Məhkəmə qərarları › İş №2(104)-1036/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1036/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1036/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qızına qarşı mülki iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ; mülkiyyətçinin ailə üzvləri Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) X2 və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qızına qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 nömrəli qətnaməsindən Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüqualrın Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Köçərli kəndində 0,29 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır;

2. Ağdam Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(013)-187/2015 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 qızı arasında olan xx.xx.2012-ci tarixdə Ağdam rayon Güllücə kənd Ərazi Nümayəndəliyində 10 nömrə ilə qayda alınmış nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 anası Cavabdeh2 yanında saxlanılması, Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər 21 iyul 2025-ci il tarixdən başlayaraq hər ay 60 manat miqdarında Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir;

3. Nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah 06 may 2023-cü il tarixdə Bərdə “ASAN-xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 460 nömrə ilə qeydə alınmışdır;

4. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Ülvi və xx.xx.2023-cü il təvəllüdlü Fərəh adlı uşaqları olmuşdur;

5. Ağdam Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(013)-660/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 qızı arasında xx.xx.2023-cü ildə Bərdə Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 460 nömrə ilə qeydə alınmış nikahın pozulması; xx.xx.2013-cü ildə anadan olmuş Ülvi və xx.xx.2013-cü ildə anadan olmuş Fərəh adlı uşaqların yetkinlik yaşına çatana qədər anası Cavabdeh2 qızının himayəsində saxlanılması qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(013)-2049/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh1 könüllü olaraq evdən çıxacağını bildirmiş və onun cavabdeh kimi mülki işdən çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan fərdi yaşayış evi Tərtər rayonu Köçərli kəndində yerləşir. Həmin evdə həyat yoldaşı Sərfinaz Hüseynova ilə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 qızı isə gəlinidir. Onlar 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. 2015-ci ildə yola gedə bilmədikləri üçün məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Oğlu onunla birlikdə yaşasa da Cavabdeh2 qızı 2015-ci ildə atası evinə köçərək 2021-ci ilə kimi orada yaşamışdır. 2021-ci ildə onlar barışmışlar. Onlara evində yaşamalarına razı olmamışdır. Müvəqqəti olaraq onun evində yaşamağa başlamışlar. Hər gün ər-arvad mübahisə etmişlər. Cavabdeh2 təkidi ilə 2023-cü ildə oğlu ilə nikah qeyd etdirmişlər. Artıq cavabdehlər hər gün onun evində mübahisə yaradırlar. Bu mübahisələrə dözə bilmir. O və həyat yoldaşı hər ikisi yaşlı və xəstə adamlardır. Mübahisə içində yaşamaq məcburiyyətində deyillər. Artıq onlar arasında olan pərdə götürülmüş, o, öz mülkiyyətində dinc yaşaya bilmir. Oğlu Cavabdeh1 ayrı təsərrüfatdır, onlar onunla yaşamalı deyillər. Bununla bağlı mediasiya şurasına müraciət etmiş, lakin cavabdehlə razılaşma əldə olunmamışdır. Cavabdeh evindən könüllü olaraq çıxmaq istəməmişdir. O, cavabdehə evindən çıxmasını tələb etsə də, müsbət nəticə olmamışdır. Cavabdeh onun mülkiyyət hüququnu pozur. Başqa çıxış yolu olmadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

10. Tərtər Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilərək, Cavabdeh2 İddiaçı mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması; İddiaçının İddiaçı ödədiyi 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh2 onun xeyrinə tutulması; İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqının Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 153.2, 153.3, 153.4 və 165.1-ci maddələrinə, həmçinin xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh2 qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh2 qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, heç kəs məhkəmə qərarı olmadan və ya qanunsuz şəkildə evdən çıxarıla bilməz. Amma Tərtər Rayon Məhkəməsinin verdiyi qətnamə bu prinsiplərə ziddir. O, ailə üzvü olaraq nikah əsasında mübahisəli evdə yaşamışdır. Həmin evdə uşaqları ilə birgə qalmaq hüququ vardır. Məhkəmə onun ailə hüquqlarını, sosial vəziyyətini və uşaqlarının rifahını nəzərə almadan, yalnız mülkiyyət hüququnu əsas götürərək qərar verib. Bu isə Konstitusiyanın ailə həyatına hörmət, sosial müdafiə və bərabərlik prinsipinə ziddir. Əgər bir məhkəmə qərarı ailəni ayırır, uşaqları çətin vəziyyətdə qoyursa, bu artıq hüquqi deyil – insani və sosial baxımdan da düzgün deyil. Uzun illər ailə üzvü olaraq orada yaşamışdır. İddiaçının oğlu Cavabdeh1 arvadı olmuş və iki övladları vardır. Ailə olaraq həmin evdə yaşamışlar və bu sadəcə müvəqqəti qonaq qalmaq deyil, ailə həyatı yaşamaq olub. Qanuna görə, belə bir şəraitdə həmin evdə birgə yaşayan ailə üzvü hesab olunmalı idi. Bu isə o deməkdir ki, onun da həmin evdən istifadə hüququ var və bu hüquq qanuni şəkildə qorunmalıdır. Amma Tərtər Rayon Məhkəməsi bu maddəni düzgün tətbiq etməyib. Onu sadəcə “keçmiş gəlin” kimi göstərib, Ailə birliyini nəzərə almayıb, onun ailə üzvü kimi hüququnu tanımayıb. Bu isə qanun pozuntusudur, çünki hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsində onun yaşadığı vəziyyət açıq-aşkar əks olunur. Hal-hazırda iki azyaşlı uşağı ilə birlikdədir, başqa yaşamağa yeri yoxdur, rütubətli, yararsız şəraitdə yaşamaq təklifi isə real deyil, sosial və maddi imkanları da məhduddur. Bütün bunlar nəzərə alınmalı idi. Amma məhkəmə sadəcə mülkiyyətçinin tələbini təmin edib, ailə, qadın, uşaq və sosial durumla bağlı heç bir prinsipi nəzərə almayıb. Bu isə vicdanlılıq və ədalətlilik prinsipinin pozulmasıdır. Əgər bir qərar bir tərəfin hüququnu qoruyarkən digərinin həyatını çətinləşdirirsə, uşaqları evsiz qoyursa və ailəni dağıdırsa, bu qərar nə vicdanlı, nə də ədalətli sayılır. Elə Mülki Məcəllənin özü də bunu yolverilməz sayır. 2021-ci ildə o və həyat yoldaşı Cavabdeh1 ailə münasibətlərini bərpa etmişlər və həmin vaxtdan etibarən birlikdə həmin evdə yaşamışlar. Bundan əlavə, 2023-cü ildə rəsmi nikahları yenidən qeydə alınıb və həmin nikahdan bir övladları dünyaya gəlib. Bütün bunlar sübut edir ki, evdə birlikdə yaşamışlar və mən o evə yenidən qayıtmışdır. Bu faktların hamısı iş üçün əhəmiyyətli hallar olsa da, məhkəmə bunları nəzərə almamış, tam və hərtərəfli araşdırmamışdır. Sosial vəziyyəti, məcburi köçkün olduğu və başqa yaşayış yeri olmadığl obyektiv şəkildə qiymətləndirməyib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun oğlu ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bir dəfə məhkəmə qətnaməsi əsasında onların nikahı pozulmuş və ayrılmışlar. Yenidən nikaha daxil olsalar da, məhkəmə qətnaməsinə əsasən oğlu ilə cavabdehin nikahı yenidən pozulmuşdur. Cavabdeh 2012-ci ildə onun mülkiyyətində olan mübahisə predmeti olan evə gəlin kimi köçmüşdür. Hazırda da, oğlu ilə nikahları pozulmasına baxmayaraq cavabdeh onun mülkiyyətində olan evdən könüllü çıxmaq istəmir. Əslində, sonuncu Bakı səhərində öz valideynlərinə məxsus evdə yaşayır, sacədə olaraq onlara əsəb vermək məqsədilə arabir mübahisəli evə gəlib orada qalır. Bu zaman isə aralarında mübahisələr yaranır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini və iddiaçı tərəfin verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Vəkil Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Onun etibarnamə üzrə nümayəndəsi (anası) Elminaz Əliyeva məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

22. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, Tərtər rayon Köçərli kəndində 0,29 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bununla yanaşı müəyyən olunmuşdur ki, Cavabdeh2 qızı 2012-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq ailə qurmuş və iddiaçının (qaynatasının) mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Ailə münasibətləri davam etdiyi dövrdə onlar mübahisəli evdə yaşamışlar. Cavabdehlə iddiaçının oğlunun ailə münasibətləri pozulduğundan 2015-ci ildə ayrılmışlar və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Sonradan onlar yenidən nikaha daxil olmuşlar və mübahisəli mülkdə yaşamışlar. Lakin, yenə də ailə münasibətləri pozulduğundan onlar hazırda da ayrılmışlar və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. İddiaçı cavabdehin onun evindən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

34. Cavabdeh2 2012-ci ildə iddiaçının oğlu Cavabdeh1la ailə qurmaqla mübahisəli evə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Qeyd edilməlidir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin evindən çıxarılmasını tələb etmək hüququna malikdir.

36. Bununla belə, məsələnin qanuni həlli baxımından araşdırılmalı məsələlərdən biri - mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər

37. Bu normaların düzgün tətbiqi üçün də Cavabdeh2 evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

39. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

40. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; Cavabdeh2 isə həmin şəxslər dairəsinə aid deyildir və onun mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bundan başqa, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir ki, bu halda onun evin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan təqdirdə, məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni cavabdehin istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna edilir. Odur ki, ilkin iddianın yoxlanılan, yəni cavabdeh A.İsgəndərovaya aid hissədə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar