Məhkəmə qərarları › İş №2(104)-1059/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1059/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1059/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(023)-100/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu, Ağköynək kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus 2 ədəd tək nəfərlik yataq mebeli (çarpayı), 3 ədəd yorğandöşək dəsti, 2 ədəd 3x2 ölçülərdə xalça, 1 ədəd sandıq, 1 ədəd pianino, 1 ədəd divankreslo dəsti, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 1 ədəd xırda ölçülü televizor və tumbuçka, 1 ədəd “Çinar” markalı soyuducu, 1 ədəd Çuda peçi, 1 ədəd sadə paltaryuyan və 1 dəst yataq mebelindən ibarət cehiz əşyalarının mülkiyyətində olan, Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu ilə faktiki ailə münasibəti qurmuşdur, lakin rəsmi nikahları olmamışdır. Cavabdeh qanunsuz olaraq onun evində məskunlaşmışdır. Cavabdeh 2015-ci ildən onun oğlundan ayrılmışdır və cavabdehin onun evindən istifadə hüququ yoxdur. Lakin cavabdeh ona mülkiyyətində olan evdən istifadə etməyə imkan vermir, hətta onu məcbur edib evindən çıxarmışdır. Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evi DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli **********19-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına qeydə alınmışdır. Cavabdehin isə onun mülkiyyətində olan evə hər hansı bir hüququ yoxdur. Hazırda Cavabdeh onun evində deyil, başqa ünvanda qeydiyyatdadır.

4. Qazax Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(023)-100/2023 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh ona məxsus 2 ədəd tək nəfərlik yataq mebeli (çarpayı), 3 ədəd yorğan-döşək dəsti, 2 ədəd 3x2 ölçülərdə xalça, 1 ədəd sandıq, 1 ədəd pianino, 1 ədəd divan-kreslo dəsti, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 1 ədəd xırda ölçülü televizor və tumbuçka, 1 ədəd “Çinar” markalı soyuducu, 1 ədəd Çuda peçi, 1 ədəd sadə paltaryuyan və 1 dəst yataq mebelindən ibarət cehiz əşyalarının mülkiyyətində olan, Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

5. Məhkəmə belə qənaətə gələrkən qeyd etmişdir ki, İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq cehiz əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Fidar qızı apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(023)-100/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Belə ki, o mübahisəli mənzilə gəlin köçmüş, orada iki övladı dünyaya gəlmişdir. Həmin mənzildə yaşamağa davam edir. O gəlin köçən zaman ev iddiaçının adına rəsmiləşdirilməmişdir. Mülkiyyətçinin dəyişməyi onun istifadə hüququnu istisna etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, qeyd edilən əmlaklar ona yox, onun uşaqlarına məxsusdur. İddiaçı 2011-ci ildən həmin evin mülkiyyətçisi olmuşdur və həmin vaxt o və onun uşaqları həmin evdə yaşamışlar. O həmin evdə İddiaçı razılığı ilə 1995-ci ildən yaşayır, uşaqları isə həmin evdə doğulduğundan orada yaşamaq hüququ əldə etmişlər. Onun oğlu Tapdıq 1997-ci ildə, qızı İlahə isə 2003-cü ildə həmin evdə doğulmuşlar və onlar daim həmin evdə yaşamışlar. O həmin evə 1995-ci ildə gəlin köçmüşdür və bu gün də övladları ilə birlikdə həmin evdə yaşayır. Hesab edir ki, uşaqlarının atasının evində payları vardır. O, iddiaçının öz evində yaşamasına maneçilik törətmir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.4. sərəncam hüququ dedikdə - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüququ münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada)

18. Maddə 53.3. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər.

19. Maddə 54.1. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir.

20. Maddə 54.3. İcarədar və onunla yaşayan ailə üzvləti arasında başqa sazi olmamışsa bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər.

21. Maddə 123. Yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(023)-100/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı əvvəla onu qeyd edir ki, tətbiq edilməli olan maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlu ilə 1995-ci ildə faktiki evlənməklə, iddiaçıya məxsus həmin fərdi yaşayış evinə gəlin köçərək birlikdə yaşamışlar, cehiz əşyalarını da həmin evə gətirmişdir. Cavabdehin iddiaçının oğlu ilə rəsmi nikahı olmamışdır və cavabdeh 2015-ci ildə iddiaçının oğlundan faktiki olaraq ayrılmışdır. Cavabdeh 1995-ci ildən fasiləsiz olaraq həmin evdə yaşayır, onun yaşamağa başqa evi yoxdur. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 1995-ci ildə cavabdehin mübahisəli evə gəlin köçməsi ilə yarandığına və mübahisə olunan ev həmin vaxt müvafiq dövlət qeydiyyatına alınmadığına görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (köhnə redaksiyada) maddələrinə uyğun olaraq həll edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(023)-100/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mülkiyyətində olan, Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar