Məhkəmə qərarları › İş №2(104)-104/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-104/2023

01.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-104/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqd, mülkiyyət hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X21 (qardaşı) və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi, asfalt örtüyünün sökülməsi, mülkiyyət hüququnun bərpası, torpağın zəbtdən azad olunması, ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, yanacaqdoldurma məntəqəsinin sökülməsi və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 01 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağstafa rayon Dövlət notariat kontorununda təsdiq edilmiş 06 noyabr 2001-ci il tarixli 230 nömrəli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X25, X11, İddiaçı, X7 rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə onlara verilmiş torpaq sahəsindən 0,28 ha torpaq sahəsini Cavabdeh2 ******* AZM satmışlar. Alqı-satqı müqaviləsində azyaşlı uşaqlar Rüstəm və Ayanın yerinə anaları Səlminaz Rəhimova imza etmişdir. Səlminaz Rəhimova 03 noyabr 2001-ci il tarixli ərizəsində əri Oruc Vəliyevin 0,28 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına etiraz etmədiyini qeyd etmişdir.

2. Daşınmaz əmlakın 03 iyun 2006-cı il tarixi AN-İseriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,56 ha torpaq sahəsinin 0,20 ha hissəsini Cavabdeh1 satmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən 0,392078 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 fevral 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən ümumi sahəsi 605,9 kv.m olan əmlak kompeksi və 0,20 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

5. Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 nömrəli qətnaməsinin surətindən görünür ki, X25, X1 Ənvər Elman oğlu, X12, X13 və Vəliyeva Könül Qəzənfər qızının, Cavabdeh2, Ağstafa rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon Şöbəsinə, Qazax rayon İcra Hakimiyyətinin Memarlıq və Arxitektura Şöbəsinə, Cavabdeh1 və Qazax rayon Dövlət Notariat kontorundan X15. X16 və onların ailə üzvlərinin Cavabdeh2 ilə Ağstafa rayon Dövlət Notariat Kontorunda bağladıqları 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqavilələri, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon Dövlət Notariat Kontorunda bağladıqları 03 iyun 2006-cı il tarixli 4ə-1-149 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısına dair AN-İ№-0071531 nörəli müqavilənin ləğv edilməsi, həmin müqavilələrdə göstərilən torpaq sahələri üzərində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon Şöbəsinin və Qazax rayon İcra Hakimiyyəti Memarlıq və X3 Sədi Süleyman oğluna tikinti materialları mağazası binası tikilməsinə icazə verilməsinə dair qərarları və birgə tərtib etdikləri yer quruluşu planı ləğv edilməsi, Cavabdeh2 tikdirdiyi tikinti materialları mağazasının və mağazanın yerləşdiyi 0,36 ha sahəyə çəkiliş asfalt örtüyün sökülməsi və iddiaçılara vurulmuş ziyanlığın məbləğinin müəyyən edilməsi və dəyərinin alınıb X19 ödənilməsi, Cavabdeh2 və Cavabdeh1 tərəfindən tikinti materilları mağazası tikilən 0.56 ha torpaq sahəsinin X19 və X9 qaytarılması və onarın həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddiaçıların tələblərinin təmin edilməməsi qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının 21 noyabr 2007-ci il tarixli 2(104)300(08-50)2007 nömrəli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçılar X15. X16 və onların ailə üzvlərinin Cavabdeh2 ilə Ağstafa rayon Dövlət Notariat Kontorunda bağladıqları 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqavilələri, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon Dövlət Notariat Kontorunda bağladıqları 03 iyun 2006-cı il tarixli 4ə-1-149 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısına dair AN-İ№-0071531 nörəli müqavilə ləğv edilməsi, iddiaçıların həmin müqavilələrdə göstərilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqları bərpa edilməsi, həmin torpaq sahələrində qununsuz tikilmiş tikinti materialları mağazası və asfalt örtük cavabdehlərin öz hesabına sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı O. Vəliyevdən və T.Mustafayevdən ayrı-ayrılıqda alqı-satqı müqaviləsinə görə 4 (dörd) milyon 700(yeddi yüz) min (könə manat) pul alınıb Cavabdeh2 verilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 18 mart 2008-ci il tarixli 2(102)-648/08 nömrəli qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının həmin iş üzrə 21 noyabr 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının 30 iyun 2008-ci il tarixli 2(104)474/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh2 iddiaçı X19 və X9 məxsus torpaq sahəsindən qeyri-qanuni tikdirdiyi tikinti materialları mağazası və mağazanın yerləşdiyi sahəyə çəkilmiş asfalt örtüyün onun hesabına sökülməsi və həmin torpaq sahəsinin O.E.Vəliyevin və Q.E.Vəliyevə qaytarılması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində təmin edilməsi, Qazax Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2(023)-74/2007 nömrəli qətnaməsinin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2008-ci il tarixli 2(102)-3330/2008 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar X25, X11, X21, X26, X22, X12, X17 və Vəliyeva Könül Qəzənfər qızının kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzlər Məhkəmə Kollegiyasının 30 iyun 2008-ci il tarixli 2(104)474/2008 nömrəli qətnaməsi dəyişdirlmədən saxlanılması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/3021 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Qazax rayonu Qiyasbəyli kəndində yerləşən Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1932 kv m-ə qədər hissəsi İddiaçı adına MH0008799 nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur, mübahisələndirilən ərazidə faktiki istifadədə yol mövcuddur, Cavabdeh1 istifadəsi kimi təqdim edilən tiklilərdən birinci tikili bütövlükdə, ikinci tikili 170 kvm-ə qədər hissəsi və üçüncü tikilidən isə 242 kvm-ə qədər hissəsi ilə İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 oktyabr 2021-ci il tarixli 15/M-125 nömrəli mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin 879 kv.m-ə qədər hissəsi İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü, Cavabdeh1 istifadəsi kimi təqdim edilən ərazi Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan yol ilə üst-üstə düşmdiyi, mübahisələndirilən ərazidəki tikililərdən birinci tikili (7 kv.m) bütövlükdə, ikinci tikili (243 kv.m) bütövlükdə, üçüncü tikilidən (638 kv.m) isə 594 kv.m-ə qədər hissəsi və günlük (çardaq) tikilisinin isə 154 kv.m-ə qədər hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin daxilində yerləşir. Üçüncü tikilinin 44 kv.m-ə qədər hissəsi isə elektron baza məlumatına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış reyestr nömrəsi **********07 olan çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, mübahisələndirilən ərazidəki tikililərdən birinci tikili (7 kv.m) bütövlükdə, ikinci tikili (243 kv.m) bütövlükdə, üçüncü tikilidən (638 kv.m) isə 594 kv.m-ə qədər hissəsi və günlük (çardaq) tikilisinin isə 154 kv.m-ə qədər hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, üçüncü tikilinin 44 kv.m-ə qədər hissəsi isə elektron baza məlumatına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış reyestr nömrəsi **********07 olan çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il ********** nömrəli cavab məktubunda iş materiallarına əlavə edilmiş çıxarışların Dövlət Aktıları əsasında verildiyi bildirilmiş, torpaq islahatı zamanı verilmiş texniki və hüquqi sənədlərin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Qazax rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Hal-hazırda Qazax rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir. Həmin işlər başa çatdıqdan sonra adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəyi bildirilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli 10/3133 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə, elektron baza məlumatlarına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin 879 kvm qədər hissəsi İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə əsasən, Cavabdeh1 istifadəsi kimi təqdim edilən ərazi Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan yol ilə üst-üstə düşmədiyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazidəki tikililərdən birinci tikili (7 kv.m) bütövlükdə, ikinci tikili (243 kv.m) bütövlükdə, üçüncü tikilidən (638 kv.m) isə 594 kv.m-ə qədər hissəsi və günlük (çardaq) tikilisinin isə 154 kv.m-ə qədər hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış MA ******* nömrəli Çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, üçüncü tikilinin 44 kv.m-ə qədər hissəsi isə elektron baza məlumatına əsasən Cavabdeh1 adına qeydiyyata alınmış reyestr nömrəsi **********07 olan çıxarışda olan torpaq sahəsinin daxilində yerləşdiyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyinə əsasən, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il ********** nömrəli cavab məktubunda iş materiallarına əlavə edilmiş çıxarışların Dövlət Aktıları əsasında verildiyi bildirilmiş, torpaq islahatı zamanı verilmiş texniki və hüquqi sənədlərin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar olduğundan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Qazax rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Hal-hazırda Qazax rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir. Həmin işlər başa çatdıqdan sonra adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəyi, ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Ağstafa rayon notariat ofisində bağlanmış 06 noyabr 2001-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon notariat ofisində bağlanmış 03 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh2 tikdirdiyi tikinti materialları mağazasının və mağazanın yerləşdiyi 0,36 ha sahəyə çəkilmiş asfalt örtüyün sökülməsi, ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, beton bardurun sökülməsi; Cavabdeh1 adına verilmiş 03 fevral 2010-cu il tarixli ********** dövlət qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması, eləcədə vurulmuş ziyanın müəyyən edilməsi və dəyərinin alınıb ona ödənilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, torpaq sahələrinin sərhədinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə JN1527 nömrəli Dövlət aktı əsasında Qazax rayon Ağköynək kəndində yerləşən pay torpaq sahəsi verilmişdir. Lakin onun xəbəri olmadan həmin torpaq sahəsini 06 noyabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Sülüyman oğluna satılmış, sonuncu isə 03 iyun 2006-cı il tarixli müqavilə əsasında Cavabdeh1 satmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində qanunsuz olaraq tikinti mağazası və yanacaqdoldurma inşa etdirmiş, eləcədə qanunsuz 03 fevral 2010-cu il tarixli ********** nömrəli çıxarış almışdır. Hazırda mülkiyyətində olan 13 aprel 2009-cu il tarixli ********** nömrəli çıxarışla 0,392078 ha paylı torpaq sahəsi var və həmin əraziyə gedən yolu və torpaq sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş, tikili inşa etmiş, beton bardurlar qoydurmuşdur.

15. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddia ərizəsində qeyd edilənlərlə yanaşı, Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1932 kv.m qədər hissəsi MH008799 nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşdüyündən, torpaq sahəsinin cavabdehin zəbtindən boşaldılması və Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsində olan tiklilərdən birinci tikiliin bütövlükdə, ikinci tiklinin 170 kv.m qədər hissəsinin və üçüncü tikilidən isə 242 kv.m kimi hissəsinin İddiaçı adına MH008799 nömrə ilə qeydiyyata alınmış çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşdüyündən cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir.

16. Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Ağstafa Rayon Dövlət Notariat Kontorunda bağlanmış 06 noyabr 2001-ci il tarixli torpaq alqısatqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax Rayon Dövlət Notariat Kontorunda bağlanmış 03 iyun 2006-cı il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 tikdirdiyi tikinti materialları mağazasının və mağazanın yerləşdiyi 0,36 ha sahəyə çəkilmiş asfalt örtüyün sökülməsi tələbinə dair hissəsinə iş üzrə icraata xitam verilmişdir.

17. Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli (hakim N.Musayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən, onun mülkiyyətində olan 0,392078 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək İddiaçı qaytarılması; Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi; Cavabdeh1 339,10 (üç yüz otuz doqquz manat on qəpik) manat məbləğində mütəxəssis tədqiqatının dəyəri alınaraq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin (VÖEN **********) Kapitalbankın 1 saylı Xətai filialındakı Kod 200071 VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT :AİİBAZ2X, Hesab nömrəsi: AZ23AİİB******************** keçirilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 336.1, 646 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olan və ekspertiza xərcinin ondan tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və qanuni çıxarış əsasında texniki koordinatları göstərilmiş torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçının əvvəllər qaldırdığı iddia tələbləri üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. İddiaçının aldığı 2009-cu il tarixli çıxarış Dövlət aktı əsasında verilmiş və buna görə də Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən yenidən müraciət edilməklə təzələnməli, eləcədə koordinatları müəyyən olunmalıdır. Buna baxmayaraq iddiaçı torpaq sahəsinin ölçmə işlərinin aparılması üçün mütəxəssis və ekspertə şərait yaratmamış, əksinə mane olmuşdur.

21. Həmçinin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, mütəxəssis və ekspert rəyləri arasında olan zidiyyətlər araşdırılmamış, eləcədə yerli baxış keçirilməmişdir. Torpaq sahəsinin 879 kv.m hissəsi zəbtdən azad edildiyi halda, orada olan tikililərin sökülməməsi əsassızdır. Ümumiyyətlə iddia tələbinin gediş-gəliş yolunun açılması, tikilinin və bardurun sökülməsinə dair hissədə təmin olunmamasının səbələri əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X21 nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,09 ha hissəsində çatışmamazlıqlar var. Həmin çatışmayan hissəini cavabdeh zəbt etmişdir. X6 məhkəmə kollegiyasından iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X20 nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, tərəflərin mülkiyyətində olan torpaq sahələrində üst-üstə düşmə yoxdur. İddiaçının torpaq sahəsinə giriş-çıxış üçün yolu var, eləcədə nümayəndəsi olduğu şəxs iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. X5 məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin təmin olunması, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.

33. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

34. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

35. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

43. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

44. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin olunmalı, Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

50. Belə ki, işin hallarından müəyyən olunur ki, Qazax rayonu Ağköynək kəndində yerləşən 0,392078 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 fevral 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən isə Qazax rayonu Ağköynək kəndində yerləşən ümumi sahəsi 605,9 kv.m olan əmlak kompeksi və 0,20 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh1 tərəfindən heç bir əsas olmadan ona məxsus torpaq sahəsini zəbt etdiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də (iş üzrə icraata xitam verilməsi hissə nəzərə alınmır) iddianı qismən təmin etmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmişdir. Həmin qərardadlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2020-ci il tarixli 10/3021 nömrəli və 26 oktyabr 2021-ci il tarixli 10/3133 nömrəli rəylər verilsədə, rəylər arasında ziddiyətlər olduğu müəyyən edilmişdir. Ona görə də apellyasiya icraatı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmişdir.

52. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 21 fevral 2023-cü il tarixli 10/8577 nömrəli rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: faktiki istifadə vəziyyətinə uyğun Cavabdeh1 adına işlənmiş olan MA ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı adına işlənmiş olan MH ******* Çıxarışında olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşməsinə baxmayaraq faktiki istifadə vəziyyətində üstüstə düşmə halı mövcud deyil və hər iki torpaq sahəsinə magistral yoldan və təsərrüfatdaxili yoldan giriş-çıxış mövcuddur. Torpaq İslahatına dair Kompleks Yerquruluşu Layihələrinə əsasən işlənmiş torpaq sahəkərinin konfiqurasiyası ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası arasında uyğunsuzluqlar olduğundan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış X4 Sistemində torpaqların faktiki istifadə vəziyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasıl Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin edilə bilər.

53. Göründüyü kimi Cavabdeh1 adına işlənmiş olan MA ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə Ağköynək kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı adına işlənmiş olan MH ******* Çıxarışında olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşsədə, faktiki istifadə vəziyyətində üst-üstə düşmə halı mövcud deyil və hər iki torpaq sahəsinə magistral yoldan və təsərrüfatdaxili yoldan giriş-çıxış mövcuddur

54. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin alqı-satqı əsasında da torpaq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əvvəllər mübahisələndirilsədə, lakin iddia təmin olunmamışdır.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

56. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 57 Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad olunması hissədə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

58. Ümumi istifadədə olan yolun zəbtdən azad olunması, yanacaqdoldurma məntəqəsinin cavabdehin hesabına sökülməsi, beton bardurun sökülməsi və vurulmuş ziyanın dəyərinin müəyyən edilərək alınıb ona verilməsi, hissədə isə kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyil. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt olunması sübut olunmur, eləcədə yanacaqdoldurma məntəqəsi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində tikilmişdir.

59. Kollegiya yuxarıda qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə iddianın təmin olunması hissədə hazırkı işin hallarına münasibətdə əsaslı sayır və hesab edir ki, qətnamə iddianın təmin olunması hissədə, yəni İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışa əsasən, onun mülkiyyətində olan 0,392078 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək İddiaçı qaytarılması, eləcədə Cavabdeh1 200 manat ekspertiza, mütəxəsis rəyinin verilməsinə görə 339,10 manat xərcin tutulması hissdə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

60. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat (100+100=200), apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri isə 50 manatdır. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.

61. Həmçinin işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı 10 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə tələb olunan məbləğ (smeta) 339,10 manat təşkil edir, 12 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinin alınması üçün isə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin hesabına 311 manat ödənilmişdir. Apellyasiya icraatı zamanı isə mütəxəssis rəyinin alınması üşün İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin hesabına 95 manat ödənilmişdir. Kollegiya hesab edir ki, 10 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə tələb olunan 339,10 manat cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin KOD 200071 VOEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerqruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN: **********, AZ23AİİB******************** nömrəli hesabına ödənilməli, 12 oktyabr 2021ci il tarixli mütəxəssis rəyinin alınması üçün Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 311 manat İddiaçı alınaraq Cavabdeh1 verilməli, apellyasiya icraatı zamanı mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 95 manat onun özünə aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(023)-57/2021 nömrəli qətnaməsi “İddiaçı adına MH ******* nömrə ilə qeydiyyata alınmış Çıxarışa əsasən, onun mülkiyyətində olan 0,392078 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 879 kv.m hissəsi zəbtdən azad edilərək İddiaçı qaytarılması, eləcədə Cavabdeh1 200 manat ekspertiza, mütəxəsis rəyinin verilməsinə görə isə 339,10 manat tutulması” hissdə ləğv edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpağın zəbtdən azad olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə iddia tələbinin ümumi istifadədə olan yolun zəbtdən azad olunması, yanacaqdoldurma məntəqəsinin cavabdehin hesabına sökülməsi, beton bardurun sökülməsi və vurulmuş ziyanın dəyərinin müəyyən edilərək alınıb ona verilməsinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. 10 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə tələb olunan 339,10 manat cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin KOD 200071 VOEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerqruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VOEN: **********, AZ23AİİB******************** nömrəli hesabına ödənilsin 12 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinin alınması üçün Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 311 manat İddiaçı alınaraq Cavabdeh1 verilsin. Apellyasiya icraatı zamanı mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 95 manat onun özünə aid edilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar