Məhkəmə qərarları › İş №2(104)-1044/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1044/2025

18.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1044/2025 18.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh1 (həmçinin Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi) və nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(076)-1900/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriyalı, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

2. Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2014-cü il tarixli 2(104)-266/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Söhrab qızının xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birlikdə İddiaçı adına qeyd edilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınmasına dair Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli, 2(076)-1579/2013 saylı qətnaməsindən cavabdeh İddiaçı və üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Şəmkir Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(076)-3942/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh1 qarşı Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə JN-2856 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Şəmkir rayonu Seyfəli kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə JN-1783A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzil Gəncə şəhəri 6 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-574 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********29-093001 reyestr nömrəli hüuquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

5. xx.xx.2023-cü il tarixli, 4Ə-513 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********29-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəəsbəsi, ev- 34B, mənzil-1 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv.m olan mənzilini X6 bağışlamışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş əmlaklar barəsində məlumat verilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4989/2023 saylı arayışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır.

7. Şəmkir rayon İHB-nin Əliyaqublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatdadır və yaşayır.

8. xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 39 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 30.000 manata satmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanına istifadə hüquqları tanınmış və həmin ünvana köçürülmüşlər. O, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilməsi üçün iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, bunun hüquqi əsası kimi cavabdeh və övladlarının başqa yaşayış yerinin olmaması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10 aprel 2023-cü il tarixli arayışı ilə Cavabdeh1 23 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 34B ünvanında yerləşən 1 saylı mənzili alması öz təsdiqini tapmışdır. Cari situasiyada cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Cavabdehin və himayəsində olan uşaqlarının iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması hüquqdan sui-istifadədir və məhkəmə qətnaməsi ilə bu hüquqa xitam verilməlidir.

11. Cavabdeh1 iddiaya etiraz verərək qeyd etmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 34B-də yerləşən 1 nömrəli mənzili Rusiya Federasiyasında yaşayan yeznəsi özü üçün almış, cavabdeh Azərbaycan Respublikasının ərazisində yaşadığından əmlakın özgəninkiləşdirilməsini asanlaşdırmaq məqsədilə mənzil formal olaraq onun adına qeydə alınmışdır. Cavabdeh qayını İddiaçı bu alqı-satqıdan özü üçün bəhər götürmək istəməsini, yəni ona qarşı iddia qaldırmasını gördükdən sonra yeznəsinə müraciət edərək, mənzili öz adından çıxartdırmışdır. Hazırda həmin mənzil onun adında deyildir. Cavabdeh Şəmkir rayonu, Əliyaqublu kəndində daimi qeydiyyatda olmaqla yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə orada yaşayır. Özü Şəmkir rayon X1 şöbəsində tibb bacısı işləyir. Himayəsində olan uşaqları isə Şəmkir şəhərində yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbdə təhsil alırlar. Yaşadıqları mübahisəli evdən başqa yaşayış sahələri yoxdur. İddiaçının qeyd etdiyi hal onun daimi yaşayış yerindən məhrum edilməsi üçün əsas deyil.

12. Şəmkir Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(076)-1900/2023 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən Cavabdeh1 İddiaçı qardaşı X14 ilə 2006-cı ildə faktiki evlənərək nikahlarını 24 avqust 2007-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh1 hazırda İddiaçı adına olan və Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. İddiaçı Kəmalə İbrahimova ilə Ramil Əliyevin birgə nikahlarından 31 iyul 2007-ci il təvəllüdlü Nadir və xx xxxxxx 2008-ci il təvəllüdlü Gülay adlı uşaqları doğulmuşdur. Cavabdehlə iddiaçının qardaşı Ramil Əliyev arasında olan nikah 22 iyun 2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

14. İşin mübahisə edilməyən faktiki hallarından görünür ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınmışdır. Hazırda cavabdehlər mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə edirlər.

15. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 23 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etməsini, 05 oktyabr 2022-ci il tarixdə isə qeyd edilən mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmasını, cavabdehlərin iddiaçıya məxsus mülkə dair istifadə hüquqlarının tanınmasına səbəb olan halın, yəni yaşayış sahəsinə ehtiyaclarının olmalarına dair halın Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında özünə mənzil alması ilə aradan qalxdığını bildirərək, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsini tələb etmiş olsa da, Cavabdeh1 mülkiyyətində ayrıca mənzil olmasına, cavabdehlərin yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında Cavabdeh1 tərəfindən təqdim edilmiş sübutlarla iddiaçının tələbinin hüquqi əsası kimi göstərdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev-34B, 1 saylı mənzilin 30 may 2023cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh1 tərəfindən X6 bağışlandığı, hazırda Cavabdeh1 adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmadığı, cavabdehlərdən Cavabdeh1 Şəmkir rayon X1 şöbəsində tibbi bacısı işləməklə, yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Şəmkir şəhərində yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbdə təhsil almaqla yanaşı cavabdehlərin daimi yaşayış yerinin İddiaçı adına qeyd edilmiş ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi olduğu müəyyən edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin və yetkinlik yaşına çatmayan övladlarının Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürüldükləri, cavabdehlərin iddiaçıya məxsus evdə yaşadıqları müəyyən olunduğundan, eləcə də cavabdehlərdən Cavabdeh1 mülkiyyətində başqa yaşayış sahəsi olması, bu baxımdan cavabdehlərin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə, cavabdeh X7 müvafiq olaraq Şəmkir rayonu ərazisində işləməklə, yetkinlik yaşına çatmayan cavabdehlər isə Şəmkir rayonu ərazisində yerləşən orta məktəbdə təhsil almaqla iddiaçıya məxsus evdə yaşadıqlarından onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilə bilməz.

17. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürüldüklərindən onların həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarlarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(076)-1900/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 34B ünvanında yerləşən 1 saylı mənzili almışdır və xx.xx.2022-ci il tarixdə isə qeyd edilən mənzil aidiyyatı qurum tərəfindən cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdehin şəxsi mülkiyyətində olan mənzili mövcuddur və özünün, o cümlədən övladlarının yaşayış sahəsinə olan ehtiyacları aradan qalxmışdır. İddiaçı tələbinin əsasını təşkil edən halları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbinə müvafiq olaraq iddia tələbini qəbul etməmə əsaslarını məhkəmə qarşısında sübut edə bilməmişdir. Belə olan halda məhkəmənin iddia tələbini təmin etməməsi qanuni və əsaslı deyildir. Məhkəmədə iddia qaldırdıqdan dərhal sonra Cavabdeh1 məhkəməni aldatmaq və hüquqdan sui-istifadə etmək üçün xüsusi mülkiyyətində olan mənzili öz anasının adına bağışlamış və adına əmlak olmamasını bildirmişdir. Cavabdehin belə bir sadə və primitiv hüquqdan sui-istifadə etməsinin məhkəmənin iddia tələbini təmin etməmə əsası kimi qiymətləndirməsi başadüşülən, anlaşılan və ağlabatan deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)-1462/2024 nömrəli qətnaməsi ilə (hakimlər:- İslam Həsənov (sədrliyi və məruzəsi ilə) Loğman Süleymanov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(076)-1900/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin iddiaçıya məxsus ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınmış və onlar həmin evə köçürülmüşlər. Cavabdehlər hazırda da həmin evdə yaşayırlar.

24. İddiaçı Cavabdeh1 23 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etdiyini, beləliklə də cavabdehlərin ona məxsus fərdi yaşayış evinə ehtiyacları olmadığını əsas göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 özünə mənzil aldığını və beləliklə cavabdehlərin ona məxsus fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxdığını iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzilin onun tərəfindən alınmadığını, əslində həmin mənzili qaynının (bacısının əri) aldığını, sadəcə olaraq mənzilin onun adına rəsmiləşdirildiyini bildirmişdir. Bununla yanaşı, iş materialları ilə 30 may 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzilin X6 bağışlandığı və hazırda Cavabdeh1 adına yaşayış sahəsi qeydə alınmadığı müəyyən olunmuşdur. Beləliklə, Cavabdeh1 özünə məxsus yaşayış sahəsi əldə etmiş hesab olunmur ki, bu halda onun (uşaqları ilə birlikdə) iddiaçıya məxsus yaşayış sahəsindən kompensasiya verilmədən çıxarılması yolverilməzdir.

26. Bundan başqa, iddiaçı tərəf apellyasiya baxışı zamanı verdiyi izahatında Cavabdeh1 Gəncə şəhərində mənzil aldıqdan sonra həmin mənzilə köçməsi və hazırkı iddia məhkəmənin icraatına daxil olduqda təkrarən mübahisəli evə qayıtdığını bildirmişdir.

27. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu arqumentlərini də əsassız saymışdır. Ona görə ki, əvvəla iddiaçı tərəf bu arqumenti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən isə nəzərdən qaçırmaq olmaz ki, iddiaçı hazırkı tələbini cavabdehlərin başqa mənzilə köçmüş olması əsası ilə deyil, məhz onların yeni yaşayış sahələri əldə etməsi barədə dəlillərlə əsaslandırmışdır. Ümumiyyətlə, nə iddia ərizəsində, nə iddiaçı tərəfin birinci instansiya məhkəməsində verdiyi izahatda, nə də ki apellyasiya şikayətinin dəlillərində belə bir dəlil irəli sürülməmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası iddiaçı tərəfin bu arqumentini səmimi və inandırıcı hesab etməmişdir.

28. Həmçinin, diqqət yetirilməli hallardan biri də odur ki, iş materiallarındakı sənədlərdən göründüyü kimi Cavabdeh1 Şəmkir rayon X1 şöbəsində tibb bacısı vəzifəsində işləyir, onun himayəsində olan uşaqları da 2023-2024-cü tədris ilində Şəmkir şəhərində yerləşən Cahangir Rüstəmov adına şəhər tam orta məktəbin 10-cu sinfində təhsil alırlar.

29. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin Şəmkir şəhərində işlədiyi, habelə uşaqlarının da orada yerləşən orta məktəbdə təhsil aldığı halda Gəncə şəhərində mənzil əldə edərək orada yaşaması məntiqli və inandırıcı deyildir. Xüsusən də nəzərə almaq lazımdır ki, həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahatlarla müəyyən olunur ki, onlar arasında tez-tez münaqişələr yaranır, münasibətləri yaxşı deyil, cavabdeh və uşaqları iddiaçıya məxsus evdən sərbəst və rahat şəkildə istifadə edə bilmirlər.

30. Qeyd olunanları nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi üçün hər hansı əsas yoxdur. Həmçinin cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

32. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)-1462/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 639/2025 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)-1462/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

34. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının dəlillərini rədd edərkən, həmin halın sübut olunmamasını göstərmişdir.

35. Apellyasiya məhkəməsinin bu mövqeyi ziddiyyətlidir və anlaşılan deyil.

36. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2023cü il tarixli arayışa əsasən, cavabdehin mülkiyyətində alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tələbinin əsasını təşkil edən sübutu məhkəməyə təqdim etmişdir.

37. Əksinə, cavabdeh tərəf bu sənədi inkar etmədən, qeyd olunan mənzilin onun adına qeydiyyata alınsa da, faktiki özünə deyil, bacısının ərinə məxsus olmasını göstərmiş və apellyasiya instansiyası məhkəməsi cavabdehlə razılaşmışdır.

38. Lakin, bu zaman apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 77.1 və 106.1-ci maddələrinin tələbləri pozulmuşdur.

39. Apellyasiya məhkəməsi cavabdehlə razılaşarkən həmçinin qeyd etmişdir ki, cavabdehlər Şəmkir şəhərində yaşadıqları, işlədikləri və təhsil aldıqları halda Gəncə şəhərində mənzil almaları məntiqli deyildir.

40. Məhkəmə kollegiyası hesab edir ki, şəxs istədiyi ərazidə yaşayış sahəsi əldə bilər və bunun onun faktiki yaşadığı (işlədiyi və təhsil aldığı) yerlə bağlaması özüözlüyündə anlaşılan deyildir. Fakt olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə iddiaçı sübut etməyə çalışır ki, cavabdehin başqa yaşayış sahəsi vardır və onun mülkiyyətində olan mənzildən artıq zərurət aradan qalxmışdır. Həmin yaşayış sahəsinin başqa şəhərdə alınması iddiaçı üçün əhəmiyyət kəsb etmir, əksinə cavabdeh tərəfin hüquqdan sui-istifadə, yəni yaşadığı yaşayış məntəqəsində iddiaçının hesabına yaşayış sahəsindən istifadə etməklə, başqa yaşayış məntəqəsində də əlavə yaşayış sahəsi üzrə mülkiyyət hüququna malik olması kimi qiymətləndirilə bilər.

41. Məhkəmə kollegiyası cavabdehin mülkiyyətində olan yaşayış sahəsini 30 may 2023-cü il tarixli müqavilə ilə X6 bağışlamasını onun mübahisəli yaşayış sahəsindən ehtiyacının qalması kimi qiymətləndirməni də əsaslı hesab etmir.

42. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi hazırkı iddia məhkəməyə verildikdən sonra (17 may 2023-cü il tarixdə) rəsmiləşdirilmişdir. Yəni, müqavilənin formal olaraq, iddia tələbinin əsaslarını aradaq qaldırmaq üçün bağlanılmasının mümkünlüyü apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərdən keçirilməmişdir.

43. Digər tərəfdən, bağışlama müqaviləsi etibarsız olmasa belə, cavabdehin mülkiyyətində olan yaşayış sahəsini əvəzsiz əqd əsasında başqa şəxsin mülkiyyətinə verməklə, iddiaçının yaşayış sahəsindən faktiki istifadə etməsinin, yəni iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasının və bu hüquqa xitam verilməsi üçün əlavə kompensasiya tələb etməsinin hüquqdan sui-istifadə olub-olmaması da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı idi ki, bu istiqamətdə qiymətləndirmənin aparılması qətnamə ilə müəyyən olunmur.

44. Halbuki, cavabdehin mülkiyyətində olan mənzil hesabına faktiki yaşadığı (işlədiyi və övladların təhsil aldıqları) Şəmkir şəhərində öz hesabına özünə mənzil şəraiti yaratmaq imkanı olmuşdur.

45. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin istifadəsinə zərurətin aradan qalxıb-qalxmaması, sonuncu tərəfindən mülkiyyətində olan başqa yaşayış sahəsinin bağışlamaqla hüquqdan suiistifadəyə yol verib-verməməsi məsələləri araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etməyərək, izahatında göstərmişdir ki, uşaqları ilə birlikdə mübahisəli evə köçürülmüşdür. Həmin evə köçürüləndən bəri iddiaçı və ailəsi onun və yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə yaşamalarını istəmir. Belə ki, onlara daimi olaraq manelər yaradırlar, işıq və suyu kəsirlər. Çoxsaylı şikayətlərindən sonra yaşadıqları evə işığın verilməsi bərpa edilmişdir. Maddi imkanı hər hansı mənzil almağa imkan vermir. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsindəki mənzil ona məxsus olmamışdır. Belə ki, həmin mənzili bacısının əri almışdır. Bacısının adına başqa əmlak olduğuna görə, həm də bacısının əri Rusiya Federasiyasının vətəndaşı olduğuna görə mənzil onun adına rəsmiləşdirilmişdir. Həmin mənzili 2022-ci ildə alan gün notariat ofisinə getmiş və alqı-satqı müqaviləsinə imza etmişdir. Adına çıxarış verilmişdir. Mənzilin alınması ilə bağlı işləri bacısının əri həyata keçirtmişdir. Nəzakət adlı bacısı onun adına müvəqqəti olaraq almışdır. Lakin, onun pulu olmamışdır. Pul isə onun qardaşının və onun arvadının adına göndərilmişdir. Onun evində oğurluq hadisəsi olduğu üçün pul ona göndərilməmişdir. Evin özü də Rusiya Federasiyasında yaşayan bacısının adınadır. Bacısının işləri orada olduğundan evi özü idarə etmişdir. Bu iddia tələbi məhkəməyə veriləndən sonra o, vəkil ilə maraqlanmış, vəkildən məsləhət almışdır. Ona bildirmişlər ki, əgər mənzil onun adında qalarsa çöldə qalacaqdır və mübahisəli evdə yaşamaqdan məhrum olacaqdır. Odur ki, xx.xx.2023-cü ildə mənzili adından çıxardaraq anasına bağışlamışdır. İddiaçı tərəfindən ona heç olmasa bir otaqlı evin dəyəri məbləğində pul verildiyi halda evdən çıxa bilər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

47. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etməyərək, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

48. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli, qətnaməsi ilə cavabdeh X3, xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birgə iddiaçıya məxsus ünvan 13 ünvanına istifadə hüquqları tanınmış və həmin ünvana köçürülmüşlər. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2013-cü il tarixli qeyd edilən qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır və cavabdeh övladları ilə birgə qeyd edilən ünvana köçürülmüşdür. İddiaçı cavabdeh və övladlarının qeyd edilən ünvana dair istifadə hüquqlarına xitam verilməsi üçün Şəmkir Rayon Məhkəməsində İstifadə hüququna xitam verilməsinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, qətnaməsi ilə iddia rədd edilmişdir. Rədd edilmənin əsası kimi cavabdeh və övladlarının başqa yaşayış yerinin olmaması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 03 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “əmlaka dair arayışın verilməsi” barədə arayış cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etmiş və xx.xx.2022-ci il tarixdə isə qeyd edilən mənzil aidiyyatı qurum tərəfindən cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Şəmkir Rayon Məhkəməsinin cavabdehin və himayəsində olan övladlarının iddiaçıya məxsus mənzilə dair istifadə hüquqlarının tanınmasına dair xx.xx.2013-cü il tarixli qətnaməsinin, o cümlədən iddiaçının cavabdehə qarşı olan istifadə hüququna xitam verilməsinə dair iddia tələbinin rədd edilməsinə dair Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin əsasını cavabdeh və övladlarının yaşayış sahəsinə olan ehtiyaclarının mövcudluğu və başqa yaşayış yerlərinin olmaması kimi qeyd edilmişdir. Cari situasiyada cavabdehin bu ehtiyacı artıq aradan qalxmış və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 34B ünvanında yerləşən 1 saylı mənzili əldə etmiş və xx.xx.2022-ci il tarixində isə qeyd edilən mənzil aidiyyatı qurum tərəfindən cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Nəticə etibarı ilə cavabdeh və onun övladlarının iddiaçıya məxsus mülkə dair istifadə hüquqlarının tanınmasına səbəb olan hal, yəni yaşayış sahəsinə ehtiyaclarının olmalarına dair hal cavabdehin alqı-satqı müqaviləsi əsasında özünə mənzil alması ilə aradan qalxmışdır. Cavabdeh və onun övladlarının iddiaçıya məxsus mülkə istifadə hüquqlarının saxlanması, istifadə etmələri, o cümlədən yaşamaları artıq hüquqdan sui-istifadədir və məhkəmə qətnaməsi ilə bu hüquqa xitam verilməklə, mülkdən çıxarılmalıdırlar. Cavabdehin həmin mənzili sonradan anasına bağışlaması məqsədli olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehlər X3, onun övladları Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus ünvan 16 ünvanına olan istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsinə və həmin fərdi yaşayış evindən çıxarılmalarına dair iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

49. İş üzrə İddiaçı, nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Belə ki, bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

50. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

51. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

53. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

54. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

55. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

56. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

57. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

58. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

59. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

60. Maddə 560.3.3. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədədir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

61. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

62. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

63. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

64. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

71. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

72. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

73. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

74. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

75. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

76. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

77. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

78. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

80. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

82. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

83. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 İddiaçı qardaşı X14 ilə 2006-cı ildə faktiki ailə qurmuşlar, 24 avqust 2007-ci il tarixdə isə onların nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqlar Cavabdeh1 himayəsində saxlanılmışdır. Bununla yanaşı müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-1579/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 xx.xx.2007-ci il təvəllüdlü Nadir və xx.xx.2008-ci il təvəllüdlü Gülay adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 18 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla oraya köçürülmüşdür. Cavabdeh1 hazırda da yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evdə yaşayır.

84. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, X5 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 39 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 30.000 manat məbləğində pula satmışdır. Bundan sonra Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 4Ə-513 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********29-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev-34B, mənzil-1 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv.m olan mənzilini anası – X6 bağışlamışdır.

85. Belə ki, birinci və apellyasiya instansiyaları məhkəmələri müvafiq olaraq iddianı və apellyasiya şikayətinin dəlillərini rədd edərkən mövqelərini aşağıdakılarla əsaslandırmışlar: - cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında tanınmaqla, onlar həmin mənzildə faktiki yaşayırlar; - Cavabdeh1 mülkiyyətində başqa mənzil olması və müvafiq olaraq cavabdehlərin hazırkı yaşayış sahəsindən ehtiyaclarının aradan qalxması sübut olunmamışdır.

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı işdə Mülki Məcəllənin 228.2-ci maddəsinin təfsiri yaşayış sahəsindən istifadə hüququ institutunun mahiyyətinə və məqsədlərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir neçə Qərarlarında izah etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. (“R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı)

87. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. ... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarları).

88. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu izah etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). ... Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. ... Mülki Məcəllənin 228.5ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

89. Konstitusiya Məhkəməsi həmin qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

90. Göründüyü kimi, Konstitusiya Məhkəməsi 29 mart 2016-cı il tarixli Qərarında Mülki Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun onun yaranmasının əsaslarından (notarial qaydada bağlanmış müqavilə və ya etibarlı ailə əlaqələri) asılı olmayaraq servitut olmasını müəyyən etmiş və müraciətin predmeti olaraq Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinin mümkünlüyünü izah etmişdir. Lakin, həmin Qərarın nəticə hissəsində yalnız Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad belə anlama gəlmir ki, Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə yaranan hüquqa kompensasiya verilmədən xitam verilə bilməz. Əks halda, yaşayış sahələrinin mülkiyyətçiləri qeyri-bərabər vəziyyətə gətirilərək, mülkiyyətçilər üzərinə fərdi və həddən artıq yük qoyulacaqdır.

91. Belə ki, mülki qanunvericilik (və onun tərkib hissəsi olan mənzil qanunvericiliyi) yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün və digər şəxslərin həmin sahədən istifadə hüququnu mülkiyyətçinin mülkiyyət hüququ ilə yanaşı müdafiə edir. Həmin hüququn məqsədi isə şəxsin mənzil hüquqlarının, sosial müdafiəsinin və layiqli həyat tərzinin təmin edilməsidir.

92. Lakin qanunvericiliyin inkişafı, o cümlədən Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən, istifadə hüququ olan şəxsin yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər.

93. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin.

94. Hazırkı işdə iddiaçı Cavabdeh1 mülkiyyətində başqa yaşayış sahəsinin olmasını əsas gətirməklə, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən cavabdehlərin onun mülkiyyətində olan yaşayış sahəsindən ehtiyaclarının aradan qalxmasını və müvafiq olaraq kompensasiya verilmədən yaşayış sahəsindən onların istifadə hüquqlarının xitam verilməsini xahiş etmişdir.

95. Birinci instansiyası məhkəməsi isə iddiaçının dəlillərini rədd edərkən, həmin halın sübut olunmamasını göstərmişdir.

96. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 39 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 30.000 manat məbləğində pula satmışdır.

97. İddiaçı tələbinin əsası olaraq qeyd edilən hala əsaslanaraq cavabdehin mülkiyyətində mənzilin olduğunu, hazırda onun yaşayış yerindən ehtiyacının qalmadığını bildirmişdir.

98. Cavabdeh tərəf bu sənədi inkar etmədən, qeyd olunan mənzilin onun adına qeydiyyata alınsa da, faktiki özünə deyil, bacısının ərinə məxsus olmasını göstərmişdir.

99. Məhkəmə kollegiyası Cavabdeh1 məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən mənzilin rəsmi olaraq onun adına alındığını inkar etməmiş, lakin bu mənzilin faktiki olaraq bacısının əri tərəfindən alındığını və ona yalnız formal şəkildə rəsmiləşdirildiyini bildirmişdir. Cavabdehin etiraf etdiyi kimi, mənzil onun adına rəsmi şəkildə dövlət qeydiyyatına alınmış, lakin iddia tələbi məhkəməyə təqdim olunduqdan sonra (17 may 2023-cü il tarixdə) qəsdən, yəni nəticələri əvvəlcədən nəzərə alınaraq, xx.xx.2023-cü ildə anası X6 bağışlanmışdır.

100. Bu izahatdan açıq şəkildə görünür ki, cavabdeh öz adına rəsmiləşdirilmiş yaşayış sahəsini real hüquqi məqsəd daşımadan, sadəcə olaraq, məhkəmə prosesində mənzilə sahib olduğu faktını ört-basdır etmək və iddiaçının mülkiyyətində olan evdə qalmaq üçün əsas saxlamaq məqsədilə anasına bağışlamışdır. Cavabdehin dediyi “əgər mənzil mənim adıma qalarsa, çöldə qalacam və mübahisəli evdən çıxmalı olacam” ifadəsi bu niyyətin məqsədli olduğunu bir daha sübut edir.

101. Belə olan halda, cavabdeh tərəfindən mənzilin adından çıxarılması hüquqi baxımdan hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, hüququn yalnız digər şəxslərin hüquqlarına zərər vurmaq və ya ədalətsiz nəticə əldə etmək məqsədilə həyata keçirilməsi yolverilməzdir. Bu baxımdan, cavabdehin davranışı məhz bu maddələrin tələblərinə zidd olmaqla, iddiaçının mülkiyyət hüququndan faktiki istifadə etməsinə maneə yaratmaq məqsədi daşıyır.

102. Digər tərəfdən, cavabdehin bu addımı mənzilin onun adına dövlət qeydiyyatında olduğu müddət ərzində həmin yaşayış sahəsinin sahibi kimi çıxış etdiyini sübuta yetirir. Əgər cavabdeh doğrudan da həmin mənzilə faktiki sahib deyildisə, qeydiyyatdan çıxarmaq əvəzinə həmin iddianı təsdiqləyən hüquqi sənədlər (təqdim etdiyi izahatdan başqa) təqdim etməli idi. Belə sübutların olmaması, əksinə, mənzilin qəsdən bağışlanmasını onun üzərinə düşən sübutetmə və vicdanlı davranış öhdəliyini yerinə yetirmədiyini göstərir.

103. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək müəyyən edir ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda qeyd etdiyi “Gəncə şəhərindəki mənzilin pulu bacısının əri tərəfindən burada yaşayan qardaşı və onun arvadının adına göndərilmişdir və bu mənzil formal olaraq onun adına rəsmiləşdirilmişdir” bəyanatları təhlükəli və məhkəməni çaşdırmaq məqsədi daşıyan subyektiv iddialardır, hansı ki, sübutlarla təsdiq olunmamışdır.

104. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" KB ASC-dən çıxarışa əsasən, X2 adına xx.xx.2021-ci il tarixdə 10.000 manat və xx.xx.2021-ci il tarixdə isə 20.000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Lakin, həmin bank sənədlərindən aydın olur ki, bu vəsaitlərin nə göndərən şəxs, nə də təyinat hissəsi üzrə Cavabdeh1 ilə hüquqi və ya mülki mübahisəyə aidiyyəti müəyyən edilmir.

105. Məhkəmə kollegiyası qeyd edir ki, həmin pul vəsaitlərinin cavabdehə verildiyi, onun tərəfindən qəbul edildiyi, Gəncə şəhərindəki mənzilin alınmasında istifadə edildiyi və xüsusən də həmin əməliyyatın məqsədinin məhz cavabdehə daşınmaz əmlak almaq olduğu barədə hər hansı bank sənədi, kassa orderi, yazılı təsdiq, öhdəlik müqaviləsi və ya digər rəsmi sübutlar təqdim edilməmişdir.

106. Cavabdeh tərəfindən yalnız şifahi izahatla bu vəsaitlərin guya onun mənzilinin alınması üçün istifadə edildiyi və mənzilin formal olaraq adına rəsmiləşdirildiyi iddia olunmuşdur. Lakin, hüquqi normalara və Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, iddiaçı və ya cavabdeh yalnız sübuta yetirilmiş faktlara istinad edə bilər və məhkəmə ancaq sübutlarla təsdiqlənmiş halları nəzərə ala bilər.

107. Bundan əlavə, cavabdehin özünün izahatından da görünür ki, o, əmlakın onun adına rəsmiləşdirildiyi gün alqı-satqı müqaviləsinə birbaşa olaraq imza atmışdır, bu isə onun əməliyyata bilavasitə cəlb olunduğunu, formal bir fiqur olmadığını və mülki dövriyyədə tərəf kimi iştirak etdiyini təsdiq edir. Əgər, cavabdeh öz izahatında dediyi kimi, bu mənzilin faktiki sahibi deyildisə, bu hüququ rədd etməyə və ya mübahisələndirməyə dair müvafiq hüquqi addımlar atmalı idi, hansı ki, təqdim edilmiş sənədlər arasında belə bir müraciət və ya tələbin izinə rast gəlinmir. Hansı ki, bunu pulu qəbul etmiş digər qardaşı və ya arvadı da bu əməliyyatları özü edə bilərdi.

108. Beləliklə, cavabdehin qeyd etdiyi “mənzilin mənə məxsus olmaması və həmin mənzilin yalnız müvəqqəti olaraq mənim adıma rəsmiləşdirilməsi” barədə iddialar həm faktiki, həm hüquqi baxımdan əsassız olmaqla, yalnız məhkəməni çaşdırmaq və iddianın təmininə əngəl törətmək məqsədi güdür.

109. Belə ki, Mülki Məcəllənin 139.1 və 140-cı maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur. Hazırkı halda, birinci instansiya məhkəməsi reyestrdəki məlumatın həqiqiliyini nəzərə almamış və mövqeyini yalnız cavabdehin izahatı ilə əsaslandırmışdır. Halbuki, cavabdeh tərəfindən Gəncə şəhərindəki mənzilin ona məxsus olmamasını və formal olaraq adına qeydə alınmasına dair başqa sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Yəni, birinci instansiya məhkəməsi cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir.

110. Nəticə etibarilə, cavabdehin mənzilin alınması üçün pul vəsaiti əldə etdiyi və ya həmin əmlakın hüquqi sahibi olmadığına dair izahatları sübutsuz, hüquqi əsassız və məhkəmənin inandırma meyarlarına uyğun olmayan iddialar hesab edilməlidir.

111. Digər tərəfdən, cavabdehin bu addımı mənzilin onun adına dövlət qeydiyyatında olduğu müddət ərzində həmin yaşayış sahəsinin sahibi kimi çıxış etdiyini sübuta yetirir. Əgər cavabdeh doğrudan da həmin mənzilə faktiki sahib deyildisə, qeydiyyatdan çıxarmaq əvəzinə həmin iddianı təsdiqləyən hüquqi sənədlər (təqdim etdiyi izahatdan başqa) təqdim etməli idi. Yuxarıda qeyd olunduğu kimi, belə sübutların olmaması, əksinə, mənzilin qəsdən bağışlanmasını onun üzərinə düşən sübutetmə və vicdanlı davranış öhdəliyini yerinə yetirmədiyini göstərir.

112. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərkən bildirdiyi “mənim evimdə oğurluq hadisəsi olmuşdur, ona görə də pul mənə göndərilməmişdir” izahatına hüquqi qiymət verərək müəyyən edir ki, bu bəyanat tamamilə subyektiv xarakterlidir və prosessual qanunvericilikdə nəzərdə tutulan heç bir sübutla əsaslandırılmamışdır.

113. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, tərəflərin istinad etdikləri halları sübuta yetirmək və məhkəməyə təqdim etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Əgər, cavabdeh oğurluq hadisəsinin baş verdiyini, bunun nəticəsində pulun ona çatmadığını və bu halın mübahisəli əmlakın alınması ilə bağlı hüquqi nəticələr doğurduğunu iddia edirsə, bu barədə müvafiq polis materialları və ya hüquq-mühafizə orqanlarına müraciət olunması kimi sübutları məhkəməyə təqdim etməli idi.

114. Cavabdeh tərəfindən belə bir oğurluq hadisəsinin baş verdiyinə dair nə polisə müraciət edildiyinə, nə də bu barədə hüquqi prosedurların başladığına dair hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Bu halda onun yalnız şifahi izahatla bu halı əsaslandırması qanunun tələblərinə cavab vermir və məhkəmənin inandırma meyarı baxımından qəbul edilə bilməz.

115. Digər tərəfdən, cavabdehin bu bəyanatı həm məntiqi baxımdan ziddiyyətlidir, həm də maliyyə əməliyyatlarının məqsədyönlü şəkildə izahını qeyri-müəyyənləşdirməyə xidmət edir. Əgər cavabdeh özü bildirirsə ki, pul ona göndərilməmişdir, lakin Gəncə şəhərindəki mənzil onun adına rəsmiləşdirilmiş və o, alqı-satqı müqaviləsinə birbaşa imza atmışdırsa, bu halda onun həmin mənzillə hüquqi əlaqəsi olduğunu özü də dolayısı ilə təsdiqləmiş olur. Əgər pul ona göndərilməyibsə, mənzil niyə onun adına rəsmiləşdirilmişdir və niyə imza atmışdır? Bu sualın cavabı cavabdeh tərəfindən izah olunmamışdır və izahatlar arasında daxili ziddiyyətlər müşahidə olunur.

116. Məhkəmə hesab edir ki, bu izahat cavabdehin hüquqi vəziyyətini zəiflətməkdənsə, əksinə, onun hüquqdan sui-istifadə etdiyini, qəsdən mənzili adından çıxardığını və iddiaçının mülkiyyət hüququna müdaxiləni davam etdirmək niyyəti daşıdığını göstərir.

117. Nəticə etibarilə, cavabdehin “oğurluq hadisəsi” barədə verdiyi izahat hüquqi baxımdan sübutsuz, məntiqi baxımdan ziddiyyətli, hüquq mübahisəsinin predmetinə təsir etməyən və yalnız məhkəməni çaşdırmaq məqsədi daşıyan müdafiə mövqeyi kimi qiymətləndirilməlidir.

118. Məhkəmə hesab edir ki, cavabdehin əvvəlcə yaşayış sahəsi əldə etməsi, sonra bu hüququndan könüllü və məqsədli şəkildə imtina etməsi, lakin bununla yanaşı iddiaçının əmlakında yaşamaqda israr etməsi, açıq-aşkar sosial ədalət prinsiplərinə ziddir və vicdanlı hüquq davranışı ilə uzlaşmır.

119. Birinci instansiya məhkəməsi cavabdehlə razılaşarkən həmçinin qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 mülkiyyətində ayrıca mənzil olmasına, cavabdehlərin yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında Cavabdeh1 tərəfindən təqdim edilmiş sübutlarla iddiaçının tələbinin hüquqi əsası kimi göstərdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev- 34B, 1 saylı mənzilin xx.xx.2023-cü il tarixli, 4Ə-513 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh1 tərəfindən X6 bağışlandığı, hazırda Cavabdeh1 adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmadığı, cavabdehlərdən Cavabdeh1 Şəmkir rayon X1 şöbəsində tibbi bacısı işləməklə, yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Şəmkir şəhərində yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbdə təhsil almaqla yanaşı cavabdehlərin daimi yaşayış yerinin İddiaçı adına qeyd edilmiş ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi olduğu müəyyən edilmişdir.

120. Məhkəmə birinci instansiya məhkəməsinin cavabdehlərin Gəncə şəhərində daşınmaz əmlak əldə etməsinin “onların faktiki yaşayış və iş yerlərinin Şəmkir rayonu ilə bağlı olması” mövqeyinə əsaslanmasını hüquqi baxımdan əsassız və qeyri-dəqiq hesab edir.

121. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki qanunvericliyə əsasən, hər bir fiziki şəxs sərbəst şəkildə istədiyi ərazidə daşınmaz əmlak əldə etmək, ona sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququna malikdir. Bu hüququn həyata keçirilməsi şəxsin yaşadığı, işlədiyi və ya təhsil aldığı ərazi ilə məcburi surətdə əlaqələndirilmir və belə bir hüquqi tələb qanunvericilikdə mövcud deyildir.

122. Məhkəmə kollegiyası göstərir ki, şəxs istədiyi ərazidə yaşayış sahəsi əldə bilər və bunun onun faktiki yaşadığı (işlədiyi və təhsil aldığı) yerlə bağlaması özü-özlüyündə anlaşılan deyildir. Fakt olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə iddiaçı sübut etməyə çalışır ki, cavabdehin başqa yaşayış sahəsi vardır və onun mülkiyyətində olan mənzildən artıq zərurət aradan qalxmışdır.

123. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin konkret daşınmaz əmlakı yaşayış yeri kimi istifadə edib-etmədiyi, onun həmin əmlakla faktiki bağlılığı və ya istifadə niyyəti hüquqi münasibətlərdə mülkiyyət hüququnun mövcudluğuna təsir göstərmir. Cavabdehin həmin mənzili əldə etdiyi tarix, alqı-satqı müqaviləsinə şəxsən imza atması və daşınmaz əmlakın müəyyən müddət ərzində onun adına dövlət qeydiyyatında olması onun bu hüquq münasibətlərində tam hüquqlu tərəf olduğunu göstərir.

124. Bundan əlavə, Gəncə şəhəri regionda iqtisadi, sosial və mədəni baxımdan böyük şəhər hesab olunur və burada daşınmaz əmlakın əldə olunması şəxsin gələcək planları, sosial təminat məqsədləri və ya ailə üzvlərinə dəstək kimi səbəblərlə izah edilə bilər. Belə halların şəxs tərəfindən yaşayış yeri kimi istifadə olunmaması onun həmin əmlaka sahib olma hüququna və ya bu hüququn hüquqi nəticələrinə xitam vermir.

125. Nəticə etibarilə, cavabdehin Gəncə şəhərində yerləşən mənzili əldə etməsi onun faktiki yaşayış ünvanı ilə bağlı olmamaqla yanaşı, bu əmlakın ona aid olduğunu və yaşayış ehtiyacının təmin olunduğunu göstərən əsas sübutdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin “Gəncədə niyə alınıb” sualına əsaslanan hüquqi yanaşması mülkiyyət hüququnun konstitusion və maddi hüquqi mahiyyətinə ziddir və şəxsin sərbəst seçim iradəsini məhdudlaşdıran qeyri-qanuni qiymətləndirmədir.

126. Ona görə də, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəf kompensasiya verilmədən cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır.

127. Həmçinin kollegiya hesab edir ki, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması tələbi də əsaslıdır.

128. Belə ki, cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

129. Bundan başqa, kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüşdür. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

130. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

131. Göründüyü kimi, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh3 adlı uşaqlar hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olduğundan göstərilən hüquq normalarının tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə Cavabdeh1 ilə birlikdə Cavabdeh2 və Cavabdeh3 da evə istifadə hüquqlarına xitam verilməlidir.

132. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar vardır, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

133. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

134. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

135. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

136. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

137. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

138. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

139. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

140. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

141. Beləliklə, Məhkəmə Kollegiyası baxılan iş üzrə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

142. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir.

143. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(076)-1900/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər əşyaları ilə birlikdə mənzildən fərdi yaşayış evindən çıxarılsın. İddianın verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar