Məhkəmə qərarları › İş №2(104)-1003/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1003/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1003/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5) qarşı mülki iş üzrə Açar sözlər: əqdin təmsilçi vasitəsilə bağlanması; təmsilçinin öz xeyrinə əqd bağlaması; etibardan sui-istifadə; əqdin etibarsızlığı Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh3 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisi və Gəncə şəhəri 1 saylı notariat ofisi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5) qarşı etibarnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və evin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(125)-2093/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********57-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır;

2. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 7E-14165 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evinə dair həmin etibarnamə ilə onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri xx.xx.2023-cü il tarixli 7E-4908 reyestr nömrəli etibarnamə ilə xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar etmişdir (sonuncu isə xx.xx.2023-cü il tarixli 7E-14165 reyestr nömrəli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2028-ci il tarixədək Cavabdeh4 ötürmüşdür);

3. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 7E-443 reyestr nömrə ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqədar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 xx.xx.2033-cü il tarixədək etibar etmişdir;

4. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 8İ-1014 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi 7E-443 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir;

5. Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 adından Cavabdeh4 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi 90000 manat dəyərində Cavabdeh3 satılmışdır;

6. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır;

7. Gəncə şəhəri 1 saylı notariat ofisində 4Ə-517 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsini 131000 manat məbləğində alıcı Cavabdeh5 satmışdır;

8. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisi və Gəncə şəhəri 1 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətinə adına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbiNİ onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. İddiaçı Cavabdeh3 ev alverçisi – makler kimi tanımışdır. 2023-cü ilin may ayında iddiaçı cavabdehə 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri iddiaçının adına ev almaq üçün, digəri isə mülkiyyətində olan mübahisəli evə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin, etibarnamələri verdikdən bir müddət sonra cavabdehdən şübhələndiyi üçün iddiaçı etibarnamələri ləğv etdirmək qərarına gəlmişdir. Bunun üçün iddiaçı iş üzrə digər cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə yaxınlaşaraq Cavabdeh3 verdiyi etibarnamələri ləğv etdirmək istədiyini bildirmişdir. Daha sonra iddiaçıdan ərizə almış və ona etibarnamələrin ləğv olunduğunu bildirmişlər. İddiaçı da arxayn çıxıb evinə getmişdir. Lakin, üstündən bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan ev Cavabdeh3 öz adına keçmişdir. Əvvəlcə iddiaçı hesab etmişdir ki, bu, mümkünsüzdür. Lakin sonradan məlum olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirən zaman həmin etibarnamələrdən yalnız biri ləğv edilmiş, digər etibarnamə isə qüvvədə saxlanılmışdır. Nə qədər absurd və məntiqsiz olmasına baxmayaraq, notariat ofisində iddiaçının adına ev almaq üçün verdiyi etibarnaməni ləğv etmişlər. Hansı ki, həmin etibarnamə ilə iddiaçının adına ev alına bilərdi ki, bunun iddiaçıya hər hansı bir ziyanı yox idi. Yəni etibarnamənin ləğv edilməsi üçün iddiaçının notariat ofisinə müraciət etməsində məqsəd əsasən ikinci etibarnaməni ləğv etdirmək olsa da, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin işçilərinin səhlənkarlığı ucbatından həmin etibarnamə ləğv olunmamış və nəticədə məhz həmin etibarnamə ilə iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Sonradan aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Belə ki, Cavabdeh3 bu etibarnamə əsasında dostu və şəriki, iş üzrə digər Cavabdeh4 Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli (etibarnaməni ləğv elətdirmək üçün notariat ofisinə müraciət etdikdən 3 gün sonra) 7E14165 reyestr nömrəli etibarnamə vermiş, Cavabdeh4 isə bunun əsasında iddiaçıya məxsus evi elə həmin gün yenə də Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-614 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 özünə satmışdır. Yəni Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən iddiaçının iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. İddiaçının belə bir iradə ifadəsi olsaydı, elə həmin vaxt etibarnamə əvəzinə, alqısatqı müqaviləsi imzalayardı. Bununla da Cavabdeh3 sanki evi özü-özünə satmışdır ki, bu da yolverilməzdir. Evin satışından əldə olunan puldan isə ona bir manat da çatmamışdır. Həmçinin, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisində də bu fakta hər hansı bir əhəmiyyət verilmədən sözügedən alqısatqı müqaviləsi təsdiq olunmuşdur. Bütün bunlardan sonra isə Cavabdeh3 izi tamamilə itirmək üçün Gəncə 1 saylı notariat ofisində təsdiq olunmuş 04 oktyabr 2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən evi Cavabdeh5 guya satmışdır. Ona görə də qeyd edilən etibarnamə və alqı-satqı müqavilələri etibarsız hesab edilməli və ev əvvəlki vəziyyətinə adına qaytarılmalıdır.

11. Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilərək, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; İddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 182.1, 324, 337.3, 340.1, 359.3 və 362.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev Gəncə şəhərində notarius işləmiş Nəsib İmanova aid əmlak olmuş, formal olaraq qaynı arvadı olan iddiaçının adına qeydiyyata alınmışdır. Evin alqı-satqısını o, Nəsib İmanovla danışıb, razılaşıb və özünə məxsus olan ünvan 5 ünvanda yerləşən evini xx.xx.2023-cü il tarixli AN ******* saylı alqı-satqı müqaviləsi ilə 110000 manata sataraq həmin gün də mübahisəli evi almaq üçün notariusa gəlmişdir (alqı-satqı xx.xx.2023-cü il, saat 13.38-də baş tutub). O, satdığı evin pulunu bankdan çıxarıb, mübahisəli evi almaq üçün notariusa qayıdanadək bank bağlanmışdır, çünki həmin gün 6-cı gün olduğundan bank saat 14:00dək işləmişdir. Bank bağlanmış olmasa idi, o, birbaşa iddiaçı ilə alqı-satqı edərək evi öz adına alardı. Həmin gün bankdan keçməklə alqı-satqı etmək mümkün olmaması səbəbindən və artıq o, evin pulunu (78000 manat) qarşı tərəfə verdiyindən onun adına etibarnamə verilməsinə razılaşmışlar. İddiaçı evin pulunu aldıqdan sonra elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14:51-də ona Zəngəzur küçəsi 9 saylı ünvana dair baş etibarnamə verib (səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ ilə). Bundan sonra isə o, İddiaçı etibarnamə ilə ona verdiyi səlahiyyətləri Cavabdeh4 adlı şəxsə vermiş və özü iddiaçının təmsilçiliyindən azad olmuşdur. Bundan sonra 26 may 2023-cü il tarixdə alqısatqı yolu ilə evi öz adına almışdır. Hesab edir ki, bu əməliyyatların aparılmasında heç bir qanuna zidd əlamətlər yoxdur. Heç kimin hüququ bu əməliyyatla pozulmamışdır. Ona verilən səlahiyyətləri Telman adlı şəxsə ötürdükdən sonra alqı-satqını öz adına edə bilməsəydi, yəqin ki, notarius bu əməliyyatı qanuna zidd olduğu üçün təsdiqləməzdi. Məhkəmənin notariusun qanunazidd hərəkətlərə yol verməsini müəyyən etməməsi və bununla bağlı xüsusi qərar çıxarmaması da məhz əməliyyatın qanuni olmasına dəlalət edir. İddiaçıya münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan, notariat işindən də görünür ki, iddiaçın əri Zaur Süleymanov notariusa ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli evin istənilən şəxsə, istənilən qiymətə satılmasına heç bir etirazı yoxdur. Belə ki, evin pulunun verilməsi və digər məsələlərlə bağlı baş etibarnamə ona verilərkən heç bir mübahisə olmamışdır. Məntiqlə və formalaşmış bazar münasibətləri ilə də bəllidir ki, evinin pulunu almadan heç kim evini istənilən şəxsə, istənilən qiymətə satılmasına razılıq ərizəsi vermir. Bütün bu sadalananları məhkəmə iclasında bildirməyinə baxmayaraq məhkəmə formal əsaslarla iddia tələbini qismən təmin etməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(104)-1770/2024 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov, İ.Həsənov) apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş – Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023- cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

17. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-937/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1770/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əslində İddiaçı heç bu iddiadan xəbəri yoxdur. Bu işin həllində maraqlı şəxs notarius Nəsibdir. Nəsiblə müştərək iş görmüşlər, sonradan münasibətləri pozulmuşdur. Onun tərəfindən Bağdagülə verilən 60000 manat pul Nəsibin olub. Həmin məbləğin 30000 manatını Gəncə şəhərində, bir oqədərinidə Bakı şəhərində vermişdir. Pul 5 aylıq sələmə verilmişdir. Üç aya 9000 manat sələm ödənildi, həmin məbləğdən də 1500 manatı ona çatıb. Nəsib verdiyi pulu tələb etdiyindən, məcburiyyət qarşısında qalaraq öz evini satmiş və Nəsibə əvvəl 57000 manat, daha sonra isə 3000 manat vermişdir. Mübahisəli ev Bağdagülə verilən 60000 manata görə Aygünün adına keçirilmişdir. Ev sonradan onun adına qeydə alınsada, lakin həmin evi Bağdagülün oğlu Ramil özü 140000 manata satmış, 60000 manat ona vermiş, qalan 80000 manatı isə özü götürmüşdür. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəsi gedən ev iddiaçının mülkiyyətinə keçəndən sonrada orada Ramilgil yaşayıb. Evi də onlar satıb 140000 manata, həmin məbləğdə Cavabdeh3 də 67000 manat götürmüşdür.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mübahisələndirilən əqd mülki qanunvericiliyin tələblərinə ziddir. Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

25. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

31. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

32. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

33. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Belə olan təqdirdə qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, ünvan 6 ünvanında 0,0376 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. O, xx.xx.2023-cü il tarixli etibarnamə ilə Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqədar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 xx.xx.2033-cü il tarixədək etibar etmişdir. Daha sonra İddiaçı ona məxsus ünvan 6 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evinə dair həmin etibarnamə ilə onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri xx.xx.2023-cü il tarixli 7E-4908 reyestr nömrəli etibarnamə ilə xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi 7E443 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixli 7E-4908 reyestr nömrəli etibarnamə ilə təmsil edilən İddiaçı tərəfindən təmsilçi Cavabdeh3 verilmiş səlahiyyətlər sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh4 ötürülmüş, elə həmin tarixdə daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə ilə satıcı X1 adından Cavabdeh4 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi 90000 manat dəyərində Cavabdeh3 satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında əmlak Cavabdeh3 adına qeydə alınmış və bu barədə onun adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə ilə də Cavabdeh3 həmin əmlakı 131000 manata alıcı Cavabdeh5 satmışdır. Həmin müqavilə əsasında da əmlak Cavabdeh5 adına qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh3 verdiyi etibarnamənin sonuncu tərəfindən öz xeyrinə əqd bağlamaq məqsədilə istifadə edildiyini və onun bu qanunazidd hərəkətləri nəticəsində mülkiyyətindəki əmlakdan məhrum olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni «Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

50. Mülki Məcəllədə əqdə verilmiş anlayışda əsasən, əqdin əmələ gəlməsi, bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür, başqa sözlə ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil, bağlanmayıb. Əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd yenə də etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

51. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, əqdin təmsilçi vasitəsilə bağlanması üçün müvafiq qaydalar müəyyən edilmişdir.

52. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

53. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normada deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Bu Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

54. Nəzərə almaq lazımdır ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal isə - təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarındakı hüquqi mövqe).

55. Təmsil edilənin qanuni mənafelərinin müdafiə üsullarından biri kimi də Mülki Məcəllənin 359.3-cü maddəsi çıxış edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

56. Bu qaydanın tətbiqində məqsəd təmsil olunanı qorumaqdır. Ona görə ki, təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki, maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

57. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

58. Baxılan işdən məlum olur ki, ünvan 6 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi olmuş İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli etibarnamə ilə Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqədar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 xx.xx.2033-cü il tarixədək etibar etmişdir. xx.xx.2023-cü il tarixdə isə iddiaçı ona məxsus mübahisəsi gedən əmlaka dair əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri xx.xx.2023-cü il tarixli 7E-4908 reyestr nömrəli etibarnamə ilə xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar etmişdir.

59. İddia ərizəsində qeyd olunanlarla yanaşı, diqqət yetirilməli məqamlardan biri də odur ki, Cavabdeh3 realtor (daşınmaz əmlak satışı ilə məşğul olan şəxs, agentlik) fəaliyyəti göstərir. Bu barədə iş materiallarında rəsmi sənəd mövcud olmasa da, lakin iddiaçı iddia ərizəsində cavabdehin ev alqı-satqısı işlərində vasitəçi (makler) olduğunu bildirsə də, lakin cavabdeh iddiaçının bu dəlillinə əks arqument irəli sürməmişdir.

60. İşin qeyd edilən hallarının ağlabatan mühakimə əsasında təhlili belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh3 etibarnamə verməkdə məqsədi əmlakının sonuncunun özünə satılması deyil, əmlakın Cavabdeh3 tərəfindən üçüncü şəxsə satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına isə, özünün adına yeni əmlakın alınmasından ibarət olmuşdur. İddiaçının realtor fəaliyyəti ilə məşğul olan cavabdehə verdiyi iki etibarnamə üzrə səlahiyyətlərin qarşılıqlı təhlili bunu bir daha təsdiq edir.

61. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya Cavabdeh3 apellyasiya şikayətində qeyd etdiyi «alqı-satqı xx.xx.2023-cü il, saat 13.38-də baş tutub. O, satdığı evin pulunu bankdan çıxarıb, mübahisəli evi almaq üçün notariusa qayıdanadək bank bağlanmışdır, çünki həmin gün 6-cı gün olduğundan bank saat 14:00-dək işləmişdir. Bank bağlanmış olmasa idi, o, birbaşa iddiaçı ilə alqı-satqı edərək evi öz adına alardı. Həmin gün bankdan keçməklə alqı-satqı etmək mümkün olmaması səbəbindən və artıq o, evin pulunu (78000 manat) qarşı tərəfə verdiyindən onun adına etibarnamə verilməsinə razılaşmışlar. İddiaçı evin pulunu aldıqdan sonra elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14:51-də ona Zəngəzur küçəsi 9 saylı ünvana dair baş etibarnamə verib (səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ ilə)» arqumenti də əsassız saymışdır. Çünki, iddiaçının mülkiyyətində olan əmlakı cavabdehə satmaq, sonuncunun da həmin əmlakın dəyərinin ödənilməklə satın almaq niyyəti var idisə, habelə bu barədə artıq tərəflər arasında vahid iradə ifadəsi yaranmış idisə, onlar notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq imkanına malik idilər. Ağlabatanlıq meyarları baxımından nəzərə almaq lazımdır ki, bir şəxsin (iddiaçının) özünə məxsus əmlakını satmaq istədiyi şəxslə bilavasitə alqı-satqı müqaviləsi bağlamaq imkanına malik olduğu halda, bu niyyətini digərinə etibarnamə verməklə həyata keçirməsi, 78000 manat ödəməklə əmlak əldə etmək istəyən alıcının da buna razılaşması inandırıcı və məntiqli deyildir.

62. Burada həmçinin qeyd etmək lazımdır ki, «mübahisəli ev Gəncə şəhərində notarius işləmiş Nəsib İmanova aid əmlak olmuş, formal olaraq qaynı arvadı olan iddiaçının adına qeydiyyata alınmışdır. Evin alqı-satqısını o, Nəsib İmanovla danışıb, razılaşmışdır» barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardaddakı hüquqi mövqe). İşdən aydın görünür ki, mübahisəsi gedən əmlaka dair iddiaçı tərəfindən cavabdehə etibarnamə verilən zaman, habelə etibar edilmişi etibaretmə qaydasında əmlakın özgəninkiləşdirilməsi zamanı əmlaka air iddiaçının reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası mövcud olmuşdur. Bu halda, əmlakın başqa şəxsə məxsusluğundan söhbət gedə bilməzdi.

63. İşin sadalanan hallarını nəzərə alan və «təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu» prinsipini əsas götürən kollegiya hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsini etibar edilmişi etibaretmə qaydasında bağlamış şəxslərin (iddiaçı ilə cavabdeh) arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyildir. Eləcə də, iddiaçının həmin əqdi sonradan bəyənməsi kimi bir hal da mövcud deyildir.

64. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Cavabdeh3 səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, o iddiaçının adından bütün səlahiyyətləri Cavabdeh4 ötürmüş və sonuncu artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından Cavabdeh3lə mübahisələndirlən əqdi bağlamışdır. Nəzərə alınsa ki, iddiaçının adından alqı-satqı müqavləsi bağlaması səlahiyyətini Cavabdeh4 məhz Cavabdeh3 iddiaçının adından etibar edilmiş etibaretmə qaydasında ötürüb, belə olan halda, Cavabdeh3 təmsilçi olaraq təmsil edilən adından (iddiaçının) şəxsən özü barəsində əqd bağlamışdır. Çünki bu halda da maraqların toqquşması mübahisə doğurmur. Əks halda, yəni Cavabdeh3 həmin səlahiyyətləri Cavabdeh4 ötürməsi baş verməsəydi, əqdin bu qaydada bağlanması MM-in 359.3-cü maddəsinə görə istisna ediləcəkdi.

65. Mövcud və həqiqi vəziyyət isə ondan ibarətdir ki, İddiaçı (təmsil olunan), Cavabdeh3 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək (əmlakın Cavabdeh3 tərəfindən üçüncü şəxsə satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına isə, özünün adına yeni əmlakın alınması məqsədilə) səlahiyyəti vermiş, Cavabdeh3 isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək əmlakı etibar edilmişi etibaretmə qaydasında öz adına rəsmiləşdirmiş, evin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq əmlakın mülkiyyətçisi olmuş İddiaçı (təmsil olunana) verilməmişdir.

66. Digər tərəfdən, Cavabdeh3 90000 manata (yaxud 78000 manata) satın aldığı əmlakı, 4 aydan da qısa bir müddət sonra 131000 manata üçüncü şəxsə satması nəzərə alındıqda, mübahisələndirilən alqı-satqı müqaviləsinin təmsil olunan İddiaçı zərər vermə xüsusiyyətə malik olduğu şübhəsiz bir haldır.

67. Bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Cavabdeh3 etibarnamə üzrə ona verilən hüquqlardan qanunvericiliyin tələblərinə zidd şəkildə istifadə edərək öz xeyrinə əqd bağlamış təmsil edilən İddiaçı zərər vurmaqla hüquqdan sui-istifadəyə yol vermişdir.

68. Halbuki, Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.

69. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

70. Oxşar hüquqi mövqe X4 Məhkəməsi tərəfindən ifadə edilmiş; “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

71. Göstərilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyn tələblərinə zidd bağlanmış, bu isə əqdin etibarsızlığına gətirib çıxartmışdır. Odur ki, əqdin etibarsızlığı barədə iddiaçının tələbi qanuni əsaslara söykənir.

72. Kollegiya həmçinin qeyd edir ki, əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

74. Lakin, baxılan işdə mübahisəsi gedən əmlak Cavabdeh3 tərəfindən əldə edildikdən sonra əmlak üçüncü şəxs Cavabdeh5 satılmış və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətə görə həmin şəxs vicdanlı alıcı sayılmışdır. Bu səbəbdən də Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq Cavabdeh3 münasibətdə restitusiyanın həyata keçirilməsi mümkün deyildir. Odur ki, iddiaçıya izah edilir ki, alqısatqı müqaviləsinin etibarsızlığından dolayı əmlakın dəyərinin ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır.

75. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar