Məhkəmə qərarları › İş №2(104)-1009/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1009/2023

13.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1009/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (qardaşı) X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-240 A KOD 50806018 nömrəli şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının mülkiyyətinə verilmiş Göygöl rayonunun Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızı, Cavabdeh4 Oqtay oğlu, Cavabdeh5 Oqtay qızı və Cavabdeh6 Oqtay qızı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin 0,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin həcminin dəyişdirilməsi və dəqiqləşdirilməsinə dair ərizə verərək, ərizəsində göstərdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-240 A KOD 50806018 nömrəli şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının mülkiyyətinə verilmiş Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Hüseynova X5 Xəyal Oqtay oğlu, Cavabdeh5 Oqtay qızı və Cavabdeh6 Oqtay qızı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin 0,12 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə tələbini” xx.xx.2006-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsində göstərilmiş 1200 kv.m torpaq sahəsinin JN-240A KOD 50806018 nömrəli şəhadətnamə olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını, həmçinin həmin alqı-satqı ilə JN-240 A KOD 50806018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsini almasının müəyyən edilməsi və həmin 1200 kv.m torpağın mülkiyyətinə verilməsi tələbi ilə dəyişdirilməsini, həmçinin cavabdeh qismində göstərmiş olduğu Cavabdeh1 cavabdeh qismindən çıxarıb onun yerinə, vərəsələri Cavabdeh2, Cavabdeh3 Oqtay qızının Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qının və Cavabdeh6 Oqtay qızını cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Göygöl rayonunun Quşqara kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 39,0 kv.m, 19,0 kv.m mətbəxdən, 15,0 kv.m hamamdan, 15,0 kv.m navesdən ibarət bir otaqlı yaşayış evini xx.xx.2006-cı ildə Göygöl (Xanlar) rayon dövlət notariat kontorunda təsdiqlənmiş 4Ə/1-82 reyestr nömrəli, AN-İ№-0062979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 2600 manata almışdır. Evinin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-240A KOD 50806018 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının adına işlənmişdir. Hazırda iddiaçıya xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsində ancaq yaşayış evinin göstərildiyi ona məlum olmuşdur. Halbuki onun evi həmin 0,12 ha torpaq sahəsində yerləşir. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi tələb etməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirməkdən boyun qaçırmışlar. Bu səbəbdənd ə o məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətindədir. Cavabdeh2, Cavabdeh3 Oqtay qızı, Cavabdeh5 Oqtay qızı, Cavabdeh6 Oqtay qızı və X6 qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixli, JN-240A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə müəyyən edilən torpaq sahəsindən onların 0.10 ha paylarının naturada ayırıb, İddiaçı həmin sahədən çıxarılmasını və ilk iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini belə əsaslandırmışdır ki, mübahisə edilən 0,12 ha torpaq sahəsinin bir hissəsində olan yaşayış evini X7 xx.xx.2006-cı il tarixdə 4Ə-1- 82 reyestr müqaviləsi ilə İddiaçı satmış, sonuncuya həmin evə dair müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Alqı-satqı müqaviləsi ilə yalnız yaşayış evi satıldığından, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsində yalnız satılmış ev göstərilmişdir. Satılmış evin yerləşdiyi 0,12 ha həyəti 6 nəfərə (onlara və Oqtay Hüseynova) məxsus olduğundan, hər birilərinin payı 0,02 ha (0,12:6=0,02) təşkil edir. Oqtay Hüseynovun evi ona məxsus 0,02 ha torpaq sahəsində olduğundan, torpağın boş olan 0,10 hektarı onların, yəni 5 nəfərindir. Oqtay Hüseynov isə İddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsini yox, öz evin və evin yerləşən torpağın 0,02 hektar hissəsini satmışdır. Ümumi torpaq sahəsində olan pay satılarkən digər mülkiyyətçilərin razılığı alınmamışdır. Onlar yalnız 0,02 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə və ya ona satılmasına etiraz etməmişlər və hazırda da etmirlər. Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsi ilə (sədrlik edən Qələmdar Abbasov) ilkin iddia təmin edimiş, Göygöl rayonunun Quşqara kəndində yerləşən İddiaçı (Xanlar rayon dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında) mülkiyyətində olan evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun Quşqara kəndində yerləşən İddiaçı mülkiyyətində olan evin yerləşdiyi (JN-240 A KOD 50806018 saylı şəhadətnamə üzrə olan) 0,12 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, Göygöl rayonunun Quşqara kəndində yerləşən İddiaçı (Xanlar rayon dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında) mülkiyyətində olan evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay oğlunun mülkiyyətinə verilmiş Torpağın mülkiyyətə verilməsi barədə JN-240 A KOD 50806018 saylı şəhadətnamənin ləğv edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı xx.xx.2005-ci il tarixli, JN-240 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə müəyyən edilən torpaq sahəsindən cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) 0.10 ha paylarının naturada ayrılması və İddiaçı həmin sahədən çıxarılması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 112 (bir yüz on iki) manat ekpertiza xərci Cavabdeh2 Münsüb qızından, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh4,Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayətləri verərək, Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)- 39/2022 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mərhum həyat yoldaşı Cavabdeh1 Göygöl rayonu, Quşqara kəndində yerləşən evinin 12 sot torpaq sahəsi Xanlar Rayon AİK qərarı ilə mərhum həyat yoldaşının, onun və uşaqları digər qarşılıqlı iddiaçılar Zəminə, Xəyalə, Firəngiz və Xəyalın mülkiyyətinə verilmişdir. Onların hər birinin həmin torpağa 2 sot payı olmuşdur. Oktay evi satarkən, onun və oğlu Xəyalın da razılıq ərizələri alınmış, torpaqdan isə söhbət getməmişdir. Əgər torpaqdan söhbət getsəydi, onlar da müqavilədə tərəf olar, ya da etibarnamə verməli idilər. Lakin bu halların heç birisi olmamışdır. Buna baxmayaraq, məhkəmə torpağa alqı-satqı müqaviləsini aidiyyatsız sübutlarla bağlanmış hesab edərək, torpağı İddiaçı mülkiyyətinə verərək, onların mülkiyyət hüququnu təsdiq edən JN-240A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv, onların paylarının ayrılmasına və torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddiasını isə rədd etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Cavabdeh1 onun mərhum həyat yoldaşı, digərləri isə onun uşaqlarıdır. O, hal-hazırda oğlu Cavabdeh4 ilə birlikdə həmin kənddə yaşayır. Mübahisəsi gedən, yəni satılmış ev ilə onun yaşadığı evin arası təxminən 3-4 km olar. Mübahisəli torpaq sahəsi 2006-cı ildən iddiaçının istifadəsindədir. O və ailə üzvləri bu vaxta qədər həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmasını mübahisələndirməsələr də, hazırda xx.xx.2005-ci il tarixli, JN-240 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə müəyyən edilən torpaq sahəsindən yalnız 0,02 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməli və qalan 0.10 ha payları naturada ayrılmalı, İddiaçı həmin sahədən çıxarılmalıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilə oxşar məzmunlu izahat verdilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdilər. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi olan qardaşı X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı onun bacısıdır. İddiaçı Göygöl rayonunun Quşqara kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 39,0 kv.m, 19,0 kv.m mətbəxdən, 15,0 kv.m hamamdan, 15,0 kv.m navesdən ibarət bir otaqlı yaşayış evini xx.xx.2006-cı ildə Göygöl (Xanlar) rayon dövlət notariat kontorunda təsdiqlənmiş 4Ə/1-82 reyestr nömrəli, AN-İ№- 0062979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 2600 manata almış, həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmaqla, torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə, əkib-becərmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında evə dair müvafiq qeydiyyat vəsiqəsi və evin texniki pasportunu almış və həmin texniki pasportunda da, torpaq sahəsinin ölçüsü və sxemi tərtib edilmişdir.Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)- 39/2022 saylı qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsində göstərilmiş 1200 kv.m torpaq sahəsinin JN-240A KOD 50806018 nömrəli şəhadətnamə olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını, həmçinin həmin alqı-satqı ilə JN-240 A KOD 50806018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsini də almasının müəyyən edilməsi və həmin 1200 kv.m torpağın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1 özünə məxsus olan 1 otaqlı, ümumi sahəsi 39,0 kv.m, mətbəx 19,0 kv.m, hamam 15,0 kv.m, naves 15,0 kvm-dən ibarət Xanlar rayon Quşqara kəndində olan və 1200,0 kvadrat metr torpaq sahəsində yerləşən evini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 2600 (iki min altı yüz) manata satmışdır. Cavabdeh2 Münsabiq qızının Xanlar rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 16 fevral 2006-cı il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 məxsus olan və Xanlar rayon Quşqara kəndində yerləşən evin (mənzilin) satılmasına etirazı olmamışdır. Cavabdeh4 Xanlar rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 16 fevral 2006cı il tarixli ərizəsindən görünür ki, Cavabdeh4 atası Cavabdeh1 məxsus olan və Xanlar rayon Quşqara kəndində yerləşən evin (mənzilin) satılmasına etirazı olmamışdır. 23 oktyabr 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 nikahları 23 oktyabr 1980-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseyinov, arvada Hüseyinova soyadı verilmişdir. Reyestr kitabında 12/561a nömrəli, İnventar kitabında 255 nömrəli Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarınını Qeydiyyat İdarəsi Xanlar rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, Xanlar rayonu Quşqara kəndində yerləşən 1 (bir) yaşayış otağı, yaşayış sahəsi 20.0 kv.m-dən ibarət olan yaşayış evi mülkiyyət hüququ əsasında (Xanlar rayon notariat kontorunun 4Ə/1-82 reyestr saylı, 17 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında) İddiaçı adına qeydə alınmışdır. Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 2006-cı ilin fevral ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Xanlar rayon Quşqara kəndində yerləşən həmin evin torpaq sahəsi 1200,5 kv.m olmaqla, evin və torpaq sahəsinin sxemi tərtib edilmişdir. JN-240 A saylı, KOD 50806018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə 2005-ci ildə tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə, Cavabdeh1 Xanlar rayon Quşqara kəndində mülkiyyətində olan 1200,0 kvadrat metr torpaq sahəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 39,0 kv.m, mətbəx 19,0 kv.m, hamam 15,0 kv.m, naves 15,0 kvm-dən ibarət fərdi yaşayış evini İddiaçı 2600 (iki min altı yüz) manata satmışdır. Həmin yaşayış evini satarkən, onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh1 yazılı ərizələri ilə həmin evin satılmasına razılıqlarını bildirmişlər. Həmin yaşayış evi Xanlar rayon notariat kontorunun 4Ə/1-82 reyestr saylı, 17 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınaraq, müvafiq Qeydiyyat vəsiqəsi verilmiş və onun adına texniki pasport tərtib edilmişdir. Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 2006-cı ilin fevral ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Xanlar rayon Quşqara kəndində yerləşən həmin evin torpaq sahəsi 1200,5 kv.m olmaqla, evin və torpaq sahəsinin sxemi tərtib edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən Göygöl Rayon Məhkəməsinə daxil olmuş mübahisəli evə dair notariat işində olan satıcı Cavabdeh1 adına qeydə alınmış, evə dair 1 saylı forma arayışda sənəd üzrə torpaq sahəsi 1200 kv.m, faktiki olaraq 1205 kv.m göstərilmişdir. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı xx.xx.2006-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsində göstərilmiş 1200 kv.m torpaq sahəsinin JN-240A KOD 50806018 nömrəli şəhadətnamə olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını, həmçinin həmin alqısatqı ilə JN-240 A KOD 50806018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsini də almasının müəyyən edilməsi və həmin 1200 kv.m torpağın mülkiyyətinə verilməsini tələb etsə də, Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2006-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə, Cavabdeh1 tərəfindən Xanlar rayon Quşqara kəndində mülkiyyətində olan 1200,0 kvadrat metr torpaq sahəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 39,0 kv.m, mətbəx 19,0 kv.m, hamam 15,0 kv.m, naves 15,0 kvm-dən ibarət fərdi yaşayış evini İddiaçı 2600 (iki min altı yüz) manata satmış, həmin evə dair iddiaçıya müvafiq Qeydiyyat vəsiqəsi verilmiş, həmçinin həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına həmin evin torpaq sahəsi 1200,5 kv.m olmaqla, evin və torpaq sahəsinin sxemi tərtib edilmişdir. Bu isə, iddiaçının həmin 1200,0 kvadrat metr torpaq sahəsini də almasını ehtiva edir və belə halda yenidən JN-240 A KOD 50806018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin almasının müəyyən edilməsi və həmin 1200 kv.m torpağın mülkiyyətinə verilməsi barədə işə mülki məhkəmə icraatı qaydasında baxılmasının zəruriliuyini aradan qaldırır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 400 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(066)-39/2022 saylı qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar