Məhkəmə qərarları › İş №2(104)-1052/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1052/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1052/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçılar İddiaçı4 qızının, X1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 qızının Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 414/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-414/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı4 qızı, X2, İddiaçı1 və İddiaçı2 Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Vaqif küçəsi, 16 ünvanında yerləşən ümumi sahəsi 41,7 kvm olan 2 otaqlı mənzilə köçürülmələri qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini tamamilə ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 qızı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən yeni tikiliyə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Daha sonra iddiaçılar birincin instansiya məhkəməsinə ərizə təqdim edərək Gəncə şəhəri, Vaqif küçəsi, 16 ünvanda yerləşən evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı4 qızı iş üzrə Cavabdeh ilə 27 oktyabr 1998-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Gəncə şəhəri, Vaqif küçəsi, 16 saylı evə gəlin köçmüşdür. Birgə nikahlarından X2, İddiaçı1 və İddiaçı2 anadan olmuşdur. Uşaqlarının hər üçü gəlin köçdyüyü evdə anadan olmuş və orada böyümüşlər. Gəlin köçdüyü ev əvvəl qaynatasına məxsus olmuşdur. 25 il həmin evdə yaşayıb birgə təsərrüfat aparmışlar. 2021-ci ilin iyun ayının 21-də cavabdeh onu və oğlu İzzəti evdən çıxarmışdır. Digər övladları Həsrət və Nüsrət hərbiçi olduqları üçün hərbi hissədə olmuşlar. Lakin cavabdeh onları da məzuniyyətə gələndə evə buraxmamışdır. Cavabdehlə aralarında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Onlara məxsus bütün əşyaları hal-hazırda sözügedən Gəncə şəhəri, Vaqif küçəsi ünvanında yerləşən 16 saylı evdədir. ünvan 2raq öz hesablarına inşa etdikləri fərdi yaşayış evi vardır. Həmin evi öz hesablarına inşa etmişlər və həmin ev təmirsizdir. Cavabdeh onu və digər iddiaçı olan övladlarını evə buraxmadığı üçün məcbur olub məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə işin faktiki hallarını araşdırmamış və təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Belə ki, işin hallarından da görünür ki, iddiaçılar köçürülmələrini tələb etdikləri evdə ümumiyyətlə qeydiyyatda olmamışlar və iddiaçı ilə birgə nikahlarından olan övladları da orta məktəbi Goranboy rayonu, Tatarlı kəndində bitirmişlər və daimi olaraq orada yaşamışlar. İddiaçı özü könüllü olaraq əşyalarını çıxardaraq özünə məxsus evə aparmışdır və nikahları məhkəmə qaydasında pozulmuşdur. Ancaq iddiaçı iddia ərizəsində yalandan ona məxsus əşyaların köçürülməsini tələb etdiyi evdə olmasını bildirmişdir. Məhkəmə tərəfindən evə baxış keçirilərsə, eyni zamanda şahidlər dindirilərsə iddiaçıya məxsus heç bir əşyanın evdə olmaması öz təsdiqini tapacaqdır. Bundan başqa o, yenidən rəsmi nikaha daxil olaraq evlənmiş və özünə məxsus evdə həyat yoldaşı ilə yaşayır. İddiaçıların həmin mənzildə yaşamaları mümkünsüzdür. Bundan başqa işin hallarından görünür ki, iddiaçıların köçürülmələrini tələb etdikləri ev təkcə onun yox, qardaşı ilə paylı mülkiyyətdədir. Ancaq məhkəmə onu da tərəf kimi cəlb etməyərək prosessual pozuntu törətmişdir. Bundan başqa onun tərəfindən vəkil ilə müqavilə bağlanaraq iddiaçının adına daşınmaz əmlakın olması ilə bağlı AR İN yanında ƏMDX DƏDKR PHŞ 7 saylı Bərdə Ərazi İdarəsinə sorğu edilmiş və alınmış cavabdan məlum olmuşdur ki, İddiaçı4 adına Goranboy rayonu, Tatarlı kəndində JN-439F torpağın mülkiyyətə verilməsinə daır şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Eyni zamanda qeyd edilən torpaq üzərində dövlət reyestrində qeydiyyatdan keçməmiş ev mövcuddur və iddiaçı övladları ilə birlikdə qeyd edilən ünvanda yaşayırlar. İddiaçıların ona məxsus evdə qeydiyyatda olamamaları da bunu təsdiq edir. O, məhkəməyə iddiaçıların ona məxsus evdə qeydiyyatda olmamaları barədə arayış təqdim etməyinə baxmayaraq məhkəmə həmin sübutu iş materiallarına əlavə etməməklə mahiyyət etibarı ilə düzgün olmayan qətnamə qəbul etmiş və sübutları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyi üçün yuxarıda göstərilən hallar aydınlaşdırılmamaqla əsassız qətnamə qəbul edilmişdir Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərdən iddiaçılar İddiaçı1, İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçılar 2020-ci ilədək evin ona məxsus olan hissəsində yaşamış, 2020-ci ildən sonra isə aralarında baş vermiş münaqişədən sonra həmin evdə yaşamırlar. Həmin evin həyətyanı torpaq sahəsində inşa etdirdikləri tikili artıq mövcud deyildir. Evin mülkiyyətçisi olduğu iki otağında isə yenidən ailə qurduğu qadınla yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı4 qızı və X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətin təmin edilmədən şikayətlə mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı4 əlavə olaraq göstərdi ki, başqa daimi yaşayış yerləri yoxdur, cavabdehin apellyasiya şikayətində göstərdiyi ev atasına məxsus evdir. Cavabdehlə münasibətləri pozulanadək mübahisəli ünvandakı evdə yaşamış, həmin evin həyətyanı torpaq sahəsində özlərinə tikintisi tam başa çatmamış ayrıca ev tikmişlər. Lakin o, uşaqları ilə birlikdə hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh həmin tikilini sökmüşdür. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və na etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 439547 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı4 qızı arasında olan nikah Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. İş materiallarında olan XX-JQ 473537 seriyalı, XX-JQ 473536 seriyalı və İ-AZ 124621 seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı4 qızının xx.xx.1998-ci il tarixdə Nüsrət, Həsrət və xx.xx.2000-ci il tarixdə İzzət adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı hüquqların Dövlət qeydiyyatı haqqınada daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsindəki 16 saylı fərdi yaşayış evinin sahəsi 41,7 kv.m olan 2 otağı ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı4 1998ci ildə cavabdehlə ailə quraraq əvvəlki mülkiyyətçinin razılığı ilə hazırki mübahisələndirilən ünvana gəlin köçmüş, 2021-ci ilədək birgə təsərrüfat apararaq həmin evdə yaşamış və həmin evdə yaşayış sahəsindən istifadə hüququ əldə etmiş, uşaqlarının hər üçü, hazırki iddiaçılar həmin evdə doğularaq böyümüşlər. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 1998-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və mübahisələndirilən evə gəlin köçmüşdür. 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıldığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. İddiaçı cavabdehlə 1998-ci il tarixdə nikaha daxil olaraq əvvəlki mülkiyyətçinin razılığı ilə ailə üzvü kimi mübahisəli ünvandakı evə köçərək digər ailə üzvləri ilə ümumi təsərrüfatı birgə idarə etdiklərinə görə hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər Bu baxımdan, yəni iddiaçılar 01 sentyabr 2000-ci ildən əvvəl mübahisəli ünvandakı evdə yaşamaqla digər ailə üzvləri ilə ümumi təsərrüfatı birgə idarə etdiklərinə görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçılar köçürülmələrini tələb etdikləri evdə ümumiyyətlə qeydiyyatda olmamışlar və iddiaçı ilə birgə nikahlarından olan övladları da orta məktəbi Goranboy rayonu, Tatarlı kəndində bitirmişlər və daimi olaraq orada yaşamış, ona görə də iddia təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Belə ki, cavabdehin özü də məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə təsdiq etdi ki, həqiqətən də iddiaçılar 2020-ci ilədək mübahisəli ünvandakı evdə yaşamış, lakin aralarında yaranmış münaqişə səbəbindən həmin vaxtdan göstərilən ünvanda yaşamırlar. Apellyasiya şikayətinin iddiaçıların köçürülmələrini tələb etdikləri ev təkcə onun yox, qardaşı ilə paylı mülkiyyətdə olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdəki hüquqların Dövlət qeydiyyatı haqqınada daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən də göründüyü kimi həmin evin sahəsi 41,7 kv.m olan iki yaşayış otağı cavabdehə məxsusdur. İddiaçılar da evin məhz iddiaçılara məxsus hissəsinə köçürülməsini xahiş edirlər. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Kollegiya apellyasiya şikayətinin digər – Goranboy rayonun Tatarlı kəndində İddiaçı4 adında həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində qeydə alınmamış tikilinin olması dəlili ilə bağlı qeyd edir ki, iddiaçının izahatından da göründüyü kimi Goranboy rayonun Tatarlı kəndində yerləşən evə ona yox, atasına məxsus evdir. O, cavabdehlə ailə qurduqdan sonra mübahisəli ünvandakı evdə yaşamış, hətta həmin evin həyətyanı torpaq sahəsinə tikintisi başa çatmamış ayrıca yaşayış evi inşa etdirmişlər. hansı ki aralarında münaqişə yarandıqdan sonra cavabdeh tərəfindən sökülmüşdür. Göründüyü kimi iddiaçılar mübahisəli ünvandakı evin cavabdehə aid hissəsində yaşamaqla təsərrüfatı onunla birgə idarə etmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-414/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-414/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar