Məhkəmə qərarları › İş №2(104)-107/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-107/2025

06.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-107/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(042)- 47/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 06 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon AİK-nın 04 dekabr 1997-ci il tarixli, 13/1 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 10/1328 nömrəli ekspert rəyindən görünür ki, JN-421 KOD 50515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.23 ha torpaq sahəsinin koordinatları reyestr məlumatlarında 421/01822 ha və JN-421-q/0.0514 ha olmaqla iki hissədən ibarət olaraq göstərilmişdir. Həmin koordinatlar əsasında göstərilən torpaq sahəsi naturada müəyyən edilmişdir; JN-421 KOD 50515018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.23 ha torpaq sahəsinin 0.1822 ha hissəsi Cavabdeh tərəfindən faktiki istifadə edilir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon AİK-nın 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, JN-421 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 0.23 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 1822.62 kv.m hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 1822.62 kv.m hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməsi nəticəsində ona əldən çıxmış fayda olaraq dəymiş maddi ziyana görə 1000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 nömrəli qərarı ilə onun mülkiyyətinə Gədəbəy rayonu Düzyurd kəndində 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-421 KOD 50515018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsinin 1822.62 kv.m hissəsi əkin üçün nəzərdə tutulmuşdur. O, torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 1822.62 kv.m hissəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında xx.xx.2023-cü il tarixdə 1822.62 kv.m torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh ona məxsus 1822.62 kv.m torpaq sahəsini bütövlükdə qanunsuz olaraq zəbt etmişdir. O, cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını və torpaq sahəsindən istifadə etməməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh ona məxsus torpaq sahəsini istifadə etməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh ona məxsus torpaq sahəsindən hər il biçənək ot məhsulu yığır.

5. Gədəbəy Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(042)-47/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbləri qismən təmin edilərək, İddiaçı məxsus Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.18 ha torpaq sahəsindən Cavabdeh çıxarılması; Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat məhkəmə xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, habelə Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahəsini pul müqabilində almışdır. Gədəbəy rayon Düzyurd kənd Bələdiyyəsi tərəfindən ölçmə işləri aparılmış və torpaq sahəsinin ona məxsus olduğu təsdiqlənmişdir. Qırx ildir ki, sözügedən torpaq sahəsindən mübahisəsiz istifadə edir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi hazırda da sonuncunun öz istifadəsindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə qonşu sahələr də deyil. İstifadəsində olan torpaq sahəsi ona pay torpaq sahəsi əvəzi olaraq verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mütəxəsis rəyini əsas götürərək iddianı təmin etmişdir. Hansı ki, həmin mütəxəsisə rəy verməyə görə məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edilməmişdir. Bu səbəbdən də mütəxəsis istədiyi məzmunda rəy vermişdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə razı deyil və ekspertiza keçirilməsini istəyir. Həmçinin, mübahisəli torpaq sahəsinin zəbt edilib-edilməməsi məsələsi torpağın ona verildiyi zaman mövcud olan xəritə əsasında araşdırılmalıdır. Mübahisə ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsində olan zaman ona bildirmişlər ki, ərazidə sürüşmə olub, bu səbəbdən koordinatlar dəyişib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.23 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

29. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

30. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

31. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

32. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 10/1328 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, JN-421 KOD 50515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.23 ha torpaq sahəsinin koordinatları reyestr məlumatlarında 421/01822 ha və JN-421-q/0.0514 ha olmaqla iki hissədən ibarət olaraq göstərilmişdir. Həmin koordinatlar əsasında göstərilən torpaq sahəsi naturada müəyyən edilmişdir; JN- 421 KOD 50515018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0.23 ha torpaq sahəsinin 0.1822 ha hissəsi Cavabdeh tərəfindən faktiki istifadə edilir.

33. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

34. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planı ilə torpaq sahəsinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır.

36. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin 0.1822 ha hissəsi cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinin 0.18 ha hissəsindən çıxarılması müəyyən edilmiş, hazırkı alınmış ekspert rəyinə əsasən isə cavabdehin həmin torpaq sahəsinin 0.1822 ha hissəsindən, yəni birinci instansiya məhkəməsinin müəyyən etdiyi ölçüdən 22 kv.m artıq hissəni də zəbt etdiyi məlum olmuşdur.

38. Kollegiyanın bu məsələ ilə bağlı qənaəti ondan ibarətdir ki, apellyasiya baxışı zamanı alınmış tikinti-texniki ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin cavabdehin çıxarılmalı olduğu (zəbt edilən) torpaq sahəsinin ölçüsü həmin rəyə əsasən dəyişdirilə bilməz. Çünki, iddiaçı hazırkı tələblə məhkəmə müraciət edərək cavabdehin mübahisəli torpaq sahəsinin 1822.62 kv.m hissədən çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən də cavabdehin torpaq sahəsinin 0.18 ha hissəsindən çıxarılması qət edilmişdir. İddiaçı (torpağın mülkiyyətçisi) qətnamədən apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilməmiş hissəsində (22.62 kv.m hissə) mübahisələndirməmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyinə əsaslanaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsinin (torpağın 0.18 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi) araşdırılması təşkil etmişdir. Başqa sözlə, iddianın təmin edilməyən hissəsi (torpağın 22.62 kv.m hissəsi) apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılması istisna təşkil edir. Məhkəmə kollegiyasının bu mövqeyi dispozitivlik prinsipindən qaynaqlanır.

39. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi isə, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

40. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

41. MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.

42. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yoxlanılan hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Bundan əlavə, işdən müəyyən edilir ki, apellyasiya baxışı zamanı aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(042)-47/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar