Məhkəmə qərarları › İş №2(104)-1025/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1025/2025

07.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1025/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X2rşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 14 noyabr 2024cü il tarixli, 18-1-37/3-1-3504/2024 nömrəli əmrinin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyət günləri olaraq qalan 32 gün əvəzi 1838 manat pulun cavabdehdən tutulub ona verilməsi, onunla cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X5 arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əvvəlki iş yeri olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 Təcili və X1 şöbəsinin müdiri vəzifəsinə bərpa olunmasının təmin edilməsinə və əmək müqaviləsinə əsassız xitam verildiyi gündən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadı ilə (hakim C.Tağıyev) Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(125)-1039/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə qətnamədən və qərardadlardan verilən apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Hazırki iş üzrə qətnamədən verilən apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. İddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia əsassız olaraq rədd edilmişdir. Bu qətnamədən apellyasiya şikayəti vermiş və şikayət Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə tam uyğun olaraq tərtib edilmişdir. Şikayət Elektron Məhkəmə Portalında mövcud olan rəsmi forma əsasında hazırlanmışdır. Lakin Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tərəfindən verilmiş apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmış və göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilməsini qərara almışdır. Amma heç nə izah edilməmişdir. O, Mülki Prosessual Məcəlləsinin 2 saylı əlavəsinə uyğun olaraq apellyasiya şikayətini tərtib edib apellyasiya şikayəti ilə qanuna əsasən müraciət etmişdir. O, müharibə veteranıdır və dövlət bu kateqoriyaya aid şəxslərə yanaşması daim hörmət və qayğı ilə müşayiət olunur. Lakin hakim bu məqamı və təqdim etdiyi əsaslı apellyasiya şikayətini nəzərə almamış, hətta Elektron Məhkəmə Sistemi çərçivəsində təqdim edilmiş rəsmi formaya uyğun şikayətini “forma uyğun deyil” bəhanəsi ilə geri qaytarmışdır. Bu, hakim tərəfindən süründürməçilik halları ilə məhkəməyə müraciət hüququnun pozulması, müddətin keçməsinə səbəb olmaq məqsədilə həyata keçirilmiş əsassız qərardır. Bu hərəkət Prezidentin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına ziddir və ictimai etimadı sarsıdan nümunə kimi qiymətləndirilə bilər .Hazırda yuxarıda qeyd edilən qərardaddan şikayət etmək məcburiyyətində olmuşdur. Elektron məhkəmə portalında təqdim olunan və sistemin özü tərəfindən yaradılmış standart formaya əsaslanan şikayətin forma baxımından yararsız hesab edilməsi araşdırılmamışdır Şikayətçi apellyasiya şikayətini Elektron Məhkəmə Sistemində mövcud standart forma əsasında doldurmuşdur. Məhkəmə bu texniki faktı nəzərə almamış, sistemin təqdim etdiyi strukturla MPM-in 2 saylı əlavəsi arasında təhlükəli və öncədən gözlənilə bilən uyğunsuzluğun olub-olmamasını araşdırmamışdır. Bu isə texniki baxımdan apellyasiya hüququnun süni olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. İddiaçının veteran statusu və onun hüquqi vəziyyətinin nəzərə alınmaması iddiaçı müharibə veteranı olmaqla dövlət tərəfindən xüsusi himayədə olan sosial qrupun nümayəndəsidir. Bu status məhkəmə tərəfindən nə araşdırılmış, nə də qərarın formalaşmasına təsir edən şərait kimi qiymətləndirilmişdir. Halbuki, belə şəxslərin hüquqlarının pozulması hallarında məhkəmələr daha ehtiyatlı və diqqətli yanaşmalıdır. Məqsədli süründürməçilik ehtimalı qiymətləndirilməmişdir Qərardad apellyasiya şikayətinin forması bəhanə edilərək geri qaytarılmasına yönəlib. Məhkəmə bu qərarın praktik nəticə etibarilə iddiaçının şikayət vermək hüququndan məhrum edilməsinə, yəni müddətin ötürülməsinə səbəb ola biləcəyini və bunun ədalət mühakiməsinə çıxış hüququna zərbə vurduğunu araşdırmamışdır. Bu isə birbaşa Konstitusiyanın 60-cı maddəsi ilə ziddiyyət təşkil edir. Qanunvericiliyin məqsəd və ruhunun qiymətləndirilməməsi MPM-in 361-ci maddəsində göstərilən formaya uyğunluq, formalist yox, funksional yanaşma ilə qiymətləndirilməlidir. Məhkəmə isə forma pozuntusu olduğu iddiasını irəli sürərkən, şikayətin məzmununun əsaslı olub-olmamasını və ərizəçinin iradəsini nəzərə almamış, yalnız texniki yanaşma ilə hüquqi nəticə çıxarmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə qətnamədən və qərardadlardan verilən apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1 şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətindən müəyyən edilmişdir ki, apellyasiya şikayətini verən şəxsin qeydiyyat və faktiki yaşayış ünvanları göstərilməmiş, prosessual statusu düzgün göstərilməmişdir. Eyni zamanda iddiaçı maddi və prosessual hüquq normalarının pozulması hallarını iddia etmiş, maddi və prosessual hüquq normalarının sıra nömrələrini göstərsə də birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulması hallarının nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan başqa hazırki iş üzrə qətnamədən verilən apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir ki, bu hal apellyasiya şikayətinin geri qaytarılması üçün əsassdır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcələsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayətinin formasına və məzmununa dair qanunvericiliyin tələblərinə iddiaçı tərəfindən riayət edilmədiyindən birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılmasına dair mövqeyi əsaslıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1039/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar