Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1070/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), X10 və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1261/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ərizəçi X7 xx xxx 1960-cı il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulub, 1993-cü ildə Ağdam rayonu, Ermənistan Respublikası tərəfindən işğal olunduğu üçün məcburi köçkün düşüb və hazırda Ağdam rayonu, Quzanlı qəsəbəsində məskunlaşıb.
2. Ərizəçi X7 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayonu, 42 saylı X1 Dəstəsində “iş icraçısı” işlədiyini, lakin qeyd olunan təşkilatın arxiv sənədləri işğal zonasında qaldığından, həmin illərə dair iş stajını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir.
3. Ağdam Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-398/2008 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi X15 1969-cu ildən 1993-cü il tarixə qədər Ağdam rayon 42 saylı TSMD-də sürücü işləməsi faktının müəyyən olunması qət edilmişdir.
4. X6 məxsus №1927733 nömrəli əmək kitabçısının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək Ağdam rayonu 42 nömrəli X1 Dəstəsində “betonçu” vəzifəsində işləmişdir.
5. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizəçi X4 ünvanlanmış 10 aprel 2023-cü il tarixli məktubdan görünür ki, sonuncu ünvan 1ylı X1 Dəstəsində işlədiyi illərin təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər.
6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Ağdam Rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-34-33/2-64/2024 nömrəli məktubundan görünür ki, reyestr üzrə bazada Ağdam 42 nömrəli X1 Dəstəsi adlı statistik uçot subyekti mövcud olmamış və belə bir uçot vahidi haqqında Ağdam Rayon Statistika İdarəsində heç bir məlumat yoxdur.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin **********527900 nömrəli məktubundan görünür ki, “4 nömrəli Təsərrüfatlararası Aqrarsənayetikinti Trestinin Ağdam rayonu 42 nömrəli X1 Dəstəsi”nin vergi ödəyəcisi kimi qeydiyyata olması barədə məlumat aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixədək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixədək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləyib, hazırda isə "xxxx" MMC-də iş icraçısı işləyir. Lakin Ağdam 42 nömrəli X1 Dəstəsininin arxiv sənədləri işğal olunmuş torpaqlarda qaldığına görə həmin illərə dair iş stajını təsdiq edən səbədləri əldə edə bilməmişdir. Həmin iş illərinin müəyyən olunması gələcəkdə ona əmək pensiyası verilməsi üçün zəruridir.
10. Maraqlı şəxs məhkəməyə etiraz ünvanlanaraq qeyd etmişdir ki, ərizəçinin təqdim etdiyi şahidlərin onunla birgə işlədiyinə dair sübutlar işə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini sübut edən hər hansı faktlar və ya sənədlər yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Bundan başqa, əmək şəraiti ağır və zərərli olan işlərdə işləmə faktını araşdırmaq inzibati məhkəmələrin səlahiyyətində olub, mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil.
11. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(013)-1261/2023 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə, ərizə əsaslı olduğundan təmin edilməsi, Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası işğal bölgəsində qaldığından onun 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində əmək fəaliyyətini onunla birlikdə həmin İdarədə işləmiş və əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmışdır. Bu faktı onunla birlikdə işləmiş şəxslər də izahatlarında təsdiq edə bilərlər.
13. Məhkəmə iclasında izahat verən hər iki şahid iddiaçı ilə birlikdə işləmiş və onlardan hər ikisi 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləmiş ərizəçinin bu İdarədə iş icraçısı kimi iş fəaliyyəti, onların idarədə işlədiyi dövrdə ərizəçinin də bu idarədə işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər.
14. Şahidlərdən hər ikisinin orada işləməsi ərizəçinin qeyd edilən dövrlərdə, yəni 1986-cı ildən 1995-ci il tarixədək orada işləməsini istisna etməmişdir. Belə bir vəziyyətdə məhkəmə hesab etmişdir ki, ərizəçinin 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir.
15. Məhkəmə öz hüquqi mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının müəyyən edilməsi qaydası barədə” Əsasnamənin 16 və 17-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizınin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ərizəçi Ağdam rayonu işğal olması və buna görədə sənədlərini ala bilməməsini qeyd etsədə, Ağdam rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Müvafiq qeydlərin olmaması ərizəçinin iradəsindən aslı olan səbəb olmuş və 1989-cu ilə aid qeydin hansı səbəbdən əmək kitabçasında olmaması əsaslandırılmamışdır. Ağdam rayonu 23 iyul 1993-cü il tarixdə işğal olunduğa halda Ərizəçi 29 dekabr 1995-ci il tarixədək işləməsi mümkün deyil. Həmçinin hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırlmasına dair müraciət və hər hansı imtina və ya sənəddəki səhvlərin düzədilməsinin mümkün olmaması barədə cavabdeh mövcud deyil. Ərizəçinin lazımı sənədlərin alına bilməməsini yaxud itən sənədlərin bərpasının mümükünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(104)-2024/2023 saylı qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla ərizə rədd olunmuşdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi, 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsini, lakin həmin dövrdə olan sənədlərin işğal zonasında qalmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə ərizəni təmin etmişdir.
21. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ərizəçi, 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktını təsdiq edərkən, onun özünün izahatından əlavə iki şahid ifadəsinə istinad etmişdir. Belə ki, şahid X15 1969-cu ildən 1993-cü il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsi Ağdam Rayon məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə təsdiq olunsa da, digər şahid X5 1986-cı ildən 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsi sübut olunmur. Əksinə, X5 adına olan əmək kitabçasının surəti ilə müəyyən olunur ki, o, 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək qeyd olunan müəssisədə “betonçu” işləmişdir. Buna baxmayaraq X9 şahid qismində ifadə verərkən göstərmişdir ki, 1986-cı ildən 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləmiş və həmin dövrlərdə ərizəçi onunla birlikdə həmin müəssisədə işləmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan bu halını araşdırmadan şahid X5 ifadəsini sübut kimi qiymətləndirmişdir.
22. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, Ağdam rayonu 23 iyul 1993-cu il tarixdə işğal olunmasına baxmayaraq, ərizəçi, 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində işləməsini ərizəsində qeyd etmişdir. Ağdam rayonu işğal olunduqdan sonra 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsinin hansı ərazidə fəaliyyət göstərib-göstərməməsi barədə işdə heç bir sübut növü mövcud deyil. Hətta müəssisə işğaldan sonra fəaliyyətini davam etdirmiş olsa belə bu halda da ərizəçi işğaldan sonrakı dövr üçün işləməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmək imkanında olardı.
23. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçinin 10 yanvar 1986-cı ildən 29 dekabr 1995-ci il tarixədək 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi onun özünün izahatından və bir nəfər şahid ifadəsindən (məhkəmə qətnaməsi əsasında işləməsi faktı müəyyən olunmuş) başqa digər sübutlarla təsdiq olunmur. Halbuki, ərizəçinin 4 saylı Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam rayon 42 saylı X1 Dəstəsində qeyd olunan illərdə iş icraçısi işləməsi ən azı iki şahid ifadəsi ilə təsdiq olunmalı idi.
24. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla ərizə əsassız olduğundan rədd edilməlidir.
Kassasiya instansiya məhkəməsində icraat
25. Ərizəçi (vəkili X12) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir
26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 402/2024 nömrəli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(104)-2024/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
27. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə ərizəçinin 10 yanvar 1989-cu ildən 29 dekabr 1995ci il tarixədək “iş icraçısı” vəzifəsində işlədiyini iddia etdiyi müəssisənin hazırda mövcudluğu, hüquqi ünvanı, ləğv olunub-olunmadığı, həmin müəssisənin hazırda ərizəçinin “iş icraçısı” vəzifəsində işlədiyi "xxxx" MMC ilə hüquqi bağlılığı, müəssisəyə dair arxiv sənədlərinin həqiqətən saxlanılıb-saxlanılmadığı, arxiv sənədlərinin müvafiq dövlət arxiv idarələrinə təhvil verilib-verilmədiyi, başqa sözlə ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız maraqlı tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənərək ərizəni rədd edib.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun etibarnamə üzrə nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmamasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
40. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
41. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
42. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
43. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
47. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
48. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
49. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (01 yanvar 2006-cı ilədək qüvvədə olmuş)
50. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
51. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə
52. Bənd 16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir.
53. Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
Apellyasiya baxışının hədləri
54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
58. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.
59. Çünki, Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
61. Əvvəla, mülki prosessual qanunvericiliyə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o, halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, habelə ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.
62. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir.
63. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə - qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı və s.) nəzərdə tutulur.
64. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə isə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
65. Bundan başqa, ərizədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə olunmalıdır.
66. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərinin tələblərinə görə, 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
67. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən, habelə başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
68. Hazırda ərizəçi, 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək sözügedən müəssisədə “iş icraçısı” vəzifəsində işlədiyini, həmin müəssisəyə aid arxiv sənədləri ermənilər tərəfindən işğal edildiyi üçün Ağdam rayonunda qaldığını, sözügedən illərə aid iş stajını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyini, iş stajının müəyyən edilməsinin ona gələcəkdə əmək pensiyasına çıxarkən əmək stajına hesablanması üçün lazım olduğunu göstərib, qeyd olunan illərə aid sözügedən müəssisədə “iş icraçısı” vəzifəsində işləməsi faktının müəyyən edilməsini iddia edir.
69. Maraqlı tərəf isə ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair ərizəsinə hər hansı sübutlar əlavə etmədiyini və beləliklə də ərizənin təmin edilməsi üçün qanuni əsasların olmadığını göstərib, ərizəyə etiraz edir.
70. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq ərizəçinin 10 yanvar 1989-cu ildən 29 dekabr 1995-ci il tarixədək “iş icraçısı” vəzifəsində işlədiyini iddia etdiyi müəssisənin hazırda mövcudluğu, hüquqi ünvanı, ləğv olunub-olunmadığı, həmin müəssisənin hazırda ərizəçinin “iş icraçısı” vəzifəsində işlədiyi "xxxx" MMC ilə hüquqi bağlılığı, müəssisəyə dair arxiv sənədlərinin həqiqətən saxlanılıb-saxlanılmadığı, arxiv sənədlərinin müvafiq dövlət arxiv idarələrinə təhvil verilib-verilmədiyi barədə məlumatların əldə edilməsi üçün müvafiq dövlət qurumlarına sorğular verilmişdir.
71. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Ağdam Rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-34-33/2-64/2024 nömrəli məktubundan görünür ki, reyestr üzrə bazada Ağdam 42 nömrəli X1 Dəstəsi adlı statistik uçot subyekti mövcud olmamış və belə bir uçot vahidi haqqında Ağdam Rayon Statistika İdarəsində heç bir məlumat yoxdur.
72. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin **********527900 nömrəli məktubundan görünür ki, “4 nömrəli Təsərrüfatlararası Aqrarsənayetikinti Trestinin Ağdam rayonu 42 nömrəli X1 Dəstəsi”nin vergi ödəyəcisi kimi qeydiyyata olması barədə məlumat aşkar edilməmişdir.
73. Göründüyü kimi, ərizəçinin qeyd etdiyi müəssisə olan 4 nömrəli Təsərrüfatlararası Aqrarsənayetikinti Trestinin Ağdam rayonu 42 nömrəli X1 Dəstəsi barədə hazırda heç bir dövlət qurumunda məlumat aşkar edilməmiş və həmin müəssisəyə aid arxiv baza məlumatları tapılmamışdır.
74. Məhkəmə kollegiyası qeyd edir ki, işğal və hərbi əməliyyatlar nəticəsində ərizəçinin işlədiyi zavodun bütün arxiv sənədlərinin orada qalması, eləcə də, hərbi əməliyyatlar nəticəsində yaşadığı ərazidən məcburi köçkün düşmüş ərizəçinin onun işlədiyi dövrləri təsdiq edən əmək kitabçasının məhv olması onun hüquqlarının təmin edilməsinə mane olan hallar kimi çıxış edə bilməz. Odur ki, ərizəçinin 4 nömrəli Təsərrüfatlararası Aqrarsənayetikinti Trestinin Ağdam rayonu 42 nömrəli X1 Dəstəsində işləməsi faktını təsdiq edən sənədləri məhkəmədənkənar qaydada əldə edə bilməməsi ilə bağlı mövqeyi əsaslıdır.
75. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin işləməsi faktını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməməsi və ərizədə qeyd edilən müəssisədə işləməsi barədə düzgün mövqeyə gəlsə də, ərizəçinin 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək işləməsi barədə düzgün nəticəyə gəlməmişdir.
76. Belə ki, ərizəçi, ərizəsində, müəssisənin arxiv sənədləri işğal zonasında qaldığı üçün iş stajı barədə lazımi sənədləri başqa qaydada ala bilmədiyini, həmin sənədlərin ona pensiya təyin edilməsi üçün çatışmayan iş stajının hesablanmasına görə lazım olduğunu göstərib və bu faktı təsdiq etmək üçün məhkəməyə iki nəfər şahidin izahatını təqdim etmişdir.
77. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
78. X2 izahatında göstərmişdir ki, 1986-cı ildən 1995-ci il tarixədək sözügedən müəssisədə işləyib və ərizəçi həqiqətən onunla birlikdə həmin müəssisədə çalışmışdır.
79. Digər şahid X19 isə izahatında göstərmişdir ki, 1969-cu ildən 1993-cü il tarixədək sözügedən müəssisədə sürücü işləyib, ərizəçi də həmin müəssisədə 1989-cu ildən 1995ci il tarixədək “iş icraçısı” vəzifəsində çalışıb.
80. Bu qətnamənin 3-4-cü bəndlərindən görünür ki, şahid X3 müəssisədə 1969-cu ildən 1993-cü il tarixədək sürücü işləməsi qanuni qüvvəyə minmiş Ağdam rayon məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Digər şahid X5 isə 1986-cı ildən 1995-ci il tarixədək sözügedən müəssisədə işləməsi isə onun adına açılmış əmək kitabçasının surəti ilə təsdiq olunmasa da, həmin əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, o həqiqətən 05 avqust 1991-ci ildən 25 yanvar 1993-cü il tarixədək sözügedən müəssisə də “betonçu” işləmişdir.
81. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şahid X5 və X15 ifadələrini mötəbər sübut kimi qəbul edilməlidir.
82. Həmin şahidlərin verdikləri ifadə iş stajının müəyyən olunması üçün yetərli sübutdur.
83. Ərizəçi tərəfindən isə məhkəmə kollegiyasına hər hansı əlavə sübut təqdim olunmamışdır.
84. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
85. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
86. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə ərizəçinin istinad etdiyi faktik hallara, yəni tələbin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və tələbi rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
87. Məhkəmə kollegiyası qeyd edir ki, şahidlərin verdikləri ifadə və qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qətnaməsi ilə ərizəçinin 05 avqust 1991-ci ildən 25 yanvar 1993cü il tarixədək sözügedən müəssisədə işləməsi öz təsdiqini tapmış, lakin, ərizəçi tərəfindən həmin müəssisədə 10 yanvar 1989-cu ildən 05 avqust 1991-ci il tarixədək və 25 yanvar 1993-cü il tarixdən 29 dekabr 1995-ci il tarixədək işləməsi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmamış, ərizəçi tərəfindən isə həmin tarixlərdə işləməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
89. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
92. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
93. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ərizə həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1261/2023 nömrəli qətnaməsi qismən – Ərizəçi 10 yanvar 1989-cu ildən 05 avqust 1991-ci il tarixədək və 25 yanvar 1993-cü il tarixdən 29 dekabr 1995-ci il tarixədək 04 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Həmin hissə üzrə ərizə - Ərizəçi 10 yanvar 1989-cu ildən 05 avqust 1991-ci il tarixədək və 25 yanvar 1993-cü il tarixdən 29 dekabr 1995-ci il tarixədək 04 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan - Ərizəçi 05 avqust 1991-ci il tarixdən 25 yanvar 1993-cü il tarixədək 04 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktınin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.