Məhkəmə qərarları › İş №2(104)-103/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-103/2025

27.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-103/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququ; mülkiyyətə müdaxilə; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(062)- 2824/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 Tovuz şəhəri Xəqani küçəsi ev 3A ünvanında yerləşən ümumi sahəsi 154,9 kv.m. fərdi yaşayış evini İddiaçı 24000 manata satmışlar.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli ********** reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı Tovuz şəhəri Xəqani küçəsi ev 3A ünvanında yerləşən 154,90 kv. metr olan fərdi yaşayış evinin xüsusi mülkiyyətçisidir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 2(102)- 2308/2025 nömrəli qərarına əsasən müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1848/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş; Gəncə Apellyasiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(104)-518/2025 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 1848/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış; Kassasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-2308/2025 nömrəli qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 154,90 kv. metr olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 154,90 kv. metr olan fərdi yaşayış evini cavabdehlərdən 24000 manata almış və aralarında 17 mart 23023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən 18 mart 2023-cü il tarixdə cavabdehlər ona məxsus fərdi yaşayaış evindən həm özləri, həm də qeydiyyatdan çıxmalı idilər. Cavabdehlər yaşayış yerləri olmadığını bildirərək müvəqqəti olaraq onun evində qalmalarına icazə istəmişlər və qısa müddətdə özlərinə ev tikib köçəçəklərini bildirsələr də, xeyli vaxtdır onun mülkiyyətində olan həmin evdən könüllü olaraq çıxmırlar. Belə ki, cavabdehlər şifahi söhbət apararaq evdən çıxarılmasını tələb etmişdir. Lakin cavabdehlər qısa müddətdə evdən çıxacaqlarını vəd etsələr də, evi könüllü olaraq boşaltmırlar.

6. Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(062)-2824/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 154,90 kv. m olan fərdi yaşayış evindən çıxarılmaları; 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 152.1 və 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sənan Mehdiyev və İddiaçı etibarından sui-istifadə edərək onu aldatmışlar. Belə ki, oğlu Cavabdeh3 bir müddət dostları X2 və İddiaçı ilə birlikdə şərikinə Bakı şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar. 3 ay sonra Sənan Mehdiyev və İddiaçı yaşadıqları evə gələrək oğlu Vüsala ticarətdə 44000 manat ziyan etdiklərini, onun payına da ziyandan 14666 manat düşdüyünü bildirmişlər. Vüsal da hazırda buna imkanı olmadığını, həmin ziyanı yalnız işləyib ödəyə biləcəyini demişdir. Bundan sonra Sənan və Əhməd Vüsala təklif etmişlər ki, yaşadıqları evi banka girova qoymaqla pul götürsün, həm ziyanın bir hissəsini ödəsin, həm də qalan pulla başqa bir ticarət quraraq yerdə qalan borcunu ödəsin. Onlar da Vüsalın borcunun bağlanması üçün buna razılaşmışlar. Həmin vaxt Sənan Mehdiyev evin sənədləşdirmə işlərini, həmçinin evi girova qoyub pul götürmək prosedurunun ağır olduğunu deyib guya onun və qızı Cavabdeh2 get-gələ düşməməyi üçün ona etibarnamə verməsini istəmiş, onlar da Sənana inanaraq yalnız evin sənədləşdirilməsi və evi girova qoyub pul götürmək naminə ona etibarnamə vermişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, oğlunun iş şəriki Sənan Mehdiyev verilən etibarnamə ilə evi digər şərikləri olan İddiaçı satmış, sonuncu da öz adına xx.xx.2023-cü il tarixli ********** reyestr nömrəli çıxarış almışdır. Bütün bu proseslərdən nə onun, nə də uşaqlarının xəbəri olmamışdır. Daha sonra isə İddiaçı həmin çıxarış əsasında onun mülkiyyətində olan Tovuz şəhəri Xəqani küçəsi ev 3A ünvanında yerləşən evdən o və digər cavadehlərin evdən çıxarılması tələbinə dair iddia qaldırmış, məhkəmə də əsaslı araşdırma aparmadan iddiaçının həmin iddiasını təmin etmişdir. Digər tərəfdən qeyd edir ki, iddiaçı guya evi 24000 manata aldığını bildirir. Lakin evi kimdən və hansı formada almasını göstərməmiş, məhkəmə də bu halı araşdırmamışdır. Onların 24000 manat pulun notariusun depozit hesabına keçibkeçməməsindən, pulun kim tərəfindən götürülməsindən xəbərləri olmamışdır. Alqı-satqı müqaviləsi X3 Muradovun arasında olmuşdur. X5 və İddiaçı əməlində dələduzluq cinayətinin tərkibi vardır. Hesab edir ki, X2 ilə İddiaçı arasında olan xx.xx.2023-cü il tarixli AN-İ N:1114176 saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, sonuncunun adına alınmış xx.xx.2023-cü il tarixli ********** saylı çıxarış ləğv olunmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 Tovuz şəhəri Xəqani küçəsi ev 3A ünvanında yerləşən ümumi sahəsi 154,9 kv.m. fərdi yaşayış evini İddiaçı 24000 manata satmışlar. Həmin alqı-satqı müqaviləsi əsasında da əmlak xx.xx.2023-cü il tarixli ********** reyestr nömrəli çıxarış əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı cavabdehlərin ona məxsus fərdi yaşayış evində yaşadıqlarını və beləliklə mülkiyyət hüququna müdaxilə edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

28. İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmaqla, onun həmin əmlaka qanunla müəyyən edilmiş və dövət tərəfindən qorunan sahiblik, istifadə və sərəcnam hüquqları vardır. Nəzərə almaq lazımdır ki, cavabdehlər alqı-satqı zamanı notarial qaydada ərizə verərək əmlakın satılmasına etiraz etmədiklərini və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Kollegiyanın qənaətinə görə, iddiaçı mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehlərin ona məxsus evdən çıxarılmalarını tələb etməkdə haqlıdır. Çünki, cavabdehlər hər hansı qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan evə sahiblik və istifadə hüquqları həyata keçirtməsinə mane olurlar ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.

29. Əmlaka dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın qanunsuz olması barədə apellyatorun arqumentləri də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, Cavabdeh1 mübahisəli əmlaka dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir (yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir). Beləliklə, əmlaka dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həqiqilik və tamlıq prezumpsiyasını saxlayır. Bu halda, əmlakın başqa bir şəxsə, o cümlədən cavabdehlərə məxsusluğundan söhbət gedə bilməz.

30. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

31. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).

32. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(062)-2824/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar