Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1006/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(045)-125/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və Torpaq sahəsinin 30 mart 2017-ci il tarixli A seriyalı 152363 nömrəli planı və ölçüsünün surətindən görünür ki, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/7037 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxslərin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh X1 hazırda istifadəsində olan Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən yaşayış məntəqəsi torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli 30 mart 2017-ci il tarixli çıxarışa əsasən iddiaçı X6 mülkiyyətində olan torpaq sahəsi ilə bütünlükdə üst-üstə düşür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən və xüsusi mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsindən X1 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İİ Qarabağ Müharibəsində iştirak etdiyi zaman cavabdeh X3 mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxamsını tələb etsədə, sonuncu bundan imtina etmişdir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ərizə verərək, cavabdeh X1 əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir.
6. Goranboy Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(045)-125/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh X3 əsl Cavabdeh ilə əvəz edilmişdir.
7. Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(045)-125/2022 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələbi təmin edilərək, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən Cavabdeh çıxarılması; Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh tutularaq X4, KOD 210005, VÖEN 140155071, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE**********002088501 hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.5, 240.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 107, 115, 217.4, 216-220, 227, 233, 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı onun tərəfindən verilmiş izahatı təhrif edilmiş və buna görə protokola qeyd vermişdir. Mübahisəli torpaq sahəsi məcburi köçkün düşdüyü vaxtdan, yəni 1993-cü ildən onun sahibliyində və istifadəsindədir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz verilmiş və apellyasiya şikayəti əsassız olduğundan təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirlmədən saxlanılması xahiş olunmuşdur.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izaha vermiş və əlavə olaraq bildirmişdir ki, məcburi köçkündür və torpaq sahəsi onun istifadəsindədir. Mübahisəli torpaq sahəsini əkin üçün istifadə edir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli tərpaq sahəsi 2017-ci ildə xüsusi mülkiyyətində olsada cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.
20. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
21. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
22. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh çıxarmaqda düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmiş, eləcədə həmin torpaq sahəsinə dair 30 mart 2017-ci il tarixli A seriyalı 152363 nömrəli plan və ölçüsü tərtib olunmuşdur. Cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyinə görə sonuncu hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etmişdir.
34. Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsini məcburi köçkün düşdüyü vaxtdan istifadə etdiyini (kənd təsərrüfatı məsulları əkməsini) bildirir. Kollegiya hesab edir ki, Cavabdeh qeyd etdiyi dəlil iddianın təmin olunmaması kimi qiymətləndirilə bilməz.
35. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla təsdiq olunur.
36. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsini bütövlükdə zəbt etmiş və bununlada sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Halbu ki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(045)-125/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.