpaq Məcələsinin müddəaları tətbiq edilməlidir. Müqavilə bağlamaq azadlığı(şəxsin müqavilə bağlamağa məcbur edilməsinə yol verilməməsi) torpaq qanunvericiliyinin deyil, mülki qanunvericiliyin prinsipi olduğundan, torpaq mübahisəsinin məhkəmə tərəfindən həlli zamanı mülki qanunvericiliyin prinsipinin əsas götürülməsi qanunvericiliyin tətbiqində səhv kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Eyni müddəa “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndində də nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsi mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən dövlət mülkiyyətində olan torpaq sahələrindən yalnız icarə əsasında istifadə edilməsini tələb edir və Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi hüquqi və ya fiziki şəxsə icarə müqaviləsi əsasında verilə bilər. Göründüyü kimi, Torpaq Məcəlləsinin yuxarıda istinad olunan normaları dövlət mülkiyyətində olan torpaq sahəsindən mənfəət əldə etmək məqsədilə istifadə edən fiziki və ya hüquqi şəxs üçün həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən etmişdir. Məhkəmə müqavilə bağlamağa məcburetməyə yol verilmədiyini qeyd etsə də, hazırkı mübahisənin torpaq sahəsi ilə bağlı olduğunu və Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlımübahisənin torpaq qanunvericiliyinin müddəalarına əsasən həll edilməli olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, onun mülkiyyətində olan qeyri yaşayış sahəsi mağaza kimi fəaliyyət göstərir. O, icarə müqaviləsi bağlamağa razıdır, lakin, icarə haqqı 90 manat yüksəkdir. Belə ki, həmin ərazidə torpağın qiyməti daha ucuzdur. İddiaçı isə torpağı 10000 manatdan yuxarı qiymətləndirir. Bunun əsasında da 2 faiz olmaqla aylıq 90 manat icrarə haqqı tələb edir. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, həmin mağaza hazırda icarəyə verilib “Əminə” market adı altında fəaliyyət göstərir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Halbuki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanı tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmuş, aralarında olan münaqişə isə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı daxil oluqları iqtisadi xarakterli münasibətlərdən yaranmışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, tərəfin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə aid olması anlamına gəlmir. Çünki Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə icarə hüquq münasibətlərinin yaranmasından ibarətdir. İddiaçı dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirən orqandır. Cavabdehin fəaliyyəti isə mənfəət əldə etməyə yönələn fəaliyyətidir. Cavabdeh iqtisadi həyat müstəvisində fəaliyyət göstərən subyektdir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmışdır. Ona görə də, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş materialları aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin hüquqi ünvanı ünvan 4 Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 263, 264, 384.0.4, 385.1.1, 387.2.1, və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2(125)-250/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1000/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1000/2024
26.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver