Məhkəmə qərarları › İş №2(104)-101/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-101/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-101/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X3 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və Cavabdeh1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(062)-176/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras mülkün 1995-ci ildə atası X6 və anası X4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilib, onlara məxsus olmasının təsdiq edilməsi və valideynlərindən qalmış mirasın yalnız onun tərəfindən qəbul edilməsi nəzərə alınmaqla qəbul etdiyi həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-176/2023 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən mərhum X5 qalmış mirasın atası X6 və anası X4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X2 və mərhum X1 qalmış ünvan 1 ünvanda yerləşən mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-176/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Qərarının tələbinə görə vərəsəlik hüququ üçün xüsusi mirasın qəbul şərtini və müddətini müəyyən edən maddələrinin qüvvədən düşməsi ilə cavabdehlərin mirasdan pay almaq hüquqları meydana gəlmişdir. Belə olan halda hesab edirlər ki, həmin iddia tələbinə mahiyyəti üzrə baxılması Konstitusiya Məhkəməsinin Qərarından sonra onların hüquqlarını məhdudlaşdırdığına görə həmin iddia tələbindən imtina etmək zərurəti yaranmışdır. Qeyd olunanlarla əlaqədar iddiaçının iddia tələbindən imtina etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbindən imtina etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iddiaçının iş üzrə icraata xitam verilməsi barədə ərizəsini mülki iş materialları ilə əlaqəli araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tərəfinin iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-176/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. Bu qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar