Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1078/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və X1 Cavabdeh (Qənimxan) Sarı qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X1 Cavabdeh (Qənimxanım) Sarı qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi görə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadı ilə (hakim Taleh Musayev) iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar şikayət verərək qərardadın ləğv edilməsi və iddialarının icraata qəbul edilib mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticə qanunvericliyə uyğun deyildir. Qərardad qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddia tələbi daşınmaz əmlakla bağlı olduğundan müstəsna aidiyyətə dair normalar tətbiq edilməklə iddia tələbinə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır. Şəmkir Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(076)- 824/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 02 mart 2023-cü il tarixli 2(076)- 824/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından, eləcə də kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh (Qənimxan) Sarı qızı Goranboy rayonu Qırıxlı kəndində qeydiyyatdadır. Tərəflər arasındakı mübahisə predmeti isə Şəmkir rayonunda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsidir. İddiaçılar şikayətin dəlillərində müstəsna aidiyyətə dair normaların tətbiq edilməsinə istinad etmişlər. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. Belə ki, tərəflər arasındakı mübahisə müqavilənin bağlanmış hesab edilməsi olmaqla, müstəsna aidiyyətin tətbiq edilməli olduğu tələblərə aid deyildir. Belə ki, qanunverici daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (Konstitusiya Məhkəməsi Penumunun 02 iyun 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikasının MPM-in 35.1.-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikasının MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddia tələbi yuxarıda qeyd edilən daşınmaz əmlaka dair iddia növləri sırasına aid olmadığından müstəsna aidiyyət qaydalarına əsasən baxıla bilməz. İddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanın məhkəməsində Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilmiş və hazırkı mübahisə üzrə ərazi aidiyyəti düzgün müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formaldır, heç bir mötəbər sübuta söykənmir və birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qanunun tələbləri çərçivəsində düzgün həll etmişdir. Ona görə də, Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 02 mart 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadı dəyişdirmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Odur ki, hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 396, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Şikayət təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 02 mart 2023-cü il tarixli 2(076)-824/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1078/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1078/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver