Məhkəmə qərarları › İş №2(104)-1031/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1031/2025

06.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1031/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın təmin edilməsi, cavabdeh X5 tərəfindən xx.xx.2024-cü ildə İddiaçı mülkiyyəti olan “Nissan Note” markalı, 77-ER609 qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reyestr nömrəli baş etibarnamənin, həmçinin Cavabdeh X4 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi, cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh X5 qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsnə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(104)-2170/2024 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X3 verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün işin Tərtər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər X5 və Cavabdeh qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişlər. Ərizə onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş prosessual müddət ərzində qətnamədən apellyasiya şikayət verilməsinə baxmayaraq, apellyasiya şikayətinin tərtibində nöqsana yol verildiyindən şikayət geri qaytarılmışdır. Həmin nöqsanı aradan qaldıraraq təkrarən qətnamədən apellyasiya şikayəti vermişlər. Beləliklə, qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəbə görə buraxılmışdır. Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qərardadı ilə cavabdehlər X5 və Cavabdeh münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət əsaslı hesab edilərək təmin edilmiş, mülki işin şikayətlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi X5 tərəfindən Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti verilməsi müddəti Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-764/2024 saylı qərardadı ilə bərpa edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş və məhkəmə iclası təyin edilmişdir. Həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-414/2025 nömrəli qərardadı ilə şikayətin mümkünlüyü ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-2170/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. X6 Məhkəməsinin Mülki Kollegiyası qərardadda qeyd etmişdir ki, onun Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 2170/2024 nömrəli qərardadından kassasiya şikayəti versə də, əslində Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Həmçinin onun Tərtər Rayon Məhkəməsinin cavabdehlər Cavabdeh və X4 münasibətdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətinin təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 saylı qərardadından da şikayət vermişdir və həmin şikayətə Tərtər Rayon Məhkəməsində baxılmalıdır. Cavabdehlər Cavabdeh və X5 onun həbs olunmağından sui istifadə edərək saxta yollarla xüsusi mülkiyyəti olan minik avtomobilini öz mülkiyyətinə keçirmişlər. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 764/2024 nömrəli qətnaməsinə əsasən avtomobilin onlardan alınıb ona verilməsi qət edilmişdir. Cavabdehlər Tərtər Rayon Məhkəməsinin həmin qətnaməsinin icra olunmasına görə qəsdən apellyasiya şikayəti verməklə işi uzatmaq məqsədi güdmüşlər. Belə ki, onlar hazırda avtomobildən istifadə edir, yararsız hala salır, hətta avtomobildən cinayət aləti kimi istifadə edirlər. Bu barədə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış, lakin cavabdeh X3 tapşırığı ilə Cavabdeh avtomobili gizlətmiş və hüquq mühafizə orqanlarının çağırışına məhəl qoymamışdır. Məhkəmədən cavabdehlər X5 və Cavabdeh Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən buraxılmış apellyasiya şikayətinin müddətinin bərpa edilməsinə dair ərizələrinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(061)-764/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh X1 Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş prosessual müddət ərzində apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(104)-2170/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması məsələsinin həlli üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, cavabdehlər tərəfindən əvvəlki apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsan qısa zaman kəsiyində aradan qaldırılmaqla birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni təmin etməkdə düzgün nəticəyə gəlmişdir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarını, yəni cavabdehin qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verdiyini, apellyasiya şikayəti geri qaytarıldıqdan sonra isə qısa zaman kəsiyində nöqsanın aradan qaldırılmaqla apellyasiya şikayətinin prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə düzgün və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar