Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1011/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı evə köçürülmə və istifadə hüquqlarının verilməsi tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 291/2024 saylı qətnaməsidən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(013)-291/2024 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh1 qarşı 18 iyul 2019-cu il təvəllüdlü X8 və 14 sentyabr 2020-ci il təvəllüdlü X6 adlı övladları ilə birlikdə Ağdam Rayon Rzalar kəndində yerləşən evə köçürülmə və istifadə hüququ verilmə tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti Ağdam Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(013)-291/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkməsinə müraciət edərək onu övladları, 18 iyul 2019-cu il təvəllüdlü X8 və 14 sentyabr 2020-ci il təvəllüdlü X6 ilə birlikdə Ağdam Rayon Rzalar kəndində yerləşən, qeydiyyatda olduğu və ərə getdiyi evə, yəni qaynata və ər evinə köçürülməsinə və həmin ünvana istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(013)-291/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı evə köçürülmə və istifadə hüquqlarının verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə iddia tələbinin Elçin Əliyevə qarşı hissəsinə xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə rəsmi olaraq 01 oktyabr 2018-ci il tarixdə Bərdə Rayon ASAN XİDMƏT Mərkəzində 1140 saylı nikaha daxil olmaqla ailə həyatı qurublar, birgə nikahlarından 2 övladları, 18 iyul 2019-cu il təvəllüdlü X8 və 14 sentyabr 2020-ci il təvəllüdlü X6 anadan olmuşlar. Uşaqlar 3-4 yaşlarındadırlar. Ailə qurduqdan sonra ərinin atası, Cavabdeh1 məxsus rayonun Rzalar kəndində olan evinə köçmüşdür. Hazırda kənddə qeydiyyatdadır. Ev 1 mərtəbəli, 2 yataq otağı, 1 qonaq otağı, kuxnası və lazımi digər şəraitləri olan evdir. Ərinin yeganə bacısı ailə qurub başqa ünvana gəlin köçmüş, qaynanası isə 2022-ci ildə vəfat etmiş, hazırda evdə tək olaraq qaynatası Cavabdeh1 yaşayır. Əri Elçin evin-ailənin tək oğludur. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra əri Elçin ilə aralarında olan münasibətlər pisləşmiş və Elçinin iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-1213/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, 2 övladı özünün himayəsində saxlanılmışlar, onlara aliment kəsilib. Hal-hazırda çox çətin bir vəziyyətdə xəstə valideynlərinin yanında Ağcabədi rayonunda yaşayır. Ailədə 2 qardaşı və 2 bacıları var. Bacıları ailə quraraq atası evindən gediblər, lakin qardaşları subaydırlar, atası evində yaşayırlar, bu gün-sabah evlənməlidirlər. Valideynlərinin evi darısqal olduğu üçün həmin evdən lazımi qədər normal istifadə edə bilmirlər, uşaqlar çətinlik çəkirlər, evdə birlikdə yaşamaqları mümkün deyildir. Əri Elçin onu və uşaqlarını 2022-ci ilin iyun ayından atıb Rusiya Federasiyasına gedib, orada alver işləri ilə məşğul olur, ailəsi ilə maraqlanmır. 2023-cü ilin mart ayından isə onu qaynatasının evindən çıxarıblar, evə qayıtmağa qoymurlar. Bütün cehiz əmlakları hazırda həmin evdədir. Özü hazırda X2rmon dərsi verir, 360 manat əmək haqqı alır ki, həmin məbləğlə ev kirayələmək də mümkün deyildir. Ona görə də rayonun Rzalar kəndindəki qaynatasının yaşadığı, yəni ər evinə uşaqları ilə birlikdə köçürülməsini, həmin evdə istifadə hüququnun verilməsini məhkəmə yolu ilə xahiş edir, buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutlara hərtərfli, tam və obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, işin hallarından göründüyü kimi o, az yaşlı uşaqları ilə birlikdə Ağdam rayonunda Cavabdeh1 məxsus evdə onun ailə üzvü kimi qeydiyyatdadır. Birinci instansiya məhkəməsi onun həmin evə köçürülməsi və istifadə hüququnun saxlanması ilə bağlı iddia tələbini əsassız hesab edərkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etsə də, həmin normanın tələblərinin tam nəzərə almamışdır. Qeyd edilən normadan aydın olur ki, məhkəmə bu qəbildən olan mübahisələrə baxarkən ailə münasibətlərinə xitam verilmiş keçmiş ailə üzvünün maddi vəziyyəti və digər diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyi hallarda yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması barədə qərar qəbul edə bilər. İşin hallarından da göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən himayəsində iki az yaşlı xəstə uşağının olmasının, yaşamağa başqa yerinin və maddi imkanının olmamasını nəzərə almamış, ən azından yaşayış sahəsindən istifadə hüququnuzun müəyyən müddətdə saxlanmasını təmin etməmiş və nəticədə ədalətsiz və əsassız məhkəmə aktı qəbul etmişdir. İşdə olan Ağdam RİHB-nın Ağdam rayonu Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayıından görünür ki, o, Ağdam rayonu Rzalar kəndində Cavabdeh1 məxsus yaşayış evində onun ailə üzvü kimi daimi qeydiyyatdadır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin bu faktiki halını nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib, qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Ağcabədi Rayon Hacılar kəndində anadan olmuş, hazırda Ağdam Rayonu Rzalar kəndinin qeydiyyatındadır. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 241 salı arayışdan görünür ki, İddiaçı rayonun Rzalar kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, hazırkı İddiaçı ilə cavabdehlərdən X3 birgə nikahlarından 2019-cu il təvəllüdlü X8 və 2020ci il təvəllüdlü X6 adlı 2 uşaqları anadan olmuşlar. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X7 arasında 01 oktyabr 2018-ci il tarixdə Bərdə Regional ASAN XİDMƏT X1 qeydə alınmış nikah pozulmuş, 2019-cu il təvəllüdlü Asif və 2020-ci il təvəllüdlü Amin adlı uşaqlar anasının himayəsində saxlanılmışlar, onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, 320 manat sabit pul məbləğində aliment məbləğinin tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, E.Əliyev ilə İddiaçı olan nikahlarına 06 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 aprel 2015-ci il tarixli, ******* saylı çıxarışdan görünür ki, ididaçı İddiaçı köçmək istədiyi, Ağdam Rayon Rzalar kəndində yerləşən fərdi yaşayış evi 12 ha torpaq sahəsində yerləşir, fərdi yaşayış evi tam olaraq mülkiyyət hüquqları ilə hazırkı Cavabdeh1 məxsusdur, evin yerləşdiyi torpağın mülkiyyətçiləri isə ¼ payla Cavabdeh1 də daxil olmaqla 4 nəfərə məxsusdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı qız Cavabdeh1 oğlu Elçin Əliyevlə 01 oktyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və qaynatası – Cavabdeh1 məxsus Ağdam rayonunun Rzalar kəndindı yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, əri ilə birgə nikahlarından 2 övladları - 18 iyul 2019-cu il təvəllüdlü X8 və 14 sentyabr 2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçının əri ilə nikahları 2023-cü ilin sentyabr ayında pozulmuşdur. Əri Rusiya Federasiyasında olur. Özü 2023-cü ilin mart ayından valideynlərinin yanında Ağcabədi rayonunda yaşayır. Valideynlərinin evi darısqal olduğu üçün həmin evdən lazımi qədər normal istifadə edə bilmədiklərinə görə cavabdehə məxsus evə köşürülməsini xahiş edir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi mübahisəli yaşayış evinin statusu ilə bağlı qeyd etmişdir ki, 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəalarına əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası da mübahisəli fərdi yaşayış evinin statusu ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli zamanı qüvvədə olan mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququnun yaranması üçün əsaslar mövcud deyildir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərində də iddia ərizəsində olduğu kimi cavabdehlərin oğlu ilə 2018-ci ildə ailə qurub cavabdehlərin yaşadıqları evə gəlin köçməsi, həmin evdə yaşadığı müddətdə iki uşağının doğulması, hazırda başqa yaşayış yerinin olmamasını qeyd etmişdir ki, həmin xüsusatlar da yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin yaşadığı fərdi yaşayış evinə iddiaçının hüququnun yaranması üçün əsas deyildir. İddiaçının qeyd etdiyi ən azından yaşayış sahəsindən istifadə hüquqlarının müəyyən müddətdə saxlanması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu o halda mümkün ola bilərdi ki, iddiaçının köçmək istədiyi yaşayış evi onun keçmiş ərinə məxsus olmuş olsun. Lakin işdən göründüyü kimi iddiaçının köçmək istədiyi yaşayış evi iddiaçının keçmiş ərinə yox, qaynatasına məxsusdur. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətinin dəlilləri həddində birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına əməl edilməsi vəziyyətini yoxlayıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-291/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1011/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1011/2024
24.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver