Məhkəmə qərarları › İş №2(104)-1077/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1077/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1077/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kollecinə qarşı mülki iş üzrə Açar sözlər: işçilərin ştatlarının ixtisarı; işçinin ştatı ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi; işə bərpa Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kollecinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kollecinə qarşı əmrin etibarsız sayılması və işə bərpa tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(062)- 658/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrdən görünür ki, İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əsas kimi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu götürülmüşdür;

2. Tovuz Dövlət Sosial-X2 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 14 nömrəli protokolundan görünür ki, direktorun xx.xx.2024-cü il tarixli 058 nömrəli təqdimatı müzakirə edilmişdir. Təqdimatda nəzərdə tutulan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 5 ştatın ixtisar edilməsinə və göstərilən şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir;

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrdən görünür ki, «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir;

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 024 nömrəli məktubdan görünür ki, ona «ibtidai sinif müəllimliyi» ixtisası mövcud olmadığından və onun ixtisası «ibtidai təhsilin pedaqogika və metodikası» olduğundan aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 9 təqvim həftəsi sonra yəni xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda şəxsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri izah edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kollecinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 110/P1 saylı əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2005-ci il tarixdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamış, qanunsuz olaraq işdən çıxarıldığı, yəni xx.xx.2024-cü il tarixədək həmin iş yerində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Kollecin direktoru Hicran Əyyubova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 110/P1 nömrəli əmrə əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmr bugünə kimi ona təqdim edilməmiş, əmrdən çıxarışda isə qısaca olaraq işdən çıxarılmanın səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmiş, lakin əmrdən çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli protokolu qeyd olunmuşdur. Ümumiyyətlə kollecdə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin qanuni olub-olmaması, iclasın hansı qaydada keçirilməsi və iclas protokolunun tərtib edilməsi ayrı bir araşdırma mövzusudur. Belə ki, əmr veriləndən bir gün sonra kollecdə olarkən əmrin surəti tərəfindən tələb edilmiş, lakin sadəcə əmrdən çıxarış verilmişdir. Çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqının protokolu göstərildiyindən protokolla tanış olmaq istəmiş, lakin, əmrdən bir gün keçməsinə baxmayaraq protokolun hazır olmaması əsası ilə həmin protokolla tanış edilməmişdir. Bununla yanaşı həmkarlar rəy verməli olduğu halda birbaşa iclasda direktorun təqdimatı əsasında onların əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Belə olan halda sual doğurur ki, hazır olmayan protokol əsas götürülərək necə əmr verilə bilər? Bundan başqa işdən çıxarılma üçün protokol əsas sayıla bilməz. Bununla yanaşı bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə kollecdə rəhbərlik dəyişmiş, yeni direktor vəzifəsinin icrasına başladığı tarixdən o da daxil olmaqla bir neçə işçilərlə əmək qanunvericiliyinə zidd olaraq qərəzli münasibət sərgiləmiş, bir neçə işçinin barəsində əmək qanunvericiliyinin tələbini pozmuş və bununla bağlı özünün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.

7. Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(062)-658/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrin ləğv edilməsi; İddiaçı əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3, 4-1 və 12-ci hissəsinə, 12-ci maddəsinin b) və c) bəndlərinə, 44.3, 68, 70, 78.2, 80.1, 80.2, 83-cü maddəsinin 1-ci hissəsinə, 80, 84-cü maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 79, 187, 189, 300 və 310cu maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.29-cu maddəsinə, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 11ci maddəsinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 119, 216, 220 və 222.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kolleci apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kolleci apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Əslində ştat ixtisarı Tovuz Dövlət Sosialİqtisadi Kollecində «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı ılə bağlıdır. Burada iddiaçı ilə kollec arasında heç bir problem yoxdur. Məhkəmə araşdırmır ki, bu şəxlər hansı işdə saxlanıla bilər və ya bu şəxslər kimin yerinə işə cəlb edilsin. Axı onların tədrisini apardıqları ibtidai sinif müəllimliyi ixtisası üzrə kollecdə tələbə qəbulu 2016-cı il tarixdən dayandırılıb və həmin ixtisasa uyğun dərs yükü yoxdur. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Hələ məhkəmə iş üzrə əmin deyil ki, kollec direktorunun ştat ixtisarı ilə bağlı səlahiyyəti var və ya yoxdur. Bütün qətnamənin əsaslandırması ola bilərdilərə dayanır. Bundan başqa məhkəmə iddiadan kənara çıxmışdır. İddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli, 110/P2 saylı əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsindən ibarətdir. İş üzrə iddiaçının nümayəndəsinin verilən ifadədəndə görünür ki, tələb əmrin etibarsızlığı ilə bağlıdır. Məhkəmə isə iddiadan kənara çıxmış və bunu qətnaməsində əsaslandırmamışdır. Bundan başqa iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsilə bağlı ərizə təqdim etməmişdir. İddiaçının ərizəsindən də görünür ki, iddiaçının tələbi Azərbaycan Respublikası ƏM-nin 84-cü maddəsi ilə bağlı olduğu halda məhkəmə iddia tələbindən kənara çıxmışdır. Bundan başqa bu iş üzrə İddiaçı qız ilə Tovuz rayon məhkəməsində eyni hakimin icratında cavabdeh təşkilat Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə qarşı eyni məzmunlu iddia ərizəsi və eyni tələblə X1 da iddiasına baxılmışdır. Qeyd edilən tələblə bağlı Tovuz rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(062)- 619/2025 nömrəli qətnaməsini qəbul etmişdir. İddia ərizələrinin məzmununda və eləcə də tələblərində ad, ata adı və soyadlardan başqa fərq olmadığı kimi, mübahisələndirilən bu qətnamənin məzmunu ilə Tovuz rayon məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(062)- 619/2025 nömrəli qətnaməsinin məzmununda da heç bir fərq yoxdur. Qətnamələrdə qeyd edilən ifadələrin eyniliyindən və qətnamənin eyni məzmunlu olmasından belə qənaətə gəlmək olur ki, məhkəmə iki işə bir icraatda baxmışdır. Hətta İddiaçı da iddia tələbində cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kollecin direktoru tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P2 saylı əmrinin etibarsız hesab edilməsini tələb etmiş və məhkəmə buna dair dəqiqləşdirmə ərizəsi almadan qətnamə qəbul etmişdir. Buna görə məcbur olub eyni məzmunlu apellyasiya şikayəti təqdim edirlər. Məhkəmə cavabdeh təşkilatın 06 sentyabr 2024-cü il tarixli 80 nömrəli əmrinin normaların tələblərinə uyğun qəbul edilmədiyini qeyd etsə də, nəticədə 14 noyabr 2024-cü il tarixli, 110/P1 nömrəli əmri ləğv etmişdir. Hansı ki, iddia tələbi 14 noyabr 2024-cü il tarixli, 110/P1 nömrəli əmrin etibarsızlığı olmuşdur. Hansı ki, cavabdeh təşkilat tərəfindən verilmiş hər iki əmr qanunvericiliyin tələblərinə tam olaraq uyğun verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qətnaməsində ilk olaraq əsaslandırmağa çalışır ki, cavabdeh təşkilatın Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmri qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir və bu halı qətanmsəinin əsaslandırma hissəsinin yekununda qeyd edir ki, əvvəlcədən ştatların ixtisar ediləcəyinə dair Həmkarlar Komitəsi İttifaqına yazılı məlumat verilməmiş, bu zaman ştatların ləğvi barədə əmr qanuni sayıla bilməz. Məhz işçinin işdən çıxarılmasına dair əmr isə həmin əmr əsasında verildiyindən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Buna baxmayaraq məhkəmə yekunda yalnız cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kollecin direktoru tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmr ləğv edir. Məhkənin əsassız olaraq qanunsuz hesab etdiyi cavabdeh təşkilat tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr isə qüvvədədir. Hansı ki, məhkəmənin qətnaməsində Tovuz Dövlət Sosial-İqtisadi Kollecin direktoru tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrin qanunsuzluğu ilə bağlı heç bir kəlmə söz belə yoxdur və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Qətnamədən yalnız cavabdeh təşkilatın direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrinin qanunsuzluğu araşdırılır ki, iddiada da bu əmr ümumiyyətlə mübahisələndirilməmişdir. Bu hal da onu göstərir ki, Tovuz rayon məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdeh təşkilatın direktoru barəsində inzibati xəta haqqında qərar qəbul edildiyini qeyd etmişdir. Məhkəmə bu hallara münasibət bildirməsə də qeyd edilən inzibati xəta haqqında qərar məhkəmə qaydasında mübahisələndirilmiş və bu barədə Gəncə Apellyasiya Məhkəməsi 18 mart 2025-ci il tarixdə 3(104)-127/2025 nömrəli qərar qəbul edərək, inzibari xəta haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kollecinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nizamnaməsində dəyişiklik olmuş, lakin məhkəmə bunu nəzərə almamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verilməmişdən əvvəl həmkarlar ittifaqının iclası keçirilmiş və müvafiq rəy alınmışdır. Bundan başqa, iddia tələbini əmrin etibarsızlığı təşkil etdiyi halda, məhkəmə tələbdən kənara çıxaraq əmrin ləğv edilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, hazırkı iddiada cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli əmri mübahisələndirilmiş, lakin məhkəmə təşkilatın ştatların ixtisarı barədə xx.xx.2024-cü il tarixli əmrinin qanuniliyini yoxlamış və əmri qanunsuz sayaraq iddiaçının işdən çıxarılması barədə əmri ləğv etmişdir. Məhkəmə mübahisələndirilən əmri ləğv etməklə yanaşı, həm də iddiaçının əvvəlki işinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsini qət etmişdir. Halbuki, nə iddiaçının təyin olunacağı vəzifə yoxdur, bu halda ona əmək haqqı ödənilməsi də mümkün deyildir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, kollecdə ştat vahidi ilə bağlı məsələlər agentliklə razılaşdırılmış, bu məsələlərin həlli kollec rəhbərliyinin səlahiyyətindədir. Nizamnamənin 4.14.5-ci bəndi müəllim işçilərə aidiyyəti olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ixtisası ibtidai təhsilin pedoqogikası və metodikası olsa da, işə başladıqdan azərbaycan dili, nitq mədəniyyəti və ədəbiyyat fənlərini tədris etmişdir. İşəgötürən tərəfindən onlara əlavə təhsil almaları tövsiyə edilmiş, onlar da əlavə təhsil almışlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə əməkhaqqı almışdır. İşdən azad edildiyi tarixədək hər gün işə getmiş, lakin cavabdeh təşkilat saxta aktlar tərtib edərək guya onun işə getmədiyini göstərmişdir. Kollecdə ştat cədvəlləri mütləq qaydada agentliklə razılaşdırılır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, hazırkı iddianı qaldırmaqda məqsədi cavabdeh təşkilatın qanunsuz əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasından ibarətdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

14. Maddə 2 Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

15. Maddə 2. Hissə İİ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

16. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

17. Maddə 12 (bənd c). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

18. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

19. Maddə 19 işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

20. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

21. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

22. Maddə 69. Hissə 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

23. Maddə 70. b bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

24. Maddə 71. Hissə 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

25. Maddə 71. Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Maddə 77. Hissə 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğvedilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi.

27. Maddə 78. Hissə 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

28. Maddə 78.1-ci həmkarlar ittifaqı təşkilatının razılığı olmadan əmək müqaviləsinə xitam verilməsi, xüsusilə də ixtisar halında, hüquqi nəticə doğura bilməz. İşəgötürən tərəfindən isə yazılı məlumatın verilməsi barədə isə məhkəməyə sübut təqdim edilməmişdir

29. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

30. Maddə 300. Hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 11. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2005-ci il tarixdə Tovuz Dövlət Sosial- İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmişdir, lakin kollecdə 2014-cü ildən həmin ixtisasa tələbə qəbulu dayandırılmışdır. Tovuz Dövlət Sosial-İqtisadi Kollecində 2024-cü ilin sentyabr ayında müəllimlərin ixtisaslarına uyğun dərs saatları hesablanarkən iddiaçı Aynur Vəliyevanın ixtisasına uyğun dərs saatının olmadığı məlum olmuşdur. Tovuz Dövlət Sosial İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr əsasında «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir. Məhz bu səbəbdən iddiaçıya direktor Hicran Əyyubova tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmış, daha sonra isə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə 110/P1 saylı əmr əsasında xitam verilmişdir. İddiaçı həmin əmrin əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

44. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

45. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

46. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.

47. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.

48. İşdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilmişdir. Bununla belə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin kökündə cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 80 nömrəli əmri dayanır. Hansı ki, həmin əmr əsasında «ibtidai sinif müəllimliyi» ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatları ləğv edilmişdir. Məhz bu əmr əsasında cavabdeh təşkilat xx.xx.2024- cü il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «b» bəndi ilə xitam vermişdir.

49. Baxılan işdə cavabdeh iddia tələbinə olan etirazını onunla əsaslandırmış ki, ştat vahidlərinin ləğv edilməsi direktorun səlahiyyətlərinə aid olmuş, buna görə də direktor digər qurumlarla ştanların ixtisarını razılaşdırmalı olmamışdır. Eyni zamanda, iddiaçının fəaliyyət göstərdiyi “ibtidai sinif müəllimliyi” ştatı ixtisar olduğundan və hazırda həmin ştata uyğun dərs saatı mövcud olmadığından əmr ləğv edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.

50. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu əsasında cavabdeh təşkilatın nizamnaməsi əldə edilmiş və məlum olmuşdur ki, nizamnamənin 4.14.1-4.14.19cu bəndlərində kollec direktorunun səlahiyyətləri öz əksini tapmışdır. Bu səlahiyyətlər içərisində ştatların ixtisar edilməsi kimi direktorun səlahiyyəti müəyyən edilməmişdir. Digər tərəfdən, direktorun belə səlahiyyəti var idisə, ştat vahidlərinin təsdiq edilməsinin Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı olduğu kimi, onun ixtisarı da hər bir halda agentliklə razılaşdırılmalı idi. Lakin, belə bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. «Nizamnamənin 4.14.5-ci bəndinin müəllim işçilərə aidiyyəti olmaması» barədə cavabdeh tərəfin arqumentinə münasibətdə kollegiya bildirir ki, Nizamnamədə müəllim və ya digər işçi ayrımı aparılmamış və sözügedən bənd kollecin bütün işçilərə şamil edilmişdir.

51. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2014-cü il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası” bu məsələdə əsas normativ aktdır.

52. Bu Qaydanın əsas müddəaları ondan ibarətdir ki, ştat cədvəli müəssisə rəhbəri tərəfindən tərtib edilir, lakin müvafiq icra hakimiyyəti orqanının (maliyyə, təhsil, səhiyyə və s. nazirliklərinin) razılığı ilə təsdiqlənməlidir. Struktur dəyişikliyi və ştat ixtisarları bir qayda olaraq, təsisçi orqanın və ya müvafiq icra hakimiyyətinin razılığı ilə aparılır.

53. Göründüyü kimi, cavabdeh təşkilatın direktoru ştat vahidlərini bu cür razılaşma olmadan özü ixtisar etmək səlahiyyətinə malik deyildir. Onun bu qərarı təsisçi orqanla (məsələn, Təhsil Nazirliyi, Agentlik və ya tabeliyindəki regional təhsil idarəsi və s.) razılaşdırılmalıdır. Lakin qeyd olunan hal iş materialları ilə öz əksini tapmamışdır.

54. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası”nın müddəalarının əlaqəli təhlili onu göstərir ki, dövlət hesabına maliyyələşən kolleclərdə struktur dəyişiklikləri və ştat ixtisarı yalnız səlahiyyətli icra orqanının razılığı ilə həyata keçirilə bilər. Odur ki, baxılan işdə kollec direktorunun müvafiq orqanının razılığını almadan öz təşəbbüsü ilə ştat ixtisarı apararaq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi heç bir qanuni əsasa söykənmir və işə götürənin bu hərəkəti səlahiyyət hüdudlarının aşılması kimi qiymətləndirilir. Hüquqi baxımdan səlahiyyət həddini aşmaqla qəbul edilən qərarlar və onların hüquqi nəticələri, o cümlədən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrlər - hüquqi qüvvəyə malik deyildir. Bu mənada, ixtisarın hüquqi əsasının olmaması səbəbilə, həmin ixtisar əsasında əmək müqaviləsinə xitam verilməsi də qanundan kənar hərəkətdir.

55. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ştatın ləğv edilməsi ilə bağlı əmr Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova tərəfindən verilmiş, bu barədə xəbərdarlıq məktubu direktor Hicran Əyyubova tərəfindən xx.xx.2024cü il tarixdə iddiaçı Aynur Vəliyevaya ünvanlanmışdır. Lakin ştatların ixtisar edilməsi ilə bağlı məsələ Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında müzakirə edilmişdir. Halbuki, ştatların ləğvi ilə əlaqədar əmr verilməmişdən əvvəl Həmkarlar İttifaqı Komitəsinə yazılı məlumat verməli idi. Cavabdeh təşkilat isə əksinə ştatları xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, bu barədə məsələni isə müzakirəyə iki ay sonra yəni xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasına çıxartmışdır. Bununla da işçinin hüquqları pozulmuşdur. Digər tərəfdən, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024cü il tarixli iclasında isə Komitə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərini müdafiə edilməsi missiyasından kənara çıxaraq işəgötürənin verdiyi təqdimatı əsaslı sayaraq ştatların ixtisar edilməsinə və bu əsasla adları göstərilən işçilər ilə əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Lakin Həmkarlar Komitəsi nəzərə almamışdır ki, ştatların ixtisarı ilə bağlı etiraz edilməməsinə ehtiyac yoxdur. Çünki direktor əvəzi ştatları özü xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, formal olaraq isə iki ay sonra Həmkarlar İttifaqı Komitəsinin iclasına müzakirəyə çıxarmışdır.

56. Bütün bunlar onu deməyə əsas verir ki, ştatların ləğvi qanunsuz həyata keçirilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası formal xarakter daşımışdır. Yəni, artıq işçinin hüququnun pozulması ilə həllini tapmış bir məsələnin zahiri görüntüsü üçün qanuni çərçivəyə salınmasına xidmət edən qanunsuz addımlar atılmışdır. Həmkarlar Komitəsi isə təqdimatın verilməsi üçün zəruri olan sənədləri nəzərdən keçirmədiyinə görə formal olaraq işçinin hüququnu pozan qərar qəbul etmişdir.

57. Halbuki, əmək qanunvericiliyinin tələbləri baxımından Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin bu tələblərə düzgün qaydada əməl edilməmişdir. Bu hal da mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını bir daha təsdiq edir.

58. «Müəllimlər icra etdiyi dərs saatlarına görə əmək haqqı alırlar. İddiaçının dərs saatları olmadığından ona əmək haqqı verilə bilməz» barədə cavabdeh tərəfin arqumenti də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı da daxil olmaqla 5 nəfər müəllimin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə çıxmamaları əsası ilə onlara 15 günlük əmək haqqının ödənilməməsi qərara alınmışdır. Kollegiya işin bu halını ağlabatanlıq meyarları əsasında təhlil edərək göstərir ki, iddiaçı dərs saatı olmadığından əmək haqqı almırdısa o zaman cavabdeh təşkilat onun almadığı əmək haqqını 15 gün ərzində ödənilməməsi barədə verdiyi əmrdə iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verir.

59. «Məhkəmə iddia tələbindən kənara çıxmışdır, iddiaçı əmrin etibarsızlığını mübahisələndirdiyi halda məhkəmə əmri ləğv etmişdir» barədə apellyatorun dəlili də əsaslı deyildir. Ona görə ki, mülki prosessual hüquqda «tələbə bağlılıq» prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.

60. Baxılan işdə isə iddiaçının hüquqi marağı əmrin ləğvindən ibarət olmuşdur. Bu hal apellasiya məhkəməsinin iclasında iddiaçı ilə müzakirə edilmiş və iddiaçı onun marağının əmrin ləğv olunmasından, işə bərpa olunmasından ibarət olduğunu bildirmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tərəfinin marağını nəzərə alaraq mübahisə predmeti olan əmri ləğv etməkdə haqlı olmuş və bu hal tələbdən kənara çıxma kimi qiymətləndirlə bilməz. Kollegiya bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddia predmeti – əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması və işə bərpa tələbi bütünlükdə əmrin hüquqi qiymətləndirilməsini tələb etdiyindən, məhkəmənin əmrin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə tələbə bağlılıq prinsipinə uyğun olmuşdur. Yəni, işə bərpa tələbi üzrə çıxarılan istənilən qətnamədə işdən çıxarılma səbəbinin mövcudluğu və qanuniliyinə hüquqi qiymət verilməlidir. Əgər məhkəmə əmək müqaviləsinin xitam verilməsinin qanunsuz olduğu qənaətinə gəlirsə, bu, müvafiq əmrin hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxarır. Bu halda məhkəmə iddia predmeti çərçivəsində fəaliyyət göstərmiş sayılır.

61. Cavabdeh tərəf apellyasiya baxışında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəkilin müraciətinə xx.xx.2025-ci tarixli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Cavab məktubunda isə orta ixtisas təhsil müəssisələrində mövcud ixtisaslar üzrə qəbul planından asılı olaraq pedaqoji heyətin işə qəbulu və ixtisarı müəssisə rəhbərinin səlahiyyətində olduğu göstərilmişdir. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim etdiyi məktubu ştatların ixtisarının cavabdehin səlahiyyətində olmasını təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, Agentliyin bu cavabı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Kollecin Nizamnaməsinə ziddir.

62. İşin yuxarıda göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.

63. Həmçinin məhkəmə kollegiyası qeyd edir məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir.

64. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür.

65. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əməkhaqqı da hesablanaraq ona ödənilməlidir.

66. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil Üzrə X3 Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(062)-658/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar